«Quran və elm»
IV söhbət
Qəzalinin görüşü
Fəxrəddin Razi özünün
"Məfatihul-ğeyb" adlı böyük əsərində elmin müxtəlif sahələrinə
toxunaraq, Quran hikmətlərini
izah etməyə çalışmış və
bu yolda böyük nailiyyətlər
əldə etmişdir. Fəxrəddin Razi, əsasən, bir kəlamçı kimi şöhrət qazanmasına baxmayaraq, təfsirində fəlsəfə,
fiqh, iman, təsəvvüf, icazul-Quran
və astronomik mövzulara da yer ayırmış və bu məsələlər
barəsində geniş
izahatlar vermişdir.
O, astronomiya ilə bağlı məsələlərin
izahında, əsasən,
Aristotelin (e.ə.384-322) və
Ptolemeyin (87-165) təsirinə
məruz qalmışdır.
Bu isə təəccüblü
deyil, çünki o zamankı elm astronomik məsələlərdə, əsasən,
Ptolemey astronomiyasının
təsiri altında idi. Ümumiyyətlə, qeyd etmək
lazımdır ki, müsəlman alimləri ilkin orta çağda
Quranın elmi ayələrini yunan təfəkkürü işığında
oxumuş və anlamışlar. Lakin bir
şeyi də qeyd etmək lazımdır ki, Razi Aristotel və Ptolemeyin görüşlərini olduğu
kimi qəbul etməmiş, əksinə,
yeri gəldikcə, onları tənqid də etmişdir. Razi dünyamızın kürə şəklində,
yuvarlaq olduğuna inanır və bu barədə belə deyir: "Dəlil ilə sübut olunmuşdur ki, dünya bir kürə şəklindədir. Göy isə
onu əhatə etmişdir. Günəşə gəldikdə isə,
o, özünəməxsus bir fələkdə, yəni göydədir.
Onu da qeyd edək
ki, Günəş dünyadan qat-qat böyükdür". Razi
Naziat surəsindəki
"Bundan sonra da yeri döşədi"
(Naziat surəsi, ayə 30) ayəsinin izahında isə bu ayənin dünyanın düz olduğuna işarə edildiyini söyləyənlərə
etiraz edərək bildirir ki: "Dünya düzdür",
- deyənlər belə
hesab edirlər ki, "Allah yeri uzadıb döşədi"
(Rəd surəsi, ayə 3) ayəsi Yerin yuvarlaq olması fikri ilə ziddiyyət təşkil edir. Biz isə buna
cavab olaraq deyirik ki, biz həmin fikirlə razı deyilik. Çünki Yer böyük
bir cisimdir. Yuvarlaqlıq
son dərəcə böyük
olursa, ondan hər hansı bir parça düz bir səth
kimi görünür".
Razi dünyanın (Yer kürəsinin) yuvarlaq olduğunu qəbul etməklə yanaşı,
onun fırlandığını
da qəbul etməkdədir. Bu isə Yerin kainatın mərkəzində
sabit vəziyyətdə
durduğunu, başqa səma cisimlərinin onun ətrafında fırlandığını iddia
edən Ptolemey nəzəriyyəsinin hakim olduğu
bir dövrdə çox cəsarətli, hətta, demək olar ki, elmdə
inqilabi bir fikir idi. Çox təəssüf
ki, Fəxrəddin Razinin bu dahiyanə
fikri nə islam aləmində,
nə də Avropada intişar tapmışdır. Və
burada qeyd etmək lazımdır ki, bu kimi
fikirlərə görə
kilsə yeretik damğası vuraraq tonqallarda öz dövrünün qabaqcıl
adamlarını diri-diri
yandırırdı...
Quranın
əsl möcüzələrindən biri
də budur ki, onun elmi ayələri hər
bir dövrün elmi anlayışlarına görə izah oluna bilər. Məhz buna görə də, hər bir
dövrün elm
adamları Quranı öz
yaşadıqları çağların elmi
anlayışlarına müvafiq olaraq izah etmişlər. Bu, Quranın
ucalığına heç bir xələl gətirməmiş, əksinə,
hər dəfə onun zamanın
fövqündə duran ilahi
bir Kitab olduğunu və hər dövrün
insanına müraciət edə biləcək bir
qüvvəyə malik olduğunu
sübut etmişdir.
Göründüyü kimi,
Quran zamanın fövqündə duran bir Kitabdır. Elə
buna görə də, hər bir dövrün insanı öz anlayışına uyğun
bir mənanı Quranda
tapa bilmiş və öz dövrünün elmi anlayışına görə Quran ayələrini izah etmişdir. Fəxrəddin Razi
də öz dövrünün
elmi anlayışı qəbul edilən Ptolemeyin astronomik nəzəriyyəsindən
təsirlənmiş və əlaqədar Quran
ayələrini bu nəzəriyyəyə
görə təfsir etmişdir.
V söhbət
İbn Rüşdün görüşü
İbn Rüşd
(1126-1198) görkəmli bir filosof olaraq Qurandakı elmi ayələrlə bağlı orijinal fikirlər irəli sürmüşdür.
O göstərir ki, Allah-təala
insanları Quranın müxtəlif ayələrindən ibrət
almağa, ibrət götürməyə
çağırır. İbrət almaq
isə bilinən bir şeydən bilinməyən
bir şeyi
çıxarmaq, məlum olan bir şeydən məlum olmayan
bir şeyi ortaya qoymağa deyilir.
Göründüyü
kimi, din insanları
düşünmənin bu növünə
dəvət etməkdədir. İbn
Rüşdə görə, fiqhdə qiyas
(analogiya, oxşarlıq) caiz
olduğu kimi, fəlsəfədə
də caiz görülməlidir, yəni burada da analogiya,
oxşarlıq əsasında hökm vermək
olar. İbn Rüşd Quran ayələrini
fəlsəfi baxımdan izah etməyə
səy göstərən islam
filosoflarından biridir. Bu
sahədə onun müstəsna xidmətləri
olmuşdur.
Orta əsrlərdə Quranın elmi izahı məsələsində Əbülfəzl
Mursinin (?-1257) də böyük
xidməti olmuşdur. O belə hesab edir ki,
Quran keçmiş və
gələcək elmləri özündə toplayan
bir Kitabdır. Qərb tarixçiləri islam aləmindəki elmlərdən bəhs edərkən
XII əsrə çatdıqda susmağa
başlayır, XIV əsrdə isə tamamilə susurlar. Görəsən, müsəlmanlar yunanlardan aldıqları elm
məşəlini beş əsr ərzində
parlaq və uca
tutduqları halda, bu məşəl
sonradan nə üçün
sönür? Bu
sualın cavabı xeyli müşküldür.
Deyilənlər də nəzəri fikirdən o
yana keçmir. Quran və təcrübi
elmlər münasibətinə dair
aparılan çalışmalar uzun
müddət sürən bir boşluqdan sonra XIX əsrin
sonları - XX əsrin əvvəllərində islam aləmində baş
verən bir sıra sosial
və mədəni hadisələrin təsiri ilə yenidən
canlanmağa başlamış və
getdikcə güclənən bir məktəb
halını almışdır. XIV əsrdən
XIX əsrə qədər olan susqunluqdan söhbət gedərkən bəzi
alimlər tərəfindən bu sahədəki
geriliyin əsas məsuliyyətinin islam dininin üzərinə
düşdüyü güman
edilmiş və xristianlıqda olduğu kimi, islamın da elm və tərəqqiyə
mane olduğu barədə
görüşlər ortaya
atılmışdır.
Əvvəllər bu
fikirlər Qərbdə Avropa mütəfəkkirləri
tərəfindən irəli sürülmüş
və müdafiə edilmişsə, daha sonralar islam aləmində
Qərb təsirinə məruz qalan
mütəfəkkirlər tərəfindən də irəli
sürülməyə və müdafiə edilməyə
başlanmışdır. Avropada bu fikri müdafiə edən
tanınmış alimlərdən biri Ernest Renan (1823-1892) idi. O, 1883-cü ildə Sorbonnada
keçirdiyi "İslam
və elm" adlı konfransda
islam və elmin bir-biri ilə uyğun gəlmədiyini
bildirmiş və o
dövrdəki islam ölkələrinin geriliyinin səbəbini islam
dinində görmüşdür. Ernest Renanın islam dini əleyhinə söylədiyi bu fikrə qarşı ciddi
etirazını bildirən ilk müsəlman
mütəfəkkirlərindən biri cəmaləddin
Əfqani (1838-1897) olmuşdur. O, bir tərəfdən Renana
cavab vermiş, digər
tərəfdən Quran-əşya, Quran-elm
münasibətlərinə dair bilgilər
vermiş, bəzi mövzular
üzərində önəmlə durmuşdur.
Onun fikrincə, Quranda
tam olaraq
açıqlanmamış çox
şeylər mövcuddur. Lakin
insanların beyni hələ onları qavramaq qabiliyyətində deyildir.
Beyinlər onları qavramaq
iqtidarında olduqda, həmin
anlaşılmaz şeylərin, anlaşılmaz fikirlərin
üzərindən pərdəni götürməyə
çalışacaqlar. Şeyxülislam Mustafa Səbri (?-1954) də bu
hücumların qarşısını almağa
çalışaraq göstərir ki,
müsəlmanların tərəqqidən geri
qalmalarının səbəbi islam dini deyil, müsəlmanların
özləridir. Onlar öz
dinlərinə layiq deyillər.
Musa Kazım (?-1919) isə "İslam və tərəqqi" adlı məqaləsində
islamın tərəqqiyə mane
olmadığını, əksinə, elm,
təfəkkür, tərəqqi dini olduğunu qeyd edir. Görkəmli islam
alimləri Muhamməd Əbduh (?-1905), Rəşid Rza (?-1935), Muhamməd İqbal
və başqaları islama qarşı irəli
sürülən bu ittihamlara
cavab vermiş və
münasibətlərini bildirmişlər.
Mərkəz.- 2010.- 14 oktyabr.- S. 16.