«Quranelm»

 

Redaksiyadan

 

Oxucuların çoxsaylı xahişini, son dövrlər cəmiyyətdə baş verən qatmaqarışıq prosesləri, insanlarımızın dinə, mənəviyyata olan "aclığını" nəzərə alıb, akademik Vasim Məmmədəliyevin "QuranElm" kitabını oxucularımıza təqdim etmək qərarına gəldik. "Mərkəz" qəzeti olaraq ümid edirik ki, bununla çoxlarımıza "Qurani-Kərim"dəki bir çox gizli mətləblər, ilahi sirlər agah olacaq.

 

Ön söz

 

"Haqqın dərgahı" verilişi dövlət televiziyası ilə 1991-ci ildən yayımlanır. Mən o zaman Həcc ziyarətindən təzəcə qayıtmışdım. Elə həmin dövrdə məndən bu verilişi aparmağı xahiş etdilər. Həmin vaxtdan etibarən bu veriliş ayda dörd dəfə olmaqla, mütəmadi şəkildə tamaşaçılara təqdim olunur. Verilişdə bir çox məsələlər, o cümlədən "QuranAllaha iman", "Quran və peyğəmbərlər", "İslamın əsas ehkamları", "İslamda sosial ədalət prinsipləri" və s. əhatə olunub. Mən belə hesab edirəm ki, bunların içərisində ən maraqlı silsilələrdən biri də "Quranelm"dir. Bu silsilə verilişlərin sayəsində tamaşaçılar və dinləyicilər belə bir qənaətə gəliblər ki, Quran müsəlmanların müqəddəs dini Kitabı olmaqla yanaşı, həm də elmi bir kitabdır. Daha doğrusu, Quran elmin buya digər sahəsinə aid olan kitab deyil, özündə bir çox elmi məsələləri ehtiva edən Allah kəlamıdır. Allah-təala Öz Kitabında bir sıra elmi ayələri verməklə fizikanın, kimyanın, biologiyanın, astronomiyanın, tibbin və digər elm sahələrinin müəyyən məsələlərini açmağı qarşısına məqsəd qoymamışdır. Allahın bundan əsas məqsədi Özünün vəhdaniyyətini, qüdrətini, böyüklüyünü, əzəmətini və hər şeyə qadir olduğunu bəndələrinə çatdırmaqdır.

"Quranelm" silsiləsindən olan verilişlər çox maraqla qarşılandı. Hər dəfə verilişdən sonra tamaşaçılardan çoxlu məktublar alırdım. Onlar bu silsiləni davam etdirməyimi israrla xahiş edirdilər. Amma efir belədir ki, bir dəfə danışırsan, qulaq asan asır, asmayan isə yenidən onu dinləmək imkanı əldə edə bilmir. Mən isə çox istərdim ki, bu söhbətlər qalsın, maraqlananlar istədikləri vaxt onlardan faydalana bilsinlər. Məhz buna görə də "Quranelm" silsiləsindən olan söhbətləri bir kitabda toplayıb oxuculara təqdim etməyi məsləhət bildim.

Hər şeydən əvvəl hörmətli oxucuların nəzərinə onu çatdırmaq istəyirəm ki, bu kitabda şərh olunan elmi məsələlərin heç biri mənim kəşfim, mənim ixtiram deyil. Mən burada islam diniQuranla məşğul olan görkəmli alimlərin, o cümlədən fiziklərin, riyaziyyatçıların, astronomların, bioloqların, kimyaçıların, təbiblərin, müfəssirlərin mənə məlum olan fikirlərini bir yerə toplayıb onları anlaşıqlı bir dillə oxuculara təqdim etməyi qarşıma məqsəd qoymuşam. Daha doğrusu, mən Azərbaycan, türk, ərəb, fars, rusingilis dillərində bu mövzu ilə əlaqədar əldə edib oxuya bildiyim ədəbiyyatı icmal şəklində islamsevərlərin istifadəsinə verməyə səy göstərmişəm. Düşünürəm ki, bu həm oxucular üçün maraqlı olar, həm də məndən islamsevərlərə bir yadigar qalar.

 

I söhbət

 

İSLAM VƏ ELM

 

İlahi dinlərin sonuncusu olan islam yarandığı gündən elmə böyük qiymət vermiş, əqli, elmi Allah-təalanın insana bəxş etdiyi ən böyük nemət hesab etmişdir. İlk ayələri "oxu", "qələm", "öyrətmək" sözləri ilə başlayan Qurani-Kərim elmi həmişə uca tutmuş, "bilənlərlə bilməyənlərin eyni olmadığını", "Allahdan daha çox alimlərin qorxduğunu" bəyan etmişdir.

Peyğəmbərimiz (s.ə.s) "Alimin mürəkkəbi şəhidin qanından üstündür", "Alimin başqa insanlardan üstünlüyü bədirlənmiş ayın başqa ulduzlardan üstünlüyü kimidir", "Alimə hörmət edən, mənə hörmət etmiş olar", "Alimlər peyğəmbərin varisləridir", "Alimlər dünyanın nuru, axirətin çırağıdırlar" hədisləri ilə alimləri göyə qaldırmış, "Qiyamət günü alimin bir günahı bağışlanmazdan əvvəl cahilin yetmiş günahı bağışlanar" hədisi ilə alimin Allah yanında məsuliyyətinin daha böyük olduğunu bildirmiş, "Allahın ilk yaratdığı şey əqldir" hədisi ilə isə əqlin, sağlam məntiq və təfəkkürün Allah yanında böyük qiymət kəsb etdiyini ümmətə çatdırmışdır.

Quranın bir çox ayələrində Allah-təala insanlara "düşünməyi", "fikirləşməyi", "ağıl, təfəkkür sahibi olmağı" tövsiyə edir ki, bunun da əsasında elmin bünövrəsini təşkil edən əql durur.

Peyğəmbərimizin "Elm Çində belə olsa, gedib öyrənin", "Hikmət müsəlmanların itmiş malıdır. O malı harda tapsa, götürməsi hamıdan çox onun haqqıdır" hədisləri dinimizdə elmə, hikmətə verilən qiymətin bariz örnəkləridir.

Məhz bunun nəticəsidir ki, islam dini qısa bır zamanda yayıldığı ərazilərdə möhtəşəm müsəlman mədəniyyətinin yaranmasına rəvac vermiş, qədim yunan alimlərinin əsərlərini ərəb dilinə tərcümə etməklə onları məhv olmaq təhlükəsindən qurtarmış, bununla da Avropa intibahının təşəkkülünə təkan vermişdir. Qərb alimlərinin özlərinin etiraf etdikləri kimi, əgər müsəlmanlar islamın çiçəklənmə dövründə ellin sivilizasiyasının incilərini mühafizə etməsəydilər, qədim yunan filosoflarının, fizik və riyaziyyatçılarının, astronom və kimyaçılarının əsərlərini vaxtilə latın dilinin Avropada oynadığı rolu müsəlman aləmində oynamış ərəb dilinə tərcümə edib yaşatmasaydılar, bəşəriyyət çox böyük bir elmi irsdən məhrum qalar, Avropa intibahı isə özlüyündə mümkün olmazdı.

Raşidi xəlifələri (632-661) və Əməvilər dövründə (661-750) müsəlmanlar Şərqdə Orta Asiyaya və Çinə qədər uzanan bölgələrə, Qərbdə isə Əndəlis vasitəsilə Avropaya hakim oldular. Abbasilər dövründə (750-1258) islam fütuhatı səngidi, elmi axtarışlar, mədəni əlaqələr genişlənməyə başladı.

Şərqdə Abbasi xəlifələri hökm sürərkən, Qərbdə Əndəlis Əməvi Xilafəti (756-1031) quruldu. Onların hər ikisi elmin, mədəniyyətin inkişafına böyük xidmət göstərirdilər. Təsadüfi deyildir ki, həmin dövrdə Şərqdə elmin hamisi Abbasilər, Qərbdə isə Əməvilər idi.

Onu da qeyd etmək lazımdır ki, vaxtilə dünyanı heyran edən, bu gün isə o dövrlə müqayisədə müsəlmanların biganəliyi üzündən tənəzzülə uğramış möhtəşəm islam mədəniyyətinin təməli məhz uca peyğəmbərimiz Muhəmməd əleyhissəlam tərəfindən qoyulmuşdur.

 

(davamı gələn sayımızda)

 

 

Mərkəz.- 2010.- 7 oktyabr.-S.16.