İslam həm dözümlü, həm də tolerant dindir

 

Dözümlülük, tolerantlıq, səbr, güzəştə getmə, əfvetmə və bağışlama kimi terminlər cəmiyyətdə barışın, vətəndaş həmrəyliyinin bərqərarında istifadə edilən sözlərdir. Bu terminlər bir-birinə nə qədər yaxın olsalar da, fəqət fərqli cəhətləri də kifayət qədərdir. Tətbiq sahəsinə görə bunların birini digərilə əvəz etmək bəzən mənanı, fikri dəyişdirə də bilər. Təəssüf ki, bəzi rəsmi beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin Tolerantlıq Deklarasiyasında və müəllif yazılarında dözümlülüklə tolerantlığı eyniləşdirmək cəhdləri kifayət qədərdir.

   Bu yanlışlığa aydınlıq gətirmək üçün dözümlülük və tolerantlıq sözlərinin mənasının açılmasına böyük ehtiyac var.

   İlk öncə qeyd edək ki, Allahın insana fitratdan verdiyi haqq və azadlıqlara heç kimin müdaxilə etməyə haqqı yoxdur. Bu qüdsi dəyərlərin yerinə yetirilməsində, tolerantlıqdan daha çox, dözümlülükdən danışmaq olar. Dözümlülük fərdin ən çox insani (ruhani, dini) tərəfilə əlaqəlidirsə, tolerantlıq və güzəştə getmək (ərəbcə müsaməha) isə onun bəşəri (dünyəvi) tərəfilə səciyyəlidir.

  

   Dözümlülük

  

   Məzəmmət etməmək, qınamamaq, xətrə dəyməmək, xoş görmək, xoşniyyətli olmaq mənalarını verən dözümlülük din, əxlaq, fəlsəfə, psixologiya, sosiologiya, iqtisadiyyat və siyasətlə sıx əlaqəsi olan bir sözdür. Bir-birindən fərqli olan bu sahələrdə dözümlülük termininin tətbiq sahəsi onun əsasən insan haqq və azadlıqlarının heç bir müdaxiləyə məruz qalmaması ilə bağlıdır. Çünki dözümlülük başqalarının fərqli düşüncə və yaşam seçimini anlayışla qarşılamaq tərzi olub, qarşı tərəflə bölüşülməyən dünya görüşü, fikir və duyğuları dilə gətirmədən tanınan haqqın, anlayışın adıdır. Dözümlülük insan haqları çərçivəsində heç bir dil, mədəniyyət, cins, inanc, düşüncə, sinif və etnik fərqə varmadan bütün insanların fitratdan gətirdiyi özəllikləri qeyd-şərtsiz qəbul etmək, onların bu məxsusi keyfiyyətlərlə düşünməsinə və əməllərinə mane olmamaqdır. Dözümlülük bəşəri anlamda fərqli cins, dini anlamda fərqli inanc, psixoloji və fəlsəfi anlamda fərqli düşüncə və fikir, sosioloji anlamda fərqli yaşayış tərzi və fərqli mədəniyyət, etnik anlamda fərqli irq və bu kimi fərqliliklərin həm varlığının qəbulu, həm də həmin fərqli dəyərlərin daşıyıcıları ilə birgə yaşamağın alternativsizliyinin dərk edilməsidir. Bununla yanaşı, dözümlülük xoş olan və ya xoş görünən, qınanmayan, məzəmmət edilməyən hər şeyin doğruluğunu təsdiq etmək də deyil. Bu baxımdan dözümlülüyün (Ərəbcə-safəhu; türkcə-xoşgörü) mahiyyətinə dair bəzi məlumatlara ehtiyac var.

   Məlumdur ki, dözümlülüyün əsasını maraq doğuran əhvalat və ya hadisənin müəyyən bir önəm və dəyərə malik olması təşkil edir. Burada hadisələr, faktlar (məs., dil, din, irq müxtəlifliyi) müəyyən əhəmiyyət kəsb etdiyi üçün, onlara qarşı ən azı qəlbdə biganəlik olmur. Biganəlik olan yerdə dözümlülüyə ehtiyac yoxdur. Dözümlülükdə qarşı tərəfin dəyərlərinin qəbul edilməsi çox mühümdür. Buna başqa və fərqli olanın varlığını tanıma da demək olar. Əlbəttə, burada "qəbul etməkdə" məqsəd var olan hər şeyi mənimsəmək yox, sadəcə, onun varlığını və sahib olduğu dəyərləri inkar etməməkdir. Bu həssas məqama toxunan Rəbbimiz buyurub: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız Allahdan daha çox qorxanınızdır" (Hucurat, 13). Göründüyü kimi, ayədə "ey möminlər", "ey müsəlmanlar" yox, fərqli irq, inanc, din, cinsə, mədəniyyətə sahib adamlardan - "ey insanlar" terminindən istifadə olunub. Yəni hər bir cəmiyyət, öz dəyərlərini saxlamaqla yanaşı, fərqli mədəniyyət, din, irq, dinə malik toplumu tanıdan məxsusi dəyərlərə də hörmət bəsləməli, onlara müdaxilə etməməlidir. Başqa sözlə, dözümlülükdə qarşı tərəfin dəyərlərini mənimsəmək olmadığı kimi, onun fərqli anlayış, düşüncə, inanc və mədəniyyətini aşağılamaq da olmaz. Burada münasibətlər "müxtəliflik təbiidir, harmoniyadır" prinsipi üzrə qurulmalı, zor tətbiq edilməməlidir. Bunu: "Dində zor yoxdur" (Bəqara, 256); "Sənin öz dinin var, mənim öz dinim" (Kafirlər, 6) Rəbb kəlamları da təsdiq edir. Əminamanlığın, sülhün qarantı olan dözümlülük barədə Rəbbimiz buyurub: "Kitab əhlindən bir çoxu, həqiqət onlara bəlli olduqdan sonra belə, həsəd üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir" (Bəqara, 109). Orijinaldakı "qınamayın" mənasını ifadə edən "safh" sözü "pislik edənə pislik etməmək, ondan üz çevirməmək, ona xoş üz göstərmək, dözümlü olmaq" mənalarını ehtiva edir.

   Məsələyə psixoloji tərəfdən baxılarsa, aydın olar ki, təbii müxtəlifliyin yaratdığı hormoniya hər iki tərəfi sıxıntıya məruz qoymamalıdır. Çünki qarşılıqlı dözümlülüyün qaynağı bəşərin fitratdan gətirdiyi qüdsi dəyərlərdir. Psixo-sosial baxımdan dözümlülüyün mövcudluğu vətəndaş həmrəyliyinin bərqərarı, deməli, ölkənin bütün vətəndaşlarının birliyi, dövlətin dirriyi və diriliyidir. Dözümlülük əxlaqi dəyər kimi həm də toplumdakı barışığı reallaşdıran mənəvi bir vasitədir. Dözümsüzlüyün qarşısının alınmasında ən effektli vasitələrdən biri də tərbiyədir. Dözümlülük ruhunda tərbiyə başqasına münasibətdə qorxu və yaddaş hissi yaradan təsirlərə qarşı istiqamətlənməlidir. O, gənclərdə əxlaqi dəyərlərə əsaslanan müstəqil düşünmə, tənqidi yanaşma, öz fikrini sərbəst söyləmə keyfiyyəti yaratmalıdır.

   Müasir dünyada dözümlülüyün vacibliyi, əhəmiyyəti və aktuallığından danışarkən ifrata əsla yol verilməməlidir. Hüdudu bilinməyən dözümlülük fərd və cəmiyyətin özünün inkarına çevrilə bilər ki, bunun da adı dözümlülük yox, əsarətdir. Çünki sərhədlərin olmadığı yerdə kimin kim olduğunu bilmək mümkün deyil. Hüdudları bilinməyən dözümlülüyə ehtiyac olmadığı üçün, onu süni şəkildə dözümlülük kimi qələmə vermək də doğru deyil. Əks halda, dözümsüzlüyün yaratdığı sosial partlayış burada da qaçılmaz olar. İnsanın yaşamasında sərhəd olmasaydı, ədalət, hüquq və qanunlara ehtiyac olmazdı. Qanunsuz bir yaşam düşünmək insan təbiətini tanımamaq anlamını verdiyi üçün bəşər həyatında sərhədi olmayan bir dözümlülüyün olması da qeyri-mümkündür. Əks halda, Yer kürəsi "dom terpimosti" olardı.

  

   Tolerantlıq

  

   İslama görə, Tolerantlıq kifayət edə biləcək güc və imkana malik fərd və ya cəmiyyətin fərqli dil, din, düşüncə, söz, irq və s. özəl haqlara malik digər insan və ya qrupların varlığına, fəaliyyətinə mane olmamaq; dəyərlərinə hörmət etmək, onlarla hesablaşmaq, uzlaşmaq, əməkdaşlıq etmək deməkdir. Tolerantlıq eyni cəmiyyətdə yaşayan fərd və qrupların və ya fərqli mədəniyyətə sahib toplumların öz düşüncə, anlayış və yaşayışlarını istədikləri şəkildə ifadə etmək və həyata keçirməkdə sərbəst olduğunun ifadəsidir. Bununla yanaşı o, mədəniyyətlərə münasibət, tarixi və sosioloji baxımdan göz yumma, əziyyətə qatlanma, sıxıntı çəkmə kimi neqativlərdən də xali deyil.

   Göründüyü kimi, dözümlülükdən fərqli olaraq, tolerantlıqda tolera edən tolera etdiyi şeyi əngəlləmə, ona qarşı çıxma gücünə sahib olmalıdır. Tolerant şəxs, qruplar və ya cəmiyyət daxili bir sıxıntı, əziyyət çəksə belə, sahib olduğu gücdən vaz keçməli, nəfsini ram edərək qəbul etmədiyi və xoşlamadığı şeyə qarşı çıxmamalıdır. Milli barışıq, vətəndaş həmrəyliyi, bayraq bakirəliyinin qorunmasını təmin edən bu durum, sözsüz ki, həm də gücə sahib fərdin və ya qurumun izzətini, şərəfini daha da ucaldır, onu daha güclü və demokratik edir. Çoxsaylının (və ya güclünün) azsaylının (və ya nisbətən gücsüzün) haqq və azadlıqlarına bu münasibətini heç vəchlə onun mərhəməti, güzəşti kimi qəbul etmək olmaz. Rəbb kəlamları və ondan qaynaqlanan demokratik dünyəvi qanunlara görə, bu, çoxsaylının azsaylıya güzəşti yox, azsaylının fitratdan gətirdiyi haqqıdır.

   BMT-nin qəbul etdiyi deklarasiyaya görə, "tolerantlıq dünyanın zəngin mədəniyyətlərinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini təzahür etdirmək forması, müharibə mədəniyyətinin sülh mədəniyyətilə əvəz olunmasına səbəb olan ləyaqətlilikdir. Bu təkcə mənəvi borc deyil, eyni zamanda siyasi və hüquqi tələbatdır. Tolerantlıq hər kəsin öz dəyərlərini qoruması və başqalarının bu hüququnu qəbul etməsidir". Qeyd edək ki, dünyəvi lüğətlərdə olduğu kimi, BMT-nin bu sənədində də "tolerantlıq" və "dözümlülük" terminləri əsasən eyni mənada işlədilib. Klassik İslam teoloqları isə həmin terminlərin oxşar çəhətlərini qeyd etməklə yanaşı, həm də aralarındakı fərqli cəhətləri göstəriblər.

  

   Dözümlülüklə tolerantlığın əlaqəsi

  

   Dözümlülük hər şeyi təməlinə oturdan, fitratdan qaynaqlanan hər növ fərqliliyi doğal qəbul edən və bu cəhətilə qınamaya, məzəmmətə yer verməyən əxlaqi bir dəyərdir. Dözümlülüyün tolerantlıqdan əsas fərqi onun təməlində fitratın olmasıdır. Yəni irq, dil, din, cins, düşüncə, mədəniyyət və s. dəyərlərin insanın heç bir rolu olmadan Allahdan verilməsi və bunlara təcavüzün yolverilməzliyi dözümlülük çərçivəsində yer alıb. Bu dəyərlərin göz yumma, yumşaqlıq, qınama, sıxıntı keçirmə, rahatsız olma, tab gətirmə kimi tolerantın əhatə etdiyi neqativ duyğularla qarşılanması mümkün deyil. Deməli, insanın öz inancı ilə baş-başa qalması dözümlülüklə - xoşniyyətliliklə dəyərləndirildiyi halda, bu durumu tolerantlığa şamil etmək olmaz. Tolerantlıq bu çərçivədən kənarda qalır. Yəni inanan bir şəxsin (fərqli inanclıya mane olmadan) yaşamasını tolera etmək, qınamaq, məzəmmət etmək, onun ibadətinə görə sıxıntı keçirmək yanlışlıq olardı. Çünki həmin dəyərlər bəndənin yox, Rəbbimizin verdiyi nemətlərdir. Yeri gəlmişkən, ABŞ Konstitusiyası müəlliflərinin insan haqq və azadlıqları haqqında maddələrin orada əks olunmasına lüzum görməmələri də (müəlliflər hesab edirdilər ki, bu dəyərlər Allah tərəfindən verildiyinə görə, onlara dözümlülük göstərmək hər bir insanın Allah qarşısında borcudur) dözümlülüyün ilahi bir əmr olunduğuna işarədir.

   Tolerantlıqdan fərqli olaraq, dözümlülük tələb edən dəyərlər (irq, din, dil, yaşam tərzi və s.) məxsusi olaraq Allahın istəyindən qaynaqlandığı üçün onlar xoş görümlüdür, xoş niyyətlidir. Həmin səbəbdən bəndədən tələb (!) olunur ki, onlara hörmətlə yanaşsın, dözümlü olsun. Əksinə, qeybət, həsəd, israf, xəsislik kimi neqativlərə tolerant olmaq müəyyən hallarda mümkün olsa da, fəqət xoşgörümlü olmadığı üçün onlara insan qəlbində bir etiraz əlaməti kimi dözümlülük olmur. Adam öldürmək, zina etmək kimi haramlara isə nə tolerantlıq, nə də dözümlülük göstərmək mümkündür.

   Göründüyü kimi, bir-birindən fərqli olmasına baxmayaraq, ölkə daxilində və ölkələrarası münasibətlərdə sülh və əminamanlığın inkişafı və demokratiyanın açarı olan dözümlülük və tolerantlığın xüsusi əhəmiyyəti var. Dözümlülüyün öncəliyi və tətbiq sahəsinin genişliyi tolerantlığın vacibliyinə kölgə salmır. Əksinə, onların hər ikisi əxlaqi normalar kimi bəşər həyatının vazkeçilməz dəyərləri, qloballaşma və inteqrasiya prosesinin hərəkətverici qüvvələridir.

   Dözümlülük və tolerantlıq. Biri insana fitratdan verilən və Rəbb tərəfindən qorunması vacib bilinən ruhani-dini dəyər, digəri bəşər qanunları ilə tənzimlənən dünyəvi-mənəvi dəyər. İnsan ruh və bədən vəhdətində olduğu üçün tolerantlıq və dözümlülük də vəhdətdə olmalıdır. Onlardan birini digərindən ayırmaq ruhsuz bədən və ya bədənsiz ruh anlamına gələr.

   Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub

 

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.-2010.- 4 oktyabr.- S. 12.