HEYDƏR ƏLİYEV
Bu gündən etibarən Viktor
Andrianov və Hüseynbala
Mirələmovun müəllifi olduğu
«HEYDƏR ƏLİYEV» əsərini hissə-hissə diqqətinizə
çatdıracağıq.
Ön söz
Bəzən dünyada elə təsadüflər olur ki, onu kortəbii hadisələr hesab edirlər. Halbuki, bunlar həyatın
aşkar həqiqətləridir. Və təəssüf
ki, çoxları taleyin
bu gerçəkliyini görə bilmir.
1944-cü il
noyabrın 27-də Moskvaya SSRİ Xalq Komissarları Sovetinin
sədri İosif Vissarionoviç
Stalinlə danışıqlara yollanan,
«Döyüşən Fransa» hərəkatının
rəhbəri, Fransa Respublikası Müvəqqəti
hökumətinin başçısı və ölkənin gələcək
prezidenti Şarl de Qoll yolüstü
Bakıda dayanmalı olmuşdu. SSRİ-də
bu ucaboy və ali qonağı müttəfiq dövlətin
başçısı kimi qəbul edirdilər.
Sovet İttifaqına iki
həftəlik səfərində generalı Stalinin
şəxsi göstərişilə Xalq
Komissarları Soveti sədrinin müavini Aleksey Nikolayeviç Kosıgin müşayiət edirdi. Uzun illərdən sonra SSRİ
Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Parisə rəsmi səfərə
yollanacaq və diplomatik
protokolun bütün
qaydalarına rəğmən Orli hava limanında Sovet
hökumət başçısının pişvazına
şəxsən Prezident de
Qoll gələcək. Lakin bu başqa
bir hadisə, başqa
bir əhvalatdır...
Bakıda generalı
bütün rəsmi mərasim qaydalarına uyğun
ehtiramla qarşıladılar. Bayraqlar,
himnlər, fəxri qarovul... Rəsmi
qonağı qarşılayanların arasında vəzifə
səlahiyyətinə görə dövlət təhlükəsizlik
xidmətinin gənc leytenantı, əyninə mülki
plaş geymiş və
başına dəbdə olan şlyapa qoymuş Heydər
Əliyev də vardı.
Sonralar Heydər Əliyevin söylədiyinə
görə, onun nəzərləri ani də olsa, De Qollun
baxışları ilə qarşılaşmışdı.
Həmin
axşam məşhur fransalı qonaq «Koroğlu»
operasını dinləmiş, ertəsi günü
isə qatarla Stalinqrada
yola düşmüşdü,
çünki hava tutulduğundan təyyarələr uçmurdu.
Bu hadisəni xatırlatmaq ona görə maraqlıdır ki,
dünyada tanınan hər iki şəxsiyyətin siyasi
taleyində oxşar məqamlar çoxdur. Hər ikisi uzun illər uğurlu
dövlət fəaliyyətindən sonra
işdən kənarlaşdırılıb. Paris
«didərgini» haqqında deyirdilər ki, o, nitqini itirmiş
peyğəmbər kimi meydanı tərk etmişdi və səsi-sədası eşidilmirdi.
Qorbaçov əyyamının Sov. İKP MK Siyasi Bürosunda Heydər Əliyevi dinləmək
və eşitmək istəmədilər. Və o da çıxıb getdi...
1958-ci
ilin may ayında Kolombe malikanəsində tənha yaşayan general de Qoll Fransanın
çağırışıyla Parisə qayıtdı.
1990-cı
ilin iyul ayında Azərbaycanın
çağırışıyla Heydər Əliyev özünün Moskvadakı qəriblik həyatından
ayrılaraq vətənə döndü.
Geri dönəndə hər ikisinin 67 yaşı vardı. Bu
yaşda, adətən, nəvələrlə
əylənir və memuar yazmaqla
məşğul olurlar. Lakin
iş elə gətirdi ki,
ürəkaçan ailə qayğıları və xatirələrlə
bağlı məsələlər təxirə
salınmalı oldu. Onlar
dar gündə öz
vətənlərini xilas etmək üçün qayıtdılar. Biri - Fransanın birliyini və
müstəqilliyini, o biri
isə - Azərbaycanın bütövlüyünü
və suverenliyini təmin etmək naminə.
Heydər
Əliyev siyasətçi kimi sovet sisteminin dəyərləri
əsasında formalaşmışdı.
Beynəlmiləlçilik
haqqında səslənən şüarlar
onun üçün
gəlişi gözəl sözlər deyildi:
«Beynəlmiləlçi olmaq
üçün təkcə öz millətini düşünmək
lazım deyil, bütün
millətlərin mənafeyini, onların ümumi
azadlığını və hüquq bərabərliyini
öz millətindən yüksək
tutmağı bacarmaq lazımdır» (V.
İ. Leninin tam külliyyatı, S.45). Sovet siyasətçisi və dövlət xadimi Heydər Əliyev haqqında tam səmimiyyətlə demək olar ki, o,
işdə beynəlmiləlçi idi.
Lakin XX əsrin sonlarında o, Şarl de
Qollun milli amilin bütün digər
ideyalar, nəzəriyyələr, şüar və prinsiplərdən öndə
olduğu barədə fikrini
özü üçün
yenidən kəşf etdi.
Bəli,
tarix göstərdi ki,
milli ideya bir çox başqa mətləblərdən daha önəmlidir. Realist
siyasətçi Heydər Əliyev üçün
buradan bir qənaət
hasil olunurdu: dövlətin
qurtuluşu eyni zamanda millətin qurtuluşudur.
...Karlovı
Varı. Tixaya Sadovaya
küçəsi. Burada, şəfalı
bulaqlarla zəngin olan
məşhur Mlin (yəni Dəyirman)
sütunlarından yüz metr
aralı sovet nomenklaturasının
xoşladığı «Bristol»
sanatoriyası yerləşir. Qoca bağban qızılgülləri suvara-suvara burada
Kosıgini, Əliyevi, Şerbitskini, marşal Konevi gördüyünü söyləyir...
Hündür meydançadan yaraşıqlı rus kilsəsinin mavi
günbəzləri görünür - oradan zəng sədaları eşidilir;
başqa tərəfdən çoxulduzlu sanatoriya və
hotelləri olan dəbdəbəli kurortun mənzərəsi canlanır.
Yaşlı bağbanla
təsadüfi söhbət, onun məhrəmanə
«hələlik» («aqoy») deyə
uğurlaması tezliklə unudula bilərdi,
əgər axşam Moskvanın televiziya proqramında onun
səmimiyyətlə xatırladığı adamların
simaları görüntüyə gəlməsəydi. Televiziyada «İzvestiya»nın və Mərkəzi
televiziyanın siyasi icmalçısı,
diplomat, keçmişdə Sov. İKP MK məsləhətçisi, iki baş katib
- Brejnev və Andropovun
ən yaxın köməkçilərindən biri Aleksandr Bovinin xatirəsinə həsr olunmuş
süjet, müxtəlif illərin
fotoşəkilləri, telexronika və s. göstərilirdi.
Budur, böyük
bayram masası arxasında Yuri
Vladimiroviç Andropov,
sağ tərəfində Əliyev, solda Qromıko və Qorbaçov
əyləşmişlər... Görünür,
indicə hansısa zarafatyana bir atmaca səslənmişdir:
Heydər Əliyev və Yuri Vladimiroviç ürəkdən uğunur, hətta sərt xasiyyətli, Qərbdə
cənab «Yox» ləqəbi ilə
tanınan SSRİ-nin xarici
işlər naziri Qromıko da gülümsünür.
Siyasi Büronun «adi» üzvü, hələ
Sov. İKP-də ikinci
şəxs olmayan (Brejnevin
ölümündən sonra Mixail Sergeyeviç
yanıqlı qalsa da,
ölkənin «ikinci» vəzifəsi Konstantin Ustinoviç Çernenkoya həvalə edilmişdi)
Qorbaçovun da sifətində
zərif bir təbəssüm var.
2004-cü
ilin aprel günlərində
Çexiya qəzetləri
ağızdolusu Böyük Avropadan yazırdılar: «Çexiya
və üstəlik 9 ölkə mayın 1-də Avropa Birliyinə daxil olmuşdu. «Dnes» (əvvəllər
«Mlada fronta» adlanan) qəzeti oxuculara bildirirdi ki, biz indi 455 milyonluq,
ərazimiz 3,9 milyon kvadrat
kilometrdir, 25 dövlətik...»
Gecə,
düz saat 12-də
Karlovı Varı üzərində salyut
gurladı, qaranlıq səma al-əlvan atəşfəşanlıqdan
nura boyandı. Çexiya
bayram edir. Litva, Latviya, Estoniya, Sloveniya şənlənir...
Avropa bu ölkələr
arasındakı sərhədləri götürür.
Daha doğrusu,
onları Şərqə doğru çəkir.
Dünyanın yeni siyasi xəritəsində ötən əsrin
80-ci illərində dünyada məhsul
istehsalının beşdə bir hissəsinə
sahib olan Sosialist Birliyi ölkələri,
Varşava müqaviləsi dövlətləri
və Qarşılıqlı İqtisadi
Yardım Şurası artıq yoxdur. Avropa Birliyinin 25 ölkəsinin
cəmləşdiyi bu xəritədə
vaxtilə Sovet İttifaqının tərkibində
olan və aralarında Azərbaycanın da yer aldığı yeni dövlətlər var.
İki min il əvvəl müdriklərdən biri belə söyləyib ki,
Allah kimsəyə keçid
dövründə yaşamağı nəsib etməsin. Sadə
insanın bu həyəcanı, bu narahatlığı bütün
zamanlar üçün
eyni dərəcədə başa
düşüləndir. O, həmişə
çalışır ki, öz
komasının, ya da
daxmasının bir küncünə
sığınıb tufanın sovuşmasını gözləsin.
Bu da başa
düşüləndi.
Az-çox dünyagörüşü
və təcrübəsi olan adam təbiətdəki bəzi əlamətləri
müşahidə etməklə baş
verəcək tufanı əvvəlcədən müəyyən
edir. Deyək ki, leysan yağışdan əvvəl çox vaxt tozanaq qopur. Eynən böyük siyasətdə də belə olur - hərçənd ki,
siyasətdə yaxınlaşan fəlakəti qabaqcadan
hiss etmək bacarığı çox az adama
nəsib olur...
Andropov, Qromıko, Əliyev və Qorbaçovun bir qədər
əvvəl haqqında danışdığımız televiziya çəkilişi 1982-ci ilin noyabrından əvvəl və 1983-cü ilin axırından, yəni Yuri
Vladimiroviçin yatağa
düşdüyü vaxtdan
sonra aparıla bilməzdi. Qəribədir
ki, bu kadrları məhz
2004-cü ilin aprel
günlərində, yəni qarşınızdakı
kitabı yazmaq fikrinə düşdüyümüz
zaman ikimizdən biri görmüşdü. Çox
vaxt deyirlər ki, tarixin gələcəklə bağlı dəqiq
düsturu, «hazır hökmü»
yoxdur. Amma buna baxmayaraq, hadisələrin
bu və ya digər inkişaf yönümünü,
hətta ssenarisini müəyyənləşdirmək
olar. Sovet
İttifaqının taleyi necə ola bilərdi, əgər... Variantlar
çoxdur. Ümumi qənaət
isə ondan ibarətdir ki,
Sovet İttifaqı süquta
məhkum deyildi.
(davamı
gələn sayımızda)
Mərkəz.- 2010.- 12 oktyabr.- S. 10.