HEYDƏR ƏLİYEV
Bu böyük
müsahibə (biz ondan yalnız bir hissəni nəzərinizə
çatdırdıq) 1990-cı il iyunun 26-da işıq
üzü gördü. Əliyevin Naxçıvana
qayıtmasından dörd gün keçirdi.
Onun
cavablarını indi - on beş il keçəndən sonra
oxuyanda görürsən ki, bu, sadəcə Allahın verdiyi
ömrü sakitcə başa vurmaq üçün geri
qayıdan insanın cavabları deyil, məqsəd artıq
müəyyənləşib: Azərbaycanın müstəqilliyi.
Müstəqilliyə necə nail olmaq barədə
danışmaq hələ tezdir. Amma əsas budur ki, İRADƏ
var. Siyasətçi, dövlət xadimi, milli lider iradəsi…
Bakı
qəzetləri Heydər Əliyevin
qayıdışının üstündən sükutla
keçirdilər. Moskva mediyası isə əlüstü xəbər
verdi; hətta «Komsomolskaya pravda», «İzvestiya», «Arqumentı i
faktı» qəzetləri də.
Naxçıvana
bir-birinin ardınca məktublar gəldi. Ünvanı dəqiq bilməyənlər
sadəcə: «Naxçıvan şəhəri, Heydər Əliyevə»
yazırdılar. Bəziləri qayıdışı
münasibətilə onu təbrik edir, bəziləri isə
belə bir liderin Azərbaycana gərəkliyini
vurğulayır, digərləri Bakıda, onun vaxtında Əhmədli
kimi nəhəng bir yaşayış massivi və 10 mikrorayon
salınan şəhərdə mənzilinin olmamasını
eşidib, ona «bizim mənzilimizdə qalın, gen-bol,
işıqlı, şəhərin mərkəzindədir, biz
qohumlarımızgildə qalarıq» kimi təkliflər
verirdilər.
İnsanlar
yaxşılığı unutmur, yaxşılıqla cavab
verirdilər. Sənifə
Soltanova xatırlayır ki, Bakı sakinlərindən biri
onların evlərinə gəlib, öz mənzilinin
açarlarını təklif edir: «Buyurun, mənim evim - sizin
eviniz». Nehrəm kəndindən bir el
ağsaqqalı yenicə tikdirdiyi rahat mülkünü
töhfə kimi qəbul etməyi ondan xahiş edir.
Böyük
yazıçı, rus ədəbiyyatının bilicisi və
pərəstişkarı cəlil Məmmədquluzadə
ötən əsrin əvvəllərində bu böyük kənddə
özünün çox cəsarətli nəsr əsərlərini
qələmə almışdır. Nikolay Vasilyeviç Qoqolun yubileyində
çıxış edən nasir demişdi: «Ey müsəlman
qardaşlarım! 100 il bundan əqdəm
Rusiyada bir insan dünyaya gəldi. O, rus məmurları
haqqında elə bir komediya yazdı ki, onu indi də oxuyanda elə
bilirsən Naxçıvana, Şuşaya, Qafqazın
bütün kəndlərinə və kiçik şəhərlərinə
«müfəttiş gəlir». Əliyevin Azərbaycan
SSR Ali Sovetin deputatlığına namizədliyinin irəli
sürüldüyü Nehrəm kəndində seçicilərlə
görüşlərin birində, o, cəlil Məmmədquluzadənin
bu sözlərini xatırladanda, zaldakılar uğunub getdilər.
Başqa dairələrdən təkliflər
olsa da, Əliyev adamları zarafatı və yumoru qiymətləndirən,
dar gündə düşünmədən dayaq olan Nehrəmin
üstündə dayandı. Və 1990-cı il sentyabrın 30-da Azərbaycanın xalq
deputatı və muxtar respublikanın Ali Sovetinin deputatı
oldu.
Tarixi köklərə, mənəvi
qaynaqlara qayıdış
Deputatlar daha çox
məktəbə bənzəyən kiçik binanın
birinci mərtəbəsindəki salona
yığışır. Heydər Əliyev də onların
arasındadır. Lakin zalda əyləşməyə
macal vermirlər: ağsaqqallar onu Rəyasət Heyətinə
dəvət edir və sessiyanı aparmağı təklif
edirlər. Alqış sədaları altında
o, sadə biçimli səhnəyə qalxır. Həmyerliləri onun tale ulduzuna inanırlar. Həyatın hər üzünü
görmüş bu müdrik insandan əzab-əziyyətdən
üzülmüş xalqa toxtaqlıq, ümid verə biləcək
söz umurlar. Bəs iki minillik tarixində
çoxsaylı müharibələr görmüş
Naxçıvanı indi nə gözləyir? Keçən
minilliklər ərzində əmin-amanlıq illəri
çox az olub.
Ağsaqqallar ermənilərlə hələ
1919-20-ci illərdəki müharibəni yaxşı
xatırlayırdılar: O vaxt 1920-ci ildə
formalaşmış Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının İnqilab Komitəsi burjua Ermənistanına
sülh danışıqlarına başlamaq təklifiylə
müraciət etmişdi. cavab ertəsi
gün gəldi: «Naxçıvanın Ermənistan hökumətinə
itaətini tam təmin etməlisiniz…» Amma
Naxçıvan heç vaxt ultimatum qəbul etməmişdi.
Döyüşlər daha dörd ay, Ermənistanda
sovet hakimiyyəti qurulana qədər davam etdi. 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan
və Rusiya sovet hökumətləri nümayəndələrinin
iştirakı ilə Naxçıvanda ümumi sorğu
keçirildi və hansı respublikanın tərkibində
qalmaqları məsələsi həll edildi. Əhalinin
90 faizdən çoxu muxtar respublika hüququ ilə Azərbaycanın
tərkibində qalmağa səs verdi. Xalqın bu seçimini Vladimir İliç Lenin də
dəstəklədi. 16 mart 1921-ci ildə
RK (b) PB-nin Siyasi Bürosu Azərbaycan SSR-in tərkibində
Naxçıvan SSR-in yaradılmasını təsdiq etdi
(1923-cü ildən Naxçıvan Muxtar Vilayəti,
1924-cü ilin fevralından isə Naxçıvan MSSR).
İndi nə
olacaq? İndi kimlərlə
yolumuz bir olmalı? Bu gözlənilməz müharibədə,
ağlasığmaz blokada məngənəsində hansı
qüvvələrə arxalanmalı, kimlərə bel
bağlamalı?..
Belə bir
qüvvə, Əliyevin qənaətinə görə,
xalqın, bütün Azərbaycanın,
Naxçıvanın öz tarixi köklərinə, mənəvi
varlığına söykənməsi və
qayıdışıdır. O, dediyi bu fikrə sonralar dəfələrlə
qayıdır və qeyd edirdi ki, - Rusiya bütün müttəfiq
respublikalardan əvvəl öz dövlət müstəqilliyini
elan etmiş, Sovet İttifaqının dağılması
prosesinə başlamışdır. Heydər Əliyevin
təklifi ilə muxtar respublikanın adından «sovet sosialist»
sözləri çıxarılır. Ali
Sovet Ali Məclis adlanır. Muxtariyyət
Azərbaycan Demokratik Respublikasının üçrəngli
bayrağını özünə qaytarır. 10 ildən
sonra Moskvanın çox müstəqil bir qəzetinin
müxbirinə elə gələcək ki, Naxçıvanda
həyat dayanıb: binaların fasadı tökülür,
insanlar çox kasıb geyinib.
1990-cı ilin payızında jurnalist Elmira
Axundovanı «Literaturnaya qazeta»nın Azərbaycan
üzrə müxbiri təyin edirlər. İlk
tapşırıqlardan biri Heydər Əliyevdən
Naxçıvanda müsahibə almaq olur. Xatırladaq
ki, iki il öncə «Literaturka» Əliyev
haqqında bədxah böhtannamə çap etmişdi;
görünür, bu şər əməldə Rıjkovun
öz vicdanına sığışdırmadığı
«kompromat» da «kara gəlmişdi». Heydər Əliyev
dəlilli - sübutlu təkzibedici cavab yazmış və
keçirdiyi infarkta baxmayaraq, özü redaksiyaya gəlmişdi.
Onun cavabını çap etməmişdilər.
Elmira Axundova xatırlayır: «Heydər Əliyevin
tez-tez vilayət partiya komitəsinə baş çəkdiyini
bilib birinci katibin qəbul otağına zəng vurdum və
köməkçidən xahiş etdim ki, Heydər müəllimdən
«LQ»nin xüsusi müxbirilə görüşməyə
vaxtı və istəyinin olub-olmaması barədə
soruşsun. Həm də əmin idim ki, mənim soyadım Heydər
Əliyevə heç nə deməyəcək,
çünki jurnalistikada təzə adam
idim və böyük mətbuatda yenicə
çıxış etməyə başlamışdım. Lakin gözlədiyimin əksinə olaraq,
buyurulmuşdu mənə çatdırılsın ki, «Heydər
Əliyev Elmira Axundovaya səmimi hörmətlə
yanaşır və onun üçün hər hansı
münasib vaxtda tanışlığa şad olardı».
Düzü, cavab məni heyrətləndirdi və
hətta düşündüm ki, görəsən, o, fəqir
bəndənizi hansısa daha sanballı azərbaycanlı
jurnalist xanımla səhv salmayıb ki?
Mən bu
görüşqabağı təfsilata yalnız ona görə
varıram ki, bu, siyasət adamının çox diqqətəlayiq
məziyyətinə - heyrətamiz hafizəsinə daha bir dəlalətdir. Bir neçə gün sonra mən
Naxçıvana uçub gələndən və nəhayət,
tanışlığımız baş verəndən sonra
Heydər müəllim bir qədər əvvəl «Bakinski
raboçi»də çap etdirdiyim məqaləmi
xatırlatdı. Sən demə, məhz bu məqalə
sayəsində görüşümüz baş tuta
bilmişdir. Heydər Əliyev özü bu barədə
belə söyləyir - onun sözlərini diktofona
yazdığım kimi verirəm:
- 1990-cı ilin yayında, hələ
Moskvada olarkən, mən qəzetləri nəzərdən keçirirdim
və «Bakinski raboçi»də bir məqaləyə diqqət
yetirdim. Məncə, «Biz hamımız
keçmişdən çıxmışıq»
adlanırdı. Məqalə öz məntiqliyi,
obyektivliyi və inandırıcı bədii məziyyətlərilə
diqqətimi cəlb etdi. Təbii ki, müəllifin
adıyla maraqlandım. Materialın altında imza
vardı: Elmira Axundova. Çalışdım
yadıma salım ki, belə bir jurnalisti tanıyırammı,
onunla əvvəllər görüşmüşəmmi?
Məqaləni
oxuyub, keçmişləri - Azərbaycanda işlədiyim, ədəbiyyat
və incəsənət sahəsində hər bir maraqlı,
hətta çox önəmli olmayan hadisəni böyük vəcdlə
qarşıladığım illəri canlı şəkildə
xatırladım. Mən həmişə bizim jurnalistikanı diqqətlə
izləmişəm, hər hansı müəllifin, fərqi
yoxdur, yaradıcı, elmi və ya intellektual potensialına dəlalət
edən qeyri-adi materialı qəzetdə çıxanda qəlbən
sevinmişəm. Tez-tez «Bakinski
raboçi», «Vışka», «Kommunist»in redaksiyalarına zəng
çalırdım, redaktorlarla danışır, bu və ya
digər məqalə haqqında öz rəyimi bildirirdim,
müəlliflərlə maraqlanırdım. Bəzilərini
şəxsən tanış olmaq
üçün yanıma dəvət edirdim.
Buna görə
bütün Azərbaycan jurnalistlərini yetərincə
yaxşı tanıyırdım. Lakin sizi mən yada sala bilmədim ki, bilmədim…
Məqalə
çox xoşuma gəldi, ələlxüsus Azərbaycanda və
başqa respublikalarda mətbuatın həddən artıq
nihilizmə aludə olduğu, keçmişimizi başdansovdu
inkar etmək, birtərəfli işıqlandırmaq yolunu
tutduğu şəraitdə. Mən məmnuniyyətlə məqaləni
oxudum, yaxınlarıma da verdim oxusunlar və bilirsinizmi, hətta
ürəyim yüngülləşdi. Odur ki, siz zəng
vurub «Literaturnaya qazeta»nın müxbiri kimi
özünüzü təqdim etdikdə mən ikili hisslər
keçirdim; bir tərəfdən «Literaturnaya qazeta»nın rəhbərliyinə
qarşı inamsızlığım - buna əsasım var.
Bu qəzet son zamanlarda bu və ya digər dəstələrin
mənafeyini əks edən və reallıqdan uzaq olan xeyli qərəzli
məqalələr dərc etmişdir. Digər
tərəfdən sizin soyadınız. Bilirsiniz,
mən indi jurnalistlərlə görüşə ehtiyatla
yanaşıram, çünki bir neçə dəfə
«yanmışam». Onlardan bəziləri, mənimlə
söhbətləşib, maraqlandıqları suallara
cavabları alıb, sonra özbaşınalığa yol verərək,
fikirlərimi təhrif etmişlər. Lakin sizin «Bakinski
raboçi»dəki məqalənizi xatırlayıb
düşündüm ki, bu adam o cür
nadürüstlüyə yol verə bilməz…
Bu etirafın
mənim üçün nə dərəcədə
ruhlandırıcı olduğunu demək artıqdır. Lakin bu həm də məni
çox şeylər barədə düşünməyə
dəvət edirdi. Heydər müəllimə
söz verdim ki, onun etimadından sui-istifadə etməyəcəm
və müsahibənin qəzetdə ixtisarsız və təhrifsiz
dərc olunması üçün məndən asılı
olan hər şeyi edəcəm. Yeri gəlmişkən,
vədimə əməl etməyim müsahibəmizin
«Literaturka»da işıq üzü görməməsində
heç də sonuncu rol oynamadı… Bu müsahibədə Əliyev
İttifaqın ali siyasi rəhbərliyinin,
o cümlədən M. Qorbaçovun yenidənqurma
islahatlarının aparılmasında buraxdığı səhvləri
kəskin tənqid edirdi. Çünki
onların nəticəsində nəhəng dövlət
ümummilli fəlakət həddinə gəlib
çatmışdı. Bu müsahibə
indi də öz aktuallığını itirməmişdir, o
zamanlar isə bomba partlayışı təsiri
bağışlayardı, illah ki, Mixail Qorbaçov hələ
iqtidar sahibi - Prezident idi və onun istefasına hələ bir
ilə yaxın vaxt qalırdı. Heydər
Əliyev bəzi yerləri ixtisar etmək, ya «yumşaltmaq»dan
imtina etdi və mən də onunla həmrəy idim».
Taleyini xalqı ilə
bölüşdü
Tarixi həqiqətlərə
sadiq qalaraq demək olar ki, Heydər Əliyevin böyük
siyasətə qayıdışı müzəffər
yürüş deyildi. O,
qarşısında qalaqlanmış şər, yalan, iftira
çəpərlərini dağıtmalı, tərəddüd
edənləri inandırmalı, tərəfdaşları
başına yığmalıydı.
Bir dəfə
Nizami muzeyinin əməkdaşı Məhəbbət Mehdiyeva
Azərbaycan KP MK-nın birinci katibi və onun həmkarları
üçün ekskursiya aparırmış. Böyük şair və
filosof Nizaminin yaradıcılığından vəcdə gələn
bu xanım onun əxlaqi-tərbiyəvi nəsihətlərindən
danışırdı. Heydər Əliyev
diqqətlə qulaq assa da, nazirlərdən bir neçəsi
gizlincə saatına baxırdı. Vidalaşanda Heydər
Əliyev sanki sonrakı «dar günlərini»
görürmüş kimi Məhəbbət Mehdiyevaya dedi ki,
vaxt gələcək, siz mənə lazım
olacaqsınız.
Bu «gələcək»
taleyin hökmü ilə 1990-cı ilin sonunda, 91-ci ilin əvvəlində
gəlib çatdı. Azərbaycan Ali Sovetinin deputatı Heydər Əliyev
Naxçıvandan Bakıya gələndə qardaşı cəlalın
evində qalırdı. Əlbəttə,
iki otaq üç nəfər - cəlal, xanımı və
məktəbli qızı üçün darısqal idi.
Əmisi gəlib onların otağında qalanda
və bütün günü yazı işləriylə məşğul
olanda cəlalın qızı öz dəftər-kitabını
götürüb mətbəxdə məskunlaşmalı
olurdu.
Heydər Əliyev
həmişəki kimi çıxışlarına səylə
hazırlaşır, məqalələri üzərində
diqqətlə işləyirdi. Yaxşı, bəs bu yazıları həm rusdilli, həm
Azərbaycandilli qəzetlərə təqdim etmək
üçün onları kim tərcümə
edəcək, makinada kim yığacaq? Ona məsləhət
görülən şəxslərdən biri işinin
çoxluğunu bəhanə etdi, bir başqası daha
makinada yazmadığını dedi. Yəqin ki,
nəzarət altında olan siyasətçi ilə yaxın
ünsiyyətdə olmaqdan qorxurdular. Bu
vaxt Naxçıvan Muxtar Respublikasının Bakıdakı
nümayəndəsi Həsən Zeynalov köməyə
çatdı. O dedi ki, mənim dayım qızı
çox gözəl tərcüməçidir və makinada
da işləyə bilir. İndi Nizami muzeyində o qədər
də çox iş yoxdur, sizə kömək
edə bilər. Bu xanım Məhəbbət
Mehdiyeva idi.
Heydər Əliyev muzeyə zəng vurub vəziyyəti
qısa şəkildə Məhəbbət xanıma başa
saldı:
- Məhəbbət xanım, siz sabah səhər saat səkkizdə gələ
bilərsinizmi?
- Gələrəm.
Onların
görüşündən əvvəl televiziyada canlı
yayımla Ali Sovetin sessiyasını göstərirdilər. Əliyevin üzərinə
haqsız ittihamlar tufanı təşkil olundu və yalnız
bir səs - şair Bəxtiyar Vahabzadə onu müdafiə
etdi.
Məhəbbət
Mehdiyeva söz verdiyi vaxtda gəldi. O, Heydər Əliyevin dünənki hadisələrdən
dilxor olacağını gözləyirdi. Amma həmişəki
kimi işgüzar görkəmdə olan Heydər Əliyev onu
təbəssümlə qarşıladı:
- Siz deyəsən nədənsə
narahatsınız, Məhəbbət xanım? Evinizdə
hər şey qaydasındadırmı? Bir
problem yoxdur ki?
- Dünənki sessiyadan sonra səhərəcən
yata bilməmişəm.
- Fikir verməyin, Məhəbbət
xanım, onlar bundan başqa nə deyə bilərlər ki?
Tərcümə
edilməli və yığılmalı olan sənədlər
müəyyən ediləndən sonra Məhəbbət
xanım onları özüylə muzeyə aparıb orada
işləmək istədiyini bildirdi.
-Yox, - Heydər Əliyev etiraz etdi, - bu sənədlər
buradan çıxmalı deyil.
Bir neçə
gün sonra Məhəbbət xanımın muzeydəki
makinası cəlal Əliyevin evinə gətirildi.
-Heydər Əliyev öz işlədiyi
otaqdan yazılarını səhifə-səhifə gətirir,
yığılanları isə məndən geri
götürürdü.
Yeddi il keçdi.
1997-ci ildə Azərbaycan Milli Təhlükəsizlik
Nazirliyinin muzeyinin açılışında Heydər Əliyev
əməkdaşların arasında Məhəbbət
xanımı gördü, bir anlıq
çaşıb-qaldı və soruşdu: - «Siz məgər
burada işləyirsiniz?»
«- Əlbəttə,
mən onun nə demək istədiyini anladım, - deyə Məhəbbət
xanım xatırlayır. - O elə bildi ki, mən elə o vaxt, 1990-cı ildə
də bu sistemdə işləmişəm. Açığı
özümü itirdim, məni soyuq tər basdı. cavab vermək istərkən MTN-in əməkdaşlarından
biri məni qabaqlayaraq dedi:
- Biz təcrübəli muzey
işçisi kimi xanım Mehdiyevanı dəvət
etmişik ki, ekspozisiyanı yaratmaqda bizə kömək etsin.
Mən üstümdən ağır bir
yükün götürüldüyünü hiss etdim».
1991-ci ilin
fevral sessiyası təkcə Məhəbbət Mehdiyevanın
xatirəsinə həkk olunmamışdı. Azərbaycan Ali Sovetinin həmin
sessiyasını seyr edənlər deputatların «yaxın
keçmişdə qarşısında farağat
durduqları adamı mümkün qədər ağır
sözlərlə təhqir etməyə» cəhd göstərdiklərini
yaxşı xatırlayırlar. 340 millət vəkilindən
tək bir nəfər - şair Bəxtiyar Vahabzadə həmkarlarına
vaxtilə Heydər Əliyevin ünvanına
yağdırılan gurultulu alqışların bu
divarların yaddaşında qaldığını
xatırlatdı: «Yıxılana balta çalmaq hünər
deyil! - dedi şair. - Yaxşı olardı təcrübəli
siyasət xadiminin məsləhətlərinə qulaq asaq».
O vaxt Heydər Əliyev nədən
danışırdı? Nə idi qəlbini
göynədən? Nə idi tövsiyəsi?
«Mənim Azərbaycana
qayıtmağım, xalq deputatı seçilməyim barədə
cürbəcür şayiələr yayılıb. Bunlara cavab olaraq bəyan edirəm ki,
doğma vətən torpağına heç də yenidən
hakimiyyətə gəlmək üçün, kimdənsə
qisas almaq üçün yox, ancaq və ancaq respublikanın
bu ağır və çətin dövründə xalqın
dərdinə şərik olmağa, vətəndaşlıq
borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə
qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı
kimi bu hüquqdan heç kəs məhrum edə bilməz.
Sovet İttifaqında, Azərbaycanda mövcud
olan vəziyyət haqqında bəzi fikirlərimi və təkliflərimi
Ali Məclisə çatdırmaq istəyirəm.
Birincisi. Ölkə - sovet cəmiyyəti,
dövlət üsul-idarəsi artıq bir neçə ildir
ki, siyasi və iqtisadi böhran içindədir. Millətlərarası münasibətlər gərginləşib.
Sovet İttifaqı dağılmaqdadır.
Buna səbəb
nə olmuşdur? Şübhəsiz ki, əmələ gəlmiş vəziyyətə
keçmişin ayrı-ayrı mərhələlərində
buraxılmış səhvlərin təsirini inkar etmək
olmaz. Fəqət əsas səbəblər
«perestroyka» adlandırdığımız dövrdə həyatımızın
bütün sahələrində buraxılmış ciddi,
kobud və bağışlanmaz səhvlərdir.
Təəssüf
ki, bunların üstü örtülüb-basdırılır,
rəsmi dairələr və kütləvi informasiya
orqanları ancaq keçmişi atəşə tuturlar.
Tam qətiyyətlə demək olar ki,
1985-ci ildə ölkəmizdə başlanılmış dəyişikliklərin
elmi, siyasi və iqtisadi əsaslarla işlənib
hazırlanmış uzunmüddətli strategiyası
olmamış və tələm-tələsik şəkildə
həyata keçirilmiş, bəzən bir-birinə zidd olan tədbirlər,
təbiidir ki, müsbət nəticələr verməmişdir…
Son beş ildə
Qorbaçov xalqa çox vədlər verib, lakin onların
heç birini həyata keçirə bilməyib. Söz ilə əməl arasında boşluq, siyasi rəhbərlik
ilə xalq arasında uçurum yaranıb. Xalqın rəhbərliyə
inamsızlığı və gələcəyə
ümidsizliyi artıb, Kommunist partiyası nüfuzdan
düşüb.
İkincisi. Ölkədə
yaranmış vəziyyət eyni ilə Azərbaycanda da
hökm sürür. Respublikanın rəhbərliyi
həmişə olduğu kimi, mərkəzin xəttini Azərbaycanda
kor-koranə tətbiq edir və bütün göstərişlərini
həyata keçirməyə cəhd göstərir. Nəticələr
göz qabağındadır: Azərbaycanda vəziyyət daha
da ağır və dözülməzdir. Bu isə
erməni millətçiləri tərəfindən ortaya
atılmış Dağlıq Qarabağ məsələsi ilə
əlaqədardır. Üç ildən
artıqdır ki, respublikamız, Azərbaycan xalqı Ermənistan
tərəfindən ardı-arası kəsilməyən təcavüzlərə
məruz qalır. Nəticədə Azərbaycanın ərazi
bütövlüyü pozulub. . .
Gərək müəyyən edilsin:
harada, kim hansı günahı buraxıb,
nə cür olub ki, xalq belə acizlik göstərib, öz
torpağını əldən verib. Bunlar gərək
hamısı şərh olunsun. Burada
Polyaniçko deyir ki, Dağlıq Qarabağın əldən
getməsinə Qorbaçov yol verir. Düzdür,
mən də bu fikirdəyəm. Ölkənin rəhbəri
Qorbaçovun bu barədə Azərbaycana xəyanət
mövqeyi açılıb göstərilsin və tariximizə
yazılsın… Ancaq baş vermiş təhlükəli
məsələnin qarşısını alıb Ermənistanı
Ermənistan kimi, Azərbaycanı da Azərbaycan kimi saxlamaq
olardı. Bunu ancaq İttifaqa rəhbərlik edən
müdrik adam edə bilərdi. Ancaq
Qorbaçovda bu müdriklik çatmadı və Azərbaycan
rəhbərlərində də cürət, qeyrət, cəsarət
çatmadı ki, öz xalqının mənafeyini, öz
xalqının namusunu qorusunlar…»
Heydər Əliyev
üçün vətən, torpaq, xalqın şərəf
və ləyaqəti anlayışları ayrılmaz idi.
Bir ay sonra, 1991-ci il
martın 7-də Azərbaycan Ali Sovetinin sessiyası,
Qorbaçovun hazırladığı yeni İttifaq
müqaviləsilə bağlı referendumda respublikanın
iştirak etməsi məsələsini müzakirə etdi. Müxtəlif rəylər səslənirdi. Deputatların əksəriyyəti referendumda iştirak
etməyi, Sovet İttifaqını qorumağı zəruri
saydılar.
Deputat Əliyev də söz istədi:
- Azərbaycan xalqının gələcək
taleyi həll olunur. Ona görə də
mülahizə və təkliflərimi mən də bildirmək
istəyirəm. 1922-ci ildən Azərbaycan
Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız çox
mürəkkəb bir tarixi yol keçib, nailiyyətlər əldə
edib. Eyni zamanda, çox itkilərə,
çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz
hamımız bu İttifaqın mövcud olduğu dövrdə
dünyaya gəlmişik, təhsil, tərbiyə almış,
formalaşmışıq. Biz
hamımız, hər halda tam əksəriyyətimiz bu
İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə
xidmət etmişik, xalqımızın səadətini,
xoşbəxt gələcəyini bu İttifaq daxilində
görmüşük. Mən və mənimlə
birlikdə xeyli müddət respublikaya rəhbərlik edən
həmkarlarım İttifaqın möhkəmlənməsi
üçün daim çalışmış, Azərbaycan
xalqında da bu İttifaqa sadiqlik və məhəbbət
hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə
gedən ictimai-siyasi proseslər keçmişimizə
münasibəti və ümumi dünyagörüşü dəyişdirmişdir.
Bunların ardınca mərkəzlə
respublikalar arasında əlaqələri, Qorbaçovun siyasətini
təhlil edərək, Əliyev belə qənaətə gəlir:
İttifaq dağılmağa başlamışdır. Yeni İttifaq müqaviləsinin layihəsi isə
yararsızdır.
- Bir sözlə, mən yeni İttifaqa
daxil olmağın və bunun üçün referendum
keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm,
- deyə H. Əliyev sözünə davam edir. - Bu,
bütün seçicilərimin və deputatı olduğum
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
deputatlarının yekdil fikridir. Azərbaycanın
tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik
yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan
xalqı artıq bu yola çıxmışdır…
Bəziləri
respublikamızın müstəqil, İttifaqdan ayrı
yaşamağa imkanı olmadığını sübut etməyə
çalışırlar. İttifaqda olan respublikalar bir-birilə
sıx iqtisadi, texniki əlaqələrlə bağlı
olduqlarına görə onların İttifaqdan ayrı
yaşamasının mümkün olmadığı fikri də
ölkədə geniş yayılmışdır. Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət
kimi fəaliyyət göstərmək üçün
bütün imkanlara malikdir. İkincisi,
dünyanın hər bir dövləti başqa dövlətlərlə
istədikləri sahələrdə qarşılıqlı
iqtisadi, ticarət, texniki əlaqələr yaradır,
ümumdünya inteqrasiya prosesində iştirak edir və
bunların heç biri bu dövlətləri müstəqillikdən
məhrum etmir. Ona görə də İttifaqda olan
respublikaların iqtisadi əlaqələri onların müstəqilliyinə
nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil
dövlət olarsa o, indi İttifaqda olan respublikaların hər
biri ilə, hətta İttifaq qalarsa, onunla da
qarşılıqlı, bərabər hüquqlu, iki tərəfə
də faydalı iqtisadi əlaqələr yarada bilər.
Azərbaycan
xalqı birləşməli, öz müqəddəs,
doğma torpağını göz bəbəyi kimi
qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və
siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət
uğrunda mübarizə aparmalıdır.
Xalq
deputatlarını, bütün Azərbaycan xalqını bu
yola dəvət edirəm və bildirirəm ki, mən bu yoldan
dönməyəcəyəm…
Mərkəz.- 2010.- 24 noyabr.- S.10-11.