HEYDƏR ƏLİYEV
ABŞ-ın
SSRİ-dəki keçmiş səfiri Cek Metlokun 2005-ci il
iyulun 5-də «İşgüzar çərşənbə
axşamı» həftəlik jurnalına verdiyi müsahibəyə
nəzər salaq: «Fakt faktlığında qalır: kommunist
rejiminin zəifləməsi və dağılması Qərbin
təzyiqi nəticəsində yox, Qorbaçovun islahatları
sayəsində baş verdi. Əgər bu islahatlar uğurlu
olsaydı, SSRİ xilas ola bilərdi. SSRİ-nin
dağılması heç də soyuq müharibənin və
yaxud Qərbin hansısa səylərinin qaçılmaz nəticəsi
deyildi».
Əlbəttə, cənab
Metlokun cidd-cəhdlə inkar etdiyi «Qərbin təzyiqi» də
öz rolunu oynamışdı.
Ağıllı-başlı
islahatlar aparmaqla, cəmiyyətin inkişaf təmayüllərini
diqqətlə nəzərə almaqla ölkə yeniləşə-yeniləşə
inkişaf edə bilərdi. Lakin hakimiyyəti həyatda əsas
qayələrini dəniz daşları tək mamır
basmış, az qala yüz il boyu dəyişdirilmədən
saxlanan köhnə düsturlara kor-koranə əməl edən
ehkamçılar idarə edirdilər. Baş katib vəzifəsinə
keçən Qorbaçov cəmiyyətə, ölkəyə
yeniləşmə və sürətli inkişaf vəd
edirdi. Hərçənd ki, çox tezliklə
özünün böyük dövlətinin miqyasları ona
darısqal görünməyə başladı. O,
özünün yeni düşüncə konsepsiyasını
böyük tərkibdə nəinki Sovet İttifaqına,
Sosializm Birliyi ölkələrinə, hətta bütün
dünyaya sırımaq istədi. Halbuki, doğma ölkəsinin
daxilində vəziyyət günü-gündən pisləşirdi.
Lider hansı işdən yapışırdısa,
naqqallığına salıb hər şeyi bada verir,
yarıda bilmir, ona etiraz etməyə cürət göstərənləri
isə rədd edirdi.
«Mən «Perestroyka» (yenidənqurma) ifadəsini
eşidən kimi o saat dedim: bu «katastroyka»dır (yəni
oyunbazlıq, dağıdıcılıq), - deyə filosof,
yazıçı Aleksandr Aleksandroviç Zinovyev jurnalist
Viktor Kojemyak ilə müsahibəsində o dövrü belə
xatırlayır: -1988-ci ildə mənim «Qorbaçovizm»
adlı kitabım nəşr olunmuşdu». Burada onu da
əlavə edək ki, bu kitab Almaniyada nəşr olunmuşdu.
Partiya bu böyük alimi sonra məhz bu ölkəyə
sürgün etmişdi. Yalnız neçə il keçəndən
sonra o vətənə qayıda bildi. «…Qərbdə
çıxışlarımdan birində mənə Sovet
sisteminin ən zəif yeri barədə sual verdilər. Mən
cavab verdim ki, Sovet sisteminin ən zəif yeri əslində ən
möhkəm hesab olunan partiya aparatıdır. Zalda
gülüşmə qopdu. Mən əlavə etdim ki, bəli,
partiya aparatı, Siyasi Büro və Baş katib. Onlar istəsələr,
yarım ilə ölkəni dağıda bilərlər. Elə
də oldu» («Pravda» qəzeti. 18 avqust 2005).
Uzaqgörən siyasətçilər -
heç şübhəsiz, böyük idarəçilik təcrübəsinə,
siyasi fəhmə malik, insan qəlbinin istəklərini duyan,
anlayan Heydər Əliyev də belələrindən idi -
görürdülər ki, bəli, «proses getdi» (Qorbaçovun
formulu) və bu «proses» İttifaq dövlətinin
dağılmasına aparır. Artıq Rusiyanın
özündən qoparmalı olacaq balaca «vaqon»lar haqda
söz-söhbət gəzirdi. Söhbət rusların,
rusiyalıların vahid dövlət tərkibində 100, 200,
300 il birgə yaşadığı xalqlardan, müttəfiq
respublikalardan gedirdi. Hər hansı başqa bir dövlət tərkibində
ölkənin dağıdılmasına çağıran
siyasətbazların aqibətini məhkəmə həll edərdi.
Sovet İttifaqında isə başı
dumanlandırılmış kütlə onları sevinclə
qarşılayaraq əlləri üstə gəzdirirdi.
Respublikalarda separatçı təmayüllər
baş qaldırırdı. Onları bir tərəfdən
hakimiyyətə və varlanmağa can atan yerli elitalar
qızışdırır, digər tərəfdən isə,
açığını deyək ki,
sıxışdırılmış milli mənafelər
növbəti yanlış addımlara təhrik edirdi. Öz
bayrağı, himni, konstitusiyası olan respublikalar, əslində,
çox az müstəqilliyə malik idilər. Kadrları
«qırmızı» paytaxt təyin edirdi. Bu paytaxt yalnız
öz istədiklərini mükafatlandırır, ucaldır və
endirir, cəzalandırır və əfv edirdi. Və birdən
o da məlum oldu ki, bəzi məsələləri onsuz da həll
etmək mümkündür. Bəs, görəsən nəyi?
Moskva yüyəni hara qədər boş buraxır? Yenidən
onu öz əlinə almazmı?
Hakimiyyət
uğrunda mübarizəyə ən müxtəlif qüvvələr
qoşulurdu: xarici xeyriyyəçilərdən qidalananlar da,
populistlər də, tələm-tələsik
maskalanmış haram kapital da. Hər bir
müttəfiq respublikanın - Moldovanın,
Gürcüstanın, Ukraynanın, o cümlədən də,
Azərbaycanın özünəməxsus xüsusiyyətləri
vardı. Əlbəttə, bununla yanaşı, bir çox
başqa amillər də - tarixi, sosial, xarici siyasət də
bu prosesdə rol oynayırdı. Məsələn,
Moldovada rumıniyapərəst dairələrin fəallığı
aşkar görünürdü. Litvada hər şeyi antirus
«Sayudis» idarə edirdi. Ukraynada keçmiş əmək
qvardiyasını - aldadılmış
şaxtaçıları siyasət meydanına
atmışdılar ki, qoy tarana gedib sovet hakimiyyətini
yıxsınlar.
Azərbaycanda
Moskvanın əmrinə əsasən, çoxdan burada olmayan,
başqa cür desək, hələ ölkəyə
qayıtmamış Heydər Əliyevlə haqq-hesab
çürüdürdülər. Respublikada dərəbəylik
hökm sürürdü.
Tarixdə
şəxsiyyət, insan və hakimiyyət kimi
anlayışlar adamları zaman-zaman
düşündürüb. Bəzən bu,
hökmdarlara, rəhbərlərə onların vaxtı-vədəsi
gələnədək «rəiyyət»dən gizlədilən
şəxsi həyatlarının xırdalıqlarına
göstərilən maraq sırf «obıvatel» marağından
fərqlənmir. Əksər hallarda isə bu xüsusiyyət
adamlarda həqiqəti anlamaq istəyindən irəli gəlir.
Nədən hansısa öndərlərə «gərdişi-dövran»
tabe olur və onlar sınaqlara sinə gərərək,
öz xalqlarını, ölkələrini Böyük Pyotr,
Franklin Ruzvelt, Atatürk, Stalin, Çörçill, Qandi, de
Qoll kimi ucaldırlar?... Nədən digərlərini eyni
olaylar, gur axın aciz bir talaşanı apardığı kimi
öz ardınca sürükləyir? Və bu təqdirdə
taclar başlardan qoparılıb tolazlanır: Rusiya imperatoru
İI Nikolayın, Avstriya kralı Frans-Iosifin, alman kralı
Vilhelmin, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail
Qorbaçovun tacı kimi...
Heydər
Əliyev 14 il Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə başçılıq edib - sovet
dövründə bu, respublikanın rəhbəri demək
idi; 5 il sovet hökumətində ikinci şəxs və Sov.
İKP MK Siyasi Bürosunun üzvü olub; 10 ildən artıq
başında durduğu müstəqil Azərbaycanın
postsovet dönəmində yaradılması və təşəkkül
tapması da onun adıyla bağlıdır.
Heydər
Əliyevin böyük siyasətə qayıdışı
bir çox cəhətdən general de Qollun «başını
itirmiş» Fransada hakimiyyətə
qayıdışını xatırladır. Onların
fəaliyyət göstərdikləri siyasi mühit və
şəraitin bütün fərqlərinə baxmayaraq, bu iki
tarixi şəxsiyyətin müqayisəsi ən
başlıca cəhəti aşkara çıxarır; onlar
üçün həlledici meyar öz ölkələrinin mənafeyi
olmuşdur. Yeri gəlmişkən, məhz Əliyevin sərəncamı
ilə 1999-cu ilin martında de Qollun 44-cü ildə qonaq kimi
qaldığı binanın üzərinə xatirə
lövhəsi vurulub. Bakılılar Neftçilər
prospektində yerləşən həmin möhtəşəm
binanı yaxşı tanıyırlar; onun yanında XII əsrin
memarlıq abidəsi - məşhur Qız qalası ucalır.
Beləliklə də, uzaq və yaxın keçmiş
bir-birinə qovuşur.
İstedad
və iradə Əliyev şəxsiyyətinin ali keyfiyyətləridir.
İlk növbədə, özünə qarşı ən
yüksək tələbkarlıq və mütəşəkkillik.
Bir adamı dinləmək və eşitməklə
«xalq», «millət» adlanan böyük anlayışın birləşdirdiyi
bütün insanların istək və məqsədlərini
anlamaq qabiliyyəti onda bir daha üzə
çıxırdı. Onun simasında böyük siyasətçinin
peyğəmbər uzaqgörənliyi və sərkərdə
şücaəti cəmləşirdi. Dərin
savad və fitrətdən gələn incə estetik duyumu
olan, alicənab və ürəyində kin saxlamayan bu insan
bilmədən səhv edənləri
bağışlamağı bacarırdı, lakin
naşılar, simasızlar, təmənna güdənlər
onun mərhəmətinə ümid bəsləyə bilməzdilər.
Anadan olanda
adını Heydər qoydular. Mənası - öndə gedən,
başçı deməkdir. Biz onun necə boya-başa
çatmasından, doğma Naxçıvanında, daha sonra
bütün Azərbaycanda - qoca Xəzərdən
qarlı-vüqarlı dağlaradək - Sovet İttifaqı
adlanan ölkədə qarşısında açılan
dünyanın ona necə görünməsindən, bənzərsiz
siyasətçi və dövlət xadimi, milli lider, xalqın
öndəri olmasından bəhs edəcəyik.
I FƏSIL
«Mən Naxçıvanda doğulmuşam...»
10 may 1923-cü il, Naxçıvan
Tərcümeyi-halında yazırdı: «Mən,
Əliyev Heydər Əlirza oğlu, 1923-cü il mayın 10-da
Naxçıvanda anadan olmuşam...» Hər dəfə
bu sətirləri yazdıqda - Bakıda, Leninqradda, Moskvada Araz
sahilindəki sakit və mehriban, doğma şəhər
gözləri önündə canlanırdı. Əsrləri,
minillikləri yola salmış bu şəhərin may
ovqatı məscid üzərində açılan bahar
asimanı kimi safdır, ülvidir və sanki dünyaya yeni gələn
bir insanın valideynlərinə bəxş etdiyi ümid
işığıdır.
Belə bahar
günlərinin birində Əlirza və İzzət Əliyevlərin
ailəsində 4-cü övlad dünyaya göz
açdı. Körpəyə İzzət xanımın azərbaycanlıların
Zəngəzurdan didərgin salındığı zaman həlak
olmuş qardaşı Heydərin adını qoydular. O
Heydərin yaşı həmişəlik 23 olaraq qaldı... İllər ötəndən sonra Əliyevlər
ailəsində Əyyub Abbasovun «Zəngəzur» romanı əldən-ələ
keçdi. Çünki bu iki qalın
cilddə yazılanları oxuyan Şəfiqə, eynən bu
hadisələri, analarının da ona
danışdığını qardaşlarına söyləmişdi.
- Yanılmırsan, Şəfiqə, - deyə
Həsən təsdiq elədi. - Bu kitabı yazan adam didərginlik ağrısını
çox dəqiq göstərmişdir.
«Andronik
Uzunyanın əsgərləri kəndə aşağı tərəfdən
daxil oldular. Yamacın ətəyində
bir neçə ev
alışıb-yandı. comərd təkid
eləyirdi ki, adamlar nəyi bacarırlarsa, götürüb
dağlara çəkilsinlər.
Haray-həşir,
arvadların hönkürtüsü, uşaqların
ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zəngəzur
torpağında baş verən müsibətə laqeyd qala
bilmirdi. Atlar, yüklənmiş ulaqlar,
qorxudan böyürən öküzlər, inəklər - hər
şey bir-birinə qarışmışdı. Kənddə qalan yalnız dərd-sərdən
ağlı çaşmış və öz həyatını
evdən ayrı təsəvvür etməyən qocalar idi».
Bu - ədəbiyyatdır. Həqiqətdə
isə XX əsrin əvvəllərində Yelizavetpol
quberniyasının Zəngəzur qəzasında 326 kənd
vardı. Azərbaycan tatarlarının (o
vaxt imperiya məmurları azərbaycanlıları belə
adlandırırdılar) qonşuları olan ermənilər,
ruslar və kürdlər pambıq əkini ilə məşğul
olur, qoyun sürülərini birgə otarır, hərə
öz ibadətgahında - kilsəsində, məscidində
ibadət edirdi. Bu bərəkətli torpaqda hər
şey bol idi - meyvə bağlarında dadlı alma, armud, üzüm, ərik, şaftalı
yetişirdi; çoxsaylı geniş otlaqlarda mal-qara, qoyun-quzu
sürüləri otlayırdı. O dövrün
xronikasında belə yazılmışdı: əsrin əvvəllərində
Zəngəzurda 123 997 adama 83 min baş iri buynuzlu mal- qara,
83400 baş qoyun, 4000 baş keçi düşürdü... İpəkçilik inkişaf edir, mis hasilatı
artırdı.
Bəli, nə
qədər ki, insanları milli ayrı-seçkilik, milli
münaqişələr, qarşılıqlı qəzəb,
kin-küdurət biri-birindən ayırmamışdı, bu
diyarda hər şey bol idi.
Yaşadığı
müsibət İzzət xanımın qəlbində silinməz
qanlı izlər qoymuşdu. O, öz dərdini uşaqlarından gizlətsə də,
qızları (qızlar adətən həssas olur) neçə
dəfə analarının xəlvətə çəkilib
için-için ağladığını
görmüşdülər.
Naxçıvanda
gözəllik müsabiqələri keçirilsəydi, heç
şübhəsiz, İzzət xanım birinci gözəl
sayılardı. Lakin bu diyarda qəbul olunmuş əxlaq qaydaları
belə bir sərbəstliyə yol verməzdi. İzzət
xanım öz valideynləri Cəfərqulu və Sarabəyim
kimi, valideynlərinin valideynləri kimi, müqəddəs
«Qurani-Kərim»də yazılmış qaydalara uyğun
yaşayırdı, hətta oğulları belə, onu
heç vaxt başıaçıq görməmişdilər.
Bir dəfə
Şəfiqə otaqda anasının saçlarını
darayırmış. Qapı döyülür. O, - «Yəqin, Heydər
qayıdıb», - deyir və tələm-tələsik sevimli kəlağayısını
başına çəkir.
İstər
Azərbaycanda, istərsə də Rusiya və Ukraynada olsun,
böyük ailələrdə evin, ocağın əsas
yükünü həmişə ana çəkir. Bakının neft mədənlərində
fəhlə işləmiş və sonra Naxçıvana
qayıtmış ataları dəmiryolunda işə düzəlmişdi.
Heydər anadan olanda Əlirza Əliyevin köhnə dostu,
paravoz maşinisti dəmir maşınından elə
qulaqbatırıcı fit verir ki, Araz qırağında
otlayan qoyun-quzu hürküşüb az
qala çaya töküləcəkmiş...
Elin adət-ənənəsinə
uyğun ən yaxın adamları plovlu, şərbətli
süfrə başına dəvət etmişdilər.
Gur səsi həyət-bacanı
başına alan körpənin Həsən,
Hüseyn adlı iki qardaşı və Surə adlı bir
bacısı vardı. Sonralar Allahın kəramətilə
daha 4 övlad - Aqil, cəlal, Şəfiqə, Rəfiqə
dünyaya gəldi. Ailədə 5 oğlan
və 3 qız böyüməyə başladı.
Tarixin bir günü
10 may 1923-cü il... Artıq çox-çox uzaqlarda qalan bu gün,
görəsən Sovet Respublikaları İttifaqında, Azərbaycanda
və dünyada nə ilə yadda qalmışdır? Bakı, Naxçıvan qəzetlərini vərəqləyib,
o vaxt nədən yazdıqlarını bilmək istədik.
Almaniyada fəhlə
nümayişləri dalğalanır. Sovet həmkarlar ittifaqları Rur hövzəsinin
tətil edən şaxtaçılarına 500 000 pud
çörək göndərməklə onlara qardaş
yardımlarını göstərirlər. İlk yardım eşalonlarını Bakı
neftçiləri ilə Donbass şaxtaçılaı təşkil
edir. Onlar yazırdılar: «Biz - SSRİ zəhmətkeşləri
fəhlə sinfinə mənsub olan
qardaşlarımızı ağır vəziyyətdə tək
qoya bilmərik».
Amerikalılar
rus ağqvardiyaçılarının ABŞ-a gəlməsinə
etiraz edirlər. Moskvada «professor Timiryazevin xatirəsini ehtiramla yad
edirlər». Bütün ittifaq boyu «hava
donanmasının gücləndirilməsi üçün»
pul yığırlar. Bakının özəl
tikiş emalatxanalarının fəhlələri də 22
milyon 280 min rubl yığıb təhvil vermişlər (o
zamanlar «limon» adlanan milyonluq kağız pullar işlədilirdi.
Hesabdar Aleksey Markoviçin cibindən 16 milyard rubl
kağız pul «çıxarılmış», Ziba Məmməd
qızı adlı birinin evindən 45 milyardlıq ev əşyaları
«çırpışdırılmışdır». Bax beləcə, milyarder və milyoner vətəndaşlar
tarixə düşmüşlər). Bir daha hava
donanması haqqında - 5 manat dəyərində 3
istiqrazından keçən Sibelman, Eydelşteyn və Oqanezov
yoldaşlar sağ olsun; daha bir belə istiqrazı Əzizbəyov
adına xəstəxananın partiya özəyi vermişdir. İlin sonunadək Sovet Azərbaycanı aviatorlara
respublikada toplanan vəsait hesabına
quraşdırılmış iki təyyarə təhvil
vermişdir. Birini «Qırmızı Bakı», o birisini isə
həlak olmuş Bakı komissarlarının xatirəsinə
görə «26-lar» adlandırmışlar. «26-lar»dan
biri də məlum olduğu kimi, Məşədi Əzizbəyov
idi. Onu və yoldaşlarını ingilislər
1918-ci ilin sentyabrında Türkmənistan səhralarında
güllələmişdilər. Komissarların adına verilmiş təyyarə göyə
qalxanda Bakıda artıq onların abidəsi qoyulmuşdu. Layihənin müəllifləri istedadlı memarlar
Yakulov və Şuko idi. Vladimir Alekseyeviç Şuko
Moskvadakı məşhur «Lenin adına
SSRİ Kitabxanası»nın layihəsinin də müəllifi
idi. Həmin ərəfədə «Bakinski
raboçi» qəzetində Yeseninin məşhur «26-lar
haqqında ballada»sı artıq dərc olunmuşdu.
Sergey Yesenin bu şeiri özünün yaxın dostu, gözəl
rəssam G. Yakulova həsr etmişdı: «Dərin məhəbbətlə
- gözəl rəssam G. Yakulova». Onları həyatda
çox şey bağlayırdı. Yesenin gələcək
həyat yoldaşı, cazibədar rəqqasə Aysedora Dunkan
ilə Moskvada Georgi Yakulovun «Bolşaya Sadovoya, 10»
ünvanındakı mənzilində tanış
olmuşdu. Pəncərələrindən «Sadovıy koltso»
aydınca seyr edilən bu mənzildə Leninə güllə
atmış Fanni Kaplan da yaşamışdı; «Qudok» qəzetinin
əməkdaşı, gecələr özünün məşhur
«Ağqvardiya»sını yazmaqla məşğul olan Mixail
Bulqakov da bu kommunal evdə məskunlaşmışdı.
Tarixin
bir-birinə dolaşmış kələfini açdıqca
açmaq olar. Ona görə də mətləbi uzatmadan sadəcə
qeyd edək ki, Bakı həm Yesenin, həm də Yakulov
üçün yeni bir yaradıcılıq kəşfi idi.
Qayıdaq 1923-cü il
may ayının qəzet səhifələrinə.
…Bakı sovet-partiya məktəbinin yüz
on müdavimi «proletariat və kəndli kütlələrinin
içinə atılıb sinfi şüuru ələ almaq və
minlərlə zəhmət adamını maarifləndirmək»
üçün marksizmin əsaslarını öyrənirdi.
Partiyanın
fabrik-zavod rayon komitəsi (yəni Azərbaycan Kommunist
Partiyasının, çünki başqaları artıq yox
idi) firqəyə qəbul olunan yoldaşların
siyahısını dərc edərək adları çəkilənlərə
qarşı hər hansı irad və etirazı olanlardan
materialları raykoma göndərmələrini xahiş edirdi.
Azərbaycanın
Xalq Maarif Komissarlığı ilə Rusiyanın Maarif
Komissarlığı arasında 1922-ci ilin dekabrında
imzalanmış müqavilənin səmərəliliyini zaman
göstərdi. Moskvanın,
Petroqradın (o zaman hələ şəhərin adı dəyişdirilib
Leninqrad qoyulmamışdı) və Sovet Rusiyasının
başqa şəhərlərinin məşhur ali
məktəbləri ilə Azərbaycan ali təhsil müəssisələri
arasında kitab, dərs ləvazimatı və kadr mübadiləsi
aparılırdı. Azərbaycanın ilk ali
təhsil müəssisələrinin - Politexnik İnstitutunun,
universitetin kafedraları, əsasən, rus alimlərinin köməyi
ilə formalaşdırılırdı. Məhz
bu rus alimlərinin fəal yardımı nəticəsində,
1923-cü ildə Azərbaycanın «Öyrətmə və
Araşdırma cəmiyyəti» yarandı. 6 ildən sonra bu təşkilatın bazasında
Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil olundu və
bir müddət sonra bu institut Azərbaycan Elmlər
Akademiyasına çevrildi.
Xalq Komissarları Sovetinin 1923-cü il 22 aprel tarixli Qərarına əsasən, Azərbaycan
maarif və ədliyyə komissarı, daxili işlər
komissarının müavini təlimat hazırlayıb
imzalamışlar: «Azlit» nəzdində repertuar komitəsinin
icazəsi olmadan heç bir əsər kütlə
qarşısında ifa və ya nümayiş edilməyə
buraxıla bilməz».
Afişalar bakılıları Hərbi Dənizçilər
Teatrına (keçmiş «Pel-Myül») «Qusar məhəbbəti»
tamaşasına; «Erməni artistlərinin Rostov kollektivi»nin «Silva»nı ifa etdiyi Dövlət Azad
«Satir-Aqit» Teatrına, Peterburq Akademik (keçmiş «Mariinski»)
Teatrının artisti İ. V. Yerşovun konsertinə dəvət
edirdilər.
Bundan
başqa, qəzetlər Suraxanıda təzə bazarın təntənəli
açılışına çağırır - «bazarda
satış və yer üçün ödəniş
alınmayacaq»; yenicə açılmış əla ailəvi
«Teatral» restoranına dəvət edir; hərrac və «bufet,
bilyardxana və bərbərxananın icarəyə verilməsi
üçün müsabiqə» keçirildiyini bildirirdilər.
Ural dağ-mədən
sindikatının Bakıdakı nümayəndəliyi
bağlanmış, əvəzinə «fəaliyyət dairəsinə
bütün Qafqaz, Zaqafqaziya, Türküstan, keçmiş
«Bukeyev orda»sı bölgəsi və İran daxil olan» vilayət
kontoru açılmışdır.
1923-cü ilin may ayından Zaqafqaziya Əmək
Xalq Komissarlığı «zəruri ərzaq və tələbat
mallarının yerli bazar qiymətləri üzrə dəyərini»
dərc etməyə başlamışdır. Məlumat ayda 4
dəfə verilirdi: 1, 8, 15 və 22-si tarixlərində.
Hərdən Əlirza Əliyev depodan
artıq əldən-ələ keçmiş bu qəzetləri
evə gətirib ömür-gün yoldaşına üz tutub
deyirmiş: «Gəl, ay arvad, baxaq görək, nə var, nə
yox».
(davamı gələn
sayımızda)
Mərkəz.- 2010.- 13 oktyabr.- S.
10-11.