«Quranelm»

 

III söhbət

 

Müsəlman alimlərinin elmə baxışı

 

Qurani-Kərimin müraciət etdiyi kimsə insan, qayəsi isə insanları dünya və axirət səadətinə qovuşdurmaqdır. Quranın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, o, hər dövrün insanına müraciət edir. Məhz buna görə də, Quran insanlar tərəfindən müxtəlif dövrlərdə təfsir olunmuş, izah edilmişdir. Quranı müxtəlif dövrlərdə müxtəlif alimlər şərh etmiş, ona yüzlərcə təfsir yazılmışdır. Beləliklə, Peyğəmbər əleyhissəlamın və səhabənin təfsiri ilə yanaşı, islam alimlərinin də təfsirləri meydana çıxmışdır. Həzrəti Peyğəmbərin (s.ə.s) və səhabənin təfsirinə "rivayət", islam alimlərinin təfsirinə isə "dirayət" təfsiri adı verilmişdir. "Dirayət" təfsirinə "rəy" təfsiri də deyilir. Burada "rəy"dən məqsəd "ictihad"dır. Buya digər təfsirçinin ictihad edə bilməsi üçün onun ərəb dilinionun incəliklərini, ərəblərin tarixini, ədəbiyyatını, mədəniyyətini, adət və ənənələrini, islamdan əvvəlki cahiliyyə dövrünün xüsusiyyətlərini, yəhudi və xristian dinlərini, xüsusilə müsəlman hüququnu, ayələrin nazil olma səbəblərini, hökmü ləğv edilmiş ayələri və s. yaxşı bilməsi vacib şərtlərdəndir. Ancaq zaman-zaman Quranın təfsiri üçün ortaya qoyulan bu şərtlər kifayət etməmiş, Allahın Kitabını şərh edən alimlərin bir sıra müasir elmləri bilməsi zərurəti də meydana çıxmışdır. Bu zərurətə, xüsusilə kainatla, kosmosla, səma cisimləri ilə bağlı Quran ayələrinin təfsirində ehtiyac duyulmuşdur. Elmi təfsir ilkin olaraq "dirayət" təfsiri içində yer almış və tədriclə müstəqil bir təfsir məktəbi halına gəlmişdir. Beləliklə, "elmi təfsir hərəkatı" meydana gəlmişdir. Bu məktəbin yaranması Əməvilər dövrünə gedib çıxsa da, onun müstəqil bir məktəb kimi formalaşması bizim müasir dövrümüzə aiddir. Bir daha qeyd etmək lazımdır ki, Qurani-Kərimi ilk təfsir edən şəxs Peyğəmbər əleyhissəlam özü olmuşdur. Peyğəmbərimiz (s.ə.s) əqidə, etiqad, ibadət və əməli hökmlərlə bağlı ayələri bütün incəliklərinə qədər izah etmiş, həmin ayələrdəki ilahi məqsədin nədən ibarət olduğunu öz sözləri, yaşantısı və davranışları ilə ümmətə bəyan etmişdir. Bununla belə, Peyğəmbər əleyhissəlam qeyblə bağlı ayələri, mütəşabih (mənası çətin anlaşılan) ayələri, eləcə də bir sıra başqa ayələri izah edib açıqlamamışdır. Bununla da, Peyğəmbər Quranın təfsiri işini dondurmamış, əksinə, qiyamətə qədər bu ayələrə yeni-yeni mənalar verilməsi imkanını saxlamışdır. Təbii ki, bundan məqsəd həmin ayələri hər kəsin öz istədiyi kimi deyil, elmin nailiyyətlərinə istinad edərək təfsir etməsi nəzərdə tutulur. Peyğəmbər əleyhissəlam hərənin öz hissiyyatına qapılaraq Quranı təfsir etməsini pisləmiş, onu qadağan etmiş, günah saymışdır. Müsəlman hüquqçuları Həzrəti Peyğəmbərdən (s.ə.s) sonra ortaya çıxan hüquqi məsələləri Qurana müraciət edib əqli mühakimə əsasında həll etdikləri, onlara dair hökm çıxardıqları kimi, alimlər də müxtəlif fundamental elmlərin nailiyyətləri əsasında Qurandakı elmi ayələri şərh etmişlər. Bütün bunlar, təbii ki, islam aləmində elmin inkişafına təkan vermiş, elmi təfəkkürün tərəqqisinə zəmin yaratmışdır. Biz bunun üçün Peyğəmbər əleyhissəlama çox borcluyuq.

Yuxarıda qeyd etmişdik ki, İmam Qəzali "İhyaul-ülum" əsərində Peyğəmbərdən (s.ə.s) rəvayət olunan bir hədisə istinad edərək, Quranın zahiri, batini, həddi və mətləinin olduğunu bildirdi. O, daha irəli gedərək Quranda hər bir sözün bir elm olduğunu, beləliklə də, Allah kəlamında 77 200 elm olduğunu bəyan etdi. Qəzali, həmçinin, bəzi alimlərin hər bir ayənin 60 min mənası olduğu fikrinə istinad edərək Quranın açıqlanmayan mənalarının daha çox olduğunu bildirdi. İmam Qəzali elmləri üç qismə ayırır:

1. Əqli elmlər - riyaziyyat, həndəsə və astronomiya.

2. Nəqli elmlər - təfsir və hədis elmləri.

3. Həm əqli, həm də nəqli elmlər - fiqh (müsəlman hüququ) və fiqh üsulu.

İmam Qəzali "cəvahirul-Quran" əsərində isə Quran elmlərini iki qismə ayırır:

1. Qabıq elmi (zahiri elm) - bu elmlər lüğət, qiraət, hərflərin məxrəci və Quranın zahiri təfsiridir.

2. Xüsusi elm (əsl elm) - bu elmlər qissələr, kəlam, fiqh üsulu, fiqh, Allahı və axirəti tanıma (tövhid) və doğru yolu tapmaq elmləridir.

Qəzaliyə görə, Quranda bunlardan əlavə, yenə bir çox başqa elmlər də vardır ki, onlar tibb, nücum (astrologiya), astronomiya (elmi-fələk), biologiya, anatomiya, sehr və s. elmlərdir.

Qəzali belə hesab edir ki, hələ yaranmamış, varlıq aləminə çıxmamış elmlər də mövcuddur ki, bunlar dövrün, zamanın tələblərinə görə meydana çıxacaqdır. O, eyni zamanda qeyd edir ki, vaxtilə mövcud olmuş, sonradan unudulub getmiş, yox olmuş elmlər də vardır, onları bilən kimsələr qalmamışdır.

Nəticə olaraq, İmam Qəzali belə bir qənaətə gəlir ki, adları qeyd edilən və edilməyən bütün elmlərin nüvəsi Qurandadır. Qəzali Quranda pozitiv, yəni təcrübi elmlərdən ən çox tibbə və astronomiyaya toxunur. O, belə hesab edir ki, insanların sağlamlığı, yaşamaları, dünya həyatlarını tənzim edə bilmələri üçün tibb, öyrənilməsi lazım olan elmlərdən biridironun öyrənilməsi müsəlmanlar üçün ümumi bir borc, ümumi mükəlləfiyyətdir (fərzi-kifayə).

 

 

IV söhbət

 

QƏZALİNİN GÖRÜŞÜ

 

İmam Qəzali Quranın Şuəra surəsindəki "Xəstələndiyim zaman mənə şəfa verən Allahdır" (Şuəra surəsi, 80) ayəsinə istinad edərək, belə bir fikir irəli sürür ki, xəstəliyi sağaltmaq, xəstəni müalicə etmək çox önəmli bir işdirbu işlə elmi yaxşı bilən kimsələr, yəni həkimlər məşğul olmalıdırlar. Qəzali, dərdi verənin Allah olduğu kimi, dərmanı verənin də Allah olduğunu qeyd edirQuranda təbabətlə əlaqədar bir çox ayələrin olduğunu bəyan edir.

İmam Qəzali Quranda Ayın, Günəşin və başqa səma cisimlərinin hərəkəti ilə bağlı ayələrə toxunaraq, onların Allahın qüdrətinə tabe olduqlarını və Allahın onlar üçün müəyyən etdiyi qayda-qanunlar əsasında dövr etməsini bildirir. O belə hesab edir ki, Quranda gecə və gündüzün meydana gəlməsi, bir-birini əvəz etməsi, Ayın, Günəşin tutulması ilə bağlı, küləyin əsməsi ilə əlaqədar bir çox ayələr mövcuddur ki, bunların əsl mənasını yalnız astronomiyanı yaxşı bilən kimsələr dərk edə bilər. Qəzali özünün "Təhafütul-fəlasifə" əsərində Yerin yuvarlaq olduğunu bildirmiş, Ayın və Günəşin tutulmasını müasir elmi anlayışa uyğun bir şəkildə izah etmişdir. Qəzaliyə görə, Ayın tutulmasının səbəbi odur ki, bu zaman Yer (yaşadığımız dünya) Günəşlə Ayın arasına girir, çünki Ay öz işığını Günəşdən alır. Günəşin tutulmasının səbəbi isə Ayın Yerlə Günəş arasına girməsindədir.

Göründüyü kimi, İmam Qəzali Quran ayələrinin anlaşılmasında təcrübi elmlərdən faydalanmağın zəruri olduğunu söyləyən və öz əsərlərində bunu əyani şəkildə tətbiq edən ilk müsəlman alimidir.

İmam Qəzalidən sonra Quranda insan-əşya və kainat münasibətlərinə dair ayələri pozitiv (təcrübi) elmlər əsasında şərh edən ən böyük alim, məşhur Quran mütəxəssisi Fəxrəddin Razidir (1148-1209).

 

 

(davamı gələn sayımızda)

 

Mərkəz.- 2010.- 13 oktyabr.- S. 16.