HEYDƏR ƏLİYEV

 

YAP Azərbaycanın müasir tarixində yeganə partiyadır ki, o yaranarkən öz qarşısına siyasi hakimiyyətə gəlmək, hakimiyyət uğrunda mübarizə aparmaq yox, ölkəni mövcud böhrandan çıxarmaq məqsədi qoymuşdu. Heydər Əliyev həmin məqsədləri belə şərh edirdi: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazırıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bu partiya parlament tipli partiyadır. Partiya yaranarkən heç kəs qarşıya məqsəd qoymurdu ki, biz hakimiyyəti devirəcəyik. Necə ki, indi ayrı-ayrı müxalifət qüvvələri hakimiyyəti devirmək haqqında, yaxud da hakimiyyət uğrunda mübarizə aparacaqları barədə ayda bir dəfə bəyanatlar verirlər. Bizim partiya xalqı birləşdirmək və Azərbaycanın o vaxtkı mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Mən məmnunam ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayıbdır. Demək, biz o vaxt nə qədər uzaqgörənlik etmişik, ölkəmizdə olan vəziyyəti nə qədər düzgün qiymətləndirmişik və partiyamızın gələcək yolunu, istiqamətini nə qədər düzgün müəyyən etmişik”.

Respublikanın müxtəlif bölgələrindən gələn təşəbbüs qruplarının üzvləri partiyanın məramnaməsini və nizamnaməsini təsdiq etdilər. Açıq səsvermə zamanı Heydər Əlirza oğlu Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Bakıdakı hakimiyyət isə Naxçıvandan əl çəkmək istəmirdi. 1993-cü ildə Prezident Elçibəy Naxçıvan Muxtar Respublikasında «Xüsusi komendaturaların təsis olunmasına dair» sərəncam imzaladı. Komendaturalar Azərbaycanın başqa əyalətlərində də fövqəladə vəziyyət elan olunmasıyla bağlı təsis olunurdu.

Heydər Əliyev aprelin 12-də Muxtar Respublikanın Ali Məclisini topladı. Gündəlikdə iki məsələ vardı:

1. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında komendaturların təsis olunmasına dair sərəncamına münasibət.

2. Naxçıvan Muxtar Respublikasının əhalisinin çörək təminatına dair.

Ali Məclisin sədri Heydər Əliyevin fikrincə, «Naxçıvanın coğrafi mövqeyini nəzərə alaraq, burada fövqəladə vəziyyət tətbiq etmək olmaz».

Amma məlum olduğu kimi, Naxçıvan Xalq cəbhəsi burada da fövqəladə vəziyyət tətbiq olunmasını tələb etmişdi. Prezident də bu tələblə razılaşmış və buraya komendantlar təyin edilmişdi. Fövqəladə vəziyyət şəraitində bütün hakimiyyət onların əlində cəmləşirdi.

«Nəhayət, mən Prezidentlə əlaqə saxladım, - deyə Heydər Əliyev davam edir, - və onun nəzərinə çatdırdım ki, Naxçıvan Muxtar Respublikasında fövqəladə vəziyyət tətbiq etməyə ehtiyac yoxdur. Hələlik, burada sakitlikdir. Biz onsuz da blokada şəraitində yaşayırıq. Axı, nəyə görə belə qərarlar Naxçıvan rəhbərliyi ilə razılaşdırılmır? Heç nədən başı çıxmayan adamların təhrikiylə fövqəladə vəziyyət tətbiq etmək nəyə lazımdır? Mən Elçibəyə dedim ki, bu qərarı qanunsuz hesab edirəm və burada heç bir fövqəladə vəziyyət ola bilməz. Naxçıvan əhalisini şəxsən mən özüm müdafiə edirəm. Biz əməkdaşlıq yolu tutmuşuq, sizsə komendant təyin edirsiniz. Qanun qanundur. Muxtar respublikanın komendantı ola bilməz. Bu fikri ortaya atanlar Prezidenti pis vəziyyətdə qoyurlar. Prezident cavab verdi: «bu ola bilməz». Gəlin, baxaq görək kimi komendant təyin ediblər. Əvvəlcə dedilər ki, müdafiə naziri komendant olmalıdır. Amma indi polis rəislərini bölgə komendantları təyin ediblər».

Ali Məclis sədrinin yanında keçirilən iclasa nazirlər və deputatlar, Naxçıvanın və onun altı rayonunun - Sədərək, Şərur, Babək, Şahbuz, culfa və Ordubad - başçıları dəvət olunmuşdu.

«Mən bütün ömrüm boyu qanuna uyğun yaşamışam, - Heydər Əliyev çox qətiyyətlə danışırdı. - Qanun pozuntusuna heç vaxt yol verməyəcəm. Gəlin, mövqelərimizi müəyyənləşdirək. Zəngilandan gələnlər deyir ki, orada heç kim qalmayıb. Ağdamda, Füzulidə də vəziyyət eynidir. Və əgər bizim səylərimiz nəticəsində Naxçıvanda camaat işləyib yaşamaqda davam edirsə, bunun nəyi pisdi ki? Nəyə görə burada fövqəladə vəziyyət tətbiq olunmalıdır? Bu qərar ləğv edilməlidir. Mən böyük narahatlıq hissi keçirirəm. Naxçıvan onsuz da fövqəladə vəziyyətdə yaşayır. Əgər İsgəndər Həmidov burada qarışıqlıq salmaq istəyirsə, mən buna yol verə bilmərəm. Mən burada qarışıqlıq salmaq istəyənlərin hamısını xəbərdar edirəm: xalqı bu vəziyyətə salmaq sizə kifayət etmirmi? Həmidova satılmış bəzi xainlər burada aranı qarışdırırlar. Prezidentin ətrafında olan adamlar ona pis xidmət göstərirlər. Bura mənim doğma torpağımdır, bu torpağın yolunda canımdan da keçərəm. Məndə olan məlumatlara görə, ermənilər bizim kəndlərə buldozer salıb dağınıqlıq yaradırlar. Mən buna dözə bilmərəm. Qeyrət hissi olan azərbaycanlı necə razı ola bilər ki, bu torpaqlar ermənilərin əlinə keçsin. Biz Naxçıvanı qorumalıyıq. Prezidentin qulağını doldurmaq lazım deyil. Mən burada əyləşənləri və bütün naxçıvanlıları birliyə çağırıram. Bu yolda əlimdən gələni edəcəyəm. Mənim tələbim odur ki, kiminsə siyasi maraqları naminə Naxçıvanı ermənilərə satmasınlar».

Əliyev zala göz gəzdirdi: «Sualı, təklifi olan varmı - deyə soruşdu. Vardı. O zaman yayılan şayiələrlə bağlı soruşurdular:

- Kəndlərdə söhbət gəzir ki, Siz Ter-Petrosyanla danışıqlar aparmısınız və Naxçıvanın boşaldılmasına dair razılığa gəlmisiniz. Xahiş edirik ki, təhlükəsizlik orqanları bu şayiələri yayanları tapıb cəzalandırsın.

- Artıq neçə aydır ki, mən Ter-Petrosyanla əlaqə saxlamıram, - deyə Əliyev cavab verdi. - 1992-ci ilin oktyabrından əlaqəmiz olmayıb. Mən Naxçıvanın müdafiəsini öz üzərimə götürmüşəm. Bu müdafiəni bizim hərbi hissələrimiz həyata keçirir. Mən bir nəfər naxçıvanlının da buradan çıxmasına yol verməyəcəyəm. Əgər vətən xainləri imkan versələr, biz sona qədər respublikanı qoruyacağıq».

Sonra isə iclas iştirakçıları ikinci məsələni - çörək problemini müzakirə etməyə başladılar. Heydər Əliyev bildirdi:

- Hər iki gündən bir çörəklə bağlı böhran yaranır. Qoy Abbasov bu barədə müşavirə iştirakçılarına qısa məlumat versin.

«Dünən biz İran İslam Respublikası ilə danışıqlar apardıq, - muxtar respublika baş nazirinin birinci müavini məruzəsinə bu sözlərlə başladı. - Un və buğdanı artıq yola salıblar. Şəhər Polis İdarəsinə sərəncam verilib ki, çörək zavodunun mühafizəsini təşkil etsin».

Müşavirənin sonunda Əliyev həmişəki kimi, bütün rəhbər işçilərə öz tapşırıqlarını verdi. Abbasov isə belə tapşırıq aldı: «İran İslam Respublikasıyla daimi əlaqələr saxlasın və bu barədə Ali Məclisə mütəmadi informasiyalar versin».

10 may 1993-cü il. Heydər Əliyev yetmişilliyi münasibətilə təbrikləri qəbul edir. Qəzetlər Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin təbrikini dərc etmişdi:

«Hörmətli Heydər bəy!

Sizi yetmiş illik yubileyiniz münasibətiylə təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Yüz illərdir ki, bizim xalqımız azadlıq eşqi ilə yaşayır, bizim bir çox siyasətçilərimiz, hərbçilərimiz, incəsənət xadimlərimiz, ədiblərimiz milli dövlətçiliyin və müstəqilliyin əldə olunması naminə öz həyatlarını fəda edib. Bu gün bu arzuların həyata keçirilməsi, bu ideyaların reallaşması missiyası bizim boynumuza düşüb.

Sizinlə səmimilik şəraitində keçən ilk görüşüm zamanı ümumi işimizdə həmrəy olduğumuza, həqiqətən də, çox sevindim.

Sizə uzun ömür və zəhmətinizin bəhrəsini görməyi arzulayıram».

Böyük siyasətdə hər bir sözün əhəmiyyəti var. «Bu missiya bizim boynumuza düşüb»… Deməli, Prezidentin teleqramını oxuyanların çoxu elə hesab edəcək ki, Əliyevlə Elçibəy artıq müttəfiqdirlər. Yox! Prezidentin mətbuat xidmətinin ardınca Heydər Əliyev o görüş barədə öz informasiyasını hazırlamaq əmrini verdi. Qeyd edildi ki, görüşdə blokadada yaşayan Naxçıvandakı ağır iqtisadi-sosial vəziyyət müzakirə edilmiş, çıxış yolları barədə fikir mübadiləsi aparılmışdır. Rəsmi informasiyada qeyd edilirdi: «Azərbaycanın daxili və xarici siyasətiylə bağlı fikir mübadiləsi aparılıb. Bu görüşün səmərəsi barədə danışan ölkə prezidenti qeyd edib ki, Azərbaycanın dövlət əhəmiyyətli məsələlərinin ölkənin tanınmış ictimai-siyasi xadimləriylə müzakirə olunması, bu problemlərin həllində öz müsbət təsirini göstərəcək».

Bir sözlə, başqa görüşlərdən seçilməyən növbəti bir görüş... Amma görəsən, bundan əvvəl Azərbaycan Prezidenti öz bir həftəlik qrafikini pozaraq, kiminlə səkkiz saat fasilə vermədən söhbət etmişdi?

Ara-sıra mübahisə həddinə qalxan həmin görüşdən çıxan Heydər Əliyev birbaşa öz tərəfdarlarının yanına - Yeni Azərbaycan Partiyasının Bakıdakı qərargahına gəldi.

Bunu «Bakinski raboçi» qəzeti yazırdı. Qərargah Nərimanov rayonundakı «Elektrotexnika» İnstitutunda yerləşirdi.

«Mənim Azərbaycan Prezidenti ilə əsaslı söhbətim oldu, - o vaxt Heydər Əliyev deyirdi. - Görüş səkkiz saata qədər davam etdi».

Müxbir daha sonra yazırdı: «Şəxsi məsələlərə görə Bakıya gələn Heydər Əliyevin sözlərinə görə, Prezident Elçibəylə söhbət zamanı Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi məsələsi, respublikadakı ictimai-siyasi vəziyyət, Naxçıvanın blokada şəraiti müzakirə olunmuşdur. Yeni yaranmış partiyanın rəhbəri qeyd etmişdir ki, onun partiyası, Azərbaycanın dövlət quruculuğu ili adlandırılan 1993-cü ildə keçiriləcək bütün tədbirlərdə yaxından iştirak etməlidir. Bakıdakı qərərgahda görüş zamanı o, partiya üzvlərini Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə çağırmışdır».

Bəli, böyük siyasətdə hər kiçik sözün də xüsusi çəkisi var və Heydər Əliyev bunu hamıdan yaxşı bilirdi.

O, gurultulu, təntənəli yubiley məclisi həvəsində deyildi, bu günü öz qohumlarının əhatəsində keçirmək istəyirdi. Bu ərəfədə Türkiyədən oğlu gəldi... Bəs bir-iki günə hərbi mövqelərindən ayrılıb onun görüşünə gələn əsgərlər necə olsunlar? Yaxud Bakıdan gələn Böyük Vətən müharibəsi veteranları? Məgər onların müqəddəs saydıqları 9 May gününü Elçibəy bayramlar sırasından pozub atdığı bir zamanda veteranların sözünü yerə salmaq olardımı?! İlham diqqətlə atasını dinləyir.

- Bizlərdə, Naxçıvanda Qələbə gününü əvvəlki tək bayram edirlər, - deyə muxtar respublika Ali Məclisinin sədri öz qərarını verdi.

- Sizinlə, Heydər müəllim, bu bayram Bakıya qayıdacaq, o, bütün xalqa əzizdir.

Bakıdan gələn jurnalist Svetlana Mirzəyeva özüylə bir töhfə də gətirib, - köhnə, azca soluxmuş fotoşəkildə məşhur balerina Qəmər Almaszadə, çox gənc Zərifə və qardaşı Tamerlan əks olunmuşlar.

Heydər Əliyevin gözləri yaşarır:

- Mən ömrüm boyu Zərifəyə vurğun idim…

Sonra, o öz gündəlik qayğılarını bir qədər unudaraq, həyatda rast gəldiyi, ünsiyyət bağladığı böyük sənətkarlardan söz açır.

- Poeziya, teatr, musiqi, rəssamlıq, heykəltəraşlıq mənim üçün sadəcə maraqlı, cazibədar bir dünya ilə təmas, sadəcə təəssürat dəyişməsi və istirahət deyil. İncəsənətdən qüvvə almışam, ondan optimizm, həyat eşqi duyğusu əxz edirəm. İncəsənət adamlarıyla ünsiyyətdən geniş biliklər alıram, həyatda, insan münasibətlərində gözəlliyi dərindən duyuram.

Görkəmli sənətkarlar Heydər Əliyevi özlərinin həssas zövqlü sənət yoldaşı kimi qəbul edirdilər. Ailə şənliyində Heydər Əliyevin nəğmə oxumasını dinləyən məşhur müğənni Müslüm Maqomayev onun zəngin çalarlı, fitrətdən gələn səsinə heyranlığını bildirmişdi.

Naxçıvanda yaşlı adamlar Heydəri görmək üçün şəhər teatrına necə getdiklərini indi də yaxşı xatırlayırlar. Bəli, o gözəl rəssam, aktyor, memar ola bilərdi. Amma həyat başqa seçimə üstünlük verdi. Siyasət sahəsində də o öz xalqı üçün çox görməyə qadir idi. Ancaq xalq da, onu parlamentə seçən insanlar da hələ bunu dərk edəcəkdilər.

1992-ci ildə Azərbaycan fırtınalı dənizdə kapitansız üzən gəmini xatırladırdı. Respublika parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında idi.

1992-ci il mayın 18-də, ölkənin Ali Sovetinin sessiyasında deputat Eldar İbrahimov xalqı bu bəladan xilas edə biləcək adamın parlamentin sədri seçilməsini təklif etdi. O bildirdi ki, bu mürəkkəb və ağır işin öhdəsindən dövlət idarəçiliyi sahəsində böyük təcrübəsi olan siyasətçi Heydər Əliyev gələ bilər. Təəssüf ki, o zaman həmkarları Eldar İbrahimovun təklifini müdafiə etmədilər.

 

IX FƏSIL

QAYIDIŞ

May-iyun, 1993-cü il,

Naxçıvan-Bakı

 

İxtisASCa jurnalist olan, bu kitab yazılan zaman isə Naxçıvanda Ali Məclis aparatının başçısı işləyən Əli Həsənovun günbəgün apardığı xronikaya bu epizod düşməmişdir: Mətbuat katibinin tapşırığı ilə neft lampası Əliyevin kabinetindən götürülərək onun otağına aparılır və açarla bağlanmış dolabda saxlanılır. Əlbəttə, mətbuat katibinin niyyəti növbəti dəfə işıq kəsiləndə şefin çırağından faydalanmaq deyildi. Bu qədirbilən insan xəyalən həmin çırağı gələcək Əliyev muzeyində görürmüş... Yeri gəlmişkən, deyək ki, elə belə də oldu...

Xronikada başqa bir önəmli hadisə öz əksini tapmışdır: 1993-cü ilin iyun ayında Naxçıvan İran enerji şəbəkəsinə qoşuldu. Blokada məngənəsində qalmış muxtar respublikaya oradan, Təbrizdən qaz kəməri də çəkilirdi.

Bu yeniliklər, ilk növbədə Naxçıvan bazarının nırxına təsir göstərdi: neft çıraqları ucuzlaşdı, müştəriləri də azaldı, alanlar da tək-tük bədgümanlı, kəm inamlı bəndələr idi.

Heydər Əliyevin yetmişilliyi ərəfəsində «Bakinski raboçi»dən bir jurnalist müsahibə almaq üçün onun razılığını almağa nail oldu. Əliyev jurnalisti qəbul etdi, suallarına həvəslə cavab versə də, ayrılanda bildirdi ki, onların müsahibəsi çətin ki, işıq üzü görsün.

Elə bil ürəyinə dammışdı. Mayın onu, iyirmisi ötdü, iyun gəlib çıxdı, «Bakinski raboçi»dən səs çıxmadı. Haçandan-haçana, iyunun 10-da «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram» başlığı ilə müsahibə dərc olundu.

Kənardan baxana yazının qəzetdə yubanması adi hal kimi görünə bilər. Əyalətdə oturmuş bir muxtariyyət rəhbərinin müsahibəsinin bir ay tez, ya gec çıxmasının nə fərqi... Amma 1993-cü ilin may ayındakı Azərbaycanla iyun ayındakı Azərbaycan bir-birindən fərqlənirdi. Onları Gəncə hadisələri ayırırdı.

Qədim Gəncə əsrlər boyu çox sınaqlardan keçmiş, çox bəlalar görmüşdür. Əhalisinin sayına görə bu Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəridir, böyük sənaye, elm və mədəniyyət mərkəzidir. Rusiyaya birləşənə qədər bu şəhər Gəncə xanlığının paytaxtı olmuşdur.

Buranın mərd əhalisi xanlığı mühasirəyə alan yadelli işğalçılara qarşı inadla mübarizə aparmışdır. Öz qəhrəman əcdadını, 1803-cü ildə rus təə-bəliyini qəbul etmək barədə Qafqaz ordusunun komandanı general Sisyanovun təklifini rədd edən cavad xanı da xalq heç vaxt unutmamışdır. Bəli, Gəncə çox şey görmüşdü, amma həmyerlilərinin bir-birinə güllə atdığını görməmişdi.

Polkovnik Hüseynovun tankları

İyunun 4-də, səhər saat 6-da rəsmi məlumatlarda deyildiyi kimi, polkovnik Surət Hüseynovun başçılıq etdiyi «7097 saylı hərbi hissənin zərərsizləşdirilməsi üzrə əməliyyat başlandı». Bu hissəyə qarşı prezident qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, daxili qoşunların bölümləri hücuma keçdilər. 68 nəfər hərbi qulluqçu və mülki şəxs həlak oldu. Müqavimət göstərən on iki əsgər tankların tırtılları altında məhv oldu. Hökumət qüvvələri darmadağın edildi - 1200 nəfər əsir düşdü, onlardan 180-i zabit idi. Ola bilsin, onlar özləri Surət Hüseynovun tərəfinə keçmişdilər. Çünki onlar da, S. Hüseynov kimi, korrupsiya azarına düçar olan rejim uğrunda döyüşmək istəməmişdilər.

Gəncədən qayıdan parlament komissiyasının hesabatından sonra deputatlar iki saat yarım milli televiziya ilə birbaşa yayım aparılmasının zəruriliyini çək-çevir edirdi. Prezident Əbülfəz Elçibəy və Milli Məclisin sədri İsa Qəmbər translyasiyanın respublikada onsuz da gərgin vəziyyəti daha da kəskinləşdirəcəyini bildirirdilər. Deputatların əksəriyyəti onlarla razılaşmırdı. İyunun səkkizində, saat 19. 30-dan birbaşa yayım başlandı.

Bu tarixi hadisələrə bir qədər ətraflı diqqət yetirək.

Heydər Əliyev hələ Naxçıvandadır. Elçibəy ona gündə iki-üç dəfə telefon açıb Bakıya gəlməsini, ölkəni xaosdan qurtarmasını təvəqqe edir.

Polkovnik Hüseynovun tankları camaatın canına vəlvələ sala-sala Bakıya doğru şütüyür.

Elçibəy iki dəfə Heydər Əliyevi gətirmək üçün öz təyyarəsini göndərir - ekipaj dəvət olunan şəxssiz geri qayıdır.

İyunun 7-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisini və Nazirlər Kabinetini təcili iclasa yığır. Bakıdan və Gəncədən qarışıq informasiyalar gəlir (Azərbaycan Milli Məclisindən canlı yayım hələ axşam saat səkkizdə başlanacaq).

- Mən Prezident Elçibəylə telefonda danışdım, - deyə Heydər Əliyev öz həmkarlarına bəyan edir. - O mənə dedi ki, Surət Hüseynov qiyam qaldıraraq dövlətin əleyhinə çıxıb. Bizim bildiyimizə görə, bir neçə nüfuzlu ağsaqqal onunla danışıqlar aparmaq üçün Gəncəyə gedib. Bu danışıqların nəticələri barədə hələlik heç bir məlumat yoxdur. Buna baxmayaraq, təklif var ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu məsələyə öz münasibətini bildirərək bəyanat qəbul etsin.

Bəyanat layihəsini hazırlayanlar hamını barışığa və Prezidentin ətrafında birləşməyə çağırırdılar.

- Biz yekun qərar qəbul edə bilmərik, çünki hələ çox şey bizə aydın deyil, - deyə Heydər Əliyev məsələyə aydınlıq gətirdi. - Ona görə də mən boynuma məsuliyyət götürüb konkret fikir bildirə bilmərəm.

O, həmkarlarına diqqətlə qulaq asır, kiməsə etiraz edir, kiminləsə razılaşır - təbəssümlə, jestlə, replika ilə - «bizim bəyanatımız xalqı birləşməyə çağırmalıdır, xalq vətəndaş müharibəsi təhlükəsi qarşısındadır. Buna yol vermək olmaz».

Naxçıvanın səsi bütün dünyaya yayıldı:

«Biz bütün həmvətənlilərimizi birliyə və milli həmrəyliyə çağırırıq. Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, müstəqil dövlət quruculuğu naminə danışıqlar vasitəsilə, sülh yolu ilə həll ediləcəkdir».

«Xilaskar gələcəkmi

Hakimiyyətsizliyin və xaosun arxada buraxdığı izlər təlaş və vahimə doğururdu. Ermənistanın təcavüzü genişlənir, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhvali-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi. Əbülfəz Elçibəy Bakıda prezident idi, Surət Hüseynov isə Gəncədə hakimi-mütləq. Ölkədə anarxiya hökm sürürdü.

Dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmiş, strateji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı. Müharibə aparan ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı.

Aparılan səriştəsiz daxili siyasətin nəticələri daha ağır idi. Milli münasibətlər bilərəkdən kəskinləşdirilmiş və Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ölkə həqiqi mənada vətəndaş müharibəsinin astanasında idi. Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə, Gəncəyə hücum planı hazırlayırdı... 1993-cü ilin iyun günləri belə idi...

İllərlə küçə və meydanlarda “Azadlıq”, “Müstəqillik” hayqıran milləti bu günlərin məşəqqəti necə sıxmış, necə karıxdırmışdısa, azadlığı da, müstəqilliyi də qarğımaq və lənətləmək günahına batmaq onu qorxutmurdu. Azərbaycan dizüstə düşüb, can üstə olan balasına göylərdən şəfa diləyən ağbirçək nənəni xatırladırdı.

Bu millətin əsgərləri torpağına yeriyən düşməndən yox, kürəyinə açıla biləcək “qardaş” gülləsindən ehtiyatlanırdı. Amma təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını söndürə bilmirdi. Ölümün təkidləri nə qədər sərt olsa da, «olum» intihara tələsmirdi. Çünki böyük Azərbaycan ulu Naxçıvandan xəbər gözləyir, Azərbaycan xalqı öz əzəmətli sərkərdəsini soraqlayırdı...

... “Gələcək, gəlməyəcək?” Onu az-çox tanıyanlar bu taleyüklü suala birmənalı cavab verirdilər: Heydər Əliyev canını qurban verər, ancaq Vətənini, torpağını, xalqını fəlakətdə qoymaz! Bu cavabın qarşısında cavabsız qalan sonsuz suallar dursa da, onun gətirdiyi təskinlik, toxtaqlıq ümidləri daha da alovlandırırdı. Yuxusu ərşə çəkilmiş millətin əsgəri də, fəhləsi də, ağbirçəyi də sabahı bu ümidlə açırdı.

Elçibəyin zəngləri isə Heydər Əliyevə nə işdə, nə də evdə rahatlıq vermirdi.

Heydər Əliyev sonralar xatırlayırdı:

- Mən telefonla Elçibəylə danışdım və Bakıya gəlməkdən imtina etdim. İyunun doqquzunda Surətin qoşunları Bakının 100 kilometrliyində idi. Onun adamları təhqir olunmuşdular, deyirdilər: «Bakıya gəlsək, cinayətkarları fənərlərdən asacağıq!» Elçibəy yenə dalımca təyyarə göndərdi, yalvardı ki, gəlim.

Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan VƏTƏNDAŞ nəhayət ki, qayıtdı, özünü yetirdi. Onu qarşılayan izdihamı görmədən, bəlkə də, bu dahi şəxsiyyətin xalq arasında hansı hüsn-rəğbətə, hansı məhəbbətə sahib olduğunun gerçək mənzərəsini təsəvvürə gətirmək və dərk etmək çətin olardı. Sevincindən ağlayanların sayı-hesabı yoxdur. Əlləri göylərdən asılmış minlərlə insan Tanrının bu səxavətinə, onun göndərdiyi xilaskara alqışlar yağdırırdılar. Bu tükürpərdən səhnənin canlı şahidi kimi, həm də bu kitabın müəlliflərindən biri kimi mən də, elə bil yüz ilin ağırlığını, qəm-kədərini bir andaca üstümdən atıb yüngülləşirəm. İzdihamdan dualar, alqışlar kəsilmək bilmir. Yerbəyerdən eşidilirdi: “Azərbaycan qurtuldu”, “Millətin atası gəldi”, “Azərbaycanın yiyəsi qayıtdı”. Bu ifadələrin hər biri canında illərin təlaş və qorxusunu yaşadan milyonların ürəyinə sərin bir toxtaqlıq gətirirdi.

Millət atası nə qədər qamətli, vüqarlı, əzəmətli görünsə də, xalqın baxışlarındakı sevincdən daxilən kövrəlmişdi. Amma bunu çox az adam görə bildi. Onun baxışları izdihama böyük bir toxtaqlıq verdi. Çöhrələr açıldı, alqış sədaları zilə qalxdı. Böyük qayıdışdan QURTULUŞA yol başladı.

 

Mərkəz.- 2010.- 30 noyabr.- S. 10-11.