«Müəllim» adını həmişə uca tutan müəllim

 

Faiq Şahbazlı: «Qəlbən müəllim olmayanlar bu yolda çox gedə bilmirlər»

 

Dünən ən şərəfli peşənin daşıyıcıları sayılan müəllimlər öz bayramlarını qeyd etdilər. «Müəllimlər günü»ndə təhsil işçilərinə ən böyük hədiyyə də elə ölkə başçısı İlham Əliyev tərəfindən verildi. Prezident sərəncam imzalayaraq bir qrup təhsil işçisinə «əməkdar müəllim» fəxri adı verdi. Onların arasında neçə illərdir ki, təhsil sahəsində sözün əsl mənasında külüng vuran, millətinin maariflənməsinə xidmət edən, xeyirxah işləri, mütərəqqi əməlləri ilə tanınan Təhsil Nazirliyinin şöbə müdiri, filologiya elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Faiq Şahbazlının da adı var.

Hər tədris ili öncəsi, eləcə də dərs ili boyu orta məktəblərin dərslik təminatı ilə bağlı suallarımızı cavablandıran Faiq müəllimlə bu dəfə nazirliyin Dərslik və Nəşriyyat şöbəsinin müdiri kimi yox, sadəcə, bir müəllim kimi söhbət etdik.

- Faiq müəllim, «əməkdar müəllim» fəxri adının sizə veriləcəyini gözləyirdinizmi? Bu xəbəri necə qarşıladınız?

- Doğrusu «əməkdar müəllim» adı almaq arzum idi. Təbii ki, bu fəxri adı daşımaq hər bir təhsil işçisinin arzusudur. Amma mən gözləmirdim. Bu xəbəri mənə yoldaşlarım zəng edib verdi. Sözün açığı «əməkdar müəllim» adı aldığımı eşidəndə hansı hislər keçirdiyimi sözlə ifadə edə bilmərəm. Amma bir an ürəyimdən dərin bir minnətdarlıq hissi keçdi. Məni bu fəxri ada layiq bilib təqdimatımı göndərən təhsil naziri cənab Misir Mərdanovdan tutmuş, prezidentimiz İlham Əliyevə qədər hər kəsə ürəyimdə dərin minnətdarlığımı bildirdim. Belə bir ada layiq görülməyim təvazökarlıqdan kənar olsa da, etiraf edim ki, mənim üçün çox xoş idi. Mən 1972-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Bu ad mənim 32 illik pedaqoji fəaliyyətimə dövlət tərəfindən verilən qiymət və göstərilən diqqətdir. Çalışacağam ki, bundan sonra da bu qiyməti doğruldum.

- Faiq müəllim, necə oldu ki, müəllimliyi seçdiniz?

- Mən bu peşəni sevərək seçmişəm. Həmişə ətrafımda müəllimlərə olan hörmət sevdirib bu peşəni mənə. 1955-ci il aprel aynının 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olmuşam. Həmin kənddə mənim ana dili müəllimim vardı, Qədir müəllim. O müəllim sevdirib mənə dilçiliyi. 8 illik təhsilimi öz doğma kəndimdə alsam da, IX-X sinifləri Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə başa vurmuşam. 1974-cü ildə APİ-nin filologiya fakültəsinə daxil olmuşam. Həmin illərdə mən Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Afat Qurbanov, İmran Babayev, Əbdül Əlizadə kimi görkəmli alimlərdən dərs almışam. Fərqlənmə diplomu ilə ali təhsilimi başa vurduqdan sonra öz xahişimlə Qubanın Xaltan kənd orta məktəbinə gedib orada müəllim kimi fəaliyyətə başlamışam. Bir ildən sonra direktor müavini işləmişəm. Sonra məni elə işlədiyim məktəbə direktor təyin etdilər. Üç ildən sonra 1981-ci ildə Bakıya köçüb 83 nömrəli məktəbdə direktor müavini işləmişəm. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil oldum.

Professor Afat Qurbanovun rəhbərliyi ilə 1986-cı ildə «Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini aldım. Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində çalışmışam. Bir müddət sonra - 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləsəm də, ali məktəb auditoriyaları, tələbələr üçün qəribsədim. Qısa müddətdən sonra oradakı yüksək vəzifədən imtina edərək yenidən APİ-yə qayıdıb sevimli müəllimlik peşəmlə məşğul olmağa başladım. 1997-ci ildən Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə təyin edildim. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə müdir müavini təyin edildim. 2006-cı ildən isə bu şöbənin müdiri vəzifəsində çalışıram. Amma indiyədək sevimli peşəmi atmamışam. Bu gün də universitetdə müəllim işləyirəm.

- Müəllimlik şərəfli peşə sayılır. Sizcə bu günün müəllimləri bu şərəfli peşənin yükünü öz çiyinlərində daşıya bilirlərmi?

- Əlbəttə, müəllimlik peşəsini daşıyan hər bir kəs bu sənətin şərəfli və məsuliyyətli olduğunu dərk etməlidir.

Mənim fikrimcə, peşəsi müəllim olan hər bir insan bu şərəfli adı öz çiynində daşıyır. Ona görə də fürsətdən istifadə edib bütün müəllimləri bayram münasibətilə təbrik edirəm. Amma hər günün öz tələbi var. Ona görə bu peşə sahibləri də hər gün inkişaf etməli, irəli getməlidirlər. Onsuz da qəlbən müəllim olmayanlar bu yolda çox gedə bilmirlər.

- Faiq müəllim, deyirlər ki, qəbulda kiminsə sizi gözləməsini xoşlamırsınız, xüsusilə də müəllimin.

- Düz deyirlər. Müəllimlik mənim peşəmdir. Mən bu peşəyə o qədər yüksək dəyər verirəm ki, istənilən müəllimin qapının ağzında ayaq üstə gözləməsinə dözə bilmirəm. Bu gün mənə verilən bu fəxri ada görə həm də mənə kömək olan müəllimlərə də minnətdaram.

- Son dövrlər müəllim-şagird münasibətlərində bir qədər soyuqluq müşahidə olunur. Sizcə bunun səbəbi nədir?

- Bilirsiniz, əvvəl qapalı bir dövrdə yaşayırdıq. Sovet dövrü olduğundan, demokratik ruh yox idi. Müəllimlə-şagird o vaxt belə sərbəst ünsiyyətə girə bilmirdi. İndiki vəziyyəti mən müəllimə olan hörmətin azalması yox, sərbəstliyin çoxalması kimi qiymətləndirirəm.

- İndi hörmət əlaməti olaraq, hər kəsə müəllim deyirlər. Sizcə bu müəllim adını ucuzlaşdırmır ki?

- «Müəllim» hörmət üçün adlara qoşularaq deyilir. Amma əslində müəllim özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı təcrübəni, həyatı dərk etməsi ona münasibətini digərlərinə verən, ötürən şəxsdir. Amma geniş ictimai mənada müəllim- mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır.

«Müəllim» anlayışı müxtəlif mənbələrdə müxtəlif ifadələrlə şərh edilməsinə baxmayaraq, nəticə etibarı ilə mahiyyətcə eyni mənanı bildirir. Müəllim - ilk növbədə bilikli, savadlı, tərbiyəli, uşaqları peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir.

Ona görə cəmiyyətə yararsız olan insanlara müəllim deyə müraciət edilməsini istəməzdim. Müəllim adı həmişə uca tutulmalıdır.

- Müəllim olmaqla yanaşı, siz həm Təhsil Nazirliyində ölkənin dərslik siyasətini həyata keçirən bir şöbəyə rəhbərlik edirsiniz. Bununla belə sualımızı bir şöbə rəhbəri kimi yox, müəllim kimi cavablandırmağınızı xahiş edirik. Bir müəllim kimi yeni çap olunan dərsliklərdən razısınızmı?

- Desəm ki, razıyam, deyəcəklər ki, öz işinə pis demək istəmir. Narazıyam desəm , düz çıxmaz. Hər bir halda nəzərə almaq lazımdır ki, biz 70 il SSRİ-nin tərkibində yaşamışıq. Öz dərslik siyasətimizi müstəqillik əldə etdikdən sonra müstəqil şəkildə yürütməyə başlamışıq. Hələ elə fənlər var ki, həmin fənlər üzrə dərsliklər hazırlayanda digər respublikaların dərsliklərindən kəskin fərqlənmək olmur. Bu fənlərə kimya, fizika fənlərini misal çəkmək olar. Amma buna baxmayaraq, bizim hər bir fənn üzrə dərsliklərimiz hazırlanır. Üç ildir ki, yeni kurikulum əsasında dərsliklərin hazırlanmasına başlamışıq. Biz bu 20 ildə həm keçmiş sovet dərsliklərindən ayrılaraq müstəqil dərsliklərimizi hazırlamışıq, həm milli kurikulumu hazırlayaraq bunun əsasında yeni bir siyasətə keçmişik. Ona görə bu istiqamətdə ləngimə problemlər yaransa da, qarşıda böyük bir yol var ki, biz həmin yola doğru gedirik.

Təbii ki, dərsliklərin poliqrafik keyfiyyəti məzmun baxımından çox irəli getmişik. Düzdür, dərsliklərə iradlar da var. Amma dərsliyin hazırlanmasına hamı münasibət bildirə bilməz. Bunun üçün həmin şəxs gərək metodiki, elmi cəhətdən bilikli olsun. Hər halda dərsliklərimiz anlaşıqlıdır. Ona görə mən milli dərsliklərimizi yüksək qiymətləndirirəm.

 

 

 Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2010.- 6 oktyabr.- S.9.