Vaşinqtonda ənənəvi türk festivalı keçirilib

 

Ağ Evdən iki məhəllə aralıda təşkil olunan tədbirdə Qarabağla bağlı stend nümayiş etdirilib

 

ABŞ-ın paytaxtı Vaşinqtonda ənənəvi - sayca 8-ci türk festivalı keçirilib. «Amerikanın səsi» xəbər verir ki, hər il oktyabr ayının ilk günlərində keçirilən festivalın əsas məqsədi - Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələrini tərənnüm etməkdir. Bir gün davam edən festival bu il paytaxt Vaşinqtonun 15 minə yaxın sakinini özunə cəlb edib. Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, uyğur və başqa türkdilli xalqların rəqsləri ifa edilib.

Musiqi və rəqslərlə yanaşı, festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri və guşələr nümayiş etdirilib. Artıq bir neçə ildir ki, türk festivalında Azərbaycana aid də sərgi açılır. Ziyarətçilər festival çərçivəsində Azərbaycan mədəniyyəti və mətbəxi ilə də tanış olublar. Azərbaycanlı rəqqaslar İkram Cəlil, Fərqanə Kələntərli və «Kardələn» türk rəqs ansamblı tamaşacılara milli Azərbavcan rəqslərini təqdim ediblər. Festivalda daha bir guşə yeni yaradılmış Qarabağ Fondu üçün ayrılıb. Qarabağ Fondu həm də Amerika Türk Assosiasiyası ilə yanaşı, festivalın sponsorlarından biri idi. Türkiyənin Vaşinqtondakı səfırliyindən bildiriblər ki, festivala 80 min dollardan çox vəsait xərclənib. Festival Vaşinqtonun mərkəzi guşələrinin birində, Ağ Evdən iki məhəllə aralıda keçirilib. Türk festivalında ən çox marağa bazar, türk mətbəxi, sirniyyatı, sənət nümunələri, turizm sərgiləri, ənənəvi türk qəhvəsi pavilyonu və dönər, kabab səbəb olur. Vaşinqton ətrafında türk restoranları gələnlərə öz ləziz xörəklərini təklif edib. Bu il festival həm də dünyada ən uzun şiş kabab hazırlamaqla Ginnesin Rekordlar Kitabına düşmək cəhdi ilə yadda qalıb. Türk aşpaz Murat Aksu 6 metr uzunluğunda şiş kabab hazırlayıb. Böyük bazarda isə zərgərlik əşyalarından tutmuş Mərkəzi Asiya ölkələrinin ənənəvi tikmələrinə qədər nəfis əl işlərinə rast gəlmək olar. Türk festivalı Türkiyənin zəngin mədəniyyətinin Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların mədəni ənənələri ilə bağlılığını nümayiş etdirir. İldən ilə genişlənən festivalın gələn il də, eyni vaxtda keçirilməsi planlaşdırılıb.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 6 oktyabr.- S.11.