«Quranelm»

 

II söhbət

 

Müsəlman alimlərinin elmə xidməti

 

Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) "Qanun" adlı tibb kitabı islam dünyasında olduğu kimi, Avropada da tibb elminin təməl kitabı olmuşdur. Tibbin İncili adını qazanması və Avropa universitetlərində 600 il dərslik kimi işlənməsi bu kitabın cahanşümul şöhrətinə ən böyük dəlildir.

İbn Sina, tibb də daxil olmaqla, özünün 29 elmi kəşfi ilə Avropanın elm adamlarına başçılıq edən böyük alimdir. Mikrobu ilk kəşf edən də o olub.

Bəzi mütəxəssislərin fikrincə, İbn Sina səviyyəli həkim olaraq qəbul edilən Razi (864-925) ilk dəfə çiçək və qızılca mikrobunu kəşf etmişdir.

İbn cəssar (?-1009) günümüzdən min il əvvəl cüzamın səbəb və müalicəsini göstərmişdir. İbn Xətib (1313-1374) vəbanın yoluxucu xəstəlik olduğunu müəyyənləşdirmişdir. Vərəm mikrobunu isə Kambur Vəsim (?-1761) tapmışdır. Gözün retin (qişa) təbəqəsinin funksiyasından ilk bəhs edən İbn Rüşd (1126-1198) olmuşdur. XI əsrdə yaşayan məşhur göz həkimi Əli bin İsanın (?-1038) gözə dair yazdığı "Təzkirə" kitabı əsrlər boyu bu sahədə yeganə vəsait olmuşdur. Əmmar isə 9 əsr əvvəl gözdə cərrahiyyə əməliyyatı aparmağı gerçəkləşdirmişdir. Əli bin Abbas (?-994) müasir cərrahiyyə əməliyyatı səviyyəsində xərçəng əməliyyatını uğurla başa vurmuşdur. Onun qələmə aldığı "Kitabül-Məlik" adlı tibb ensiklopediyası müasir dövrümüzdə də maraqla öyrənilməkdədir.

Əbülqasim Zəhravi (963-1013) cərrahiyyəni müstəqil elm şəklinə salmış, 200-ə yaxın cərrah alətinin şəklini çəkmiş, özünün "Təfsir" adlı əsərində onların funksiyalarından və istifadə qaydalarından bəhs etmişdir.

İbn Sina başda olmaqla, Əbubəkr Məhəmməd Razi, Zəhravi, İbn Zöhr (Avenzoar) kimi müsəlman alimlərinin əsərlərindən Avropa universitetlərində uzun müddət dərslik kimi istifadə olunmuşdur.

İbn Nəfs adlı müsəlman alimi avropalılardan 300 il əvvəl kiçik qan dövranını kəşf etmişdir. Müsəlmanlar bütün bunları dünyanın bir çox yerində həkimin cadugər, xəstənin isə şeytana uymuş, günahkar və təqsirli sayıldığı bir dövrdə gerçəkləşdirmişlər.

Orta çağın görkəmli müsəlman fiziklərindən Əhməd bin Musa (?-?) "Qeyri-adi sistemlər" adlı əsərində 100-ə qədər avtomatik nəzarət sistemli alətin şəklini çəkmişdir. Əbul-İsmail əl-cəzəri (?-1206) "Kitabul-Hiyəl" adlı məşhur əsəri ilə kibernetikanın, bir növ, qurucusu olmuşdur.

Optika elminin əsasını qoyan İbn Heysəm (965-1051) "Görüntülər kitabı" ilə R. Bekon (1214-təqr. 1292), Kepler (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə elmi istiqamət vermişdir. Onun bu əsəri elm aləmində 600 il əsas mənbə kimi qalmışdır.

İşığın sferik güzgülərdə əks etməsi qanunu olan əl-Həzən (İbn Heysəmin Avropadakı adı) düsturu onun icadıdır.

Əbu Nəsr Fərabi (870-950) səsin fiziki izahını vermiş, İbn Qərarə (?-1100) ilk torna dəzgahını yaratmışdı. İlk uçuş təcrübəsinə İsmail cövhəri (950-1010) girişdi. Həzarfən Əhməd Çələbi isə (XVII əsr) ilk dəfə uçmağa nail oldu. O, taxdığı qartal qanadları ilə İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğançılara qədər uçmuşdu. Raket tipli bir icadı ilə ilk uçuş uğurlarını IV Sultan Murad zamanında yaşayan Lagəri Həsən Çələbi qazanmışdı.

Təyyarənin platformasını 880-ci ildə İbn Firnas adlı bir islam alimi yaratmışdı. O, quş tüküqumaşdan hazırladığı təyyarəsi ilə uzun müddət havada qalmış və süzərək yerə enmişdi. Qərbdə isə bu işi Orvil Rayt qardaşları yalnız 1903-cü ildə həyata keçirə bilmişlər.

Yer cazibəsinin (cazibə qüvvəsinin) bir qayda olaraq Nyuton tərəfindən kəşf edildiyi qəbul olunur. Ancaq Razidən tutmuş Biruniyə, hətta Haziniyə qədər islam alimlərinin Yer cazibəsi ilə məşğul olduqları elm aləminə məlumdur. Hazini "Mizanul-hikmət" adlı əsərində tərəzilər haqqında məlumat vermiş, bir çox maddənin xüsusi çəkisini hesablamışdır. Biruni isə 18 maddənin xüsusi çəkisini müəyyənləşdirmiş, suyun sıxlığını tapmışdır. O, küləyin sürəti ilə hava sıxlığı arasındakı nisbəti (ölçünü) Qorçielidən daha əvvəl hesablamışdır.

Atomda güclü enerji olduğunu, onun parçalana biləcəyini, parçalandığı zaman Bağdadı dağıdacaq bir gücə malik olduğunu ilk dəfə söyləyən İmam Cəfər Sadiqin (?-765) şagirdi, "kimyanın atası" ləqəbi ilə tanınan cabir bin Həyyandır (təqr. 721-815).

Barıtı və topu da ilk dəfə müsəlmanlar işlətmişlər. Minomyot Sultan Məhəmməd Fatehin (1432-1481) kəşfidir. İlk raket müsəlmanlar tərəfindən yaradılmışdır. Eynşteynin (1879-1955) üzərində çalışdığı, lakin başa çatdıra bilmədiyi "zəif elektromaqnit qüvvələrin birləşmiş sahəsi" nəzəriyyəsinə görə pakistanlı professor Əbdüssəlam 1979-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

"Kimyanın atası" cabir bin Həyyan əsrlərcə əvvəl öz şəxsi laboratoriyalarında apardığı təcrübələr nəticəsində bəzi turşuları kəşf etmiş, kimya üzrə bir sıra kəşfləri ilə məşhurlaşmışdır.

Həkim olduğu qədər böyük bir kimyaçı olan Razi kükürd turşusu təmiz spirt (əl-kuhul - alkoqol) əldə etmişdi. Müsəlman kimyagər Bəşir avropalı həmkarı Brantdan əvvəl fosforu tapmışdı.

Qısası, Avropa alimlərindən Viardonun dediyi kimi, müsəlmanların kimya sahəsindəki xidmətləri onların riyaziyyat sahəsindəki xidmətlərindən heç az olmamışdır. Onların araşdırmaları müasir kimyanın əsasını təşkil etmişdir.

Orta əsrlərin ən böyük botaniki əczaçısı İbn Baytarın (1190-1248) 1400-ə qədər bitki dərmanı izah edən kitabları XVI əsrə qədər bu elm sahələri üçün əsas qaynaq olmuşdur. Dəmiri (1349-1405) 1069 heyvanı araşdırdığı təsvir etdiyi əsəri ilə zoologiyanı xeyli zənginləşdirmişdir. İbn Əvvam (XII əsr) kənd təsərrüfatına dair yazdığı kitabı ilə orta əsrlər elm aləmində geniş şöhrət qazanmışdır.

coğrafiyanı da ilk dəfə elm şəklinə salanlar müsəlmanlardır. X əsrdə yaşamış İstəxri ilk müsəlman coğrafiyaşünasıdır. O, rəngli xəritələrdən ibarət olan "Məsalikul-məmalik" adlı əsəri ilə məşhurdur. Bu kitab islam dünyasının ənənəvi coğrafiya kitabları üçün örnək olmuşdur. Miniatürlərlə bəzədilməsinə görə digər əsərlərdən fərqlənən bu kitab dəfələrlə nəşr olunmuşdur. Əsərin əvvəlində Aralıq dənizi və ətrafı, Ərəbistan yarımadası, Bəsrə körfəzi, İran və Xorasanı əhatə edən, beləliklə də X əsr dünyasını göstərən bir xəritə verilmişdir.

Kitabda bundan başqa daha iyirmi xəritə də vardır. Bu xəritələrdə dünyanın müxtəlif məntəqələri ayrı-ayrı, miniatürlü şəkildə təsvir edilir.

İbn Hövqəl, İstəxrinin təklifi ilə "Məsalikul-məmalik" əsəri əsasında bir coğrafiya kitabı yazmışdır. İbn Məcid XV əsrdə yaşamış məşhur dənizçi və coğrafiyaşünasdır. O, xəritəçiliyi ilə geniş şöhrət qazanmışdır. İbn Məcid, Vasko da Qamaya (1469-1524) Hindistan səfərində yol göstərmiş, kompası Avropaya tanıdan islam alimləri arasında yer tutmuşdur.

 

(davamı gələn sayımızda)

 

 

Mərkəz.- 2010.- 9 oktyabr.- S. 16.