HEYDƏR ƏLİYEV

 

17 mart 1991-ci ildə SSRİ-nin saxlanılmasına dair Ümumittifaq referendumu keçirildi. SSRİ, o cümlədən də Azərbaycan vətəndaşlarının çoxu İttifaqın saxlanılmasına səs verdi. Moskvadakı avqust hadisələrindən sonra isə respublikaların əhalisi bu dəfə müstəqilliyə səs verdilər.

İndi Bakıda və Moskvada, Tehranda və Parisdə, Ankarada və Nyu-Yorkda siyasətçiləri «Naxçıvanda hansı yeniliklər baş verir?» sualı da düşündürürdü… Naxçıvana, Heydər Əliyevin görüşünə diplomatlar, jurnalistlər, ictimai və dövlət xadimləri gəlirdilər…

Son yetmiş ildə ilk dəfə olaraq Amerika diplomatları - ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşları xanım Eni Breyger və cənab Obri Karlson Naxçıvana qonaq gəldilər. Qonaqlar muxtar respublikadakı iqtisadi və siyasi islahatlarla, Azərbaycan rəhbərliyi ilə olan münasibətlərlə maraqlanırdılar.

Onların ardınca İran diplomatları təşrif buyurdular - onların yolu yaxın idi, Moskvadan yox, Bakıdan gəlirdilər. Diplomatlar Naxçıvan Ali Məclisinin sədrini inandırırdılar ki, «İran öz millət və din qardaşlarına istənilən köməyi etməyə hazırdır. Zəncanda zəlzələdən sonra Arazın şimalından qardaşlarımız bizim köməyimizə gəlmişdilər. Biz də sizi ağır vəziyyətdə tək qoymarıq».

İran İslam Respublikası səfirliyinin birinci katibi Mehdi Abbas Paydar Naxçıvanda İran konsulluğunun açılması barədə rəsmi müraciət təqdim etdi. Ali Məclisin mətbuat xidməti bu barədə 1992-ci il yanvarın 21-də yazırdı: «Heydər Əliyev bu təklifi qəbul etdi. O, eyni zamanda, Təbriz şəhərində Naxçıvan Muxtar Respublikasının konsulluğunun açılmasının da vacib olduğunu bildirmişdi».

Naxçıvan Respublikası parlamentinin sədri başqaları ilə yanaşı, Zaqafqaziya sərhəd dairəsi qərargah rəisinin müavini Konstantin Totskini də qəbul etmişdi. Həmin günlərdə Ali Məclis Dünya Azərbaycanlılarının həmrəylik günü haqqında təklifi müzakirə edirdi. Təklif olunurdu ki, bu gün «Sovet-İran dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ilə Cənubi Azərbaycan hissəsində tikanlı məftillərdən ibarət səddin dağıdıldığı 31 dekabr 1989-cu il tarixinin şərəfinə hər il dekabrın 31-də qeyd edilsin».

Heydər Əliyev sərhəd hərəkatının, vətənpərvər gənclərin fəaliyyətinin böyük əhəmiyyəti olduğunu qeyd edirdi: «Moskvada olduğum vaxt, mən bu hərəkatın necə cinayət aktı kimi qələmə verildiyinin şahidi oldum. Sov. İKP MK və Azərbaycan KP MK bu vətənpərvərlik hərəkatına açıq-aşkar böhtan və şər atırdı. Mən, bu hərəkat zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsini zəruri hesab edirəm».

Sərhəd dairəsi qərargahının rəis müavini sərhəddəki özbaşına hərəkətləri təbii ki, tamam başqa cür qiymətləndirirdi.

Doqquz il ötəndən sonra Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Federal Sərhəd Xidmətinin direktoru general-polkovnik Totski onların Naxçıvandakı dialoqlarını xatırlayacaq.

- 1991-ci ildə Naxçıvanda sizin tərəfinizdən qəbul olunmaq mənə müyəssər olmuşdu. Siz mənə bir çox dəyərli məsləhətlər verdiniz. O vaxt vəziyyət çox mürəkkəb idi. Siz buna çox ayıq yanaşır, konkret vəzifələr qoyurdunuz. O vaxt bu kifayət qədər ağır qarşılanırdı. Xeyli zaman ötdü, biz hamımız dərk etdik, yaşadıq, anladıq ki, belə də olmalı idi. Konkret ərazi var, bu xalq var, hakimiyyət var və sərhəddə qayda-qanunu yalnız Moskva qoymalı deyil. Siz bunu çox dürüst müəyyənləşdirdiniz. Ümumdövlət miqyaslı qaydalar var və nəzərə alınmalı yerli problemlər də var…

Sov. İKP Mərkəzi Komitəsində millətlərarası münasibətlər şöbəsinin məsləhətçisi, 1975-ci ildən üzübəri MK aparatında işləmiş ilk azərbaycanlı, əvvəllər «Komsomolskaya pravda»nın jurnalisti olmuş Rafael Hüseynov Moskvadan Naxçıvana gəldi. Əliyev onu hələ Bakıdan, «Molodyoj Azerbaycana» qəzetinin redaktoru olduğu dövrdən tanıyırdı. Moskvadan gələn qonağın Liqaçov tərəfindən göndərildiyini eşidən Əliyev təəccübləndi, bir qədər ehtiyatla qarşılasa da, göstərilən diqqətə görə təşəkkürünü bildirdi. Dedi ki, ona heç nə lazım deyil, bircə Bakıdakı mənzilinin qaytarılmasını istəyir. Amma rəsmi Bakı üçün Heydər Əliyev «arzuolunmaz şəxs» sayılırdı… Və həm də təhlükəli.

 

19 iyul 1991-ci il, Moskva

 

Kommunist Heydər Əliyevin İttifaq Nazirlər Sovetinin partiya təşkilatına Sov. İKP-dən çıxmağı haqqında göndərdiyi ərizəsinin altında bu tarix göstərilmişdir. Burada ona qarşı yönələn dönüklüyün, satqınlığın acı-ağrısı, xalqın dərdi, bütövlükdə böyük ölkənin faciəsi duyulur. Tarix nəhəng məmləkətin son günlərini saysa da, sükanı idarə edənlərin gözü kor idi.

Heydər Əliyev ərizəsini 1982-ci ildən, Moskvaya işə keçdiyi vaxtdan qeydiyyatında olduğu partiya təşkilatına ünvanlamışdı.

«Sizin nəzərinizə çatdırıram ki, Sov. İKP-dən çıxmaq qərarına gəlmişəm. Bəri başdan xəbərdar etmək istəyirəm ki, bu sadəcə «moda»ya uymaq deyil, mənim son illər ərzində keçirdiyim peşmançılıqların və dəyərlərin yenidən qiymətləndirilməsi üzrə ağır yolun yekunudur.

Məni bu addımı atmağa vadar edən əsas səbəblər aşağıdakılardan ibarətdir:

Birinci. Sov. İKP-dən çıxmaq fikri məndə hələ 1990-cı ilin 20 yanvarında, mərkəzin siyasi rəhbərliyi və Azərbaycan KP MK tərəfindən Azərbaycan xalqına qarşı yönəldilmiş hərbi təcavüzlə bağlı yaranmışdır. Yanvar hadisələri nəticəsində aralarında qocalar, qadınlar, uşaqlar olan yüzlərlə günahsız dinc sakin həlak olmuş və yaralanmışdır.

Öz çıxışlarımda bu antihumanist, antikonstitusion, hüquqazidd aktı pisləyərək, mən Sov. İKP MK, Azərbaycan KP MK tərəfindən bu cinayətin açılmasına, günahkarların üzə çıxarılmasına ümid edirdim. Çətinliklə özümü saxlayaraq, səbrlə gözlədim. Bu çıxışlara cavab olaraq tezliklə öndə «Pravda» qəzeti olmaqla partiya mətbuat orqanlarının mənə qarşı kütləvi basqıları təşkil olundu. Mənə qarşı uydurulmuş faktlar yayan həmin kütləvi informasiya orqanlarında əsaslandırılmış təkziblərlə çıxış etmək cəhdlərim əbəs idi. Yenidənqurmanın əsas nailiyyəti kimi elan edilən aşkarlıq praktikada birtərəfli oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xalq deputatlarının, vətəndaşların müxtəlif qruplarının, ziyalıların görkəmli nümayəndələrinin, yanvar faciəsinin günahkarlarının müəyyənləşdirilməsi və cəzalandırılması haqqında dəfələrlə müraciətləri Azərbaycanın kommunist rəhbərliyi tərəfindən inadla rədd edilir.

Il yarım keçmişdir. Günahkarları çoxdan məlum olan bu dəhşətli cinayətin açılması üçün nəinki heç nə edilməmiş, əksinə bu faciəni unutdurmağa zamanın kömək edəcəyini düşünərək, onun ört-basdır edilməsi üçün bütün lazımi tədbirlər görülür. Lakin tarix bizə dəfələrlə sübut etmişdir ki, illər də, onilliklər də heç kimi xalqına qarşı törədilmiş qanlı cinayətləri unutmağa və bağışlamağa məcbur edə bilməz.

İkinci. Erməni millətçilərinin, Sov. İKP MK-nın himayədarlığı və səyilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaradılmış kəskin münaqişəli vəziyyət mərkəzin ikiüzlü siyasəti nəticəsində artıq üç ildən çoxdur ki, davam edir. Vilayət, əslində Azərbaycanın dövlət idarəçiliyindən çıxmışdır.

Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü, Konstitusiyaya rəğmən kobudcasına pozulmuşdur. Ermənistan və Azərbaycan arasında elan olunmamış müharibə gedir, demək olar, hər gün bu və digər tərəfdən insanlar həlak olur. Və bütün bunlar «humanist» ideologiyalı sovet dövlətinin hüdudlarında baş verir.

Əminəm ki, partiya rəhbərliyinin istəyi olsaydı, hələ 1987-88-ci illərdə qondarma Dağlıq Qarabağ məsələsilə bağlı yaranmış millətlərarası münaqişənin lap başlanğıcında qarşısı alına bilər, həm Azərbaycan, həm erməni xalqına ağırdan-ağır bəlalar və müsibətlər gətirmiş get-gedə güclənən qarşıdurmaya, qan tökülməsinə yol verilməzdi. Deməli, siyasi mərkəzə bu münaqişə lazım imiş.

Üçüncü. Bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin elan edilməsi dövründə, respublikanın ərazi bütövlüyünün qorunması naminə 1988-ci ildə Azərbaycanda baş qaldırmış geniş demokratik hərəkat Sov. İKP MK rəhbərliyi altında Azərbaycan KP MK tərəfindən inadla sıxışdırılır. Bu illər ərzində nə qədər adam siyasi motivlərə görə həbs olunub.

Il yarımdır ki, Azərbaycanın iki milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz belə şəraitdə respublika Ali Sovetinə «demokratik» adlanan seçkilər və İttifaqın saxlanılması lehinə müsbət nəticəsi əvvəlcədən bilinən referendum keçirilmişdir. Fövqəladə vəziyyət rejimində hansısa demokratiyaya və xalqın iradəsinin azad ifadə edilməsinə ümid bəsləmək sadəlövhlükdür.

Demokratik təşkilatlar seçicilərin mütləq əksəriyyətinin referenduma qatılmaması, onun nəticələrinin saxtalaşdırıldığı haqqında dəfələrlə məsələ qaldırmışdılar. Lakin Azərbaycanın kommunist rəhbərliyi, hətta bu müraciətlərə baxılmasını da mümkün saymadı.

Mən mərkəzin sırıdığı yeni İttifaq müqaviləsinə qarşı çıxmışam və çıxıram. Bir suveren dövlətin tərkibində birləşən bir neçə dövlətin suverenliyi, bu anlayışdan irəli gələn bütün azadlıqları, səlahiyyətləri ilə funksiyaları ola bilməz.

Bütün müttəfiq respublikalara milli-dövlət dirçəlişi naminə həqiqi siyasi, iqtisadi azadlıq və müstəqillik verilməlidir. Bu heç də respublikaların iqtisadi inteqrasiyasına və ənənəvi əlaqələrinə mane olmur, əksinə, onların təkmilləşdirilməsinə və ikitərəfli və çoxtərəfli əsaslarla inkişafına xidmət edəcəkdir.

Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının xalq deputatı olaraq mən öz çıxışlarımda bütün bu məsələləri dəfələrlə qaldırmışam, xalqın qarşısında nüfuzunu tam itirmiş Azərbaycan Kommunist partiyasına hakimiyyət monopoliyasından əl çəkməyi, bütün siyasi qüvvələrin azad və bərabərhüquqlu fəaliyyəti üçün şəraiti təmin etməyi, demokratik cəmiyyətin yetişməsinə, siyasi plüralizmə və aşkarlığa tam ölçüdə şərait yaratmağı təklif etmişəm.

Lakin bütün bu çıxışlar və mənim təkliflərim Azərbaycan kommunist rəhbərliyi tərəfindən nəinki baxılmır, ünvanıma yeni hazırlanmış və təşkil olunmuş hücumlar şəklində cavab reaksiyası doğurur. Mənim çıxışlarımı Azərbaycanda dərc etdiklərinə görə qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar.

Bütün yuxarıda dediklərim məni son addımı atmağa və Sov. İKP-dən çıxmağımı elan etməyə vadar etdi, hərçənd belə bir qərarı qəbul etmək həddən artıq çətin idi. Mən kommunistlər ailəsində boya-başa çatmışam və bütün şüurlu həyatım Kommunist partiyası ilə bağlıdır. Öz taleyimi bolşevik partiyası ilə iyirmi yaşımdan - 1943-cü ildən bağlamışdım.

Mən Kommunist partiyasının ideallarına səmimi inam bəsləyirdim və onun planlarının gerçəkləşdirilməsində fəal iştirak edirdim. İndi bu inam büsbütün qırılmışdır.

Yeniləşən partiya, yeniləşən Respublikalar İttifaqı haqqında sonsuz bəyanatlar xalqı növbəti dəfə aldatmaqdır.

Xalqa düz və açıq deyilməldir ki, ölkəmizdə kommunist eksperiment, sosializm seçimi özünü doğrultmamış, zorla yaradılan və dəstəklənən Respublikalar İttifaqı özünün axırına çatmışdır.

Bu ərizədən sonra qarşımda yaranacaq çətinlikləri təsəvvür edir, cürbəcür hücumları və mənəvi təqibləri öncədən görürəm.

Partiyanın keçdiyi yolun ayıq-sayıq təhlili məni açıqladığım hazırkı mövqeyə gətirib çıxarmışdır. Bununla belə öz məsuliyyətimin ölçüsünü də dərk edirəm.

Sov. İKP sıralarını tərk edərək bütün vicdanlı və əxlaqlı, hələ də bu partiyaya inam və ümid bəsləyən kommunistlərə öz hörmətimi bildirirəm.

 

Heydər Əliyev

19 iyul 1991-ci il. Moskva şəhəri».

 

Heydər Əliyev cəsarətli qərar qəbul etdi. O, iqtidar başında duran cənablardan daha uzaqları görür, hadisələrin hansı məcrada inkişaf etdiyini təsəvvür edirdi. Avqust qiyamına düz bir ay qalırdı.

 

Qiyam

 

İyulun onunda RSFSR Ali Sovetinin təntənəli iclasında Yeltsinin inaqurasiyası keçirildi. O, Rusiya Federasiyasının Prezidenti oldu. İki hakimiyyət - ümumittifaq və ümumrusiya - arasında münasibətlər son dərəcə gərginləşdi. Necə deyərlər, bıçaq sümüyə dirəndi.

Ölkənin az qala üçdə iki hissəsini tutan ərazidə ali hakimiyyət kimə mənsub olmalıdır - İttifaqa, ya Rusiyaya, konkret olaraq Qorbaçova, yoxsa Yeltsinə? İttifaq parlamenti qanunlar qəbul edir, Rusiya parlamenti isə onlara məhəl qoymurdu.

Yeltsinin ən yaxın məşvərətçisi (o zaman onun baş nazir olacağı gözlənilirdi) Mixail Boçarov böyük bir toplantıda çıxış edərkən nitqində on dəfə «Rusiyanın müstəqilliyi» ifadəsini işlədəndə, keçmişdə Andropovun, Brejnevin məsləhətçisi olmuş, politoloq Fyodor Burlatski ona sadə bir sual verir:

- Yaxşı, siz SSRİ-ni parçalayırsız, bəs sonrası necə olsun? RF özü necə olacaq? Bəs Tatarıstan, Başqırdıstan, Çeçenistan, İnquşetiya da RSFSR-dən çıxmalarını bəyan etsələr, siz onda neyləyəcəksiniz?

Boçarov çaşbaş qalıb mızıldayır:

- Biz onlarla danışıqlara girəcəyik.

Əliyev bu əhvalatlara geniş yer ayırmış qəzeti bir kənara qoydu. Burlatskini o çoxdan tanıyırdı, kitablarını əlində qələm mütaliə edirdi. Əlbəttə, Fyodor haqlıdır, di gəl ki o, bu qurd balalarını inandıra bilməyəcək.

1991-ci il avqustun 15-də «Moskovskiye novosti» qəzeti Qorbaçovun hamıdan gizli saxladığı İttifaq müqaviləsinin layihəsini dərc etdi. DTK-nın sabiq sədri Kryuçkovun söylədiyinə görə, Krımda istirahət edən Qorbaçov cin atına minir, qəzəblə zəng vurub məlumatın üzə çıxmasına bais olanları tapıb cəzalandırılmasını tələb edir. Lakin artıq iş işdən keçmişdi. Ölkəni bürüyəcək siyasi qasırğa yaxınlaşmaqdaydı.

1991-ci il avqustun 19-da SSRİ-nin ayrı-ayrı yerlərində səhər saat 4-dən etibarən altı ay müddətinə fövqəladə vəziyyət tətbiq edilməsi haqqında xəbər ölkəyə yayıldı. «Sovet rəhbərliyinin bəyanatı»nda bu tədbirin səbəbləri və məqsədləri açıqlanırdı. Bütün SSRİ ərazisində SSRİ Konstitusiyası və Sovet İttifaqı qanunlarının şərtsiz aliliyi vurğulanırdı.

Bu bəyanatın 3-cü maddəsində SSRİ-də fövqəladə vəziyyət üzrə Dövlət Komitəsinin yaradılması bildirilirdi. FVDK («QKÇP» red.) «Sovet xalqına müraciət» adlı sənəd qəbul etdi.

Elə həmin günü Prezident Yeltsin də öz müraciətini səsləndirdi. O, Taman diviziyasının 110 saylı tankının üstünə qalxaraq (Rusiya hökuməti binasının qarşısına yeni rəhbərlərin qorunması məqsədilə zirehli texnikanı general Lebed yeritmişdi) Rusiya vətəndaşlarını müqavimətə çağırdı. Ardınca Yeltsinin FVDK təşkilatçılarının hərəkətlərini dövlət çevrilişi adlandıran fərmanı dərc olundu. İki gündən sonra qiyam yatızdırıldı. Sonra da növbə Sovet İttifaqı Kommunist Partiyasına çatdı.

Yeltsinin milyonlarla televiziya tamaşaçısının gözü qabağında Sov. İKP fəaliyyətinin dayandırılması haqqında fərman imzalamasını Kremldən birbaşa göstərən telereportaja Heydər Əliyev uzaq Naxçıvanda baxırdı. Açıq pəncərə önündə ucalan çinar avqustun bürküsündə üzgün kimi görünürdü. Hardasa qonşu qadınlar uşaqları üçün dəftər-kitab alacaqları haqqında söhbətləşirdilər. O, pəncərəni örtdü.

Yeltsin Qorbaçova söz verdi. Mixail Sergeyeviç danışmağa başlayanda Yeltsinə Moskva meri Qavril Popovdan gələn xəbəri çatdırdılar: Sov. İKP Mərkəzi Komitəsinin binaları ələ keçirilmişdir. Yeltsin Qorbaçovun sözünü kəsdi. Deputatların, milyonlarla televiziya tamaşaçısının gözü qarşısında nümayişkaranə ədayla Sov. İKP fəaliyyətinin dayandırılması haqqında fərmanı imzaladı… Gülümsünüb dedi:

- Fərman imzalandığı andan qüvvəyə minir.

Bu, Yeltsinin təntənəsi, bir zamanlar hamının gözü qarşısında «daşqalağa» tutulduğu Sov. İKP MK-nın oktyabr plenumuna görə, XIX partiya konfransında alçaldılmasına görə onun Qorbaçovdan aldığı qisası idi, özü də hələ bununla haqq-hesab bitmirdi. Yeltsin qələbənin sevincini yaşayırdı və o, öz hərəkətlərini qətiyyən götür-qoy etmək iqtidarında deyildi. Qorbaçov hələ nə baş verdiyini əməlli-başlı anlamırdı, o, kürsüdən taqətsiz halda etiraz etməyə çalışdı ki, bu aksiya antikommunist isteriya dalğasını doğura bilər, təhlükəli olar, haqsızlıq törədər. Yeltsin əlini yellətdi: «Boşla, Mixail Sergeyeviç Deputatlardan kimsə mikrofona doğru şığıyıb isterik səslə bağırdı ki, «bütün kommunistləri süpürgəylə ölkədən süpürüb atmaq lazımdır».

Qorbaçov çılğın opponentini ayılmağa çağırır:

- Siz, olmaya, ölkədən 18 milyon kommunisti, ailələrilə isə - 50-70 milyon adamı qovmaq istəyirsiniz? Özünüzü demokrat adlandırırsınızsa, demokrat da olun!

Heydər Əliyev televizorun səsini azaltdı. Moskvadakı hadisələr, hakimiyyət çəkişmələri onun seçiminin - Azərbaycanın müstəqillik yolunun düzgünlüyünə inamını daha da möhkəmlətdi.

Avqustun 24-də Heydər Əliyev «Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasının çağırılması» təklifi ilə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə müraciət etdi.

«Hərbi xunta - FVDK-nın həyata keçirdiyi dövlət çevrilişi ilə əlaqədar Azərbaycan Prezidenti, Sov. İKP MK üzvü, Azərbaycan KP MK-nın birinci katibi A. Mütəllibovun mövqeyini və fəaliyyətini obyektiv müzakirə edib qiymət vermək…»

İmzaladı: Azərbaycan Respublikasının xalq deputatı H. Əliyev.

 

Avqustun 29-da Azərbaycan Ali Sovetinin sessiyası başlandı. Həmin həlledici avqust günlərində hər yerdə olduğu kimi salonda da ehtiraslar coşurdu. Nəhayət, kürsüyə xalq deputatı Heydər Əliyev qalxır. Təmkinlə çıxışına başlayır: «Hörmətli millət vəkilləri! Ölkədə, cəmiyyətdə siyasi və iqtisadi böhran, dövlət, hakimiyyət böhranı son dərəcə şiddətlənmişdir…

Bu dövrdə bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanmaz səhvlərdir».

Stenoqramın bu yerində belə bir qeyd yazılmışdır: «Salonda etiraz səsləri eşidilir».

Heydər Əliyev təmkinlə həmkarlarına üz tutur:

«- Sessiyada hər bir deputatın sözünü deməyə hüququ var, - kiçik pauzadan sonra sözünə davam edir. - Belə siyasətin nəticəsində respublikanın kommunist rəhbərliyi avqust ayının 19-22-də ölkədə dövlət çevrilişi və Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin fəaliyyətini faktiki olaraq bəyənmiş və beləliklə də, Azərbaycan xalqını çox pis vəziyyətdə qoymuşdur…»

Deputat Əliyev Bakıda il yarım ərzində qüvvədə olan fövqəladə vəziyyətin ləğv edilməsini, Azərbaycan Respublikası rəhbərliyinin FVDK-ya aid mövqeyini aydınlaşdırmasını tələb edir. O deyir: «Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Ali Sovetin sədri Elmira Qafarovaya və Prezident Ayaz Mütəllibova sual verirəm: Nə üçün indiyə qədər 20 Yanvar faciəsinə siyasi qiymət verilməyib

Stenoqrama nəzər salaq:

«Elmira Qafarova: Ayın 20-də sessiyada qiymət verilmişdir.

Heydər Əliyev: Əgər verilibsə, bu hərbi təcavüzün günahkarı kimdir?

Bu gün deyilir ki, Yazov, Kryuçkov, Bakatin, Girenko, Qorbaçov. Bəli, belədir. Bəs, Azərbaycan rəhbərliyindən kimlər günahkardır? Bəli, bu şəxslər də məlumdur: Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa büro üzvləri. Əgər başqa adamlar da günahkardırsa, aydınlaşdırmaq lazımdır. Bunlar aydınlaşdırılana qədər, əgər başqa qüvvələr də, günahkardırlarsa, - demokratik qüvvələr, Xalq cəbhəsi, - onlara da siyasi qiymət vermək lazımdır. Bunlar aydınlaşdırılmayana qədər Azərbaycanda siyasi sabitliyi əldə etmək olmaz. Əgər buna siyasi qiymət verilibsə, mən Ayaz Mütəllibovdan xahiş edirəm ki, desin, nə üçün Qorbaçov 9 respublikanın rəhbərləri ilə görüşündə 3 nazirin təyin olunması üçün razılıq alarkən, Ayaz Mütəllibov Bakatinin Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunmasına etiraz etməmişdir? Əgər edibsə, qoy desin. O öz çıxışında demədi. Nə üçün 20 Yanvar faciəsinin əsas günahkarlarından biri olan Vəzirov Azərbaycan Respublikasından xalq deputatlarının qurultayını hazırlayan komissiyaya seçilibdir? Onu kim təqdim edibdir? Əgər bunu Azərbaycan Respublikasının rəhbərləri ediblərsə, onlar Azərbaycan xalqının qarşısında günah ediblər. Mən bunu tam açıqlığı ilə demək istəyirəm.

Mən də çıxış edən deputatların fikri ilə razıyam ki, bütün bu məsələləri aydınlaşdırmadan Azərbaycanda prezident seçkiləri keçirmək olmaz. Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının tam əksəriyyəti kommunist olduqlarına görə bütün kommunist partiyasının rəhbər orqanlarında fəaliyyət göstərən adamlar parlamentə deputat seçildiklərinə görə və Azərbaycan Kommunist Partiyası çox şeylərdə günahkar olduğuna görə mən hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti buraxılmalı və yenidən seçkilər aparılmalıdır.

Belə kəskin çıxış edərkən heç də şübhə etmirəm ki, mənim çıxışımdan sonra xüsusi hazırlanmış adamlar çıxıb mənim əleyhimə sözlər deyəcəklər. Mən bu sözlərə öyrənmişəm. Ona görə heç də narahat deyiləm. Belə xüsusi hazırlanmış çıxışlar mənim iradəmi sarsıda bilməz. Mən öz vicdanım qarşısında tamamilə cavabdeh olaraq çıxış edirəm».

Vladimir Dal vicdanı, insan qəlbinin hər bir əməlini təqdir, ya ittiham edən hakimi adlandırırdı. Bir çox siyasətçilərdə adətən bu hakim olmur. Heydər Əliyev müasir dünyada siyasətçi obrazına xüsusi çalar verən vicdan və mənəviyyat haqqında yüksək kürsülərdən söz açmaqla kifayətlənmir, həm də vicdanla hərəkət edirdi.

Həmin günlərdə yazılmış daha bir diqqətəlayiq sənədə rast gəldik: Heydər Əliyevin SSRİ Xalq Deputatları Sovetinin qurultayına yazdığı məktub. Bu onun İttifaq hakimiyyətiylə son əlaqəsi idi.

 

«Moskva. Kreml.

SSRİ Xalq Deputatları Sovetinin qurultayına

Hörmətli deputatlar!

 

Sizə müraciət etməkdə məqsədim aşağıdakı məsələni nəzərdən keçirib qərar qəbul etməyinizdir.

Birinci: SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamıyla iki dəfə Sosialist Əməyi Qəhrəmanı olduğum üçün 1983-cü il may ayının 7-də doğulduğum Naxçıvan şəhərində mənim bürünc büstüm qoyulmuşdu. Mənə elə gəlir ki, bu büstü götürməyin vaxtı çatıb. Bu büstü ilk dəfə 1990-cı ilin iyulunda Naxçıvana gələrkən görmüşəm. Mən mənəvi iztirablar keçirirəm. canlı insana qoyulan abidəyə yaxın gedə bilmirəm.

İkinci: Təklif edirəm ki, iki dəfə Sosialist Əməyi Qəhrəmanlarının və Sovet İttifaqı Qəhrəmanlarının bürünc büstlərinin qoyulmasıyla bağlı bütün sərəncamlar ləğv edilsin və canlı insanlara qoyulan büstlər yığışdırılsın.

Bu xüsusda qəbul edilən bütün dövlət aktlarını, sərəncamları 1990-cı ilin 19 iyulunda sıralarını tərk etdiyim Kommunist Partiyasının eybəcər təzahürlərindən biri kimi qəbul edirəm.

Heydər Əlirza oğlu ƏLİYEV,

Azərbaycan Respublikasının xalq deputatı,

Naxçıvan Muxtar Respublikasının xalq deputatı,

iki dəfə Sosialist Əməyi Qəhrəmanı.

Naxçıvan şəhəri. 1 sentyabr 1991-ci il».

 

Mərkəz.- 2010.- 25 noyabr.- S.10-11.