HEYDƏR
ƏLİYEV
1991-ci il sona yetirdi. Dekabrın 8-də
"Belovejskaya Puşa"da Yeltsin, Ukrayna Prezidenti Kravçuk
və Belorusiya Ali Sovetinin sədri Şuşkeviç Sovet
İttifaqının buraxılmasına imza atdılar. Təqribən
15 il bundan sonra Ukraynanın ilk prezidenti, ölkə parlamentində
sosial-demokrat fraksiyasının lideri Leonid Kravçuk Ali
Radanın tribunasından sensasiyalı etirafını bəyan
etdi: "Əgər mən 1991-ci ildə bilsəydim ki, belə
olacaq, demokratiya əvəzinə anarxiya olacaq, mən Belovej
müqaviləsinə imza atmazdım, hər şeydən əvvəl
əlimi kəsərdim". 1922-ci ildə həmin
İttifaqın yaradılmasına qatılan Zaqafqaziya (Cənubi
Qafqaz) respublikalarını bu tarixi ayrılma prosesinə dəvət
etməyi rəva bilmədlər. Baş verən hadisə daha
çox "örtülü bazara" bənzəyirdi...
Dekabrın son günlərində gecə vaxtı
(gündüz vicdanları yol vermirdi) Kremlin üzərindən
al bayraq endirildi. Kremlin təzə yiyəsi dərhal oradan
Qorbaçovu, SSRİ-nin ilk və son Prezidentini bayıra
atdı.
Azərbaycanda isə başqa çəkişmələr
baş verirdi. Xalq cəbhəsi hakimiyyətə gəlirdi.
Ölkə prezidenti seçkilərində Xalq cəbhəsinin
lideri Əbülfəz Elçibəy qalib gəldi.
Naxçıvan yurdundan olan 2 şəxsiyyətin tale
yolları qəribə tərzdə
çarpazlaşırdı.
20 il əvvəl Heydər Əliyev,
respublikanın başçısı olaraq, ideoloji ehkamlarla
uyuşmayan şərqşünas alim Əbülfəz Əliyevi
siyasi ittihamlardan qorumuş, dustaqlıqdan xilas etmişdi…
Bir dəfə hələ sovet
dövründə öz azadlıq eşqi və dönməzliyi
ilə seçilən şair Xəlil Rza Ulutürk ilə
rastlaşan Heydər Əliyev soruşmuşdu: "Nəyə
görə Naxçıvana gəlmirsən? Mən səni dəvət
edirəm. Buyur gəl".
Xəlil Rza məşhur ustad şair cəlaləddin
Ruminin sözləriylə cavab verdi:
Şahın qapısında şair -
Nökərdən də ufaqdır.
Şair evində isə şah
Ən əziz bir qonaqdır.
- Allaha şükür ki, mən şah
deyiləm, sən də saray şairi deyilsən, - deyə Heydər
Əliyev cavab verdi. - 14 il "şah" olsam da, səni bircə
dəfə də şah qapısında, MK-nın kabinetlərində
görmədim. Amma indi mən kiçik bir adacığın
başçısıyam və səni səmimi-qəlbdən
Naxçıvana dəvət edirəm.
Xəlil Rza bu dialoqu öz gündəliyinə
salmışdı. 1992-ci il yanvarın 20-də isə əlavə
edir: "Mən Naxçıvana gəldim ki, mənə əziz
olan insanı görüm. Gəldim ki, öz xalqını sevən,
onun yolunda günəş kimi yanan bir insanın nəfəsini
hiss edim".
Naxçıvan
blokadada
Fotoəlavədə nəşr olunmuş
xəritəyə baxsanız, görərsiniz ki,
Naxçıvan diyarını ana Azərbaycandan bolşeviklərin
Ermənistana verdikləri dəhliz ayırır. Sovet hakimiyyəti
illərində bu sərhəd əslində şərti idi.
Lakin Sovet İttifaqı dağılandan sonra buradan
qatarların, maşınların, insanların yolunu kəsən
cəbhə xətti keçdi...
Naxçıvanlılar üçün
blokada - mücərrəd anlayış deyil. Onların həyat
tərzini müəyyənləşdirən acı həqiqətdir.
Elektrik işığına həsrət
qalan adamlar yenə "nöyüt" lampalarına
qayıtdılar. Hərdən köhnə vərdişlə
işıq açarına əl atıb çıqqıldadanda
baisləri qarğıyırdılar... Qaz da eləcə. Mətbəxlərdə
yenə primuslar fısıldayırdı.
Hələ 3-cü, 5-ci, 7-ci mərtəbədə
yaşayanların uşaqlı-böyüklü
sudaşıyan maşından vedrə-vedrə su doldurub evə
qaldırmaqlarını demirik... İsinmək
üçün köhnə dəmir "soba"ları bu
insanlar taxta-tuxta ilə qalayırdılar...
Naxçıvanın blokada günlərinin
xronikasını ağrıyla, həyəcanla, ancaq
xeyirxahlığa, mərhəmətə, həmrəyliyə
böyük inamla təkrar-təkrar oxuyursan. Budur, ucqar bir kəndin
sakinləri öz azuqələrini uşaq evi ilə bölüşdürürlər.
İranın Qırmızı Aypara cəmiyyəti min ton
kartof göndərib. Və daha 4 elektrik generatoru və 500
elektrik sobası. Dərhal onları uşaq evlərinə və
məktəblərə yola salırlar. Qonşu İran əyalətlərindən
100 ton ərzaq payı gəlib: Heydər Əliyevin sərəncamı
ilə hamısını uşaqlara və qocalara verirlər.
Türkiyə hökuməti Naxçıvan Respublikasına
100 milyon dollar kredit ayırır. Türkiyə 100
naxçıvanlı tələbəni təhsil almaq
üçün ali məktəblərinə dəvət edir
və bütün xərcləri öz üzərinə
götürür.
O günləri yada salan Heydər Əliyev
söyləyirdi:
"Bizi ərzaq, neft təminatından məhrum
etmişdilər. Bütün energetikanı kəsdirmişdilər.
Bizlərdə sərt soyuqlarla yanaşı aclıq
başladı. Körpələr xəstəxanalarda
ölürdü. İnsanlar bağları odun
üçün qırmağa başladılar. Ocaqları
isitmək üçün meyvə ağaclarının 70%-i
baltalanıb kəsilmişdi. Amma mən də sağ
qaldım, xalq da...
Mən də xalqım kimi ağır məişət
şəraitində yaşayırdım. Ancaq biz
yaşadıq və əmin-amanlığı qoruduq. Mənim
yanıma Bakıdan tez-tez gəlirdilər, siyasətə
qayıtmağımı xahiş edirdilər. Amma mən Xalq cəbhəsinin
uçuruma aparan siyasətinə baş qoşmaq istəmirdim..."
Naxçıvanın blokadasını
yarmaq olardı. Amma Bakıdakı iqtidar ayrı cür
köklənmişdi: nə qədər pis olsa, o qədər
yaxşıdır...
Belə bir şəraitdə o,
Naxçıvanın blokadasını qırmağa
çalışır, mühasirə məngənəsini
sındırırdı. Başqa siyasətçi
üçün bəlkə də bu müşkül məsələ
idi. Bax, burada Əliyevin beynəlxalq aləmdəki nüfuzu
kara gəldi:
"İran və Türkiyə rəhbərlərilə
şəxsi dostluq münasibətlərim vardı. İran
prezidenti Naxçıvana öz təyyarəsini göndərdi,
mən Tehrana uçdum və yardım haqqında
danışdım. Biz ötürücü elektrik xətlərini
qurduq və enerjini İrandan almağa başladıq. Yanacaq
da, ərzaq da - beləcə. Türkiyənin Prezidenti Dəmirəl
özü mənə 100 milyon dollarlıq kredit təklif etdi.
O da öz prezident təyyarəsini göndərdi və mən
Ankarada onun yanında oldum. Türkiyəyə yol
saldırdım, çay üzərindən körpü
çəkdirdim və ərzaq təchizatını
yaratdım. Amma əsas nailiyyətim Ermənistanla silahlı
münaqişədən yayınmaq oldu. Çox gərgin vəziyyət
idi, hətta son həddə çatan məqamlar vardı,
lakin mən çıxış yolu tapdım və bizim
torpaqda qan tökülmədi..."
Televiziyanın o ağır günlərdə
çəkdiyi kadrlar saxlanılır: Araz üzərindən
körpü ilə İranın humanitar yardımı - un,
şəkər, quru süd, ət daşıyan ağır
yük maşınları keçir. Azərbaycanın dar
günündə qonşu ölkənin nəcib həyanlığı
yeni istiqbaldan, uzun illər boyu bağlı qalan yolların
açılmasından, o taylı-bu taylı
bacı-qardaşlarımızın ayrılıq həsrətini
ovunduracağından xəbər verirdi... Vaxtilə, 1948-ci ildə
xalqın həsrətini düşünən Səməd
Vurğunun rübabından görün necə yanıqlı
misralar qopmuşdur:
... Çatıb qaşlarını
körpüyə baxır,
Qəlbində dağ boyda
sözümü vardır?
Başından tüstülər, dumanlar
qalxır,
cansız əlləri də
qabar-qabardır...
Bildim, o memardır...
O yaradandır.
Yaxın gəl, oxucum! Bax əllərinə!
O, Araz üstündə xeyli zamandır
Ağlayır xar olmuş əməllərinə...
… Naxçıvanın özündə və
muxtar respublikanın ayrı-ayrı şəhərlərində
hələ 20-ci illərdən sovet ordusunun, sərhəd
qoşunlarının hərbi hissələri yerləşirdi.
Bəs onların aqibəti, statusu necə olacaq? Ümumiyyətlə,
onlar respublikada qalacaq, yoxsa çıxarılacaqlar? Əgər
gedəcəklərsə, silah-sursatlarını da özləriylə
aparacaqlar, yoxsa yox? Suallar çox idi. Bu sualların
cavablarını muxtar respublikanın Ali Məclisinin sədri Moskva
və Bakı ilə, muxtar respublikadakı hərbi hissələrin
rəisləri ilə danışıqlar prosesində
axtarırdı. Nəhayətdə, belə bir qərar qəbul
edildi: 75-ci motoatıcı diviziya öz silah-sursatının
hamısını Naxçıvanda yerləşən Azərbaycan
milli ordusunun 5-ci motoatıcı briqadasına təhvil verir.
1991-ci il avqustun ortalarında bütün hərbi hissələrdə
təhvil-təslim prosesi aktlaşdırıldı. Avqustun
18-də naxçıvanlılar rus qoşunlarının
muxtar respublikanı tərk edən son qruplarını da yola
saldılar. Vidalaşma mərasimi 75-ci motoatıcı
diviziyanın qərargahının qarşısında
keçirilirdi.
Heydər Əliyev xatırlatdı ki, bu
diviziya Naxçıvanda 1946-cı ildə yerləşdirilib,
ümumilikdə isə rus qoşunları Naxçıvana 150
il əvvəl gəliblər.
- Hal-hazırda, - deyə Heydər Əliyev
həyəcanla sözünə davam etdi, - Azərbaycan öz
müstəqilliyinə, milli azadlığına nail olub və
öz ərazisində öz hərbi hissələrini yaratmaq
niyyətindədir. SSRİ yaranandan bəri onun ordusunda, əmlakında,
silah-sursatında bütün respublikaların öz payı
olub. SSRİ dağılandan sonra da Azərbaycan bu ordudan
öz payını almaq fikrindədir və 75-ci
motoatıcı diviziyası bu payın bir hissəsidir.
Onu da qeyd edim ki, 75-ci motoatıcı
diviziya Naxçıvanda qərarlaşandan sonra onun köməyi
ilə çoxsaylı müasir hərbi tikililər istifadəyə
verilib, hərbi təsərrüfat obyektləri
yaradılıb. Həm də bu hərbi hissə
Naxçıvanda yerləşdirilən kimi onun hərbi
qulluqçuları ilə naxçıvanlılar arasında
dostluq münasibətləri yaradılıb. Buna görə də
vidalaşarkən bizim naxçıvanlılarla illər uzunu
çiyin-çiyinə, dostcasına yaşadığına
görə onlara səmimi-qəlbdən təşəkkür
edirəm. Ələlxüsus, çox ağır və
mürəkkəb keçən son illərdə
diviziyanın rəhbərliyi, o cümlədən də onun
komandiri general-mayor Rastislav Slaboşeviç Naxçıvan
Muxtar Respublikasının əhalisi ilə dostluq münasibətlərinin
qorunub saxlanılması üçün əllərindən
gələni ediblər.
Əlbəttə, Xalq cəbhəsi bu ordu
hissələrini tamam başqa cür yola salmaq istərdi. Səmimiyyətsiz,
gül-çiçəksiz. Moldaviyada, yaxud başqa yerlərdə
olduğu kimi, hay-küylə, "Ivan, çamadan, vakzal"
qışqırıqlarıyla.
- Çox keçmədi ki, məni 2 tərəfdən
sıxışdırmağa başladılar, - Heydər Əliyev
Naxçıvan süjetini davam etdirir. - Bir tərəfdən
Xalq cəbhəsi, digər tərəfdən də Mütəllibovun
kommunist rejimi məni sıxırdı. Onu da qeyd edim ki, Xalq cəbhəsinin
nümayəndələrini ilk dəfə Naxçıvanda
hakimiyyətə mən gətirmişəm. cəbhənin 2
aktiv üzvünü özümə müavin
götürmüşəm. Bundan savayı, baş nazir vəzifəsinə
də cəbhəçi şəxsi təyin etdim.
Düzdür, bir müddət sonra məlum oldu ki, o
fırıldaqçıdır. Ona görə də işdən
çıxartmalı oldum. Bundan sonra mənimlə Xalq cəbhəsi
arasında münasibətlər pozuldu.
Onlar belə düşünürdülər
ki, əgər sən cəbhəçisənsə, deməli,
hər şey edə bilərsən. O da belə güman edirdi
və onu sıxışdırmağa başlayanda, mənə
qarşı aksiyalar təşkil etməyə səy göstərdi.
Amma Naxçıvanda belə addımlar intihara bərabər
idi. Xalq az qala özu onunla hesablaşacaqdı. O, yük
qatarında qaçmağa məcbur oldu (o vaxt sərnişin
qatarları Ermənistan ərazisindən keçmirdi).
1992-ci ilin oktyabrında Xalq cəbhəsi
Naxçıvanda hətta dövlət çevrilişi etməyə
səy göstərdi. Amma bu barədə biz ayrıca
danışacağıq.
24-26
oktyabr 1992-ci il,
Naxçıvan
Naxçıvan qiyamına səbəb Azərbaycan
daxili işlər nazirinin 1992-ci il avqustun 18-də
imzaladığı 1718 nömrəli sərəncam
olmuşdu. Bu sərəncama əsasən nazir AXc üzvlərindən
birini Naxçıvan Muxtar Respublikasının daxili işlər
naziri təyin etmişdi. Hamının bir-birini
tanıdığı Naxçıvanda söhbət
yayıldı ki, yeni nazir hər yerə öz
adamlarını qoyur. Doğrudan da, Bədən Tərbiyəsi
İnstitutunun 24 yaşlı məzunu yalnız cəbhənin
mitinqlərində çıxış etməklə
özünü göstərmişdi və heç vaxt daxili
işlər orqanlarında işləməmişdi. İndi isə
budur - birbaşa nazir.
Eyni zamanda Ordubad rayon daxili işlər
şöbəsinin rəisi, təcrübəli peşəkar
bir polis zabitini işdən çıxarıb onun yerinə daxili
işlər orqanlarında heç bir təcrübəsi
olmayan, uzun müddət Rusiyanın şəhərlərində
alverlə məşğul olan birini təyin etmişdi.
Bu təyinatlardan xəbər tutan
Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları
polis və zabitlərin hüquqlarının müdafiə
komitəsini yaratdılar. Komitə muxtar respublikanın daxili
işlər əməkdaşlarının ümumi
iclasını keçirtdi və Azərbaycan Daxili İşlər
Nazirliyinə müraciət qəbul etdi. Sənədin
altında 1500 nəfər Daxili İşlər Nazirliyi əməkdaşının
imzası vardı. Sənədin müəllifləri qeyd edirdilər
ki, "daxili işlər orqanlarının siyasətə tabe
olmasına yol verə bilməzlər. Bu orqanlar Daxili
İşlər Nazirliyinin yalnız cinayətkarlıqla
mübarizəyə dair sərəncamlarını yerinə
yetirəcəklər. Azərbaycan DİN-in siyasi məqsəd
daşıyan əmr və sərəncamlarına isə riayət
olunmayacaq".
15 sentyabrda muxtar respublikanın Nazirlər
Kabineti Ali Məclisə daxili işlər naziri postuna polis
polkovniki Əsgər Ələkbərovun təyin edilməsini
tövsiyə etdi. Namizəd uğurlu idi. Ələkbərov
daxili işlər orqanlarında uzun müddət işləmiş,
nazir müavini postuna qədər yüksəlmişdi.
Naxçıvan Ali Məclisinin növbəti sessiyasında
Konstitusiyaya uyğun olaraq, daxili işlər nazirinin məsələsi
həll olunurdu. 2 namizəd vardı: Respublika daxili işlər
nazirinin, daha dəqiq desək, Prezident Elçibəyin
kadrı və Əsgər Ələkbərov. Polkovnik Ələkbərov
86 səsdən 69-nu yığdı, onun rəqibi isə cəmi
3 səs toplaya bildi.
İlk baxışdan elə
görünür ki, məsələ artıq həll olunub.
Amma əsas problemlər hələ irəlidəymiş. AXc
iqtidarının daxili işlər naziri öz sərəncamıyla
Əsgər Ələkbərovu və Naxçıvan Daxili
İşlər Nazirliyi rəhbər işçilərinin
böyük bir qrupunu orqanlardan qovdu. Bütün Azərbaycana
onun təhdidləri yayıldı: əgər əmr icra
olunmasa, o, şəxsən Naxçıvana gəlib
zor-gücünə buna nail olacaq.
Belə bir vəziyyətdə Naxçıvan
Ali Məclisi və Nazirlər Kabineti "Naxçıvan
Muxtar Respublikası DİN-də yaranmış vəziyyət
haqqında" birgə qərar qəbul etdilər. Qərarda
deyilirdi: "Son 2 ay ərzində muxtar respublikanın Daxili
İşlər Nazirliyində yaranmış çətin vəziyyət
cinayətkarlığa qarşı mübarizə aparan polis
işçilərinin fəaliyyətinə mənfi təsir
göstərmiş, respublikada ictimai-siyasi vəziyyəti gərginləşdirmişdir.
Belə vəziyyətin yaranmasına əsasən Azərbaycan
Respublikası daxili işlər naziri İsgəndər Həmidovun
Konstitusiyaya zidd qanunsuz əmrləri səbəb olmuşdur.
Naxçıvan Respublikasının Ali Məclisi
və Nazirlər Kabineti Azərbaycan daxili işlər naziri tərəfindən
edilən hədə-qorxuya qətiyyətlə etiraz edir və
bildirir ki, onlar Naxçıvan Respublikasının
qanunları və qanuni orqanları tərəfindən
müdafiə olunaraq heç kəsin bu qanunları
pozmasına icazə verməyəcəklər".
Yaranmış problemin əsaslı izahını vermiş bu
sənəd Azərbaycan Respublikasının Ali Sovetinə və
Prezidentinə müraciətlə başa çatırdı:
"Ümid edirik ki, qeyd olunanları nəzərə
alıb, Naxçıvan Muxtar Respublikasının konstitusion
hüquqlarını bərpa edəcəksiniz".
Sənədin altında 2 şəxsin:
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin və
Baş nazir Ş. Xanbabayevin imzaları və tarix - 15 oktyabr
1992-ci il - vardı.
"- Bakıdan, şəxsən daxili
işlər nazirinin təzyiq və hədə-qorxuları səbəbsiz
deyildi, - deyə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin
üzvü Kərim Kərimov paytaxtda cərəyan edən gərginliyin
səbəblərini açıqlayır. - 90-cı illərin
əvvəllərində Heydər Əliyevi ali hakimiyyət
kürsüsünə çağırmaq ideyası ortaya
çıxanda, ziyalıların qabaqcıl hissəsi onun
hüquqlarını müdafiə etmək məqsədilə
bir komitə yaratdılar və Ali Sovetin qarşısında
mitinq təşkil etdilər. O vaxtlar Heydər Əliyevin
prezident seçkilərində iştirakına mane olmaq məqsədilə
namizədliyə yaş həddi qoyulmuşdu. Yaşı 65-i
keçmiş şəxs prezident seçkilərində namizədliyini
irəli sürə bilməzdi. Heydər Əliyevin
yaşı bu həddi keçmişdi, amma bu ədalətsiz
qərar əhali arasında çox ciddi narazılıqla
qarşılanırdı. Qəribə idi ki, A. Mütəllibovun
hakimiyyəti dövründə Konstitusiyaya salınmış
bu ədalətsiz maddə, AXc hakimiyyətə gələndən
sonra da dəyişməz olaraq qalırdı.
Qəribə bir vəziyyət
yaranmışdı. Əhalinin tam əksəriyyətinin Heydər
Əliyevə rəğbət bəsləməsinə
baxmayaraq, onun hüquqlarının müdafiəsi məqsədilə
keçirdiyimiz mitinqlərin kütləviliyinə nail ola
bilmirdik. Mitinqlərə minə yaxın adam gəlirdi.
Sonradan təhlillər aparıb aydınlaşdırdıq ki,
kütləvi mitinqləri mütəşəkkil təşkilat
təşkil edə bilər. Belə bir təşkilat isə
yox idi. Yeni Azərbaycan Partiyasını yaratmaq zərurəti
buradan doğdu və çox sürətlə
reallaşmağa başladı".
Bu xəbər ildırım sürətilə
bütün Azərbaycana yayıldı. Hamı yeni yaranacaq
partiyanın rəhbəri rolunda Heydər Əliyevi
görür və bu səbəbdən də onu dəstəkləyirdi.
Xalq cəbhəsi əslində 1992-ci ildə hakimiyyətə
yiyələnərkən Heydər Əliyevə olan xalq
sevgisini görmüşdü. Mayın 18-də parlamentə sədr
seçkisi zamanı bir qrup deputat Heydər Əliyevin namizədliyini
irəli sürdü. Bundan qorxuya düşən cəbhəçilər
müxtəlif bəhanələrlə, xüsusilə, guya Naxçıvanda
"onu tapa bilmədik"lərini bəhanə edib, öz
namizədlərinin seçilməsinə nail oldular. Ancaq Heydər
Əliyevin hakimiyyətə gəlmək şansları Xalq cəbhəsinin
hakimiyyətdə olan nümayəndələrini bir an belə
rahat buraxmırdı. Bu narahatlığın əlamətləri
özünü Naxçıvanda göstərirdi.
24 oktyabr 1992-ci ildə isə Azərbaycan
Xalq cəbhəsi Naxçıvan şöbəsinin
silahlı dəstələri muxtar respublikanın
televiziyasını, Enerji mərkəzini və DİN-i ələ
keçirdilər. Nazirin yerində İsgəndər Həmidovun
təyin etdiyi adam əyləşdi.
İsgəndər Məcid oğlu Həmidovun
rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Bakı orta
ümumtəhsil milis məktəbini və SSRİ DİN-in
akademiyasını bitirib. 2 dəfə - 1980 və 1990-cı
ildə daxili işlər orqanlarının sıralarından
kənarlaşdırılmış və sonralar yenidən
işə bərpa olunmuşdur. Onu yaxşı tanıyanlar
qeyd edirlər ki, o, siyasi motivlərə görə yox,
iqtisadi və açıq-aşkar "əl-əli yuyar"
prinsipi ilə işlədiyinə görə orqanlardan xaric
edilmişdir. Onu da deyirlər ki, İsgəndər
çılğındır və tez-tez xidməti vəzifə
səlahiyyətlərini aşır. DİN-ə rəhbərlik
edərkən, özünü mübariz göstərmək
üçün bir sıra reklam xarakterli əməliyyatlar həyata
keçirmişdir.
Prezident Elçibəyin açıq
razılığı ilə onun daxili işlər naziri
öz qayda-qanunlarını Naxçıvanda da bərqərar
etmək istəyirdi. Muxtar respublikadakı hadisələrdən
əvvəl, o, Bakıda mətbuat konfransı
çağırıb hədə-qorxu gələrək
demişdi ki, əgər lazım olsa, şəxsən Heydər
Əliyevin də başına güllə çaxacaq. Bu
sözlər dünya mətbuatına yayıldı. Əlbəttə
ki, bundan xəbər tutan Əliyev şəxsən nazirə
zəng vurdu:
"Mən ona dedim ki, sən bu sözləri
mətbuat konfransında demisən. Əgər bacarırsansa,
buyur gəl, dediyini elə. Aləmə car çəkmək
nəyə lazım. O dedi ki, siz nə
danışırsız, mən və uşaqlarım sizə
qurban olsun. Siz güclü siyasətçi, böyük şəxsiyyətsiniz.
Mən heç belə söz deyərəm? Mən cavab verdim
ki, demisən və bunu çox adam eşidib. Bakıdan bura gələn
mətbuat işçiləri də o konfransda olublar. Onlar da sənin
belə dediyini təsdiq elədilər".
İndi, görünür, onlar sözlərinin
dalınca işə keçmişdilər. Axşam saat 8-ə
yaxın muxtar respublikanın DİN-in qarşısına xeyli
sıravi vətəndaş və Xalq cəbhəsinin iş
yerinə buraxmadığı nazirliyin əməkdaşları
toplaşdılar. Nazirliyin pəncərələrindən
onlara atəş açdılar, insanlar isə Ali Məclisin
binasına üz tutdular. Heydər Əliyev oradaydı.
Sonralar Heydər Əliyev bu həyəcanlı
günləri belə xatırlayırdı: "Mən
yubanmadan Bakıya, daxili işlər nazirinə zəng vurdum.
Onun Mərdan adlı köməkçisi bildirdi ki, gözləyin,
indi sizi onunla birləşdirəcəm. Amma bir az keçməmiş
o dedi ki, sizinlə danışdığım müddətdə
nazir otaqdan harasa çıxıb.
Sonra Prezident Elçibəyə zəng
vurdum. Yaranan vəziyyət barədə ona məlumat verdim. O
isə öz növbəsində soruşdu: "Bəs mən
neyləyə bilərəm?" cavab verdim ki, siz ölkə
prezidentisiniz, eyni zamanda Xalq cəbhəsinin
başçısısınız. Bu cinayəti də Xalq cəbhəsinin
Naxçıvan şöbəsinin üzvləri və
onların əlində olan silahlı dəstələr
törədib. Hal-hazırda onlar Daxili İşlər
Nazirliyinin binasını zəbt ediblər. Onlara binanı tərk
etmək əmrini verin, belə olarsa, hər şey sakitliklə
həll olunar, əks halda vəziyyət bir az da gərginləşəcək.
Əfsuslar olsun ki, bunun nəticəsi
olmadı. Mən 2-ci dəfə zəng vurdum. Bu vaxt Qafar Məmmədli
və Asif Kələntərli də yanımdaydılar.
Elçibəyə dedim ki, vəziyyət gərginləşir,
qan tökülə bilər. Təcili tədbirlər görmək
lazımdır. Mənim yanımda olan şəxslər də
onunla telefonda danışdılar. Amma Prezident onlara da konkret
bir söz demədi. Bircə onu bildirdi ki, o, yoldaşlarla məsləhətləşəcək".
Həmin vaxt Ali Məclis binasının
qarşısına daha çox insan kütləsi
toplaşmaqdaydı. Kortəbii yaranan mitinqdə "Hamı
Heydər Əliyevin müdafiəsinə"
şüarları səslənirdi. Bu hadisələr
zamanı Xalq cəbhəsinin bəzi üzvləri bədən
xəsarəti aldılar. Oktyabrın 24-də təxminən
saat 22-də Xalq cəbhəsinin üzvləri nazirliyin
binasını tərk etdilər və Xalq cəbhəsinin qərargahında
toplaşdılar.
Hakimiyyəti ələ keçirmək cəhdi
bu dəfə baş tutmadı, amma vəziyyət təhlükəli
olaraq qalırdı.
Oktyabrın 25-də Heydər Əliyev
radio vasitəsi ilə naxçıvanlılara müraciət
etdi:
- Xalq cəbhəsinin liderləri bura
silahlı qüvvələr göndərərək
Naxçıvanda hərbi çevriliş etməyə cəhd
göstərmişlər. Bizə həyəcanlı xəbərlər
gəlir. İsgəndər Həmidov daha bir silahlı tədbir
keçirməyi planlaşdırır. O, silahlı dəstəylə
buraya gəlib, əməliyyat keçirmək istəyir.
Müstəqil Azərbaycanda Xalq cəbhəsi silahlı
qüvvələri xalqa qarşı istifadə edir. Bu vəziyyət
kimin üçün əlverişlidir? Burada ən
güclü mafiya öz şəxsi məqsədlərini
güdən Xalq cəbhəsidir. Mən xalqım naminə həyatımdan
keçməyə hazıram. Xalq cəbhəsində Heydər
Əliyevi aradan götürmək istəyənlər
çoxdur.
Mən istəyirəm ki, xalq buradakı vəziyyəti
başa düşsün, bilsin. İndi Azərbaycanda bəzi
qüvvələr Naxçıvan Muxtar Respublikasının
konstitusion hüquqlarını pozub muxtariyyəti ləğv
etmək istəyirlər. Bunu Bakıda yaşayan bir qrup
nüfuzlu naxçıvanlılar da dəstəkləyir
(Bakıdakı ən nüfuzlu naxçıvanlı o vaxt
Prezident Elçibəy idi. Bunu Əliyevə qulaq asanlar
gözəl başa düşürdülər).
- Amma Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası əbədidir, o həmişə
dəyişilməz qalacaq", - deyə Heydər Əliyev
sözünə davam edir.
Daha sonra o, vətəndaşlardan xahiş
etdi ki, Naxçıvan Xalq cəbhəsinin sədri Asəf
Quliyevin, Ordubad Xalq cəbhəsinin sədri Fərəc
Quliyevin, qanunsuz təyin olunmuş daxili işlər naziri
Siyavuş Mustafayevin, Ordubad Xalq cəbhəsinin irticaçı
hərəkətlərinə qiymət versinlər.
- Bizim müstəqilliyimiz bütün Azərbaycan
xalqının nailiyyətidir. Azərbaycanın
bütövlüyünü təmin etmək lazımdır.
Hamı birləşməlidir. Mən ölməyə
razı olaram, amma Naxçıvanın Azərbaycandan ayrı
düşməsinə razı ola bilmərəm.
Oktyabrın 25-də muxtar respublikanın
Ali Məclisinin fövqəladə sessiyası işinə
başladı. Deputatlar Xalq cəbhəsinin silahlı qüvvələrinin
3 gün ərzində tərk-silah olunması barədə qərar
qəbul etdilər.
Elə həmin gün
"Naxçıvan" qəzetində Murtuz Ələsgərovun
kəskin bir məqaləsi dərc olundu. O, Azərbaycan daxili
işlər nazirini tənqid etmişdi. Hüquqşünas
alim qeyd edirdi ki, Naxçıvandakı hadisələr əsl
terrorizmdir. Əks tərəfin cavabı özünü
çox gözlətmədi.
Bu hadisə Bakıda iş
gününün sonuna yaxın baş verdi. Ələsgərov
ADU-nun hüquq fakültəsindəki işlərini
yekunlaşdırıb köhnə "Moskviç"inə
yaxınlaşdı. O, sonralar bu hadisələri xatırlayarkən
qeyd edirdi ki, 2 nəfər naməlum oğlan kafedranın
qarşısında vurnuxaraq onun nə vaxt işdən
çıxacağı ilə maraqlanırmış.
- Mən onları görməmişdim.
Evimə gəlib maşını saxladım, mağazadan
çörək alıb yuxarı qalxmaq istəyirdim ki,
üstümə düşdülər. Əvvəlcə elə
bildim ki, yeniyetmələrdir, xuliqanlıq edirlər, ya da
zarafatlaşırlar. Amma sonra gördüm ki, hücum edənlərin
əlində bıçaq var. Onlardan biri mənim
üzümdən bir neçə zərbə endirdi, digəri
isə linglə ayağıma vurdu və mən yerə
yıxıldım. Yaralarımdan qan axırdı.
Qonşulardan biri milis çağırdı, biri ailəmə
xəbər verdi. Həkim çağırıb məni xəstəxanaya
apardılar.
Murtuz müəllim xəstəxanada 6 ay
yatmalı oldu. Hücum barədə eşidən kimi Heydər
Əliyev Naxçıvandan zəng vurdu:
- Murtuz müəllim, təəssüf
edirəm ki, mənə görə təzyiqə məruz
qaldınız.
- Heydər Əliyevi müdafiə edərkən
xəsarət almaq şərəfdir, - deyə Murtuz Ələsgərov
cavab verdi.
Mərkəz.-
2010.- 26 noyabr.- S.10-11.