HEYDƏR ƏLİYEV

 

VIII FƏSIL

 

ÖZ XALQINLA BİRLİKDƏ OLMAQ HAQQI

 

22 iyun 1990-cı il, Naxçıvan

 

Bakıdan doğma şəhərlərinə Heydər və cəlal Əliyevlər poçt reysi ilə uçurdular. Zahirən romantik bir uçuşdur! Qardaşlar təyyarə salonunda qalaqlanmış qəzet-jurnal dəstlərinə, məktublarla, göndərişlərlə dolu torbalara nəzər salaraq gülümsəyirlər.

Bəlkə də, həmin gün, təyyarədən aşağıda doğma dağları, ilan kimi qıvrılan Arazı görəndə Heydər Əliyev atasının tez-tez təkrar etdiyi bir xalq məsəlini xatırlamışdı:

«Bir nəfərdən soruşurlar:

- Qardaşın necə adamdır?

- Bilmirəm, hələ ki onunla dostluq etməmişəm, - deyir».

Həyat qardaş və bacılarının ona münasibətlərinin möhkəmliyini dəfələrlə sınağa çəkmişdi. Amma indiki kimi çətin bir şəraitdə, yəqin ki, ilk dəfəydi. Amma nə yaxşı ki, qardaşlar bu imtahandan üzüağ çıxdılar.

Cəlal Əliyevin xatirələrindən:

«Naxçıvanda, demək olar ki, heç kəsin Heydər Əliyevin gəlişindən xəbəri yox idi. Aeroportdan bir tanışımızın «Jiquli»sində şəhərə yollandıq. Qardaşımı maşında görən bir yaşlı kişi dedi: «Gör ey, belə bir adamı necə maşında aparırlar!»

Köhnə ata ocağına gəldik. Bir az əvvəl buradan böyük bacımız Surə xanımı son mənzilə yola salmışdılar. Heydər Əliyevin qayıtması xəbəri dərhal şəhərə yayıldı. Xalq həyətimizə axışdı. Dar küçədə qələbəlik yarandı.

Axşamüstü Hüseyn cavidin məzarına baş çəkdik. Naxçıvanlılar sevinclə Heydər Əliyevi salamlayırdılar. Böyük şairin məzarını baxımsız görəndə Heydərin yaman qanı qaraldı. Sonra mərkəzi meydana üz tutduq, axşam saat 6-7-dək burada 80 minə yaxın adam toplaşmışdı.

Çoxları əllərində Əliyevin portretlərini tutmuşdu; kimi bir ulduzlu, kimi iki ulduzlu, - görünür, kitab anbarlarında köhnə ehtiyatları eşələyib çıxarmışdılar.

Heydər Əliyev həyəcanını gizlətmirdi. Üç il davam edən faktiki təcrid olunmadan, təqiblərdən sonra doğma torpaqda belə səmimi, mehriban qarşılanma onu həyəcanlandırmışdı…»

Əliyevi dövrəyə alan sıx izdihamı yara-yara vaxtilə pedtexnikumda onunla birlikdə oxumuş tələbə yoldaşı Dövlət Məmmədov irəliyə çıxdı. Ümumi tanışlarının birindən öyrənmişdi ki, Dövlət Məmmədov məğlub edilmiş saydıqları insana qara yaxmaqda davam edən redaksiyalarla mübarizə aparmış, onların ünvanına yorulmadan «təpik döymüşdü».

- Sağ ol, Dövlət! - Əliyev astadan dedi.

- Nəyə görə ki?! - deyə qocaman müəllim-cəbhəçi dilləndi. - Mən özümə borc bildiyimi eləmişəm. Redaksiyada mənə şəstlə dedilər: «Ay baba, burada nə yanlışlıq var ki? Elə bil mütləqi-həqiqəti deyən bunlardı… Dedim: «Axı böhtanla dolu yazılarınızda bir həqiqət olan şey var ki? Di gəl, təkzibi dərc eləməkdən boyun qaçırdılar.

- Eybi yox, - dedi Əliyev, - darıxma. Tezliklə həyat özü onları təkzib edər.

Bu meydan hələ heç vaxt belə gur izdiham görməmişdi. Sakinlər ətrafdakı evlərin eyvanlarına çıxmışdılar, dama qalxanlar da vardı. Heydər Əliyevə çətinliklə də olsa, yaxınlaşan Naxçıvan qəzetinin müxbiri öz bloknotunda belə qeyd edir: «Bu böyük şəxsiyyətin qarşısına çıxan insanların fərəh hissini təsvir etmək mümkün deyil. Heydər Əliyevin çox yığcam qısa çıxışı isə vətən eşqiylə dolu bir ürəyin səsiydi». Amma əfsuslar olsun ki, hələ özünün sərt nüfuzunu saxlayan senzura bu sözlərin üstündən xətt çəkdi.

Heydər Əliyev, meqafonu götürüb, həmyerlilərini salamladı. Çox danışmaq fikrində deyildi. Daha çox yaxınlıqda duranlara üz tutsa da, elə sükut çökmüşdü ki, onu meydanın ən ucqar yerlərində də eşidirdilər. O axşam çıxışı çox çəkməsə də, hər kəlməsi qılınc kimi kəsərli idi.

Evə qayıdanda üzü nurlanmışdı: «Doğrudan da, xalq məni unutmayıb».

Yavaş-yavaş görüşünə gələn qonum-qonşu, tanış-biliş dağılışdı. Yalnız doğmalar qaldı - Heydər, cəlal, bacısı qızı Sənifə özünün qızlarıyla. cəlal köhnə televizoru qurdalayıb sazlamağa çalışsa da, alınmırdı. Heydər gülə-gülə qayıtdı ki, bu köhnə texnikanın öhdəsindən gəlmək səhrada bağ salmaqdan çətindir…

Sonralar Əliyev etiraf edirdi:

- Mən burada müxtəlif «səs»lərə qulaq asmağı arzulayırdım. Amma evimizdə bir yararlı radioqəbuledici də yoxuydu, yaxşı ki, qonşularda vaxtilə Riqada buraxılan «Vef» markalı radioqəbuledici tapıldı.

İndi Əliyevin ata ocağını yalnız tək-tük fotoşəkillər və xatirələr vasitəsilə təsəvvürə gətirmək olar. Budur, Heydər qapı ağzında dayanıb; budur, Sənifə, nənəsi İzzət xanım kimi, əl-üzünü yuyan dayısının əlinə səhəngdən su tökür.

- O uzaq illərdə dayım həyətimizdəki quyunun suyuyla əl-üzünü yumağı xoşlayırdı. İstidə, bürküdə səhəngdə sərinliyini saxlamış sudan süzərdim, Heydər dayı da ləzzətlə soyuq şırnaqları üstünə çilədərdi; qohumların dediyinə görə, uşaqlıqdan vərdiş eləmişdi. Dayım, ümumiyyətlə doğma ocağı xatırladan hər şeyi sevirdi. Vaxtilə anasının, mənim nənəmin bişirdiyi xörəkləri - düşbərəni, qutabları, dolmanı xoşlayırdı. Bağımızın barını sevirdi. Uzun illər boyu Bakıya, Moskvaya meyvə yollayırdıq. O, elə hesab edirdi ki, Naxçıvan meyvələrinin tayı-bərabəri yoxdur.

Sənifə Soltanova Naxçıvan VVAQ şöbəsinin müdiridir. Respublikada onu şairə kimi də yaxşı tanıyırlar. Onun haqqında vaxtilə «Bakinski raboçi» qəzetinin xüsusi müxbiri Svetlana Mirzəyeva da söz açmışdır. Bu jurnalist xanım, güman ki, Heydər Əliyevlə o zamanlar başqa həmkarlarından daha çox görüşmüş, onun dostluq etdiyi, yardım göstərdiyi insanların, xüsusən sənət və ədəbiyyat xadimlərinin xatirələrini qədirbilənliklə toplamış və maraqlı, səmimi duyğularla aşılanmış bir kitab yaratmış, öz imzasını isə təvazökarlıqla yazıların sonunda, qəzetdə olduğu kimi vermişdir.

Kitabın ön səhifəsi Heydər Əliyevin portreti, onun «İncəsənət mənim bütün həyatımdan keçmişdir…» kəlamıyla başlanır.

Oxucu, yəqin ki, Heydər Əliyevin Naxçıvana gəlişinin ilk günündəcə Hüseyn cavidin məzarını ziyarət etməsinə diqqət yetirmişdir. Böyük sənətkarın məzarı önündə baş əyərkən o, nələr düşünmüşdü? Hansı hisslər keçirmişdi? Ulu sənətkarın hansı misralarını xatırlamışdı? Bəlkə bunları?

 

Bu dərinlikdə bir həqiqət var,

Gizlidir gərçi kor beyinlər için;

Lakin ülviyyətilə həp parlar,

Bəllidir görmək istəyənlər için…

 

Bir-iki gün sonra cavidin muzeyinə baş çəkdi. Burada son dəfə olduğu haçandı? Yəqin, 82-ci il idi. Respublika cavidin yüzilliyinə hazırlaşırdı. 1882-ci il oktyabrın 24-də Naxçıvanda dünyaya gəlmiş, 1941-ci ilin 5 dekabr günündə Sibir sürgünündə dünyasını dəyişmiş Hüseyn Abdulla oğlu Rasizadə «cavid» təxəllüsü ilə əbədiyyətə qovuşan mütəfəkkir şair, dramaturq… Taleyin acı oyununa bax, - azadlıq carçısı, sağlığında «Şərqin Şekspiri» adlandırılan ustad dekabrın 5-də - «Stalin Konstitusiyası» günündə ölmüşdür. Meşədə taxta-şalban tədarükündə, Sibir şaxtalarına tab gətirməmişdi? Ya bəlkə həssas qəlbi mənəvi iztirablara dözməyib partlamışdı?..

cavid («əbədi» deməkdir) muzeyi onun köhnə ata-baba evində yerləşib. Fotolar, sənədlər, XX əsrin başlanğıcına aid məişət detalları: «nöyüt» lampası, Rusiyadan buraya gəlib çıxmış samovar, patefon, zərif armudu stəkanlar… Divardakı taxçalarda qab-qacaq, kuzələr, nimçələr, hər birinin öz təyinatı olan ləvazimat.

Şüşə altında Tayşet Rayon Xalq Deputatları Sovetinin 21 noyabr 1982-ci il tarixli sərəncamını oxuyuruq:

«Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun 12 oktyabr 1982-ci il tarixli qərarı əsasında Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi yol. cəfərov Həmid Qara oğluna, İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndinin qəbiristanındakı 59 saylı qəbirdən Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn cavid Rasizadənin nəşinin onun vətəni Naxçıvan şəhərində dəfn edilməsi üçün köçürülməsinə icazə verilsin.

Tayşet Rayon İcraiyyə Komitəsinin sədri V. A. Smirnov».

Onun həyat yoldaşı Müşkünaz xanımın taleyinə cavidin heç nədən günahı olmadığını bilmək kimi acı xoşbəxtlik qismət oldu. Yəni əslini axtarsan, o heç vaxt buna şübhə də etməmişdi. Uşaqları Ərtoğrul və Turana da tapşırmışdı ki, atalarının yolunu gözləsinlər. Övladlarına cavidin adı ilə fəxr etməyi öyrətmişdi. Ərtoğrul özünü incəsənətdə tapmışdı - rəsm çəkir, kinossenarilər yazır, musiqi bəstələyirdi. Böyük Üzeyir Hacıbəyov onu özünün ən istedadlı şagirdlərindən hesab edirdi. 1941-ci ildə Ərtoğrul cavidi orduya çağırdılar.

Həqiqətən səhhətində ciddi problemlər olduğu üçün cəbhəyə aparmadılar. Ancaq arxa cəbhənin hissələrindən birində, Gürcüstanda saxladılar. Çox keçmədi ki, ağır vəziyyətə düşmüş Ərtoğrulu ölmək üçün evə göndərdilər. O artıq qan öskürürdü. Dərman almaq üçün Müşkünaz xanım cavidin hədiyyəsi olan nişan üzüyünü satmalı oldu. Ərtoğrul 24 yaşının tamamına bir neçə gün qalmış - 1943-cü il oktyabrın 14-də vəfat etdi.

cavidlər ailəsində nəsə qeyri-adi bir mistika var. Hüseyn - 24 oktyabrda, Ərtoğrul 22 oktyabrda, Turan isə 2 oktyabrda anadan olub.

1982-ci ilin oktyabrında, cavidin 100 illiyində, 1976-cı ildə Bakıda vəfat etmiş Müşkünaz xanımın və Ərtoğrulun nəşləri Naxçıvana gətirilib. Görkəmli şairin yanında torpağa tapşırıldılar. 2004-cü ildə isə öz vəsiyyətinə əsasən Müşkünaz və cavidin qızı Turanı da onların yanında dəfn etdilər. İndi onlar doğma torpaqda yenə bir-birilərinə qovuşmuşlar…

Heydər Əliyev onların son mənzili üzərində xəyalən bir mavzoley canlandırırdı. Dağlar kimi uca, məğrur abidə. 1990-cı ildə bu arzunun gerçəkləşmə vaxtı hələ yetişməmişdi. Amma bilirdi ki, o gün gələcək. O gün 1996-cı ilin oktyabrında gerçəyə çevrildi.

Naxçıvan Respublikası ictimaiyyətilə görüşdə Heydər Əliyev dedi:

- Dünən (1996-cı il oktyabrın 29-da) biz Azərbaycan xalqının böyük yazıçısı, şairi, dramaturqu, alim-filosofu Hüseyn cavidin xatirəsini andıq, onun məqbərəsinin təntənəli açılış mərasimində iştirak etdik. Bu böyük elm və mədəniyyət bayramı idi və yalnız bizim, yəni burada toplaşanların deyil, bütün Azərbaycan xalqının bayramı idi. Dünən bu bayram, demək olar ki, muxtar respublikanın bütün əhalisini ayağa qaldırdı. Hüseyn cavid məqbərəsi ətrafında, küçələrdə, meydanlarda on minlərlə, yüz minlərlə insan toplaşdı. Hamı xoş əhvalda, fərəhlə bir-birini təbrik edirdi.

Bu, mənim üçün də böyük bayram idi, çünki mən on dörd il bundan öncə qəbul etdiyim qərarın yerinə yetirilməsinə nail oldum.

Belə bir memarlıq əsərilə, əminik ki, Yusif ibn Küseyir və Möminə xatun məqbərələrini yaratmış böyük memar Əcəmi ibn Əbu Bəkr özü də fəxr edə bilərdi. Həmin abidələr birinci və ikinci minilliklərin qovşağından bizlərə gəlib çatmışdır. İkinci və üçüncü minilliklərin keçid dönəmi onlara gözəl cavid məqbərəsini əlavə etdi.

 

Başqa, pək başqa imdi zövqi-cahan,

Dünki peymanələrdə qan coşuyor.

Dünki məmurələr bu gün viran,

Dünki viranələr bu gün məmur…

Həp pozulmuş da dünki peymanlar,

Yəni dost olmuş əski düşmanlar…

(«Dün və bu gün»)

 

Bəli, qürbət ellərdə «viranə» qalmış ulu şairin varlığı vətəndə bərqərar oldu, abad oldu, nigaran ruhu rahatlıq tapdı…

… 1990-cı ildə, bütün ittifaqda olduğu kimi, Naxçıvanda da ərzaq qıtlığı hökm sürürdü. Qonşudan-qonşuya soraq çatırdı ki, tanışlardan kimlərdə mal kəsiblər, yollanın, bəlkə, bir-iki kilo ət ala bildinız. Hərdən Sənifənin kürəkənlərindən hansısa ət «növbəsinə» özünü yetirəndə, evdə hamının tamarzı olduğu bozbaş buğlanırdı…

Heydər Əlirza oğlu bacısı Surənin dəfninə gələ bilmədiyinə görə çox acıyırdı, - o zaman onu Moskvadan vətənə buraxmırdılar. Naxçıvana gələn günün səhərisi məzarlığa baş çəkib təzə qəbrin üstünə özünün gətirdiyi sevimli qızılgül dəstəsini qoydu və həm də atasının məzarı başında dayandı.

Əliyev Naxçıvanda keçirdiyi ilk günlərdə qəzetlər sarıdan xeyli çətinlik çəkirdi. Yerli qəzetlərə Sənifə abunə olmuşdu, Bakı, Moskva qəzetləri isə yalnız günün ikinci yarısında, bəzən də lap ertəsi günü çatdırılırdı. Yenə də qonşunun bağışladığı radioqəbuledici dadına çatırdı.

 

Məqsəd artıq dəqiq müəyyən olunub

 

Moskvadan qayıdandan sonra Heydər Əliyev ilk müsahibəsini «Həyat» qəzetinin əməkdaşı Möhsün Möhsünova və Naxçıvana necə gəlib çıxdığı məlum olmayan Litvanın «Respublika» qəzetinin əməkdaşı Ritas Siyatalisə verdi. Müsahibədən əvvəl sərbəst geyimdə olan Heydər Əliyev yarızarafat-yarıgerçək bildirmişdi: «Müsahibəni bir şərtlə verəcəyəm. Dediklərimi təhrif etməyəcəksiniz».

Üzüm tənəyinin qol-budağı ilə hörmələnmiş rahat eyvanda qonaqları artıq heyva mürəbbəsi ilə çay gözləyirdi - Sənifə bacardığını eləmişdi. Naxçıvan jurnalisti litvalı həmkarı ilə razılığa gəlmişdilər ki, öz suallarına Əliyevdən alacaqları cavabları şərikli istifadə etsinlər. Onların həmsöhbətinin açıq və birbaşa cavablarından da aydın görünürdü ki, onunçün bu fikirləri söyləmək çox vacibdir. Yerliləri, həm də başqaları, fərqi yoxdur, kim olur-olsun, harada olur-olsun, lap elə qoy Litvada həqiqəti bilsinlər. Orada onun adına Avropa mətbuatı diqqət yetirə bilər. Yeri gəlmişkən, elə belə də oldu.

Həmkarlar Heydər Əliyevin Siyasi Bürodan getdikdən sonra necə yaşadığıyla maraqlandılar. Heydər Əliyev isə əvvəlcə hansı şəraitdə Siyasi Bürodan uzaqlaşdırıldığından, sonra respublika və mərkəzi mətbuatda necə böyük təzyiqlərə məruz qaldığından danışdı.

«Mən əvvəlcə dözməyə çalışırdım, - deyə o, danışmağa başladı. - Əlbəttə, başqaları kimi mənə də insanların münasibətlərinin belə dəyişməsi, haqsızlıqlar çox pis təsir edirdi. 1989-cu ilin aprel ayında 110-a qədər MK üzvünün və üzvlüyünə namizədin könüllü olaraq istefa verməsi zamanı başa düşdüm ki, bu, mənimçün son şansdır. Ona görə də plenumda çıxış edib dedim ki, mənim əleyhimə iftira və böhtan kampaniyası başlanıb. Bu, başdan-ayağa ədalətsizlikdir. Mən hesab edirəm ki, ləyaqətlə işləmişəm. Düzdür, səhvlərim və nöqsanlarım da olub, bunsuz mümkün deyildi. Lakin ünvanıma deyilən böhtanlar heç bir əndazəyə sığmır.

Çıxışım uzun müddət üzvü olduğum Siyasi Büronun üzvlərinə, mənimlə çiyin-çiyinə çalışan yoldaşlara heç bir təsir etmədi. Onlar mənim çıxışıma əhəmiyyət vermədilər».

Zərif stəkanlardakı çay soyuyur. Heydər Əliyev sakitcə öz seçimini izah edir: «Mən başa düşdüm ki, mübarizə aparmalıyam». Özü deməsə də, aydın idi ki, bu, öz namusu, təmiz ad-sanı, xalqı uğrunda mübarizə idi. Ardınca çox maraqlı sözlər səsləndi: «Rəhbər işçinin İRADƏSİ olmalıdır, böyük İRADƏSİ. Hər bir rəhbər işçi bütün varlığı ilə dərk etməlidir ki, o, öz xalqının, öz millətinin, öz torpağının keşiyində dayanmalıdır. Yəni sən kənara çəkilib yalnız öz maraqlarını düşünməməlisən. Özünü yalnız bu işə həsr etməlisən. Mən Mərkəzi Komitədə işlədiyim on dörd il ərzində özümü xalqıma, respublikamıza həsr etmişəm. Amma indi heç nəsiz qalmışam. Lakin təəssüf etmirəm. Əgər yenidən siyasi fəaliyyətə başlasaydım, yenidən bu yolu tutardım».

Müsahibəyə yenidən qayıtmazdan əvvəl Əliyevin iki dəfə təkrarladığı və baş hərflərlə verməyi xahiş etdiyi sözə diqqət yetirək: İRADƏ. Bu ifadənin bir çox yozumu, mənası var. Fəlsəfi lüğətdə «iradə» sözü «fəaliyyət üçün məqsəd seçməyə və həyata keçirməyə zəruri olan daxili qüvvə, bacarıq kimi izah olunur. Gündəlik həyatda insanlar iradəli adamı iradəsiz adama qarşı qoyub, müqayisə edirlər. Müdriklər deyib: «İradəsiz adamda qətiyyət olmaz», «iradə hünər deməkdir, hünərsiz qələbə olmaz». Rus atalar məsəlində deyilir: «Ağıl görür, iradə götürmür». - «İradəsiz olmaq, əhəmiyyətsiz olmaq kimidir, - Vladimir İvanoviç Dal belə yazıb. Və əlavə edib: - zəif, qətiyyətsiz, müstəqil olmayan, xaraktersiz». Zəif, qətiyyətsiz, müstəqil olmayan adam ailə üçün də bədbəxtlikdir. Əgər belə adam şəhərin, vilayətin, respublikanın, ölkənin başına gəlib çıxıbsa, necə? Beləliklə, Heydər Əliyevin nə üçün belə bir ifadə işlətdiyi aydın olur: rəhbərin gərək İRADƏSİ olsun! Yoxsa, ən böyük hakimiyyətə sahib olmuş lider başqalarının əlində yalnız «piyada», oyuncaq olar. Qorbaçovun əlində nə qədər hakimiyyət var idi, nə qədər yeni səlahiyyətlər tələb etdi və aldı. - Axırı nə oldu?!

Həmsöhbətlər Heydər Əliyevdən onun Azərbaycan KP MK-nın birinci katibi və Sov. İKP MK-nın Siyasi Büro üzvü olduğu vaxtlardakı fəaliyyətini necə qiymətləndirdiyini soruşurlar.

- Mən uzun illər Bakıda və Moskvada respublika və İttifaq miqyaslı rəhbər vəzifələrdə işləmişəm. Onu da deyə bilərəm ki, öz xalqıma, Sovet İttifaqına, mənsub olduğum Kommunist Partiyasına namus və vicdanla xidmət etmişəm. Hesab edirəm ki, indi bütün ölkənin, hər bir xalqın, hər bir respublikanın həyatında yeni bir mərhələ başlanıb. Hər bir xalq öz taleyini özü bildiyi kimi müəyyənləşdirməlidir. Həyatımın ötən günlərinə gəldikdə isə deməliyəm ki, keçmiş keçmişdə qalıb. Ümumiyyətlə, bu gün bütün işləri başlı-başına buraxıb keçmişi təftiş etmək mənim xoşuma gəlmir. Bir baxın, artıq altıncı ildir ki, keçmişi amansızlıqla söyürük. Altıncı ildir ki, ölkəmiz siyasi və iqtisadi cəhətdən dağılır. Bütün bu dövrlərdə bizə vədlər «yedirdirlər», nə bilim bu yeni mərhələdir, bu dönüş mərhələsidir, bu kəskin dönüşdür və i. a. Axı nə qədər mərhələ ola bilər. Buna görə də belə hesab edirəm ki, indi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir. Bu gün mənim fikrim belədir.

- Kommunist Partiyası haqqında sizin təsəvvürünüz dəyişibmi?

- Çox maraqlı sualdır. Bu məsələyə dialektik nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Amma bir şey aydındır ki, bu gün partiya çox ağır vəziyyətdədir. Əgər sırasında olduğun partiya dağılıbsa, təbii ki, bu hal səni də düşünməyə vadar edir, həm də geniş mənada.

- Bu ilin sentyabrında Azərbaycanda respublika vətəndaşları xalq elçilərinə səs verəcəklər. Güman etmək olar ki, bu dəfə deputatlar həqiqi xalq elçiləri olacaqlar. Siz bir siyasi xadim kimi Azərbaycanın yeni Ali Sovetinin başlıca vəzifəsini nədə görürsünüz?

- Əgər həqiqətən əsl xalq deputatları seçiləcəksə (bunu gələcək göstərər, gəlin irəli qaçmayaq), onda müəyyən söz demək olar. İndi isə qısaca deyim ki, mən Azərbaycanın iqtisadi və siyasi suverenliyinin, tam müstəqilliyinin tərəfdarıyam.

Sakitcə otağa daxil olan Sənifə çayları dəyişir. Özlüyündə Heydər dayısının bu gün yaxşı görünməsinə sevinir; yəqin ki doğma yerlərin havası düşərli olub. Söhbətin mövzusu isə şəxsi həyata yönəlir.

- Vaxtınızı necə keçirirsiniz? Əvvəllər az qala bütün sutkanı işləyirdiniz.

- Bilirsiniz, son iki ildə mənim haqqımda o qədər ədalətsizlik edilib ki, haqsızlıq həyatımı zəhərləyib. Belə bir əhvali-ruhiyyədə olan adam isə özünü toplayıb sistemli bir iş aparmaqda çətinlik çəkir. Bəzən çox mütaliə edirəm, bəzən yazıram.

- Memuar yazırsınız?

- Hələ konkret heç nə demək olmaz, amma bəzi qeydlər edirəm. Sinəm doludur. Onlar gərək yazıla və xalqa çatdırıla. Əgər bu borcumu yerinə yetirmədən dünyadan köçsəm, çox pis olar. Mənim bildiklərimi demək olar ki, Azərbaycanda heç kim bilmir.

- Sizə hal-hazırda nə kimi imtiyazlar verilib?

- Heç bir imtiyaz verilməyib.

- Nə kimi məhdudiyyətlər var?

- Məhdudiyyət ondan ibarətdir ki, öz evində yaşayırsan, heç bir imtiyazın da yoxdur. Pensiyanı alırsan, yaşayırsan.

- Belə çıxır ki, mağazaya da, dükana da, bazara da özünüz gedirsiniz?

- Bəli, bəli.

- Fərdi maşınınız da yoxdur?

- Xeyr, yoxdur. Biz azərbaycanlıyıq. Yay vaxtı mənim və uşaqlarımın Azərbaycana gəlməyi üçün imkan olmayıb. Bakıda nə evim var, nə bağım. Gəlib düşmüşəm qardaşım cəlalın evinə, onun da balaca-balaca otaqları var. İki gecə divanda yatmışam. İndi də bacım evindəyəm.

- Naxçıvanda bu cür qarşılanmanı gözləyirdinizmi?

- Meydanı nəzərdə tutursunuz?

- Bəli.

- Mənə elə gəlirdi ki, belə də olmalıdır.

- Siz üç gündür burdasınız. Nə qədər qalacaqsınız? Həmişəlik qalmaq istərdinizmi?

- Nə qədər qalacağam? Görək də, necə olur. Başqa yerdə ev verməsələr, elə gəlib burda qalacağam.

- Dünən Nehrəm kəndinin camaatı Sizi Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd irəli sürdü. Mən inanıram ki, Siz deputat seçiləcəksiniz. Belə olan təqdirdə nə kimi platforma irəli sürmək istərdiniz?

- Platformamı yuxarıda dedim. Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq.

-Yoldaş Əliyev, Siz bir anlığa mənim yerimə olsaydınız, Heydər Əliyevə ən başlıca sualınız nə olardı?

- (Xeyli gülür). Hansı sualı verərdim? Çox sual verərdim.

- Başlıca sual?

- Başlıca sual? Soruşardım ki, ay Əliyev, bəzi adamları niyə yaxşı tanımamısan?

- Sizin Moskvada oğlunuz və qızınız var. Onlar nə işlə məşğuldurlar, harada yaşayırlar?

- İndi hamımız bir yerdə yaşayırıq. Həyat yoldaşım beş il qabaq vəfat edib. Ondan sonra mənim istinad nöqtəm ailəmdir. Qızım, oğlum, nəvələrimlə bir yerdə yaşayıram. Oğlum İlham Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib ingilis, fransız dillərini bilir. Həmin institutun aspiranturasını qurtarıb, namizədlik dissertasiyası müdafiə edib. Amma mən işdən çıxandan sonra onun da həyatında çətinliklər baş verib. İxtisasına görə iş vermirlər. Deyirlər ki, sən Əliyevin oğlusan, yazdığı əsərlər bir tərəfdə qalıb. Bu da ona əzab verir. Qızım Sevil də Şərqşünaslıq institutunun aspiranturasını bitirib, ərəbşünasdır, elmlər namizədidir. Həmin institutda işləyirdi. Son vaxtlar işləmir. Beş nəvəm var.

- Deməli, evlənməyiniz haqda şayiələr boş şeydir.

- Onlar şayiə deyil, yalandır. Mən həyat yoldaşım Zərifə xanıma çox sadiq olmuşam. Onun xatirəsi mənim üçün müqəddəsdir. Ailə münasibətlərində ehkamçıyam.

- Sevimli məşğuliyyətiniz?

- Kitabı daha çox sevirəm. Çoxlu kitablarım var. Mədəniyyəti çox sevirəm. Musiqini başa düşürəm, rəssamlığı xoşlayıram. Vaxtilə memar olmaq istəmişəm. Hətta iki kurs memarlıq fakültəsində oxumuşam. Mədəniyyət adamları ilə həmişə yaxın olmuşam. Başqa məşğuliyyətim olmayıb, balıqçılıq, ovçuluq etməmişəm.

- Kimi daha çox oxuyursunuz?

- Azərbaycanın həm keçmiş, həm də müasir yazıçılarının əsərlərini, Qərbi Avropa və rus klassiklərini oxumağı çox sevirəm. Son dörd-beş ildə yaranan əsərləri oxumaq həvəsim yoxdur. Konyukturaçı ədəbiyyatdır.

 

 

Mərkəz.- 2010.- 23 noyabr.-S.10-11.