HEYDƏR ƏLİYEV
1995-2005-ci illərdə
parlamentin sədri olan Murtuz Ələsgərov o günləri
nadir hallarda xatırlayır. Lakin bu gün əlamətdar
gündür. İndicə bizim ilk kitabımızın təqdimatı
oldu. Siyasətçilər,
mədəniyyət xadimləri, sənət adamları kitab və
Heydər Əliyev haqqında təəssüratlarını
bölüşürdülər... Atatürk
adına Mədəniyyət Mərkəzinin böyük
zalında mehriban atmosfer yaranmışdı. Görüş
başa çatandan sonra Murtuz Ələsgərov bizi Milli Məclisə
dəvət etdi. Şənbə günüydü,
böyük zalda yalnız növbətçilər vardı.
Ələsgərov parlamenti bizə göstərdikdən
sonra öz kabinetinə dəvət etdi. Orada hər şey
Heydər Əliyevin parlament sədri olduğu vaxtdakı kimi
qalmışdı. Yalnız divarda Heydər Əliyevin şəkilləriylə
zəngin olan təqvim asılmışdı (bu təqvim Heydər
Əliyev Fondunun nəşri idi).
Bir
pəncərədən teleqüllə, digərindən isə
Bakı buxtası görünür.
-
Bəs bu nədir? - pəncərədən azca
aralıdakı deşiyi göstəririk.
-
Güllə izləridir, - Murtuz Ələsgərov cavab verir.
- 1993-cü ilin oktyabr hadisələri zamanı cəbhəçilər
atəş açırdılar. Heydər Əliyev onları
yadigar kimi saxladı və əl vurmamağı
tapşırdı.
Bəs
bizim həmsöhbətin Heydər Əliyevlə ilk
görüşü necə baş verib?
O
vaxt - 1978-ci ildə respublikada Azərbaycanın yeni
konstitusiyasının layihəsini müzakirə edirdilər.
I katib bir neçə məşhur hüquqşünası
MK-ya dəvət etdi. Murtuz Ələsgərov da onların
arasındaydı.
Neçə illər öncə o, Azərbaycan
Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə
diplomu ilə bitirib, Moskvada SSRİ EA-nın Dövlət və
Hüquq İnstitutunun aspiranturasına qəbul olunmuşdu.
İstedadlı gənc alim vaxtından əvvəl
yazdığı dissertasiyanı müdafiə edib hüquq
elmləri namizədi, sonra doktor və professor olmuşdu. Murtuz müəllim doğma universitetdə beynəlxalq
hüquq kafedrasına, dövlət hüququ kafedrasına rəhbərlik
etmişdir. 1993-96-cı illərdə Bakı Dövlət
Universitetinin rektoru olmuşdur. 200-dən artıq elmi işin,
bir çox monoqrafiya və dərs vəsaitinin müəllifidir.
-
Heydər Əliyev bir sıra tanınmış
hüquqşünası, o cümlədən də məni
öz yanına dəvət etdi, - deyə Ələsgərov
xatırlayır. - Azərbaycan dilinin dövlət dili elan
olunması təklifi səsləndi.
-
Siz buna necə baxırsınız?- Əliyevin bu sualı dəvət
olunmuş mütəxəssislərə yönəlmişdi.
-
Mən cavab verdim ki, Azərbaycan dili bizim respublikada rus diliylə
bərabər dövlət dili olmalıdır. Bu, bizim ilk
görüşümüz oldu.
Qeyd
edək ki, axırıncı olmadı.
1992-ci
ildə Naxçıvan hadisələri ərəfəsində
cəmiyyətdə qarşıdurma yaranacağını hiss
edən bir qrup alim Heydər Əliyevə açıq məktub
imzaladı. «Azərbaycan sizin sözünüzü gözləyir.
Heydər Əliyevə müraciət» adlı məktubun
altında 91 imza vardı: Ziya Bünyadov, Ömər
Eldarov, Fərəməz Maqsudov, Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvləri İqrar Əliyev,
Kərim Kərimov, Məmmədtağı Cəfərov,
Sabir Hacıyev, xalq şairi Xəlil Rza Ulutürk, xalq artisti
Zeynəb Xanlarova, professorlar Əli Ömərov, Eldar
İbrahimov, İsgəndər Quliyev, Elfəddin
Abdullayev, əməkdar hüquqşünas Murtuz Ələsgərov,
alimlər, laureatlar, idarə rəhbərləri. cəmi, təkrar
edirik 91 imza.
Belə
sənədlər tarixdə insanların seçiminin və
zamanın keşməkeşlərinin göstəricisi kimi
qalır.
«Hörmətli
Heydər Əliyev! Biz görürük ki,
respublikamızın şəraiti, xalqımızın vəziyyəti
gündən-günə pisləşməkdədir. Azərbaycan
sözün həqiqi mənasında mənəvi və siyasi
böhran içindədir. Bunun səbəbi isə son
dövrlərdə daha da genişlənən hakimiyyət
böhranıdır. Dövlətin ali hakimiyyət
orqanları iflic vəziyyətindədir. Bir çox dövlət
orqanları heç bir hüquqi əsası olmadan
yaradılıb fəaliyyət göstərir.
Bir sözlə, indiki hakimiyyət ölkədəki
ictimai-siyasi hadisələri idarə etmək iqtidarında
deyil. İctimaiyyət obyektiv hüquqi aktlara əsasən yox,
şəxsi subyektiv rəylərə əsasən idarə
olunur. Ən dəhşətlisi isə odur ki, nə siyasətdə,
nə də iqtisadiyyatda heç bir köklü dəyişikliklər
aparılmır.
Azərbaycan dövlət müstəqilliyinin təsbit
olunduğu konstitusiya aktlarına müvafiq olan hakimiyyət
bölgüsü aparılmır, hüquqi dövlət
qurulmasına dair heç bir iş görülmür. Təcrübə,
bacarıq olmayanda isə hakimiyyət qüvvələri zor tətbiqetməyə
əl atırlar. Prezidentdən tutmuş müxtəlif vəzifəli
şəxslərə qədər hamısı öz müsahibələrində
bildirirlər ki, heç kim bizi hakimiyyətdən məhrum edə
bilməz, çünki polis və ordu bizim əlimizdədir.
Görünür
ki, dünənə qədər küçə və
meydanlarda demokratiyadan dəm vuranlar onun əsl mahiyyətindən
bixəbərdirlər. Bütün demokratik
hüquqi dövlətlərdə ordu, polis siyasətdən kənar
olur, yalnız dövlətçiliyə və xalqa xidmət
edir. Əgər dünənə qədər Azərbaycanın
sərvətləri yalnız bir istiqamətdə
aparılırdısa, indi hər yerə daşınır.
Bir çox Qərb ölkələrindən
qovulmuş Qərb inhisarçıları indi asanlıqla
Bakı neftini ələ keçirmək üzrədirlər.
Əgər bir az da belə davam edərsə, siyasi boyunduruqdan
qurtulub iqtisadi boyunduruq altına düşəcəyik.
Çünki ölkənin salamat qalmış iqtisadi
potensialı da dağılmaq üzrədir, təbii sərvətlər
talan edilir.
Ağır
maddi vəziyyət, bədbinlik, gələcəyə
ümidsizlik ucbatından yüzlərlə, minlərlə
ziyalı həmvətənlimiz, ixtisaslı kadrlar
respublikamızı tərk edirlər. Sözsüz ki, ən
ağır zərbə cəmiyyətin aşağı təbəqələrinə,
geniş xalq kütlələrinə dəyir. Bütün
bunlar onu göstərir ki, bir azdan sosial ədalət prinsipindən
əsər-əlamət qalmayacaq. Respublikanın ağır vəziyyəti
hakimiyyətin müasir epoxanın inkişaf
tendensiyasını düzgün müəyyən edə bilməməsi,
uğursuz kadr siyasəti nəticəsində bir az da
ağırlaşır. Minlərlə
insanın həyatına bais olan, minlərlə ailəni
öz ev-eşiyindən məhrum edən və sonu
görünməyən Qarabağ faciəsi bir çox
qüvvələr tərəfindən siyasi oyun kimi, yeni vəzifələr
və maddi gəlir əldə etmək üçün vasitə
kimi istifadə olunur. Azərbaycanda sürətli
inkişaf yalnız siyasi arenada müşahidə olunur, onlarla
təzə partiya meydana gəlir. Amma bu partiya liderləri
arasında xalqın etimadını qazanmış, öz
nüfuzu və istedadı ilə xalqı birləşdirə
bilən şəxs yoxdur.
Hörmətli
Heydər Əliyev! Siz respublikada bu missiyanı boynuna
götürə biləcək yeganə şəxsiyyətsiniz.
Uzun illik idarəçilik təcrübənizə əsaslanaraq,
siz Azərbaycanda qısa zaman ərzində əhalinin,
ictimaiyyətin böyük hissəsini birləşdirə biləcək
güclü, qüvvətli siyasi partiya yaratmağa qadirsiniz.
Ona görə də Azərbaycanın müxtəlif bölgələrində
apardığımız sorğulara əsasən müəyyən
etmişik ki, bizim yaratmaq istədiyimiz Yeni Azərbaycan
Partiyasına yalnız Siz rəhbərlik edə bilərsiniz. Yalnız belə partiya qarşıya qoyulmuş məqsədlərə
çatmağa, böyük xalq kütlələrini birləşdirməyə,
Azərbaycanın ictimai və siyasi həyatındakı
çatları doldurmağa, dövlət quruculuğu işinə
layiqli töhfəsini verməyə qadirdir. Əminik ki,
yaradılmaq üzrə olan Yeni Azərbaycan Partiyası
dərin düşüncəli, ağıllı, savadlı,
milli qürura malik, mədəni şəxslərin müdrik
ağsaqqal Heydər Əliyev ətrafında birləşdiyi
bir partiya olacaq. Biz Yeni Azərbaycan Partiyasını yeni fikirli
insanları öz ətrafında birləşdirən bir
partiya kimi görürük.
Əziz
və hörmətli Heydər Əliyev!
Bizim
müraciətimizə minlərlə Azərbaycan sakini
qoşulmağa hazırdır. Hələliksə, biz bu
addımı bir qrup ziyalı şəxsin adından
atırıq. Öz adımızdan və minlərlə Azərbaycan
sakini adından Sizdən xahiş edirik ki, Yeni Azərbaycan
Partiyasına rəhbərliyi öz üzərinizə
götürəsiniz.
Azərbaycan
sizin qərarınızı və son sözünüzü
gözləyir».
Murtuz
müəllimdən soruşuruq:
-
Bəs Heydər Əliyev sizə nə cavab verdi?
- O, məsləhət gördü ki, tələsməyək,
düşünüb-daşınaq, əvvəlcə
partiyanın məramnaməsini, nizamnaməsini hazırlayaq. 24
oktyabrda o, məhz bizə - «91-lər qrupu»na daxil olan şəxslərə
cavab məktubu yazdı. Gəlin, bu tarixi sənədi oxuyaq, -
deyə Murtuz Ələsgərov bizə təklif
etdi:
«Əziz
ziyalılar! Sizin 16 oktyabr 1992-ci ildə «Səs» qəzetində
dərc olunmuş müraciətinizi oxudum. Həm sizin
müraciətiniz, televiziyada, qəzetlərdə gedən
informasiyalar, həm də Azərbaycanın müxtəlif əyalətlərindən
gələn məktublara əsasən görürəm ki, Azərbaycan
son dərəcə ağır vəziyyətdədir. Belə
bir vəziyyətdə ziyalıların narahatlığı
başa düşüləndir.
Azərbaycanın
dövlət müstəqilliyi Azərbaycan xalqının əldə
etdiyi böyük tarixi nailiyyətdir və bütün Azərbaycan
vətəndaşları bununla fəxr edirlər.
Amma bu hadisələr Azərbaycan
xalqının çox ağır, çətin məsələləri
həll etməli olduğunu göstərir. İndi
qarşıda duran əsas məsələ dövlətçiliyin
formalaşdırılması, müstəqilliyin möhkəmləndirilməsi,
vətəndaşların azad, sərbəst
yaşamasına şəraitin yaradılmasıdır. Hər
bir vətənpərvər şəxs bu yolda əlindən gələn
köməyi göstərməlidir. Buna görə mən də
sizin müraciətinizə cavab olaraq, bəzi fikirlərimi
sizinlə bölüşmək istərdim.
Birinci
onu qeyd edim ki, Azərbaycanın müstəqillik əldə
etməsi 80-ci illərin əvvəllərində
başlamışdı və bu, həm SSRİ-də, həm
də bütün dünyada cərəyan edən ictimai-siyasi
proseslərin təbii nəticəsiydi. Bu obyektiv səbəblər
SSRİ-nin dağılması, Sov. İKP-nin tarix səhnəsindən
silinməsi və 15 müttəfiq respublikanın müstəqillik
əldə etməsiylə nəticələndi. Bunun ardınca baş verən hadisələr, yəni
həm Azərbaycanın, həm də o biri respublikaların
bütün dünya, BMT və başqa beynəlxalq təşkilatlar
tərəfindən tanınması beynəlxalq hüquq
normalarına uyğun idi. Azərbaycanın müstəqillik
əldə etməsində, əlbəttə ki, müəyyən
ictimai - siyasi qüvvələrin, təşkilatların,
konkret şəxslərin, o cümlədən də Xalq cəbhəsinin
böyük əməyi olub. Həm də bu, obyektiv tarixi
proseslərin nəticəsi və zamanın Azərbaycan
xalqına, digər müttəfiq respublikalara bəxş
etdiyi bir hədiyyədir.
Beləliklə,
dövlət müstəqilliyi Azərbaycan xalqının mənəvi
sərvətidir və onun ayrı-ayrı siyasi qüvvələrin,
partiya strukturlarının, şəxslərin inhisarına
keçməsinə imkan vermək olmaz.
Azərbaycanda hüquqi, demokratik, müstəqil
dövlətin yaranması ictimai-siyasi, sosial-iqtisadi
potensialın tam səfərbər edilməsiylə
müşayiət olunan ağır, uzun əmək tələb
edir. Əgər xalq ayağa qalxıb öz
hüquqlarını tələb edirsə, qısa zaman ərzində
ən kiçik dövlət də böyük
dövlətə çevrilir. Mənə elə gəlir ki,
bu yolda aşağıdakı məsələləri həll
etməliyik:
Birinci:
Qarabağ məsələsinin həll
olunması və Azərbaycanın müharibə vəziyyətindən
çıxması. Artıq 5 ildir ki, Azərbaycanla Ermənistan
arasında elan olunmamış müharibə gedir, Azərbaycan
öz ərazisinin bir hissəsini itirib, Ermənistanla sərhəd
zonalarında yüzlərlə yaşayış məskəni
dağıdılıb, minlərlə insan şəhid
olub, əlil qalıb. Yüz minlərlə insan doğma
ev-eşiklərindən qaçqın düşüb, səfil
vəziyyətində yaşayır. Respublikaya
görünməmiş maddi və mənəvi ziyan dəyib.
Ən dəhşətlisi odur ki, bu faciələrin sonu
görünmür. 1 il əvvəl olduğu kimi, indi də Azərbaycanın
rəhbər orqanlarında Qarabağ məsələsinə
dair dəqiq, düşünülmüş siyasi-hərbi
strategiyanın konsepsiyası yoxdur. Elə təsəvvür
yaranır ki, Qarabağda və sərhədyanı zonalarda hərbi
əməliyyatlar özbaşına aparılır.
İkinci:
Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşməsi
və əhalinin həyat səviyyəsinin aşağı
düşməsi böyük narahatlıq doğurur. Son 9 ay ərzində
respublikanın iqtisadi vəziyyətinin statistik göstəriciləri
adamı dəhşətə gətirir. Kənd təsərrüfatında
və inşaatda vəziyyət daha da ağırdır. Son 6
ildə respublikanın ümumi iqtisadi vəziyyətinin
aşağı düşməsini nəzərə alanda,
respublikanın hansı problemlərlə üz-üzə gəldiyini
təsəvvür etmək çətin deyil.
Azərbaycan
tükənməz təbii sərvətlərə,
böyük iqtisadiyyata, kənd təsərrüfatı və
intellektual potensiala malikdir. Təkcə aqrar sektorda
istehsalın artırılması vasitəsilə kənd təsərrüfatı
məhsullarının artımını təşkil etmək
olar. Amma əfsuslar
olsun ki, respublikada bu resurslardan qətiyyən istifadə
olunmur.
Belə
görünür ki, dövlət idarələrində
respublikanı bu iqtisadi böhrandan çıxarmaq
üçün heç bir dəqiq proqram yoxdur; əhalinin
ağır vəziyyətdən çıxarılması
üçün heç bir addım atılmır. Analizlər göstərir
ki, bu sahədə yalnız qarışıq,
düşünülməmiş addımlar atılır.
Üçüncü: Hökumətin kadr
siyasəti həm ziyalıların, həm də geniş xalq
kütlələrinin haqlı narazılığına səbəb
olub. Rəhbər vəzifələrə
heç bir savadı, təsərrüfat təcrübəsi,
bacarığı olmayan cəbhəçilərin təyin
edilməsi bütün hüquqi normaları pozur və bu da
ağır nəticələrə gətirib çıxara
bilər. Xalq heç vaxt Xalq cəbhəsinə
belə fövqəladə hüquq və səlahiyyətlər
verməyib. Ötən onilliklər ərzində
respublikada həm iqtisadi, həm siyasi, həm ictimai, həm də
idarəçilik sahəsində kifayət qədər
istedadlı, bacarıqlı, yüksək səviyyəli, mədəni
və ixtisaslı milli kadrlar yetişdirilib. Bütün bu kadrlara, hansı partiyaya aid
olmasından asılı olmayaraq, özlərinə,
ixtisaslarına uyğun fəaliyyətlə məşğul
olmaq üçün şərait yaradılmalıdır.
Respublikadan kənarda,
Rusiyada, Ukraynada, başqa ölkələrdə bir çox
ixtisaslı, bacarıqlı, təcrübəli kadrlar
çalışır. Onların buraya gəlib öz xalqına xidmət etməsinə
şərait yaradılmalıdır. Öz
səmərəli işləriylə onlar vətənlərinə,
müstəqil Azərbaycana böyük xidmətlər
göstərə bilərlər.
Dördüncü: Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmlənməsi
ilk növbədə qanunların aliliyinin təmin edilməsindən
başlanır. Totalitarizmdən xilas yolu
yalnız demokratiyanın inkişafında, siyasi plüralizmin,
insan hüquqlarının təmin olunmasındadır. Söhbət söz azadlığından,
sahibkarlığa yardımdan, şəxsi mülkiyyətin
müdafiəsindən, seçmək və seçilmək
hüququnun təminatından gedir.
Azərbaycanın
hər bir vətəndaşı milliyyətindən, əqidəsindən,
dilindən və siyasi görüşlərindən
asılı olmayaraq bu hüquqlara malik olmalıdır. Məncə, müstəqil
dövlət quruculuğu prosesinə Azərbaycan cəmiyyətinin
bütün təbəqələrindən olan insanlar
qoşulmalıdır. Yeni, müstəqil
Azərbaycan bizim hamımıza məxsusdur.
Beşinci: Son dövrlər Azərbaycanı
parçalamaq kimi təhlükəli tendensiyalar müşahidə
olunur. Bu cəhdlərin qarşısı qəti
şəkildə alınmalıdır. Yaranan
narazılıqları isə sivil və demokratik şəkildə
həll etmək lazımdır.
Azərbaycan əsrlər
boyu öz ərazisində yaşayan insanların doğma vətəni
olub. Azərbaycanın demokratik əsaslarla
mövcudluğu onun dövlət müstəqilliyinin təminatının
əsas şərtidir.
Azərbaycanın
bu günü və gələcəyi ilə bağlı
başqa problemlər də məni narahat edir. Amma sizin təklifinizə
cavab verməmişdən əvvəl qeyd etdiyim problemləri
sizin diqqətinizə çatdırmaq istəyirdim. Hesab edirəm ki, müstəqil Azərbaycanda bu
problemlər qısa zamanda həll edilməlidir. Azərbaycanın bu günü və gələcəyi
ilə bağlı problemlərin həllinə heç bir vətəndaş
biganə qalmamalıdır.
Hesab edirəm
ki, sizin təklifinizdə yazıldığı kimi, Yeni Azərbaycan
Partiyasının yaradılması müstəqil, demokratik Azərbaycanın
əsası olan siyasi plüralizmi təmin etmək istəyindən
doğub. Azərbaycanın
ictimai-siyasi həyatında yaxından iştirak edən belə
bir partiya müstəqil Azərbaycanın inkişafında və
möhkəmlənməsində böyük rol oynaya bilər.
Əgər
belə bir partiya yaranarsa, mən onun fəaliyyətində
yaxından iştirak etməyə hazıram.
Böyük hörmətlə,
Heydər Əliyev
24 oktyabr, 1992-ci il.
Naxçıvan».
Həmin günlər respublika qəzetləri
Ağstafa, Tovuz, Gədəbəy rayonlarının sərhədyanı
bölgələrindəki atışmalardan, erməni
silahlı qüvvələrinin Ağdama arasıkəsilməz
hücumlarından yazırdı: «Onlarla ev
dağıdılıb. Yaralananlar var».
Bakıda isə çörək, ət, yağ
növbələri böyüyür, insanlar hətta talonla da
bu ərzaqları vaxtlı-vaxtında ala bilmirdi. Vətəndaşlar
kütləvi şəkildə iş yerlərini itirirdi. Blokada vəziyyətində olan Naxçıvanda isə
bu problemlər 3 dəfə, 5 dəfə artıq
özünü büruzə verirdi. Amma
artıq Arazın üstündəki körpü vasitəsilə
İrandan maddi yardım gəlməyə
başlamışdı və naxçıvanlılar çətinliklə
də olsa, iradələrini toplayıb muxtar respublikanı
normal vəziyyətdə saxlamağa müvəffəq olurdu.
1992-ci il oktyabrın
27-də Azərbaycanın daxili işlər naziri öz şəxsi
qvardiyası olan «Boz qurd»ları - 350-yə qədər hərbçini
Bakıda topladı. Nazir «dikbaş»
Naxçıvana yürüşə şəxsən rəhbərlik
etmək istəyirdi. Amma ən son anda bu
yürüş təxirə salındı. Heydər Əliyevin igidliyi, onun tərəfində
olan muxtar respublikanın Ali Məclisinin, hökumətinin iradəsi
öz sözünü demişdi. Azərbaycan
Prezidenti bununla hesablaşmaya bilməzdi. Həm
də konflikt artıq beynəlxalq səviyyəyə qalxmaq
üzrəydi. Məclisin iclasında Heydər Əliyev
sensasiyalı açıqlama verdi: «Mən
kömək üçün Rusiya Prezidenti Boris Yeltsinə
müraciət etmişəm». Deputatlar bu
açıqlamanı alqışlarla qarşıladılar.
Bakıda Kreml sahibinin gözlənilməz qərarlarından
qorxub Naxçıvandan əl çəkdilər. Amma qısa müddətə.
İndi Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının yaradılması ilə bilavasitə məşğul
ola bilərdi. Partiyanın təsis
konfransı keçirildi, idarə heyəti, siyasi
şurası seçildi. Partiyaya rəhbərlik
isə Heydər Əliyevə həvalə edildi. Təsis konfransından sonrakı 10 gün ərzində
partiyaya 30 minə qədər insan üzv yazıldı.
«Yeni Azərbaycan
Partiyasının gücü və əzəməti, - deyə
Murtuz Ələsgərov qeyd edir, - onun başında Heydər
Əliyev kimi məşhur siyasətçinin, idarəçilik
işində böyük təcrübəsi olan bir şəxsin
dayanmasındaydı.
Tanınmış
qədim yunan tarixçisi Plutarx «Həyatın müqayisəli
təsviri» əsərində yazır ki, xalqın lideri
özünün ağlı və düşüncəsi, əxlaqi-mənəvi
təmizliyi, cəsarəti və uzaqgörənliyi ilə
başqaları üçün nümunə olmalıdır. Düşünürük,
bu sadə həqiqəti isbat etməyə lüzum yoxdur.
Amerikanın dahi dövlət xadimi Franklin
Ruzvelti 4 dəfə ABŞ-ın prezidenti seçmişdilər.
Fransanın nəhəng dövlət xadimi de
Qoll 2 dəfə öz xalqını və ölkəsini
xilas etmişdi. Ondan soruşanda ki, o, Fransanı
mümkün ola biləcək faciələrdən
xilas edə bilərmi? General de Qoll cavab verdi:
«Mən - fransız xalqının oğluyam, əgər xalq
müraciət edərsə, 2 dəfə yox, 100 dəfə
köməyə gəlməyə hazıram». Böyük
Atatürk Türkiyəni parçalanıb məhv olmaqdan
qoruyub saxladı.
Həyat
göstərir ki, böyük dövlət xadimləri və
siyasətçilər, güclü şəxsiyyətlər,
xalqına sədaqətli insanlar VƏTƏN
qarşısında məsuliyyətlərini hiss edirlər. Bəli, Yeni Azərbaycan
Partiyasının lideri Heydər Əliyev də bu cür
insanlardan idi. Muxtar respublika Ali Məclisinin
sədri kimi o, gündə 14, 15 saat işləyirdi.
İş günü səhər saat 10-da başlanır,
axşam saat 6-ya qədər davam edirdi, sonra 1 saatlıq nahar,
daha sonra isə gecə saat 2-yə qədər yenidən gərgin
iş. Və bu iş rejimi 3 gün, 5 gün yox, uzun müddət
belə davam edir. Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçiriləndə
nümayəndələr özləri bunun şahidi oldular.
Onlar əmin idilər ki, belə şəxsin rəhbərlik
etdiyi partiya, həqiqətən də, xalqı öz ətrafında
birləşdirməyə qadirdir. Mən də
buna əmindim».
21 noyabr
1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Bu konfransın iştirakçısı
YAP idarə heyətinin üzvü Kərim Kərimov o
günü belə xatırlayır:
- Həmin gün Naxçıvanda vəziyyət
çox ağır idi. Qar
yağmışdı. Güclü
şaxta adamın iliyinə işləyirdi. Nəqliyyat demək olar gözə dəymirdi.
Konfrans cəlil Məmmədquluzadə adına
Dövlət Dram Teatrının binasında keçirildi. Zal çox soyuq olduğundan hamı paltoda
oturmuşdu. Çoxları
papağını belə çıxartmamışdı.
Heydər Əliyev yenə özünəməxsus
tərzdə kostyumda, başıaçıq salona daxil olub rəyasət
heyətinə qalxdı. Tək
oturmuşdu və sanki bu sərt şaxta ona zərrə qədər
də təsir etmirdi.
Konfransda Azərbaycanın
bütün bölgələrini əhatə edən 550
nüma-yəndə iştirak edirdi.
Kərim Kərimov məramnamə və
nizamnamə ilə bağlı belə bir məqamı da
açıqladı:
- Təsis konfransına hazırlıq
dövründə Bakıda bir qrup ziyalı tərəfindən
nizamnamə və proqramın layihələri
hazırlanmışdı. Bu işdə təcrübəsi
olan yoldaşlar layihələrlə tanış
olub, təkliflərini hazırlamışdılar. Sözügedən sənədlərin layihələri
çox iri həcmli idi. Azərbaycanın müstəqillik
əldə etməsilə əlaqədar qarşıda duran vəzifələr
- dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
sabit və sosial yönümlü iqtisadiyyatın
yaradılması, müstəqil, demokratik, hüquqi, dünyəvi
dövlətin qurulması, milli maraqlarımıza uyğun
olaraq Dağlıq Qarabağ probleminin həlli kimi məsələlər,
o cümlədən qanunçuluq, azərbaycançılıq,
varislik, vətəndaş həmrəyliyi, sosial ədalət
kimi partiyanın əsas ideoloji prinsipləri bu sənədlərdə
öz əksini layiqincə tapmamışdı. Konfransdakı
çıxışımda bu məsələlərə
aydınlıq gətirməyi nəzərdə tutmuşdum.
Lakin konfransın gedişində müzakirəyə
Bakıdakından tamamilə fərqli, yeni, yığcam,
dolğun layihələrin çıxarılmasının
şahidi oldum. Maraqlandım, məlum oldu ki, yeni layihələr
Heydər Əliyev əməyinin nəticəsidir. Heydər Əliyev
əvvəlcə köhnə layihələrin üzərində
düzəlişlər etməyə cəhd göstərib,
ancaq sənədlər çox iri həcmli olduğundan, bir
şey alınmayıb. O, partiyanın Nizamnamə və
Proqramını öz dəst-xəttilə yenidən yazmaq məcburiyyətində
qalıb. Təsis konfransının bəyanatı bir daha elan
etdi ki, bu partiyanın proqramının mahiyyətini müəyyən
edən məqsədlər Azərbaycanın dövlət
müstəqilliyini qoruyub saxlamaqdan, onu daha da möhkəmləndirməkdən,
ölkədə güclü, sivil, demokratik, dünyəvi
dövlət və mülki cəmiyyət qurmaqdan, sosial
yönümlü sabit iqtisadiyyat yaratmaqdan, hüquqi-siyasi
islahatları həyata keçirməkdən, bir sözlə
yeniləşmiş və qüdrətli Azərbaycan
yaratmaqdan ibarətdir.
Mərkəz.- 2010.- 27 noyabr.-S. 10-11.