«Quran və elm»
II söhbət
Müsəlman
alimlərinin elmə xidməti
İbn Məcidin "Hind
okeanı, Qırmızı dəniz, Bəsrə körfəzi,
Atlantik okeanı, Şərqi Hind adalarında dənizçilik"
haqqında bir əsəri vardır. O, dənizçilik
mövzularını nəzəri və təcrübi
baxımdan açıqlamışdır.
İdrisi
(1100-1161 və ya 1165) Asiyanı, İngiltərənin
qərb sahillərini, cənubda zəncilərin
yaşadıqları bölgələri gəzmiş,
gördüklərini, öyrəndiklərini qeydə
almış, xəritələr çəkmişdir. İdrisinin dünyanın böyük
bir hissəsini əhatə edən səyahəti
15 il davam etmişdir. O, səkkiz əsr əvvəl
bugünkünə çox bənzəyən
dünya xəritəsini tərtib etmiş ilk
coğrafiyaşünasdır. Maraqlıdır ki,
bu xəritədə avropalılar tərəfindən
XIX əsrdə kəşf edilən Nilin
mənbələri də göstərilməkdədir. İdrisinin tərtib etdiyi
atlasda 70 xəritə var
idi.
Görkəmli
ərəb alimi Yaqut
Həməvinin (1179-1229) "Mücəmul-büldan" əsəri
ensiklopedik bir coğrafiya kitabıdır. Həmin əsər
bu gün belə əldən
düşməyən çox mühüm elmi
qaynaqdır.
İbn Bəttutə (1304-1377) 29 il ölkə-ölkə, qitə-qitə gəzib
dolaşan böyük
bir səyyahdır. Onun
"Səyahətnamə"si çox əhəmiyyətli
bir əsərdir.
Türk səyyahı və alimi Katib Çələbi
(1608-1657) "cahannüma" adlı coğrafiya kitabında dünyanın yuvarlaq olduğunu elmi şəkildə sübuta
yetirmişdir.
Piri Rəis (1465-1554) böyük türk dənizçisi,
admiralı və coğrafiya alimidir. O, 400 il əvvəl
bugünkünə çox yaxın olan bir dünya
xəritəsi çəkmişdir. Piri Rəis
1547-ci ildən Osmanlı dövlətində xəritəçilik
işinə rəhbərlik etmişdir. Onun çəkdiyi iki dünya xəritəsi və ya
xəritə parçası dövrümüzə qədər
gəlib çatmışdır. Hər iki
xəritə İstanbulda Topqapı
muzeyindədir. Xəritənin kənarına Piri
Rəisin özü tərəfindən
yazılan qeydlərin ən əhəmiyyətlisi
Amerikanın kəşfi ilə əlaqəli olan
5 qeyddir.
XVIII-XIX
əsrlərdə yaşamış Azərbaycan səyyahı
Hacı Zeynalabdin Şirvani
(1780-1837 və ya 1938) dünyanın bir çox ölkələrini
dolaşmışdır. Onun
"Riyazüs-səyahə" və "Büstanüs-səyahə"
əsərləri Şərq ölkələrinin tarixini, coğrafiyasını, adət və ənənələrini
öyrənmək baxımından əvəzsiz mənbələrdir.
Müsəlmanlar
tarix elminə də çox
əhəmiyyət vermişlər. İslam
aləmində bu mövzuda
1200-dən artıq fundamental əsər
yazılmışdır. Təbəri (838 və ya 839-923), Məsudi (IX əsrin
axırları-956 və ya 957), Zəhəbi
(1274-1348), Əbul-Fida (1273-1331), Rəşidəddin, İbn Xəldun (1332-1406), Mirxond
(1433-1498), Xondəmir (1475-1535) görkəmli islam
tarixçiləridir. Tarix fəlsəfəsi
və sosiologiyaya dair dünyada ilk əsər yazan İbn Xəldundur
(1332-1406). Təsadüfi deyildir ki, o, sosiologiya
elminin banisi hesab edilir.
Müsəlman
alimləri ensiklopediyalar da
yazmışlar. Məsələn, ərzrumlu İbrahim
Həqqinin "Mərifətnamə"si ensiklopedik
bir əsərdir. "Mərifətnamə"də
Yerin yuvarlaqlığı, fəsillər,
Amerikanın kəşfi, Kopernik sistemi kimi mühüm
məsələlər izah olunur, insanın bədən üzvlərinin vəzifələri
haqqında qiymətli məlumatlar verilir. Bu dövrdə bir çox başqa ensiklopedik əsərlər də
yazılmışdır.
III söhbət
Müsəlman
alimlərinin elmə baxışı
Allah kəlamı olan
Quran, əslində, xüsusi
bir elmi kitab deyil, Allahın insanlara göndərdiyi hidayət
çırağı, ilahi nur mənbəyidir. Allah-təalanın Quranda əsas məqsədi insanlara
doğru yolu göstərmək,
onları haqq yoluna dəvət
etməkdir. Allah-təala zaman-zaman öz yenilməz qüvvətini və qüdrətini
göstərmək üçün insanlara kainatın müəyyən
qanunlarını bildirmiş, bununla da Allahın qüdrət
və hikmət sahibi olduğunu
bəyan etmişdir.
İslamiyyət
Məkkədə meydana gəldikdən sonra tədriclə Ərəbistan
hüdudlarını aşaraq
dünyanın bir çox
ölkələrinə yayılmış və zaman keçdikcə həmin ölkələrdə
yerli mədəniyyətlərlə təmasda
bulunmuşdur. Bu mədəniyyətlər,
ilk növbədə, qədim yunan, İran, Misir və Mesopotamiya mədəniyyətləridir.
Müsəlmanlar əski yunanlardan fəlsəfə,
tibb, həndəsə və nücum elmlərini, iranlılardan ədəbiyyat,
tarix və musiqini,
babillilərdən tilsim və sehri, misirlilərdən anatomiya
və kimyanı öyrəndilər. Bu
elmlər əvvəllər ərəbcəyə tərcümə
yolu ilə keçmiş,
sonralar isə bu tərcümələrin
təsiri ilə həmin sahələrdə yüzlərcə
əsər yazılmışdır. Bu mədəniyyətlərlə
ilk təmas hicrətin birinci
əsrində, Əməvilər dövründə
başlanmış, Abbasilər dövründə isə daha da inkişaf
etmişdir. Quranda dəqiq elmlərlə bağlı olan
və təbiət hadisələrinə işarə edən
ayələrin təfsirinə başlanması Abbasilər
dövründə Aristotel fəlsəfəsinin,
Ptolemey astronomiyasının tərcümə
yolu ilə islam
dünyasına nəql edilməsi və tədriclə müsəlmanlar
arasında yayılması nəticəsində olmuşdur. Bundan əvvəl
isə təbiət hadisələri, səma cisimləri ilə
bağlı ayələr zahiri mənasına
görə anlaşılmış və bu
üsulla təfsir edilmişdir.
Əbu
Cəfər Mənsur Roma imperatoruna
məktub yazaraq, riyaziyyata
aid kitabların tərcümə edilmiş halda onlara göndərilməsini istəmişdi. Roma hökmdarı da ona Evklidin əsərlərini
və təbiətşünaslığa dair
bəzi kitabları göndərmişdi. Həmin dövrdə
tərcümə işi daha
da genişləndi və qədim yunan alimlərinin əsas əsərləri ərəb
dilinə tərcümə edilmiş oldu. Bu tərcümələr
nəticəsində islam alimləri qədim
ellin mədəniyyətini və yunan elmini tədriclə əxz
etdilər. Böyük islam
alimi Qəzali (1059-1111) başqa
sahələrdə olduğu kimi, fikir,
düşüncə və kitablar
arasında öz zamanına qədər dağınıq şəkildə mövcud olan fikirləri
toplayıb sistem şəklinə salan ilk islam
alimidir. İmam Qəzali
müxtəlif kitablarda olan
elmi ayələrin təfsirini bir yerə yığdı, onları təhlil
etdi, islami elmlərlə
dəqiq elmlərin ortaq nöqtəsini,
onların arasındakı münasibətləri müəyyənləşdirdi. İmam
Qəzali bu görüşlərini özünün bir çox əsərlərində, xüsusilə
"İhyaul-ülum" əsərində
izah etmişdir. İmam Qəzali Peyğəmbərdən (s.ə.s)
rəvayət olunan bir
hədisə istinad edərək,
Quranın zahiri, batini,
həddi və mətləinin olduğunu
bildirdi. O, daha irəli
gedərək Quranda hər bir sözün bir elm olduğunu,
beləliklə də, Allah kəlamında
77200 elm olduğunu bəyan
etdi. Qəzali həmçinin, bəzi
alimlərin hər bir ayənin 60 min mənası olduğu
fikrinə istinad edərək, Quranın
açıqlanmayan mənalarının daha
çox olduğunu bildirdi.
İslam dininin
müqəddəs kitabı olan Quran başdan-başa bir elm mənbəyidir.
Allahın, əslində, iki kitabı var. Bunlardan biri Allahın Öz
qüdrəti ilə yaradıb meydana gətirdiyi
kainat kitabı, o biri isə bizim səmavi kitab dediyimiz Qurani-Kərimdir.
Bu iki kitab
bir-birinə tam uyğundur,
onların arasında heç bir ziddiyyət yoxdur, onlar bir-birini tamamlayır.
(davamı gələn
sayımızda)
Mərkəz.- 2010.- 12 oktyabr.- S. 16.