Kitabxana işçilərinə kompyuter dərsləri verilir

 

Rayon kitabxanalarnda çalışanların kompyuter bilgisinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, bu məqsədlə əmr imzalanıb. Həmin sənədə əsasən, respublikamızın 3 regionu üzrə - Sumqayıt, Gəncə və Lənkəranda təlimlər təşkil ediləcək. Artıq həmin regionlardan birində, Sumqayıtda belə bir təlim həyata keçirilib. Növbəti təlimlərə bu gün Lənkəranda start veriləcək. Təlimlərin ayın 16-dək çəkəcəyi bildirilir. Gəncə şəhərində isə təlimlər 26-30 oktyabr tarixlərində təşkil olunacaq.

Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin sertifikatları verilir.

Təlimlərdə kitabxana rəhbərləri kitabxanalarda tətbiq olunan informasiya texnologiyalarından və internet xidmətlərindən səmərəli istifadə, kitabxana resurslarının yaradılması, genişləndirilməsi və dünya informasiya məkanına çıxarılması və s. mövzularda öz biliklərini təkmilləşdirirlər.

Onu da qeyd edək ki, bu proses Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq həyata keçirilir.

 

 

Mərkəz.- 2010.- 12 oktyabr.- S. 11.