«Quran və elm»

 

Qurani-Kərim Allah kəlamıdır

 

Qurani-Kərim bütün kainatın yaradıcısı, hər şeyin xaliqi Allah-təalanın birliyini, Onun qüdrət və əzəmətini, əzəli və əbədi varlıq olmasını tərənnüm edən ilahi bir Kitab, müqəddəs bir himndir. O, insanı məhz Allaha ibadət etməyə, Ona heç bir şərik qoşmamağa, bütün işlərdə yalnız Ona bel bağlamağa, Ondan kömək və mərhəmət diləməyə, heç kəsin deyil, yalnız Allahın qarşısında kiçilməyə, yalnız Ona boyun əyməyə çağırır. Qurani-Kərim, eyni zamanda, insanı daim uca tutur. Allahın onu ən gözəl biçimdə yaratdığını, cəmi məxluqatdan üstün tutduğunu, dağları, dənizləri və çayları, suda-quruda yaşayan bütün heyvanları onun ixtiyarına verdiyini bildirir, hər cür şəhvət və ehtirasdan, nəfsdən uzaq olub, yalnız Allaha ibadətlə məşğul olan nurani mələklərə belə hörmət əlaməti olaraq insana səcdə qılmağı, ona təzim etməyi buyurur.

Qurani-Kərim qadının cəmiyyətdəki yerini və hörmətini yüksəklərə qaldırır, onun kişi ilə birlikdə ailədə xüsusi mövqe sahibi olduğunu, uşaqların tərbiyəsində ata ilə yanaşı məsuliyyət daşıdığını bildirir. O, kişilərə qadınla zərif bir məxluq kimi nəzakətlə rəftar etməyi, onun ehtiramını saxlamağı, mehr, mal-dövlət məsələlərində onlara güzəştə getməyi tövsiyə edir. O, həm də ailə yükünün, əsasən, kişinin çiyninə düşdüyünü nəzərə alıb, qadından kişiyə itaət etməyi tələb edir. Qurani-Kərim cahiliyyə dövrünün ən vəhşi adətlərindən biri olan körpə qızların diri-diri torpağa basdırılmasını qadağan etmiş, nikah, varislik məsələlərində, ər-arvadın qarşılıqlı əlaqələrində islamdan əvvəlki dövrlərlə müqayisədə qadınlara xeyli üstünlük vermişdir. Qurani-Kərim kişiyə eyni zamanda dörd arvad almağa icazə versə də, onlara ehtiyac, zərurət olmadıqda bunu etməməyi, ömürlərini bir qadınla başa vurmağı məsləhət bilir. Allah kəlamı qadından ismət və iffət, kişidən namus və qeyrət, ər-arvaddan isə nümunəvi əxlaq tələb edir.

Qurani-Kərim Adəm oğluna valideynlərinə hörmət göstərməyi, son nəfəsə qədər onların qulluğunda durub ehtiramlarını gözləməyi, qohum-əqrəbaya kömək etməyi, qohumluq əlaqələrini qoruyub saxlamağı, onları daha da möhkəmləndirməyi əmr edir. Qurani-Kərim yetimi ərsəyə çatdırıb malını qorumağı, ona düşən mirasdan bir çöpə belə haqsız yerə toxunmamağı, yoxsula, miskinə, müsafirə, qəribə, dilənçiyə, ümumiyyətlə, ehtiyacı olan hər bir kimsəyə təmənnasız yardım göstərməyi vacib buyurur.

Qurani-Kərimdə bir tərəfdən təkallahlılığın, tövhidin çox ciddi və ardıcıl qoyulması, digər tərəfdən ictimai ədalət prinsiplərinin və əxlaq məsələlərinin ön plana çəkilməsi - məhz bu amillər müasir dövrdə islam dininin inkişaf etmiş Avropa ölkələrində, ABŞ və Kanadada kütlələr, xüsusilə ziyalılar içərisində missionersiz yayılmasına zəmin yaradır. Bu isə, təbii ki, Qərbdəki bir sıra dairələri narahat edir. Səlman Rüşdi kimi avantüristləri və ona dil verənləri yerindən oynadan, hiddətləndirən, onu "Şeytan ayələri" kimi cəfəngiyat yazmağa təhrik edən də elə həmin narahatçılıqdır.

Qurani-Kərim səc-qafiyəli nəsr şəklində nazil olmuşdur. Qurandakı kəlmələr və ifadələr, söz sırası, sövti tərkib, səs uyuşması baxımından bir-birinə elə qaynaq edilmişdir ki, orada bir sözün yerini dəyişmək, bir sözü, yaxud bir hecanı belə atmaq qeyri-mümkündür. Qurani-Kərimdə tələffüz edilən səslər, işlədilən sözlər, ifadə və tərkiblər klassik ərəb dilində işlənən səs, söz, ifadə və tərkiblərdən ibarət olmasına baxmayaraq, Allah kəlamı içində onların seçilişi, düzülüşü, ardıcıllığı, lakonikliyi və tutumu o qədər qeyri-adidir ki, o, həmin dövrdə söylənmiş xütbələrə, yazılmış şeirlərə əsla bənzəmir, oxunanda insana əsrarəngiz təsir bağışlayır, dinlənəndə isə qulaqda tamam başqa cür, yeni ahənglə səslənir. Xüsusilə Quran avazla oxunduqda bu səslər və sözlər üzvi surətdə bir-birinə qovuşub ilahi bir harmoniya yaradır.

Məlumdur ki, Qurani-Kərim nazil olduğu dövrdə Ərəbistan yarımadasında şeir, natiqlik sənəti çox inkişaf etmiş, fəsahət və bəlağət özünün ən yüksək zirvəsinə çatmışdı. İmruulqeys, Əntərə, Nabiğə, Züheyr, Əşa, Xənsa, Həssan bin Sabit kimi şairlərin şöhrəti bütün ərəb qəbilələri arasında yayılmışdı. Ərəb qəbilələrinin əksəriyyətinin axışıb gəldiyi Ukaz bazarında təkcə alver getmir, ticarət sazişləri bağlanmır, eyni zamanda qədim Afinada olduğu kimi, şair və natiqlərin müsabiqələri də keçirilirdi. Müsabiqə zamanı oxunan şeirlərin, söylənən xütbələrin münsiflər tərəfindən qiymətləndirilməsi o dövrdə yazılı surətdə olmasa da, şifahi şəkildə bütün Ərəbistan yarımadasında intişar tapmış ümumi estetik tələblər, müəyyən stilistik normalar əsasında həyata keçirilirdi. Az sözlə çox şey deməyə, bütöv bir fikri qüsursuz ifadə etməyə xüsusi əhəmiyyət verilirdi. Şerin, natiqliyin, üslubiyyatın yüksək inkişaf etdiyi belə bir dövrdə nazil olmuş Qurani-Kərim ərəblərin şöhrəti dillər əzbəri olan bütün möhtəşəm sənət əsərlərini öz təkraredilməz gözəlliyi ilə kölgədə qoymuş, onların bədii təsir qüvvəsini heçə endirmişdi. Həmin dövrdə və sonrakı vaxtlarda bir çox görkəmli ərəb şair, nasir və xətibləri Muhəmməd peyğəmbərin (s.ə.s) Quranı özündən uydurduğunu iddia edərək ona bənzər nümunələr yaratmağa cəhd göstərmiş, lakin sonda bu cəhdlərinin boşa çıxdığını görüb Quranın həqiqi Allah kəlamı, asimandan nazil edilmiş bir möcüzə olduğunu etiraf edərək islama dönmüşdülər.

Qurani-Kərim insan sözü, bəşər kəlamı deyildir. Bu, uzun əsrlərin təcrübəsində dəfələrlə sübut olunmuşdur. Mötəbər rəvayətə görə, bir ərəb şairi kağız üzərinə bir şeir yazmış, misralar arasına bir neçə sətir hədis və bir Quran ayəsi əlavə edib onu islam dinindən və Qurandan xəbəri olmayan, lakin ərəb dilini çox gözəl bilən bir bədəviyə (səhrada yaşayan köçəri ərəbə) oxutdurmuşdu. Bədəvi şeri oxumuş, hədisə çatdıqda: "Bu, yuxarıdakı sətirlərə bənzəmir, buradakı sənət daha yüksəkdir",- demiş, Quran ayəsinə yetişdikdə isə şaşqın bir vəziyyətdə: "Bu isə heç bir sözə bənzəmir. Burada məna içərisində məna vardır. Hamısını anlamağa imkan yoxdur!"- söyləmişdi.

Bəşər mədəniyyətinə ölməz poeziya nümunələri, cahanşümul sənət əsərləri bəxş etmiş ərəb ədəbiyyatında Quran qədər güclü və təsirli poetik nəsr nümunəsi yaradıla bilməmiş, o, təkraredilməz, təqlidolunmaz bir kəlam kimi qalmış və şübhəsiz ki, dünya durduqca da qalacaqdır. Qurani-Kərim ərəb dilinə və nitqinə yeni ahəng, ərəb moizəsinə müqəddəs bir harmoniya gətirmişdir. Quranın Bəqərə surəsinin 23-cü ayəsində buna işarə edilərək belə deyilir: "Əgər bəndəmizə (Muhəmməd əleyhissəlama) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər siz ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı bütün şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi) bu işdə köməyə çağırın!"

 

 

Mərkəz.- 2010.- 20 noyabr.- S.16.