HEYDƏR ƏLİYEV

 

Ata ocağı

 

Dəmiryolu işçiləri arasında zərbəçi sayılan Əlirza Əliyevə torpaq sahəsi ayırdılar. Uşaqların hərəsi öz gücünə görə çalışırdı - kimisi bostanda kömək edir, kimisi də qoyun-quzu otarırdı. Onlar ömürlərinin erkən çağlarından çörəyi alın tərilə qazanırdılar. Çünki Naxçıvanın özünəməxsus sərt təbiəti tənbəlliyi bağışlamırdı.

İzzət xanım təbiətə yaxşı bələd idi, gül-çiçəkdən, meyvə və otlardan nə lazım olsa hazırlayırdı. Qonşu qadınlar ondan məşhur mürəbbələrinin sirlərini öyrənməyə gələrdilər.

Boyu az qala on metrə çatan gözəl-göyçək ağacı həyətdəki albalı və alma ağaclarına sanki yuxarıdan aşağı baxırdı. Bu ağac martda çiçək açır, iyulun sonu, avqustun əvvəllərində alçaya oxşar, amma o qədər turş olmayan çəhrayı-yaşıl və açıq qırmızı meyvələrilə adama gəl-gəl deyirdi. Həsən göyçə ağacına gavalı qələmi peyvənd eləmişdi. Uzun illər boyu bu ağac uşaqları sevindirirdi.

Əliyev ocağının ilk sahibi ötən əsrin əvvəlində İrandan bir armud qələmi gətirmişdi.

- Əntiqə bar gətirərdi, - Şəfiqə xanım (Heydər Əliyevin kiçik bacısı) xatırlayır. - İlk qar yağana qədər onlara dəyməzdik. Sonra dərib otaqda asılı saxlayardıq. Hər armud 300-500 qram gələrdi və bütün qışı qalardı.

Şəfiqənin daha bir uşaqlıq xatirəsi onların Naxçıvandakı həyətinə ilıq bir işıq salır.

...Sübh çağı - ağsaqqallar günün bu vaxtına «çeşt» deyərdilər. İzzət qayçı və ələk götürüb həyəti haşiyələyən qızılgüllərə sarı gedir. Güllərə əl uzatmaq asan deyil - tikanlar aman vermir. Ləçəklər zərifdən zərifdir. İzzət ələyi altda tutub, gülləri qayçılayıb üzür. Sonra ləçəkləri şəkər şirəsi süzülmüş tavaya atır, şirə olmasa, onlar quruyar. Şəkər tozuyla qarışdırılmış, ovxalanmış ləçəklərə darçın, zəncəfil qatır. Bu mürəbbə soyuqdəymə, mədə xəstəlikləri üçün əvəzsiz dərman sayılırdı.

Ləçəklərin bir qismini İzzət kölgəlikdə qurudar, sonra pal-paltarın, tumanların, çadraların qatları arasına qoyardı. Anasının ağ tumanı, eləcə də çəhrayı, parlaq çiçəklərlə naxışlanmış ağappaq koftası Şəfiqənin yaxşı yadındadır:

- Anam bu dəstini yuyanda, ütünü kömürlə qızdırıb paltarını ütüləyəndə, yanında durub həvəslə tamaşa eləyirdim. Hər bir qırışı ütüləyib koftasını sandığa qoyar, üstünə qızılgül ləçəkləri səpərdi. Örtməmişdən əvvəl çadrasına gülab çiləyərdi. Payızda sandığa bir neçə heyva qoyardı ki, onların ətri pal-paltara hopsun, mərhəmətin, xeyirxahlığın onun canına-qanına hopduğu kimi. Onun dilindən heç vaxt acı söz eşidən olmamışdı. Öz yoldaşına «səni görüm ocağın sönsün!», - deyə qarğıyan satıcı qadınla biryolluq salam-kəlamını kəsmişdi.

Əlbəttə, ananın sehrli səliqə-sahmanını, ilk növbədə, qızları görüb-götürürdü. Amma oğullar da ibrət alırdı. Heydər Əliyevin geyim-keçimindəki təbii incəlik, zövq və səliqə də ata-ana ocağından gəlirdi.

Sovet hakimiyyətinin dördüncü ilində - yeni sovet hakimiyyəti başqa respublikalara nisbətən Azərbaycana daha gec gəlmişdi. Naxçıvanda da yeni məişətin əlamətləri göründü, Möminəxatun məqbərəsinin yaxınlığında Həsənin Heydəri apardığı, sonralar isə Heydərin də öz növbəsində cəlalı, kiçik bacılarını yola saldığı uşaq bağçası yerləşirdi.

Atabəy Məhəmməd cahan Pəhləvanın ömür-gün yoldaşının sərdabəsi üzərində böyük memar Əcəminin türbə ucaltdığı zamandan yeddi əsr yarım ötmüşdü. Bu abidənin qədim daşları o qədər olayların şahidi olmuşdu ki, daha heç nəyə təəccüblənmirdilər.

Böyüdükcə Heydər sinif yoldaşlarıyla birlikdə mavzoleyin seyrinə dalmağı, onun göylərə tuşlanmış cizgilərini rəsm etməyi xoşlayardı. Naxçıvan başdan-başa tarixin canlı kitabıdır. Əcəminin yaratdığı bir başqa məşhur abidə də - Yusif ibn Küseyirin məqbərəsidir. Arazın üzərindən o taya - İrana uzanan körpülər, karvansaray xərabələri... və Telman adına klub - alman proletariatı rəhbərinin ağlına gəlməzdi ki, onun adı yazılmış lövhə yenidən təmir edilib qurulmuş ibadətxananın qapısına vurulacaq (Münhendə, Hamburqda keçirilən nümayişlərin əks-sədası gör hara gəlib çatmış, gör «Rot front!» hayqırtısı ilə qaldırılan fəhlə yumruğu özünə haralarda havadar tapmışdı). Naxçıvanda həm də Pionerlər evi açılmışdı və buranı Heydər Əliyevin qardaşı, məşhur iqtisadçı alim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyev sonralar da xoş duyğularla xatırlayırdı: «Orada hər şey yaxşı təşkil olunmuşdu. Dərslərdən sonra evə qayıdıb bir tikə çörək yeyən kimi gedəcək yerimiz bəlliydi: «haydı, Pionerlər evinə!» Burada hər kəs üçün bir maraqlı məşğuliyyət tapılırdı».

Şübhəsiz ki, Heydər Əliyevin doğma mədəniyyətə, memarlıq, teatr sənətinə dərin marağı onun boyatdığı mühitin zəngin təsirindən yaranmışdır.

Əliyevlər ailəsinin ən böyük övladı Həsən gənclik çağlarından təbiət vurğunu idi, saatlarla ətrafdakı səfalı yerləri gəzib-dolanardı. Onu «Vurğun səyyah» da adlandırmaq olardı. Lakin böyük qardaşın romantik duyğularla dolu olan qəlbi daha çox elmin ciddi ilham pərisilə hesablaşırdı. O, sonralar Kənd Təsərrüfatı Akademiyasını bitirmiş, alim olmuş, partiya işçisi - MK-nın kənd təsərrüfatı üzrə katibi kimi fəaliyyət göstərmişdi. Azərbaycanda onu bu gün də böyük ehtiramla yad edirlər.

Əliyevlər ailəsində «humanitarlar» və «texnikapərəstlər» tən yarıya bölündülər. Hüseyn kiçik yaşlarından karandaşla, fırçayla, boyalarla şəkil çəkməyi sevirdi. Uşaqlıq arzusu onu İ. Repin adına Leninqrad Rəssamlıq Akademiyasına gətirib çıxartdı. Ömrünün sonunadək molbertdən ayrılmadı. Surə jurnalistikanı, Aqil iqtisadiyyatı seçdi və elm aləmində də, işgüzar dairələrdə də nüfuz qazandı. cəlal məşhur bioloq, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. O, yeni buğda növləri icad etmiş, Şəfiqə və Rəfiqə pedaqoq olmuşlar.

Heydər qardaşı Hüseyn kimi incəsənətlə məşğul olmaq arzusundaydı. Yaşıdlarının xatırladıqlarına görə, yaxşı şəkillər çəkər, məktəb tamaşalarını tərtib edər, teatrı sevərdi.

Heydərin və qardaşlarının aləmində doğma Naxçıvan açıq səma altında böyük bir muzey idi. Uşaqlıq marağı onları qədim və müəmmalı mağaralara, qoynunda ötən yüzilliklərdən miras qalmış qırıntılar tapılan dərə-təpələrə çəkib aparardı. Paslı nizənin iti başlığı ana yurdu yadellilərdən qorumuş mərd ərənlərdən xəbər verirdi. Haradasa uzaqlarda, əsrlərin qaranlıq dərinliklərində Azərbaycanın elmə məlum olan ən qədim adı Midiya-Atropatena gizli qalmışdı. Sonralar texnikumda tarix müəllimi gələcək pedaqoqlara bu adın necə dəyişdiyini açıqlayırdı:

- Qədim farslar «Ader-badaqan» ifadəsi işlədirdilər, ərəblər «Adərbaycan» və «Azərbaycan» deyirdilər, yəni «Odlar yurdu».

Ancaq bunu Azərbaycan uşaqları müəllimsiz də bilirdilər, ona görə ki, bu od hər evdə var idi: neft ocaqda yanırdı. Quruyub qatılaşmış neftlə - qırla evlərin damını qırlayırdılar. Ağ neftlə lampaları doldurur və bu lampalar qaranlıqda nur saçırdı. Onların şüşələrini isə göz bəbəyi kimi qoruyurdular.

Neft lampasının tutqun işığı yarıqaranlıqda öz işləri ilə məşğul olan uşaqların fiqurlarını canlandırırdı. Şəfiqə gəlinciyi ilə oynayır, Hüseyn və Heydər şəkil çəkirdilər. Böyük qardaş ən çox mənzərə şəkli çəkməyə həvəsliydi, kətan üzərində mavi torana bürünmüş dağları çəkməyi xoşlayardı. Heydəri isə xəyalı uzaq əsrlərə, cəsur igidlərin yadellilərə sinə gərdiyi əsrlərə aparırdı.

Əlində karandaş işlədikcə gözləri önündə qəhrəmanların surətləri canlanır: oğluna «qırx il qul kimi ömür sürməkdənsə, bir gün azad yaşamaq yaxşıdır», - deyən IX əsrin azadlıq savaşının öndəri Babək, XVII yüzilliyin əvvəllərində cahangirlərə meydan oxuyan, üsyan edən qoç Koroğlu, «Şahnamə»nin əfsanəvi personajları - Bahadır Rüstəm Zal, comərd Səyavuş…

Bir zamanlar Rusiya ordusunda canla-başla xidmət etmiş sərkərdələrin, Naxçıvan xanlarının adları xalqın yaddaşında yaxşı qalmışdı, hərçənd ki, bu barədə yeni hökumətin mətbuatı yazmırdı. Bu adamlar barədə danışmamaq daha məqsədəuyğun sayılırdı. Amma hər bir ailədə naxçıvanlı Kəlbəli xanı, onun oğulları - Ehsan xanı, Şıxəli bəyi, nəvələri İsmayıl xanı, babasının adını daşıyan Kəlbəli xanı və nəticəsi - cəsurluğuna görə yeddi ordenlə mükafatlandırılmış Hüseyn xanı böyük hörmət və ehtiramla xatırlayırdılar. Naxçıvan xanlarının nəslindən beş nəfər Rusiya ordusunun generalı rütbəsinə yüksəlmiş, Georgi nişanı ilə təltif edilmişdi. General-yavər, kavaleriya qvardiyası korpusunun komandiri Hüseyn xan Naxçıvanski 1917-ci il Rusiya inqilabından sonra Kerenski hökumətinə sədaqət andı içməkdən imtina etmiş və Petroqradda istefaya çıxmışdı. 1919-cu ilin fevralında isə yeni sovet hökuməti onu və onun kimi bir çox professional hərbçiləri güllələyir. Bu acı xəbər cəbhə meydanlarını yarıb Naxçıvana yetişəndə Əlirza Əliyev köksünü ötürüb kədərlə demişdi: «Allah rəhmət eləsin».

…Məktəb dram dərnəyində Heydər ən çox sevdiyi qəhrəmanların rollarını ifa edərdi. Məktəblilər, tələbələr milli və dünya klassiklərindən - Məmmədquluzadənin, Şekspirin, Qriboyedovun əsərlərini tamaşaya qoyardılar. Telman adına klubda kino göstərirdilər. «Ən vacib incəsənət növü» hələ lal olsa da, uşaqlar xoşladığı filmlərə dönə-dönə baxardılar. Sonra da Naxçıvanda geniş yayılmış «sanka»larda qovhaqovla şütüməyə başlayardılar. Heydərin, Aqilin, cəlalın da belə diyircəkli «maşın»ları vardı.

Heydər Əliyevin mənsub olduğu nəsil tarixi sarsıntılar dönəmində həyata qədəm qoymuşdu. Çar imperiyası yenicə tar-mar olmuşdu. Onun ardınca, özünü tanıtmağa macal tapmamış Azərbaycan Demokratik Respublikası dağılmışdı. Az sonra Azərbaycan Sovet Sosialist Respublikasına çevrilərək Zaqafqaziya Federasiyası tərkibində (Azərbaycan, Ermənistan, Gürcüstan daxil olmaqla) Ukrayna, Belorusiya, Rusiya ilə bərabər, yeni dövlət - Sovet İttifaqı yarandı. Bu birliyi ağ günlərə inam bəsləyən və bütün dünyanı bəxtəvər etmək fikrinə düşən xəyalpərvər banilər qurmuşdular.

- Görəsən, niyə bəzi görüşlər ömürlük yaddaşlara hopur, bəziləri isə əriyib suya dönən yaz qarı kimi silinib gedir?

- Baxır, hansı görüşlər, - deyə müdrik Dövlət Heydəroviç cavab verir (onu Böyük Vətən müharibəsinin veteranları, rus cəbhə dostları belə adlandırırdılar). Azərbaycanın əməkdar müəllimi Dövlət Heydər oğlu Məmmədov bütün ömrünü uşaqlara həsr etmişdir. Onun ömründə yalnız bir böyük «tənəffüs» - dörd illik Böyük Vətən müharibəsi dövrü olmuşdur ki, o müharibədən üç yüz min azərbaycanlı soydaşı geri qayıtmamışdı.

1936-cı ilin bürkülü avqust ayında atasının onu dostu Zeynalabdingilə, qonşu Göydərə kəndinə yollaması Dövlətin indi də yadındadır. cəhənnəm istisindən küçədə ins-cins gözə dəymirdi. O, yüyürərək özünü tələm-tələsik doqqazdan həyətə saldı. Orada Naxçıvandan gəlmiş yaraşıqlı bir gənc qonaq da var idi.

- Heydər - deyə cavan onunla əl tutur.

Ev yiyəsi əlavə edir:

- Bu mənim Naxçıvanda olan qardaşım Əlirzanın oğludur.

Beləcə, onlar tanış olurlar. Tezliklə də həmin avqust ayında Naxçıvan Pedaqoji Texnikumuna daxil olan zaman dostlaşırlar.

Az sonra o uzaq illəri yaxşı xatırlayan bir başqa adamla da görüşmək bizə nəsib oldu. Bu, qocaman müəllim Lətif Hüseynzadə idi. O, Heydərə, Dövlətə, onların yaşıdlarına ana dilindən dərs demişdi.

Onun Bakının adi, liftsiz, poçt qutuları yaman kökdə olan, giriş yolu səliqəyə salınmamış beşmərtəbəli binadakı mənzilinin zəngini vurduğumuz dəqiqəyədək bu görüşün baş tutacağına inanmırdıq. Lakin qapının arxasında səliqə-sahmanlı artırma, iş otağında isə tavanadək qalaqlanmış azərbaycanca, rusca, farsca, türkcə kitablar və kompyuter gördük. Həmsöhbətimizin sərrast yaddaşı varmış, hərçənd arabir yaxşı eşitmirdi və bu zaman onun oğlu professor Rüfət dadına çatırdı.

Öz müəlliminin yüz yaşı tamam olanda, yəni 2003-cü ildə, Heydər Əliyev ölkənin ən qocaman pedaqoqu, tanınmış ədəbiyyatşünas alim Lətif müəllimə səmimi təbrik məktubu göndərmiş və müəllimlərdən birinci olaraq onu «İstiqlal» ordeni ilə mükafatlandırmışdı.

- Heydərin o vaxt on üç yaşı vardı, pedtexnikuma isə on dörd yaşdan qəbul edirdilər. Onu atası gətirmişdi. Dedi, oğlum müəllim olmağı arzulayır. Mən o zaman tədris hissəsinin müdiri işləyirdim. «Yaxşı, gəl bir söhbətləşək», - deyə uşağa üz tutdum.

Heydər inamla bütün suallara cavab verir və «zavuç» onu texnikumun direktoru Kazım Talıblının yanına aparır. «Bu oğlan Azərbaycan ədəbiyyatını, tarixi yaxşı bilir, mütaliəni sevir, nitq qabiliyyəti var. Zənnimcə, ondan yaxşı müəllim olacaq», - deyir. Direktor riyaziyyatdan da mükalimə aparmağı təklif edir. Riyaziyyat müəllimi, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Tofiq Bəktaşi də (Naxçıvandan sonra Bakıda nəzəri mexanikadan dərs deyib) abituriyentdən razı qalır.

- Heydər elə ilk günlərdən ən yaxşı tələbələrimizdən oldu, - Lətif müəllim sözünə davam edir. - Hətta yuxarı kursların ötkəm tələbələri də ona böyük hörmət bəsləyir, üzünə də, arxada da, gələcəyini bilirmiş kimi, ona «general» deyirdilər.

Dərslərarası fasilələrdə tələbələr texnikumun həyətinə axışırdılar. Qızlar kənara çəkilib sakitcə pıçıldaşır, oğlanlar isə dərhal dəstələrə bölünüb oynayırdılar. «Mən kiminləyəm, mən kiminləyəm», - səsləri eşidilirdi.

-Yalnız Heydər soruşurdu: «Kim mənimlədir?» - bunu qocaman müəllimə Zərqələm Əliyeva xatırlayır. Maraqlı müşahidədir. Özü də o bu detalı hafizəsində qoruyub saxlayıb.

Bir çox məzunlar xatırlayır ki, o zaman texnikumda yaxşı kabinetlər, laboratoriyalar, hərbi-idman kompleksi, kino qurğusu vardı. Tələbələr bütün asudə vaxtlarını idmana sərf edirdilər - tullanma, qaçış, turnik, voleybol, tir. Uşaqlar sıra qarşısında «Voroşilov atıcısı» nişanı alanda əməlli-başlı qürurlanır, sevinirdilər.

Heydər Əliyev ömründə ilk mükafatı hələ o zaman almışdı. O, hərbi təlimlə də, idmanla da, Şamil Qazıyevin dərnəyində rəssamlıqla da məşğul olmağa vaxt tapırdı. Gənc rəssamların əsərləri şəhər sərgilərində göstərilirdi.

Ordu mövzusu ən geniş yayılmış mövzulardan biri idi. «Biz hamımız o zaman böyük vətənimiz SSRİ-ni müdafiə etməyə hazırlaşırdıq, - deyə Dövlət Məmmədov xatırlayır. - Bizim rəsmlərimizdə qırmızı ulduzlu təyyarələr şığıyır, sovet tankları hücuma keçirdi… 1937-ci ildə isə bütün ölkə böyük ruh yüksəkliyi ilə Aleksandr Sergeyeviç Puşkini yad edirdi. Onun faciəvi ölümündən yüz il keçirdi. Biz onun şeirlərini əzbərləyirdik və fəxr edirdik ki, Naxçıvanda hələ XIX əsrin sonlarında, Rusiyanın bir çox şəhərlərindən əvvəl Puşkin küçəsi salınmışdı. Texnikumda Puşkinin əsərlərinə çəkilən illüstrasiyaların müsabiqəsi keçirilirdi. Biz, Heydər və onun böyük qardaşı Həsənlə Puşkinin «Yevgeni Onegin», «Ruslan və Lyudmila», «Kapitan qızı» əsərlərinə illüstrasiyalar çəkmişdik. Təəssüflər olsun ki, o şəkillər itib-batıb, indiyəcən qalmayıb. Yaxşı yadımdadır, həmin müsabiqədə birinci yer Heydər Əliyevə, ikinci və üçüncü yerlər isə mənimlə Həsənə verildi».

Öz tələbə yoldaşlarının arasında Heydər Əliyev Lev Nikolayeviç Tolstoyun «Hərb və sülh» romanını orijinaldan oxuyan ilk tələbə olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət görmüşdü. Sonra Heydər bu böyük yazıçının portretini də çəkmişdi. Dövlət bu kitabın Azərbaycan dilində tərcüməsini oxuyurdu, amma bir bazar günü kitabı yarımçıq qoyub Heydərlə birgə şəhərətrafı kəndlərindəki qohumlarına baş çəkməyə hazırlaşırdı. Yolda hər hansı bir minik vasitəsinə rast gəlməyə ümid etməyən yeniyetmələr piyada getməyi qərarlaşdırmışdılar, onun üçün də səhər tezdən yola çıxmışdılar.

Yol boyu söhbət edirdilər, daha nələrdən danışmırdılar. Təzəcə oxuduqları kitablardakı və baxdıqları filmlərdəki qəhrəmanlardan, ilk sevgilərindən, kim kimin daha çox xoşuna gəldiyindən.

- Firuzə səndən gözünü çəkmir, - deyə Dövlət dostunu cırnadırdı.

- Zərqələm də səndən, - Heydər də dostundan geri qalmırdı, sancırdı onu. Ürəyi soyumayıb tez əlavə edir: Mən onun adını Qələmzər qoymuşam.

Dağ kəndində böyüyən Zərqələm gələcəkdə müəllimə olub uşaqlara dərs demək arzusunda idi. Amma bununçün gərək əvvəlcə valideynlərini yola gətirəydi. Çünki onların fikrincə, qız uşağına, ümumiyyətlə, təhsil gərək deyildi. Nənələrinin bildiklərini öyrənsələr, kifayət edər. Lakin Nurs kəndində camaatın dünyagörüşü artıq yavaş-yavaş dəyişməkdəydi və qızcığaz valideynlərini razı sala bildi. O, texnikuma Dövlət və Heydərlə eyni vaxtda daxil oldu. Elə həmin vaxtlarda da onun Naxçıvanda yaşayan əmisi onların evində qalan Zərqələmi Həsən Əliyevlə tanış etmişdi. Əliyevlər bu kənd sakinlərinə o qədər xoş təsir bağışlamışdılar ki, Zərqələmin əmisi Heydərdən qıza öz bacısı kimi nəzarət etməyi xahiş etmişdi.

Heydər bu xahişi tam ciddiyyətlə yerinə yetirirdi. Kənd qızları hər vasitə ilə özlərini şəhər qızlarına bənzətməyə çalışırdılar. Şəhər qızlarının arasında isə həmin ərəfələrdə qısa saç kəsdirmək dəb idi. Heydərin qrup yoldaşları bir-bir hörüklərini kəsdirib yataqxanaya qayıdırdılar. Heydər isə Zərqələmdən xahiş etmişdi ki, çox da dəb dalınca qaçmasın. Zərqələm isə Heydəri sınamaq qərarına gəlmişdi:

- Bilirsən Heydər, - ciddi görkəmlə ona belə demişdi, - mən başqalarından seçilmək istəmirəm. Kimdən əskiyəm ki, mən də saçımı qısa kəsdirəcəm.

Heydər zarafatı qəbul etməmişdi:

- Məndən xahiş ediblər ki, sənə nəzarət edim. Deməli, mənim icazəm olmadan sən bunu edə bilməzsən.

Bu sözlərdən sonra Zərqələm zarafat etdiyini etiraf etmişdi və zarafatının yersiz olduğunu da başa düşmüşdü.

Uşaqlar yolda bu epizodu da xatırladılar. Şəhərin son həyətləri artıq arxada qalmışdı. Yol yavaş-yavaş dağa qalxmağa başladı. İrəlidə qayaların arasında qədimdən bəri müqəddəs yer sayılan «Əshabi-kəhf» ucalırdı. Orada əsrlərdən bəri şəfalı suyu olan bulaq qaynayır. Yüzilliklər boyu insanlar buraya gəlib öz diləklərinin yerinə yetirilməsi üçün Allaha dua etmiş, qurbanlar kəsmişlər.

Heydərlə Dövlət dincəlmək üçün bulağın başında əyləşdilər. Onlar üçün dünyada soyuq bulaq suyu ilə İzzət xanımın bişirdiyi fətirlərdən dadlı sanki heç nə yox idi. Dövlət uşaqlıqda anasını itirdiyindən İzzət xanım onun da qayğısına qalmağı özünə borc bilirdi.

Bu qədim qayaların dibi yayda da sərin olurdu. Çox həssas və güclü təəssüratlı yeniyetmə olan Heydər bir gün əvvəl oxuyub tamamladığı romandan: uzaq keçmişdə baş vermiş müharibədən, 1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən həvəslə dostuna danışırdı…

O vaxt kimin ağlına gələrdi ki, bu yeniyetmələrin birinin yolu məhz Kremlə gedib çıxacaq. Deyəsən, təkcə uzaqgörən Lətif müəllim bu gənci həmkarlarından əvvəl qiymətləndirə bilmişdi:

- Bu cavan oğlan böyük adam olacaq, - o, pedaqoq həmkarlarına bu sözü çox demişdi.

 

 

(davamı gələn sayımızda)

 

Mərkəz.- 2010.- 14 oktyabr.- S. 10-11.