HEYDƏR ƏLİYEV
21 yanvar 1990-cı il, Moskva
Səhər
tezdən Leontyev dalanında yerləşən Azərbaycan
SSR-nin Moskvadakı daimi nümayəndəliyinin
qarşısında həyəcanlı adamlar toplaşmağa
başlamışdı.
Onları təşvişə salan Bakıdan gələn bəd
xəbərlər idi: şəhərə qoşun yeridilmiş,
dinc əhali arasında ölənlər, yaralananlar var… Nə baş verib? Rəsmi məlumata artıq
etibar edən az idi. Hamı
doğru-dürüst, əməlli-başlı, yetərli məlumat
almaq istəyirdi. Məhz o məqamlarda Heydər
Əliyev var səsilə öz mövqeyini bəyan etdi.
O, müalicə olunduğu Barvixa xəstəxanasından
nümayəndəliyə gəlmişdi. «Yataqda qalmaq
vaxtı deyil!» O daha susa
bilməzdi.
Əliyevin bəyanatını
onlarla telekamera və mikrofon yazırdı.
«Əziz həmvətənlilərim,
xanımlar və cənablar!
Sizə məlum
olduğu kimi, mən uzun illər Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində
işləmişəm, Sov. İKP MK Siyasi Bürosunun üzvü
olmuşam. Geniş infarkt keçirmişəm.
Xəstəliyimlə əlaqədar iki ildən
artıqdır ki, təqaüddəyəm. Azərbaycanı tərk etdiyim 1982-ci ilin
dekabrından keçən müddətdə bu gün ilk dəfədir
ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin
astanasına qədəm qoyuram. Mən
baş vermiş hadisələr haqqında dünən xəbər
tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilmədim.
Buraya ən əvvəl ona görə gəlmişəm
ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi
nümayəndəliyində böyük itkilərə səbəb
olmuş faciə ilə bağlı bütün Azərbaycan
xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə
öz münasibətimi bildirmək istəyirəm.
Azərbaycanın
Moskvadakı daimi nümayəndəsi Zöhrab İbrahimovdan
xahiş edirəm ki, mənim sözlərimi, kədərimi,
başsağlığımı Azərbaycan xalqına
çatdırsın. Hazırda başqa imkanım olmadığı
üçün təəssüf hissi keçirirəm.
Azərbaycanda
baş vermiş hadisələrə gəlincə, mən
onları hüquqa, demokratiyaya yabançı, humanizmə və
ölkəmizdə elan olunmuş hüquqi dövlət
quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda
yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri
var. Vaxtımızın məhdudluğundan bu məsələlərin
üzərində ətraflı dayanmaq istəmirəm.
Artıq iki
ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası
münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ
və onun ətrafında baş verən hadisələr
törətmişdir. Azərbaycan və Ermənistan, eləcə
də ölkənin ali siyasi, partiya rəhbərliyinə bu məsələni
tənzimləmək, daxili müharibəyə, millətlərarası
münaqişəyə son qoymaq və milli mənsubiyyətindən
asılı olmayaraq hər bir adamın, ümumi Federativ
İttifaq olan SSRİ-də azad yaşamasına şərait
yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu
istiqamətdə lazımi səviyyədə iş
aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin
ilkin mərhələsində ölkənin ali
partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri
tədbirlər görülsə idi, gərginlik indiki həddə
çatmaz, tərəflər itkilərə məruz qalmaz,
başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxilə
üçün də zəmin yaranmazdı».
Əliyev Azərbaycanda
vəziyyətin siyasi tənzimlənmə imkanlarının
mövcud olduğunu nəzərə
çatdırırdı. «Lakin onlardan səmərəli istifadə
edilməmişdir. Nəticədə isə
yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə
sovet ordusunun, SSRİ DİN qoşunlarının böyük
kontingenti yeridilmişdir. Bunun törətdiyi
faciələr hamınıza məlumdur.
Belə qərar
qəbul etmiş adamların hərəkətini siyasi qəbahət
sayıram. Bəli,
kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti
qiymətləndirə bilməmiş, Azərbaycan
xalqının psixologiyasını anlamamış, əhalinin
müxtəlif təbəqələrilə əlaqələri
zəiflətmişlər. Onlar,
görünür, bu işlərin belə ağır faciəyə
çevriləcəyini əvvəlcədən
düşünməmişdilər.
Bütün
bunlar qabaqcadan nəzərə alınmalı, vacib zəruri tədbirlər
qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak
olmuşdur. Yeri gəlmişkən, deyim
ki, ölənlər arasında hərbi qulluqçuların
olması haqqında da məlumatlar daxil olur. Sual olunur:
ölkənin ali dövlət, partiya rəhbərliyinin
səhv qərarı ucundan, olmayan qiyamı yatırmaq adı
ilə Azərbaycana göndərilən rus gənclərinin
günahı nədir?
Azərbaycana
kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu
birləşməsinin olduğu mənə yaxşı bəllidir.
Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər
Hərbi Dəniz Donanması, desant qoşunlarının
diviziyası, hava hücumundan müdafiə qoşunları,
DİN-in daxili qoşun birləşmələri var. Oraya əlavə
qoşun yeritmək nəyə lazım idi? Əgər
belə zərurət var idisə, orada yerləşən hərbi
hissələrdən də istifadə etmək olardı.
Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi,
hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub
qaçmış Vəzirov öz xalqı
qarşısında məsuliyyət daşımalıdır.
Ölkənin ali siyasi rəhbərliyinə
yanlış məlumat verənlər də məsuliyyət
daşımalıdırlar.
Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət
barədə vaxtında kifayət qədər düzgün, dəqiq,
obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa
salındığından belə qərar qəbul
etmişdir. Qırğın törədənlərin
hamısı layiqincə cəzalandırılmalıdır».
Elə həmin gün Heydər Əliyev
Azərbaycan KP MK, respublikanın Ali Soveti və Nazirlər
Sovetinə teleqram göndərmişdir:
«Azərbaycan
xalqına!
Bakı şəhərinə
sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar
xalqımızın başına gəlmiş faciədən
- dinc əhalinin qırılmasından böyük ürək
ağrısı ilə xəbər tutdum. Bu matəm günündə
həlak olanların ailələrinə və
yaxınlarına, bütün Azərbaycan xalqına dərin
hüznlə başsağlığı verirəm.
Mən bu
düşünülmüş aksiyanı pisləyir, onu
antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə
sizi ağıllı-kamallı olmağa, həmrəyliyə
və birliyə çağırıram.
Mənim
teleqramımın respublika mətbuatında dərc
olunmasını, radio, televiziya ilə verilməsini, matəm
mitinqində oxunmasını xahiş edirəm.
Heydər Əliyev
21 yanvar 1990-cı il,
Moskva».
Məlum məsələdir
ki, respublika mətbuatı, radio, televiziya ürək
ağrısıyla yazılmış bu teleqramı ictimaiyyətin
nəzərinə çatdırmadı. Mərkəzi mətbuat isə
senzura tərəfindən üstündə işlənmiş
variantı bəyan etdi. Məktubun tam mətni
yalnız xidməti istifadə üçün nəzərdə
tutulurdu. «Raboçaya tribuna» qəzetinin
arxivində qəzetin Bakı müxbirinin iki yazısı
üzə çıxdı. Bu yazılara
nəzər salsaq, yanvar hadisələrinin həqiqi lövhəsini
görmək olar.
«Təcili. Xidməti məruzə
«Raboçaya tribuna» qəzetinin baş
redaktoru A. P. Yurkova
Anatoli Petroviç, axşamınız
xeyir. Bu gün axşam bizim bütün ailə
üzvləri əsl döyüşün şahidi oldu.
Tankçılar və pulemyotçular
birbaşa bulvardan Xəzər Dəniz Gəmiçiliyinin
buxtanı əhatəyə almış gəmilərini atəşə
tuturdular. Biz indi ağır
artilleriyanın, tankların, pulemyotların iştirak etdiyi əsl
müharibənin iştirakçısıyıq. Dəhşətli səhnədir.
Məni ən çox narahat edən isə
iki məsələdir: ordu qəsdən antirus əhvali-ruhiyyələrini
qızışdırır və Bakıdan rusların
kütləvi şəkildə köçməsinə şərait
yaradır. Bizdə heç vaxt belə vəziyyət
olmamışdı, biz həmişə mehribanlıq şəraitində
yaşamışdıq. Məncə,
bütün bu təbdirlər qəsdən həyata
keçirilir. Fikrimcə, Bakıda yerli əhaliyə
qarşı yeni repressiyalar hazırlanır və bu qəddarlığı
əsaslandıra bilən səbəblərə ehtiyac var. Əlbəttə
ki, bunun üçün «rusların qovulması»ndan gözəl
bəhanə ola bilməz. Hamımız ədalətsiz
siyasətin həyata keçirildiyini hiss edirik. Əsl
beynəlmiləlçi olan bizlərdən millətçi-şovunistlər
düzəltmək istəyirlər.
Bütün
bu hadisələrə xalq öz reaksiyasını partiyadan
kütləvi şəkildə çıxmaqla bildirir. Dünən Azərbaycanın
yaradıcı ittifaqlarının birləşmiş
iclası keçirildi. Kommunist
partiyasını kütləvi şəkildə tərk etmək
barədə qərar qəbul edildi. Bütün
müəssisələrdə, kəndlərdə insanlar
partiya biletlərini kütləvi şəkildə geri
qaytarırlar. Mənə məlum
olduğuna görə, Azərbaycanın iki ən
böyük sənaye mərkəzlərindən olan Mingəçevir
və Əli Bayramlıda bir nəfər də kommunist
qalmayıb. Onların hamısı partiya təşkilatının
katibiylə birlikdə biletlərini təhvil veriblər.
Vəziyyət hadisələri düzgün
araşdırmağı və dəqiq qərarların qəbul
edilməsini tələb edir.
Təəssüflər
olsun ki, mərkəzi mətbuatın Bakıya gələn
nümayəndələrini ordu o saat öz himayəsi
altına götürür, onları yerləşdirir, fəaliyyətlərinə,
yazdıqları informasiyaya nəzarət edir. Buna görə də verilən
informasiyalar çox vaxt həqiqətə uyğun olmur,
ordunun qəddarlığına haqq qazandıran informasiyalar
yayılır. Bu qədər açıq
yazdığıma görə məni
bağışlayın. Yalan danışmaq nəyə
lazımdır ki?»
«Pravda» atəş açır
İki həftə
sonra, fevralın 4-də, Sov. İKP MK plenumuna bir gün qalmış «Pravda» qəzeti
«Aliyevşina, ili plaç po «sladkomu» vremeni» - «Əliyevçilik
və ya «xoş əyyamlar» üçün göz
yaşı» məqaləsilə ona arxadan zərbə vurdu.
Yenə də
yalan və saxtakarlıq. Elə həmin gün Əliyev Sov. İKP Mərkəzi
Komitəsinə və «Pravda»nın
redaksiyasına teleqramlar göndərdi: «Pravda» qəzetində
mənə qarşı böhtançı və fitnəkar
səciyyə daşıyan məqalə dərc olunması ilə
bağlı dərindən hiddətlənmişəm. Xahiş edirəm, mənə təkziblə
çıxış etmək imkanı verməsi
üçün qəzet redaksiyasına tapşırıq verəsiniz».
Hansı təkzibdən
danışmaq olardı?! Aşkarlıq hüququ yalnız bir tərəfə
verilirdi. Məqalə tibb elmləri doktoru
V. Əfəndiyevin adıyla yazılsa da, onun
özünün bundan heç xəbəri yox idi. Bu barədə
o, Mərkəzi Komitəyə də, «Pravda»ya da, Heydər Əliyevə
də teleqram yollamışdı;
«Çox
hörmətli Heydər Əliyeviç!
1990-cı il fevralın
4-də «Pravda»da mənim imzamla dərc olunmuş (teleqram
müəllifi vurğulamışdır - müəlliflər),
sırf siyasi səciyyə daşıyan və 1990-cı il
yanvarın sonuna aid hadisələri əks etdirən məqalə
mənə tanış deyil, mənim tərəfimdən
yazılmamış və imzalanmamışdır. Orada səhiyyə, tibbi kadrların
hazırlanması və ölkədə durğunluq
dövründə sosial-iqtisadi vəziyyət haqqında vaxtilə
söylədiyim bəzi müddəalar istifadə
olunmuşdur.
Hörmətlə,
tibb elmləri doktoru
V. M. Əfəndiyev 05. 02.
90».
Xatırladaq
ki, Əfəndiyevin imzasıyla «Pravda»da məqalə
fevralın 4-də çıxmışdı. Ayın beşində isə
Sov. İKP MK-nın plenumu
açıldı. Əlbəttə, bu gün təsadüfi
seçilməmişdi: yəni yoldaşlar macal tapıb oxuyar
və fikirlərini söyləyərlər. «Macal
tapanlar» oldu. 20 il Mərkəzi Komitədə «tər
tökmüş» və «Sovetskaya kultura» qəzetinin baş
redaktoru kreslosuna əyləşmiş Albert Belyayevin sözlərinə
görə, «Aliyevşina…» məqaləsi hamını
sarsıtmışdı. Bax, belə adamlar
partiyaya inamı qırırlar».
Belyayev bir az da
qabağa gedib rəhbər partiyaçı şəxslərin
təkəbbürlü davranışı, yoldaşlarına
qarşı kobudluq və ədəbsizliyi, öz vəzifə
mövqeyindən şəxsi məqsədlər
üçün sui-istifadə etməsi, Sov. İKP
üzvlüyü ilə bir araya sığışmaz kimi
ifadələrin plenumun sənədlərinə
yazılmasını təklif edirdi.
Bu şərtlərə kim
əmma qoyar ki? Əslinə qalsa, bu barədə
eynən bu və ya başqa sözlərlə partiya nizamnaməsində
də deyilirdi. Və həmin tələblərə
partiyaya daxil olarkən Əliyev də, Belyayev də, ona «Əliyevşina»nı təkrar dərc etməyi məsləhət
görənlər də əməl etməyə söz
vermişdilər…
Məsələ
başqa qaynaqlardan körüklənirdi. Əliyev Qorbaçovun
iqtisadi, sosial, milli siyasətini qəbul etmirdi deyə, onu mənəvi
cəhətdən sıxışdırıb axırına
çıxmaq istəyirdilər.
- Mənə, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi, - deyə Heydər Əliyev söyləyirdi,
- Moskvada içki üçün düzülən növbələrin
şəkillərini gətirirdilər. Dəhşət idi!
Bu növbələrdəki insanların əhvali-ruhiyyəsi
və ölkə rəhbərliyinə qarşı yönəlmiş
söhbətlərin məzmunu haqqında informasiya alaraq, biz
Qorbaçova və Liqaçova çatdırırdıq, onlar
isə bunu məsxərəyə çevirib deyirdilər:
eybi yox, indi belədir, sonra dinc duracaqlar. Onlar
buna reaksiya vermirdilər. Qətiyyən reaksiya vermirdilər!
1985-ci ildən
sonrakı dövrdə ölkə uçuruma doğru gedirdi
- iqtisadiyyat, sosial sahə dağılır. İnsanların güzəranı
hər hansı dövrdə olduğundan qat-qat betər pisləşir,
ölkədə mənəvi-psixoloji iqlim son dərəcəyədək
gərginləşir, millətlərarası münasibətlər
adi hal alır, Sovet Sosialist Respublikaları İttifaqı
dağılır, idarəolunmaz proseslər baş verir.
Və bütün bunları Qorbaçov «yenidənqurma»
kimi qələmə verməyə çalışır.
Gah yenidənqurma «yola düşür», gah
«dönüşdədir», gah «ciddi sınaqlar mərhələsinə
qədəm qoyur» və ilaxır.
Nə deyəsən? Müharibədən sonra
çörək qıtlığı olan bircə dönəmi
- Xruşşov dövrünü xatırlayıram. İndi çörək çatışmır.
Özü də harada? Paytaxtda.
Müharibədən sonra heç bir
tütün kasadlığı halları yadıma gəlmir.
İndi isə izahat verməyə cəhd
göstərirlər. Hansı izahatdan
söz gedə bilər? Axı biz əvvəllər
indikindən qat-qat az tütün istehsal
edirdik, amma böhran baş vermirdi.
… İndi ölkədə
millətlərarası münasibətlər olduqca mürəkkəbləşib.
Qorbaçov və başqaları hər şeyi
keçmişin, Stalinin, durğunluq dövrünün
üstünə yıxır, amma heç kim
son iki-üç ildə yol verilən səhvləri dilinə
gətirmir. Halbuki, millətlərarası
konfliktləri yalnız keçmişlə bağlamaq
qeyri-obyektlivlik və nadürüstlükdür. Əlbəttə,
Stalin dövründə də, sonralar da xətalar olmuşdur,
amma haçan, nə qədər səhv
buraxıldığına baxsaq, son illərdəkilər
bütün dövrləri üstələyər…
Qorbaçov
hər addımda özü-özünə zidd
çıxır. Fevralın
5-də (1990-cı il - müəlliflər.)
MK plenumundakı məruzəsində (mətni
geniş olmasa da) o, yenə də DQMV hadisələrindən
uzun-uzadı danışırdı və yenə də
aydın bir şey izhar etmirdi. Yalnız onu
bildirirdi ki, indi-indi DQMV məsələsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həlli onunçün tamamilə
aydınlaşmışdır. Yaxşı, sual olunur,
niyə bu barədə iki il öncə
deyilməmişdir? Deməli, o vaxt Qorbaçov başqa, orta
mövqe tuturmuş, nə sizinkilərin, nə bizimkilərin,
yəni gedin, vuruşun, kim-kimi yıxır yıxsın… Məgər belə şey olar? Əgər bu
federasiyadırsa, ittifaq dövlətidirsə, - deməli,
ittifaq dövləti dərhal öz mövqeyini bildirməli
idi. Bu da milli siyasətdə daha bir səhv.
Amma unudulmamalıdır ki, yenidənqurmaya qədər
Zaqafqaziyada ermənilər və azərbaycanlılar
arasında heç bir problem yox idi. Azərbaycan KP MK
birinci katibi vəzifəsində 14 il
işlədiyim müddətdə mən hər il, bəzən
də bir neçə dəfə Dağlıq Qarabağda
olurdum və bu muxtar vilayətdən bir nəfər də
olsun, qarşımda DQMV-nin Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistana verilməsi haqqında məsələ
qaldırmamışdı. Başa
düşürsünüzmü, heç bir kəs?! Ermənistanda ayrı-ayrı millətçilik
ovqatları var idi, orada bəziləri belə planlar
hazırlayırdı, lakin onlar DQMV əhalisi tərəfindən
dəstəklənməmişdi» (televiziya aparıcısı
Andrey Karaulovla dialoqundan).
Yenidənqurmadan
əvvəl ermənilər və azərbaycanlılar
arasında problem olmamasını söyləyən Heydər Əliyev
bəlkə real vəziyyəti bir qədər bəzəyib-düzəyirdi?
- O illər Azərbaycanda heç bir millətlərarası
münaqişə olmamışdır, - ordu generalı Filipp
Bobkov təsdiqləyir. O zaman SSRİ DTK sədrinin birinci
müavini olan şəxs nəinki qəzetlərin
yazdıqlarını, həm də yazmadıqlarını
bilir.
Əliyevin
xatırladığı həmin çoxdankı məruzəni
dilli-dilavər Baş katibin Dağlıq Qarabağ ətrafındakı
münaqişə, «bu qəliz düyünü açmaq» cəhdləri
haqqında mülahizələrini yenidən oxuduq. Əsl həqiqətdə məsələnin
mahiyyəti haqqında çox az şey var. Daha çox «hər
iki respublikada və DQMV-nin özündə olan müəyyən
qüvvələrdən», gizli iqtisadiyyat təmsilçilərindən,
yenidənqurmaya xilaf çıxan, rüşvətxor məmurlardan
bəhs edilir. Onların liderliyi ələ
keçirməyə, aldadılmış kütlələrin
hərəkətlərini dağıdıcı məcraya
yönəltməyə müvəffəq olmalarından bəhs
edilir. Bəs püskürən yanğınları
söndürmək, ölkəni xilas etmək
üçün iqtidar neyləmiş, nə iş
görmüşdür?
Heydər Əliyev
köhnə adətincə gününü qəzetləri nəzərdən
keçirməklə başlardı. Plenumlardakı
çıxışları oxuyar, düşündüklərilə
səsləşən sətirlərin altını cizgiləyərdi.
Budur, Kiyev Şəhər Partiya Komitəsinin
birinci katibi Korniyenko bir kommunist fəhlənin Qorbaçova
ünvanladığı məktubdan
çıxarışları səsləndirir: «Biz hayana
gedirik? Nə qədər gec deyil, sizə, Mixail Sergeyeviç
və bütövlükdə ölkə rəhbərliyinə
elə gəlmirmi ki, sosialist dövlətinin taleyi, namuslu zəhmətkeş
xalqın taleyi barədə düşünməyin və ən
təxirəsalınmaz tədbirlər görməyin
vaxtıdır?!»
«Hakimiyyət orqanlarına və partiya rəhbərliyinə
qarşı etimadsızlığın apogeyi hələ gəlib
çatmasa da, biz təhlükəli səddən artıq
uzaq deyilik», - deyə Leninqradda «İjor zavodu» İstehsalat
Birliyinin partiya komitəsinin katibi Yuri Arxipov həyəcan təbili
çalır.
Sovet
İttifaqının Polşadakı səfiri Brovikov «bizim
partiya və dövlət rəhbərlərimizin hipertrofik
iddialarından, yol verdikləri şəxsi səhvlərdən»
söz açır. «Belə bir
səhv, ölkədə nizam-intizamı bərqərar etmədən
cəmiyyətin total demokratikləşdirilməsini elan etməkdir.
İntizam demokratiyasız yaşaya bilər, amma intizamsız
demokratiya ağlasığmazdır, çünki onun
ictimai-siyasi xaosa çevrilməsi qaçılmaz, daha dəqiq
desək, labüddür…»
Heydər Əliyev belə
düşünürdü: «Ancaq kar olanlar bu həyəcan səslərini
eşitməyə bilərdi. Amma bəlkə onlar -
Qorbaçov, Yakovlev… bu səsləri eşitmək istəmirdilər?..»
Moskva blokadası
1990-cı il mayın
17-də Naxçıvan kommunistləri Heydər Əliyevi Azərbaycan
Kommunist Partiyasının XXXII qurultayına nümayəndə
seçdilər. Qurultay iyunun 8-də
açılırdı. Heydər Əliyev,
Naxçıvana doğma yurduna baş çəkə bilsin
deyə, təyyarə biletini iyunun birinə aldı.
O xatırlayırdı: «Moskva-Bakı
aviareysinə bilet sifariş edər-etməz telefon zəngləri
səslənməyə başladı. Əvvəl
Sov. İKP MK nəzdində Partiya Nəzarəti
Komitəsi üzrə Puqonun müavinləri Slezko və
Gerasimov zəng vurdular. Səfərdən
daşınmağı məsləhət görürdülər,
yəni Azərbaycanda vəziyyət gərgindir və mənim
gəlişim atmosferi daha da qızışdırar. Sonra mənimlə alverə başladılar. Yəni
onlarda Partiya Nəzarəti Komitəsində Əliyevə
qarşı materiallar var. O, Bakıya getməsə, sənədləri
arxivə təhvil verəcək, getsə onları üzə
çıxaracaqlar… Mayın 30-da Puqo özü
zəng çaldı. Məlum oldu ki, bu zəng
də həmin niyyətlə edilib. Mən ona dedim: «Qəribədir,
siz məni haçandır yad etmirdiniz, hərçənd mən
çətin günlər yaşamışdım - xəstə
oldum, xəstəxanada yatdım, indi isə canımı
qurtarıb vətənə yollanmaq istədiyim vaxtda siz birdən
məni yada salmısınız. Sizin bu səfəri
qadağan etməyə haqqınız yoxdur».
Bakıda o,
kiçik qardaşı cəlal Əliyevin evində qalmaq niyyətində
idi.
Cəlal Əliyevin xatirələrindən:
«Mayın 29-da respublikada çox
tanınmış bir adam mənə zəng
vurub görüşmək istədiyini bildirdi. Təyin
olunmuş vaxtda Elmlər Akademiyasının yanındakı
bağda görüşdük. O mənə dedi ki, H. Əliyev
gələcəyi təqdirdə onu təhlükə gözləyir.
«Təcili olaraq qardaşınıza zəng
çalın. Ona çatdırın ki,
Bakıya gəlməsin. Yoxsa onu elə təyyarənin
trapı yanındaca güllələyəcəklər», - o adam müqəddiməsiz-filansız belə
dedi. Hər hansı başqa bir adamdan belə sözlər
eşitsəydim, ayrı reaksiya verərdim, amma təhlükə
haqqında o zaman kifayət qədər nüfuzlu adam xəbərdarlıq edirdi, ona görə də
belə bir nəticənin ehtimalını qulaqardına vurmaq
olmazdı. Mən çox çətin vəziyyətdə
qaldım, çünki gəlişə yol vermək, ya
qarşısını almaq barədə qərarımdan mənə
əziz olan bir insanın ömrü asılı ola bilərdi. Lakin yubanmadan qərara
gəlməliydim və onda mən «Azərnəşr»in
direktoru Əjdər Xanbabayevə zəng vurdum ki,
görüşmək barədə şərtləşim.
Ertəsi
günü, mayın 30-u səhər saat 10-da onun kabinetində
bu məsələni müzakirə edib, Moskva ilə telefon
danışığı sifariş etdik. Bizi uzun müddət
calaşdırmırdılar. İndi
anlayıram ki, əbəs deyilmiş. Yalnız
dörd saat ərzində Əjdərin «vertuşka»* ilə zənglərindən,
Rabitə Nazirliyinin məsul məmurlarına müraciətindən
sonra biz bağlantıya nail olduq. Heydərin
həyatı üçün nigaran olduğumdan təbii ki,
birmənalı qərara gələ bilmirdim və bir saniyə
belə tərəddüd etməyən Əjdər Xanbabayevin
cəsarət və qətiyyətinə heyrətlənirdim.
O, qardaşıma dedi ki, bütün bu hay-küyə və hədə-qorxuya
fikir verməyə dəyməz, ziyalılar qətiyyətli əhvaldadırlar
və Əliyevi aeroportda qarşılayacaqlar. Yadımdadır,
qardaşım artıq səs-küy qaldırmamağı
xahiş edirdi, yəni qoy məni cəlaldan başqa heç
kəs qarşılamasın. Xanbabayev etiraz etdi: «Mən
sizi mütləq qarşılayacağam»…
Həmin
günün axşamı yenə Əjdərlə
danışmalıydım. Mən onun evinə zəng vurdum. Dəstəyi bir qadın götürdü.
Hönkürtüdən
boğula-boğula dedi: «Qardaş, Əjdəri ağır
yaralayıblar. Xəstəxanadadır…» Bir neçə saat
sonra, huşu qayıtmadan Əjdər keçindi…»
Bu hadisəni Heydər Əliyev belə
xatırlayır: «Təbii ki, mən faktları
tutuşdurmağa başladım: Mayın 30-da gündüz
saat 12-də o mənimlə telefonla danışmış,
axşam saat 9-da isə öldürülmüşdür.
Bildiyimə görə, o, sakit, ləyaqətli adam
idi, çirkin əməllərlə bağlı deyildi, siyasətlə
maraqlanmırdı; uzun illər boyu «Azərnəşr»də
işləmişdi. Bu, Azərbaycanda
böyük bir nəşriyyatdır. Əjdərin
ziyalılar arasında hörməti vardı. Təbii ki, bütün bunlar məndə sual
doğururdu; niyə o, məhz həmin gündə və
hansı səbəblə qətlə yetirilmişdir?
- Maraqlıdır, güman edə bilərdinizmi
ki, ölkə rəhbərliyi, yaxud Azərbaycan rəhbərliyi
sizdən o dərəcədə qorxur, ya da xoflanır, əgər
belə bir xof vardısa, onun nəticələri hər
cürə ola bilərdi?
- Bilirsiniz, məndən
qorxub-qorxmadıqlarını demək çətindir, amma
ayrı-ayrı ölkə rəhbərlərinin mənə
qarşı açıq-aşkar neqativ münasibətini
artıq üç ildən çoxdur ki, hiss edirəm. Əfsus ki, mən Azərbaycanın əvvəlki rəhbərləri
tərəfindən də hücumlara məruz qalırdım.
Özü də tamamilə qeyri-obyektiv
hücumlara, lakin indinin özündə də nədənsə
mənim doğma torpağıma qayıtmağım
böyük bir problemə çevrilib (televiziya
aparıcısı Andrey Karaulovla dialoqdan).
Əliyevi
faktiki olaraq Moskvada təcrid etmişdilər. Azərbaycan Kommunist
Partiyasının qurultayı onsuz keçdi. Ehtimal var ki, həmin qurultay onu Sov. İKP XXVIII qurultayına nümayəndə
seçə bilərdi və beləliklə o, hakimiyyətə
qayıda bilərdi.
Heydər Əliyev
Bakıya iyulun 20-də gəldi. Güman edirdi ki, onun biliyinə və təcrübəsinə
Vətəndə ehtiyac olar. Əvvəlcə
o, öz köhnə mənzilinə qayıdacağına,
yaxud bir başqa mənzil alacağına ümid bəsləyirdi.
Lakin Mərkəzi Komitədə onun Bakıda mənzil
qeydiyyatına alınmasına ustalıqla bəhanə gətirib
etiraz etdilər. İndi yeganə pənah
yeri doğma Naxçıvan idi.
Yola
çıxmağa qalan iki gün ərzində qohum-əqrəbayla,
qardaş-bacılarla, yoldaşlığa sadiq qalmış
dostlarla görüşməli, o Qara Yanvar gecəsində
şəhid olmuşların məzarlarını ziyarət
etməli idi.
Başdaşılarından cavan simalar
baxırdılar - on dörd, on səkkiz, iyirmi, iyirmi səkkiz
yaşlı şəhidlər… İlham Allahverdiyev, Fərizə
Allahverdiyeva, Vera Bessantina, İlqar İbrahimov, Ağabəy
Novruzbəyli… Onlar doyunca yaşamalı, övlad bəsləməli,
babalıq-nənəlik sevincini görməliydilər… Amma
onların daha nə övladları, nə nəvələri
olacaq…
Xatirə günündə vaxtından əvvəl
qocalmış ata-anaları balalarının son mənzilinə
gəlib soyuq daşlara sığal çəkəcək,
onların istisini duymaq, ruhunu toxdatmaq istəyəcəklər…
Heydər Əliyev
aramla, abidələrin qarşısı ilə
addımlayır, şəkillərə diqqətlə
baxır, bəlkə kimisə tanıyırmış kimi
göz gəzdirir. Yox, o, respublikadan gedəndə bu cavanlar hələ
uşaq yaşında idilər. Hərəsi
bir evin, bir ailənin sevimlisi idi. Futbol oynayır, Xəzərin
sahillərində qaçışır, mavi dalğaların
ağuşuna atılırdılar… Odur, sevimli dəniz
aşağıda, üfüqlərə doğru uzanır, bərq
vurur; indi əlçatmaz, ünyetməz olan dəniz…
Mərkəz.- 2010.-20 noyabr.- S. 10-11.