HEYDƏR ƏLİYEV

 

Ucqar bir diyar böyük məmləkətin qayğılarıyla yaşayırdı. Naxçıvan respublikasında, culfada dağ-metallurgiya kombinatı tikilirdi. cavan uşaqlar onu Sovet ölkəsi üçün Dneprohes, Maqnitka, "Uralmaş" qədər önəmli sayırdılar. Respublika pambıqçılarının, Bakı neftçilərinin uğurlarına fərəhlənirdilər. Səbirsizliklə Naxçıvana işıq çəkilməsini gözləyirdilər; o zaman onların şəhərində hələ elektrik lampaları yox idi, vur-tut on telefon vardı.

Telman adına klubda isə tamaşaçılar İbrahim və Zəroş Həmzəyevləri - respublikanın gələcək xalq artistlərini - hərarətlə alqışlayırdılar. Kino qurğusunun mühərriki sanki üfüqləri genişləndirir və onların gözü qarşısında Bakı, Moskva, Leninqrad, hətta ünyetməz Komsomolsk-na-Amure şəhəri canlanırdı...Texnikuma tez-tez sərhədçilər - ruslar, azərbaycanlılar, ukraynalılar, ermənilər görüşə gəlirdilər. Uşaqlar onlara həsəd aparır, başlarına yığışır, hamılıqla zastavaya yola salırdılar. Məhz o zamanlar Heydərin qəlbində sərhədçilərə qarşı xüsusi ehtiram oyanmış və ömrü boyu da qalmışdı. Sovet Sosialist Respublikaları İttifaqının Dövlət sərhədi lap yaxından keçirdi. Necə deyərlər, əl uzatsan çatardı.

O zaman Arazı aşan körpülər o tayla bu tayı qovuşdurmur, əksinə ayırırdı. Amma bu dərdi o tayda da, bu tayda da sonralar dərindən düşünməyə başladılar. Bunun üçün dünyanın özü dəyişməli idi. Daha doğrusu, insanlar dünyanı dəyişməli idi.

Onilliklər ötüb- keçəcək, dövran dəyişəcək və Heydər Əliyev başıalovlu "tarix təzələyənlərin" köpünü yatızdıracaq: "Yaşanmış illərin üzərindən xətt çəkmək olmaz. Çünki onlar yaxşıdımı, yamandımı tarixdir, tarixi isə qaralamağa heç kimin haqqı yoxdur". Bu onun həm opponentlərinə cavabı, həm də müdrik ağsaqqal öyüdü idi. Onun və mənsub olduğu nəslin öz gəncliyini - tələbəlik, komsomol və əsgərlik çağlarını danmağa, xəcalət çəkməyə heç bir əsası yox idi.

1939-cu ildə fərqlənmə ilə pedaqoji məktəbi (texnikum indi belə adlandırılır) bitirdi. Diplomda yazılırdı: "Vətəndaş Əliyev Heydər Əlirza oğlu 1938/39 ilin tədris planının bütün tələblərini yerinə yetirdiyi üçün ibtidai məktəbdə - İ- İV siniflərdə dərs aparmaq hüququna malikdir". Sənəd iki dildə - azərbaycanca və rusca yazılmış və hazırda Naxçıvanda Heydər Əliyev muzeyində qayğı ilə saxlanılır.

Muzeyin stendində tələbə və müəllimlərin birgə fotoşəkli də var. Yuxarı başda, əlbəttə ki, Leninlə Stalinin profilləri, sonra ənənəvi dəyirmi haşiyələrdə müəllimləri görürük.

İmanov, Hüseynov, Zamanov, Abbasov, İsrafilov, Bəktaşi, İskəndər (Böyük Vətən müharibəsində həlak olmuşdur), Axundov, Qriqoryev, Mkrtçyan, Qazıyev... Sadəcə, müəllimlərin soyadlarına nəzər salanda görürük ki, uşaqlara müxtəlif millətlərdən olan insanlar dərs demişlər; təbii ki, onların sırasında azərbaycanlılar daha çox olmuşdur.

"Şərq qapısı" adlı respublika qəzeti əlaçı məzunların - Heydər Əliyevin və Firuzə Rzayevanın şəkillərini dərc etmişdi. Həmin gün onlar Naxçıvanın ən gözəl küçəsi olan Puşkin küçəsiylə xeyli gəzmişdilər. Küçənin hər iki tərəfiylə kəhrizlər şırıldayır, bu kəhrizlərin üstünə isə salxım söyüdlər sallanırdı. Qayğıkeş naxçıvanlılar bu ağacları Puşkin söyüdləri adlandırırdı.

Firuzə onların şəkilləri dərc olunmuş qəzetin üç nüsxəsini aldı.

- Bu qədər qəzeti neynirsən? - deyə Heydər təəccübləndi.

- Mən öz albomuma sənin üç şəklini yapışdıracam, - qız gülümsünüb ona belə cavab verdi.

Artıq solub-saralmış həmin üç şəkil kənd müəlliməsi Firuzə xanımın bütün ömrü boyu tərtib etdiyi xronikanın başlanğıcını qoymuş oldu.

İllər, onilliklər ötdü. Heydər Əliyev Naxçıvana döndü. Moskva intriqalarından sonra bir az özünə gələn Heydər Əliyev muxtar respublikanın rayonlarını gəzməyə başladı. Şahbuz rayonunun Külüs kəndində ali qonağı qarşılamaq üçün böyükdən-kiçiyə, bütün kənd əhli yola çıxmışdı. Kənd rəhbərlərinin müşayiəti ilə Heydər Əliyevin getdiyi yolun kənarında Firuzə Rzayevanın yaylığı da yellənirdi. Heydər Əliyev ona yaxınlaşıb soruşdu:

- Sən Firuzə deyilsən?

- Firuzəyəm, - deyə qadın sevindi.

Texnikumdan sonra onlar cəmisi bircə dəfə, əlli üçüncü ildə görüşmüşdülər. Bir də indi. Həmyerliləri onları əhatəyə aldılar.

- Biz hələ texnikumda dostlaşmışdıq,- deyə Heydər Əliyev mehribanlıqla onun əlini sıxdı, - uşaqlıq, yeniyetməlik dostuyuq. Yeniyetməlik dostları xüsusən əziz olurlar.

Firuzə xanım yenə də müəllimlərinin Heydər barədə dediklərini xatırladı.

Heydər Əliyev isə belə cavab verdi:

- Əsas məsələ yüksək vəzifələr tutmaq deyil. Əsas məsələ xalq tərəfindən sevilməkdir...

Lakin kənd yolunun kənarındakı bu görüşə hələ çox qalıb. Hələlik isə şanlı və ağrılı-acılı otuzuncu illər başa çatırdı. Zərbəçi tikintilər və gecə tuthatutları... Qəzet səhifələrindən yox olan Hüseyn cavid misraları... İndi səhifələri başdan-başa çığır-bağırlı mitinqlərin xəbərləri doldururdu: "SSRI Ali Məhkəməsi Hərbi Kollegiyasının trotskist yaramazların faşist bandasına verdiyi hökmü Bakı zəhmətkeşləri yekdilliklə alqışlayırlar. Nümayişçilər başları üzərində yoldaş Stalinin və onun ən yaxın silahdaşlarının minlərlə portretlərini, bayraqlar, transparantlar aparırlar. Alçaq köpəklərin faşist sahiblərilə bir yerdə çəkilmiş karikaturalarından maskalanmış quldur Trotskinin və digər məhkum olunanların iyrənc sifətləri boylanır" ("Molodoy raboçi" qəzeti, Azərbaycan LKGI MK və Bakı Şəhər Komitəsinin orqanı. 1937, 2 fevral).

Səməd Vurğun "Komsomol poeması"nın ilk fəsillərini yazır, ideoloji qəliblərə görə "düşmən sinfi"nin nümayəndəsi sayılan Gəray bəyin cəzbedici surətini yaradır. Bundan yalnız neçə illər sonra Zamyatinin "Biz", Platonovun "Çala" və "Çevenqur" romanları oxuculara yol aça biləcəkdir. Təbii ki, hekayətimizin qəhrəmanı düşüncələrin total rəndələnməsinin bütün incəliklərini o zaman dərk edə bilməzdi. Lakin gənc Heydər Əliyev milli musiqi aləti - tara qarşı yönəldilmiş kampaniyadan (Rusiyada hətta skripkaya qarşı da hücuma keçmişdilər) bixəbər də qala bilməzdi; o, Müşfiqin "Oxu tar" şeirini ilhamla oxumuşdu. Qara gələn "otuz yeddi" şairin tarını da daşlara çırpdı.

Onilliklər ötəndən sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Bəxtiyar Vahabzadənin, yasaqlara rəğmən Azərbaycanın parçalanmasından söz açan "Gülüstan" poemasını müdafiə edəcək.

Elə həmin illərdə də Xəlil Rza özünün hiddətli misralarını yazacaq:

 

İstəmirəm azadlığı

zərrə-zərrə, qram-qram,

İstəyirəm qolumdakı,

zəncirləri qıram, qıram!

 

Azərbaycan müstəqil respublika olanda, Prezident Heydər Əliyev ölkənin ən yüksək ödüllərindən birini məhz Bəxtiyar Vahabzadəyə, Xəlil Rza Ulutürkə, kövrək istedad sahibi Məmməd Araza verdi.

Amma hələ ki, otuzuncu illərdi. Heydər Əliyev əla qiymətlərlə pedaqoji məktəbi bitirmiş, tərifnamə, məktəb müəllimi diplomu almışdı. Lakin məktəbdə işləmək ona nəsib olmadı...

Dövlət Məmmədovu əsgərliyə çağırdılar. O, culfa rayonunun Bananiyar kəndindəki səkkizillik məktəbə qayıdanda, artıq ordudan tərxis olunmuşdu, sinəsində döyüş orden-medalları cingildəyirdi. Bu məktəbdə Heydər Əliyevin kiçik qardaşı cəlal müəllimlik edirdi.

 

Heydərin isə öz cəbhəsi vardı. Bu cəbhə barədə hələlik susmaq məsləhət idi…

 

II FƏSİL

 

Bura da cəbhədir

 

22 iyun 1941-ci il, Naxçıvan

 

Böyük Vətən müharibəsindən əvvəl Uzaq Şərq sərhəddi haqqında geniş yayılmış "Sərhəd üstə tutqun buludlar gəzir" mahnısını Naxçıvan sərhəd dəstəsinin əsgərləri özlərinin qoşduqları kimi oxuyurdular:

 

Araz üstə buludlar tutqun gəzir,

Sərt diyarım sükunətə qərq olub...

 

Əlbəttə, günəşli bir diyarda qara buludlar haqqında deyilənlər məcazi məna daşıyırdı. Yəni min kilometr uzanıb gedən, əksər hissəsi sərhədyanı ərazi olan çayın sahilində hər gün, hər gecə həyəcan siqnalı gözlənilirdi. Sərhədin o tayından bandalar basqın edib kəndliləri qarət edir, mal-qaranı qovub aparırdılar. Qaçaqmalçılar öz işində idi. İran və Türkiyə sərhəd mühafizəçiləri Sovet sərhədçi dəstələrini atəşə tuturdular. Dövlət Sərhəd Mühafizəsi və XDSI qoşunları rəisinin müavini Bobrışev SSRİ Xarici İşlər Xalq Komissarlığına xəbər verirdi: "1931-ci il iyulun 27-də, saat 10.30 dəqiqədə Naxçıvan sərhəd dəstəsinin Qarabulaq məntəqəsi ərazisində İran aeroplanı sərhədi pozmuş və bizim əraziyə uçub keçmişdir. Ərazimiz üzərindən uçarkən aeroplan cənub-şərq istiqamətinə (sərhəd boyu) yönəlmiş və Bazbaşı sərhəd məntəqəsi sahəsindən geriyə, İrana qayıtmışdır".

Faşist Almaniyasının SSRİ-yə hücumundan xeyli əvvəl Tehranda "İran dövlətinin yeni inzibati-ərazi bölgüsü" xəritəsi nəşr edilmişdi. Məclisin qərarıyla çap olunan xəritəyə aid qeyddə deyilirdi: "İran sərhədləri, Türkiyə ilə sərhəd istisna olunmaqla, rəsmi deyildir". Beləliklə, qonşular əslində Sovet - onların anlamında Qafqaz Azərbaycanına, hətta İranın rəsmi sənədlərində fars təbiriylə "Bad Kubə" adlandırılan Bakıya iddialı olduqlarını bildirirdilər. Hitlerçilər İranın özünü məqsədyönlü şəkildə antisovet platsdarmına çevirirdilər. "İkinci Dünya müharibəsi tarixi"ndə qeyd olunur: "Almaniya legionu" bu ölkənin ərazisində bir növ Vermaxtın hərbi birləşməsinə çevrilirdi. İranın SSRİ ilə həmsərhəd şimal rayonlarında hitlerçilər silah-sursat və partlayıcı maddələr üçün anbarlar quraşdırır; Sovet İttifaqına, ilk növbədə Bakı neft mədənləri və Türkmənistan rayonlarına ötürmək üçün təxribatçı və terrorçu qruplar formalaşdırırdılar".

Bir sözlə, qərb sərhədlərində olduğu kimi, cənubdan da barıt qoxusu duyulurdu.

Naxçıvanda mülki əhali arasında müharibə xəbərini ilkin eşidən dəmiryolçular oldu. Onları hərbi səfərbərliyə alaraq, artıq əsgəri durumda olduqlarını bildirdilər.

Mitinqdə rus-azərbaycan kəlmələrini qarışdıraraq car çəkən depo partiya təşkilatı katibinin sözlərini Əlirza Əliyev belə başa düşdü: "Bura da sərhəddir və cəbhə xətti sərhəd çayı Arazboyu keçir". Yaxın keçmişdə parovoz ocaqçısı olmuş partiya təşkilatı katibinin dedikləri həqiqətdən uzaq deyildi. O, alovlu, qəzəbli kəlmələri parovozun odluğuna kömür atıb körükləyirmiş kimi püskürürdü:

- Yoldaşlar, yadda saxlayın ki, Arazın o tayında bizim neft mədənlərimizə dişlərini qıcayanlar Hitler qoşunları ilə birləşmək üçün yürüşə hazırlaşırlar!

Həmişə olduğu kimi, o yay da bütün Naxçıvan respublikasında pioner düşərgələri açılmışdı. Onlar təcili olaraq köçürülməli, uşaqlar öz evlərinə qaytarılmalı idi. Düşərgə işçilərinə yardım göstərmək üçün Naxçıvandan bir neçə dəstə təpərli, zirək cavan oğlan göndərdilər. Veteranlar xatırlayırlar ki, bu dəstələrdən birində on səkkiz yaşlı Heydər Əliyev də vardı. Gələcəkdə məşhur geoloq kimi tanınacaq Fərman Salmanovla o, məhz elə həmin vaxt tanış oldu.

Fərman dağlarda yerləşən pioner düşərgəsində dincəlirdi. İyirmi iki iyunda dəstə rəhbərləri uşaqları yürüşə aparmağa söz vermişdilər. Amma o dəhşətli gün səhər düşərgə meydanında düzülmüş uşaqların qarşısına çevik və gülərüz idman müəlliminin əvəzinə özünü itirmiş düşərgə rəisi çıxdı. Titrək səslə elan etdi ki, müharibə başlayıb, Hitler Almaniyası namərdcəsinə Sovet İttifaqına hücum edib, buna görə də düşərgə bağlanır. Hamı təcili evə qayıtmalıdır.

Bəs necə qayıtmalı? Yeganə avtobus xarab olmuşdu. Sıldırımlı yamaclarla təxminən iyirmi kilometr aşağıya enmək lazım idi. Belə bir yolu qət etməyə uşaqların gücü çatmazdı, lakin burada çalışan müxtəlif millətlərin nümayəndələri əl-ələ verib uşaqları xilas etdilər.

... Müharibə başlanandan sonra Naxçıvanın küçələrində nəzərə çarpacaq dərəcədə hərbçilər, hərbi texnika artdı. Hətta ordu işlərindən bixəbər olanlar da hansısa əməliyyata hazırlıq aparıldığını anlayırdılar.

…1941-ci il avqustun 25-dən 26-na keçən gecə Sovet qoşunları 1921-ci il Sovet-İran müqaviləsinə əsasən İrana daxil oldular. Şah ordusunun müqaviməti uzun sürmədi; bu müqavimət ayrı-ayrı sahələrdə avqustun 26-da saat 13-dək davam etdi. Böyük Britaniya qoşunları da eyni vaxtda İranın cənub rayonlarını tutdu. Sentyabrın əvvəlində ingilis və sovet qoşunları Tehrana girdilər. 30 minədək Amerika əsgəri də İranın cənubunda mövqe tutdu...

İran Azərbaycanında baş vermiş hadisələr haqqında son zamanlaradək üstüörtülü və dumanlı yazırdılar. Dilucu deyilirdi ki, orada Azərbaycan Demokratik Firqəsinin başçılıq etdiyi azadlıq hərəkatı genişlənirdi. Bu partiyanın lideri, Azərbaycan Demokratik Məşrutəsinin başçısı Cəfər Pişəvərinin adını və hətta akademik nəşrlərini də "unudurdular".

1945-ci ilin sonlarında yaradılmış Cənubi Azərbaycan Milli Hökuməti cəmi bir il yaşadı. Onun nəzarətində olan ərazidə minlərlə sovet mühəndisi, geoloqu, inşaatçısı, müəllimi, mədəniyyət işçisi çalışırdı.

 Çağdaş Azərbaycanda İranın bu bölgəsi Cənubi Azərbaycan adlandırılır. 1942-ci il yanvarın 29-da sovet və ingilis qoşunları yeridiləndən sonra Tehranda İngiltərə-Sovet müqaviləsi imzalanmışdır. Tarixçilərin yazdığı kimi, SSRI və Böyük Britaniyanın bu tədbiri İran ərazisindən antihitler koalisiyasına qarşı müharibədə istifadə olunmasının qarşısını almış və savaş dövründə onlarla əməkdaşlığını təmin etmişdir.

Bu mövzunun ən dərin araşdırıcılarından biri, tarix elmləri doktoru cəmil Həsənli onların yardımının təmənnasız və fədakarcasına edildiyini söyləyir.

Onun 1941-1946-cı illərin hadisələrini əhatə edən kitabı "Cənubi Azərbaycan: soyuq müharibənin başlanğıcı" adlanır.

Güney Azərbaycanın ətrafında cərəyan edən olayların Heydər Əliyevin də həyatına bilavasitə təsiri olmuşdur. Qırx birinci il may ayının 10-da dostları onu ad günü münasibətilə təbrik etdilər. Qarşıda imtahan sessiyası, yay tətili, daha sonra isə üçüncü kurs gözlənilirdi. Lakin sentyabrın birində Sənaye İnstitutunun tələbələrindən kimisi o dövrdə orduya çağırılmış atasını əvəz edərək zavoda getmiş, kimisi hərbi məktəbə təyinat almış, bəziləri isə Əliyev kimi yaşadığı yer üzrə hərbi komissarlığın sərəncamına çağırılmışdı. Elə o vaxt, 23 iyunda Heydər Əliyev Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin işlərini qəbul edir.

Evə gecə yarıdan sonra qayıdardı. Naxçıvanın əl-ayaq çəkilmiş küçələrində addımları ağır-ağır səslənərdi. Hərdən qaranlıqdan patrul peyda olardı: "Sənədlərinizi!"

Həyətlərində geniş taxtlar qoyulmuşdu - köhnə adətə görə naxçıvanlılar yayda açıq havada yatırdılar, evin havası boğanaq olduğuna görə içəridən eşiyə yorğan-döşək, qab-qacaq çıxarılardı. İzzət xanım primusla xörək qızdırar, Heydər üçün süfrə açardı. O, indi evin böyüyünü əvəz edirdi; atası, demək olar ki, daima ezamiyyətə yollanırdı. Həsən ordu sıralarında, Hüseyn Bakıda idi. cəlal eşidəndə ki, indən sonra təhsilə görə ildə 150 rubl ödənilməlidir qanı qaraldı. Ailə məşvərətində qərara gəldilər ki, cəlal müəllimlər institutunun hazırlıq şöbəsinə daxil olsun. Orada tədris-təlim pulsuz aparılır, üstəlik gündə 50 qram çörək payı da verilirdi.

Bir gün İzzət ana üzünü fərəhlə Heydərə tutub:

- Bu gün cəlal çörək payını evə gətirib, - dedi. Oğlu minnətdarlıq hissi ilə:

- Sağ ol, anacan, - deyə dilləndi. - Bircə çay bəsimdi.

Heydər süfrə başına keçməzdən əvvəl əllərini yuyan zaman ana ona bir parça gilabı verdi - müharibə illərində azərbaycanlı ailələrdə gilabı əl-üz sabununu da, paltar sabununu da əvəz edirdi.

Bir dəfə sübh tezdən, dan yeri sökülər-sökülməz Əliyevləri yuxudan qonşu həyətdən eşidilən ağlaşma səsi oyatdı. Orada Xurşud xanımgil yaşayırdı. Əri cəbhədə idi, beş balası öhdəsində qalmışdı. İzzət xanım qonşusunu səslədi:

- Ay Xurşud, no…olub?

- Uşaqlar acdılar! Yuxuları ərşə çəkilib!

İzzət Heydəri çağırdı:

- Oğul, bəri gəl, kömək elə.

Lavaşdan, pendirdən, qənddən, bir sözlə, evdə nə vardısa hamısından pay yığdılar; konserv də qoydular. Aparıb biçarə Xurşuda verdilər.

Hər iki ana kövrəlib ağladı.

Yuxudan oyananda Heydər anasını iki əli ilə başını tutaraq, taxtın qırağında oturmuş gördü. Yəqin ağrılı-acılı fikirlərdən göynəyən ana səhərəcən yata bilməmişdi.

Həmin gün o, hərbi komissarlığa gedib bəxtini bir daha sınamaq istədi; bəlkə cəbhəyə göndərilməsinə nail oldu. Belə səhnələr ölkənin hər yerində baş verirdi. Özləri rəislərindən döyüşən orduya göndərilmələrini xahiş edən hərbi komissarlar eyni xahişlə yanlarına gələnləri dilə tutmaqdan yorulmuşdular.

- Siz elə burada (sərhəddə, milisdə, məktəbdə, şaxtada) lazımsınız.

Heydər Əliyevə də Naxçıvan Hərbi Komissarlığında növbətçi zabit eyni qətiyyətlə "yox" cavabı verdi.

- Bura da cəbhədir. Zaqafqaziya cəbhəsi. Lazım olanda səni də çağırarıq.

 

Cənubi Azərbaycanda sovet missiyası

 

O zaman Azərbaycanda İrana göndərilmək üçün hərbçilərdən savayı, 3816 nəfər mülki şəxs səfərbər edilmişdi. Həmin siyahıda 82 partiya işçisi, sovet təşkilatçılarından 100 əməkdaş, 200 çekist, 400 milis əməkdaşı, 245 dəmiryolçu, 42 neftçi-geoloq vardı. Bütün bu dəstəyə - "Cənubi Azərbaycanda sovet missiyası"na Azərbaycan KP MK katibi Əziz Məmmədkərim oğlu Əliyev başçılıq edirdi.

Missiyanın tərkibi və rəhbəri haqqında qərar Kremldə qəbul edilirdi. Əziz Əliyevi də orada 47-ci Ordunun Hərbi Şurasının üzvü təyin etdilər. Həmin ordu qədim Təbrizdə, Cənubi Azərbaycanın paytaxtında yerləşmişdi. Missiya qırx birinci ilin avqustundan qırx ikinci ilin yayına qədər, sovet-alman cəbhəsində hadisələr bütün başqa olayları üstələdiyi dövrdə fəaliyyət göstərmişdi. Üstəlik indi Sovet İttifaqı İran vasitəsilə müttəfiqlərdən hərbi-strateji yardım alırdı. Göndərişlər Fars körfəzindən, bütün İran ərazisindən keçməklə Xəzərədək ötürülür və daha sonra Volqa çayı və ya dəmiryolu ilə daşınırdı.

Azərbaycan KP MK-nın birinci katibi MirCəfər Bağırov Cənubi Azərbaycana yürüşün ən fəal təşkilatçılarından idi. Deyilənə görə, o, Qızıl Ordunun 1939-cu ildə Qərbi Ukraynaya və Qərbi Belarusiyaya yürüşü ilə analogiya aparırmış; həmin yürüş nəticəsində Ukrayna və Belarusiya əvvəllər Avstriya-Macarıstan və Polşa tərəfindən qoparılmış tarixi torpaqların hesabına ərazilərini genişləndirmişdilər.

Güney Azərbaycanda vəziyyətlə tanış olmaq məqsədilə Bağırov məxfi olaraq Naxçıvandan Təbrizə getmişdi. Onun kimi yüksək vəzifə sahibləri üçün İranla sərhəd həmişə şəffaf idi.

Bu yerdə bir qədər keçmişə qayıdaq. 1827-ci ilin qızmar yayında, Rusiya-İran müharibəsi zamanı general Paskeviçin qoşunları İrəvanı mühasirəyə alır; daha sonra Naxçıvandan on verst aralı olan Abbas-Abad qalasını hücumla ələ keçirir. Sülh danışıqları başlanır. Rusiyanın Qafqaz ordusu komandanının tapşırığı ilə bu danışıqları Rusiya imperiyası xarici kollegiyasının saray müşaviri, o zaman artıq məşhur şair Aleksandr Sergeyeviç Qriboyedov aparır.

Qriboyedovun İran şahzadəsi Abbas Mirzə ilə danışıqları haqqında Paskeviçə göndərdiyi rəsmi bildirişdən:

"... Mən məcbur oldum deyim ki, müharibədən əvvəl baş verənləri araşdırmağa tapşırıq almamışam, bu mənim işim deyil.

- Elə siz hamınız deyirsiniz: mənim işim deyil, məgər bu dünyada haqq məhkəməsi yoxdur?

- Siz, zati-aliləri, özünüzü öz işinizə hakim qoymusunuz və onu silah gücünə həll etməyi üstün tutmusunuz. Sizin ağıl-kamalınızı, cəsurluğunuzu, qüdrətinizi inkar etməyərək, yalnız bir şeyi qeyd edərdim: müharibəni birinci başlayan heç vaxt onun nə ilə bitəcəyini qabaqcadan deyə bilməz.

- Düzdür, - deyə Abbas Mirzə cavab verdi.

- Ötən il İran qoşunları qəfildən və yetərincə uzağa doğru, Qafqazın bu tərəfindəki malikanələrimizə girişmişlər. İndi biz, İrəvan və Naxçıvan əyalətlərini keçərək, Araz üstə qərar tutmuş, Abbas-Abadı ələ keçirmişik, mən də oradan gəlmişəm.

- Ələ keçirmişik! Almışıq! Abbas-Abadı sizə mənim qorxaq yeznəm təhvil verib, o, arvaddan da betərdir!

- Bizim hər hansı qalaya qarşı elədiklərimizi siz də eləyin və o qala zati-alilərinizə təslim olar.

- Xeyr, siz qala divarındaca öləcəksiniz, heç kəs sağ qalmayacaq; mənimkilər bunu bacarmadı, yoxsa siz heç bir zaman Abbas- Abadı ala bilməzdiniz.

- Hər necə olsa da, işlərin indiki vəziyyətində artıq üç dəfədir ki, general sizdən barış təklifləri alıb və heç bir bəyanatınız bizim tərəfimizin şərtlərilə uyuşmadığına görə biz danışıqlara başlamayacağıq. Əlahəzrətin hökmü belədir...Bizimlə haqsız olaraq, başlanılan hər bir müharibə sona yetəndə biz həm hüdudlarımızı genişləndirir, həm də onları aşmağa cürət edən düşməni geri otuzdururuq. Bax, buna görə də hazırkı şəraitdə İrəvan və Naxçıvan vilayətlərinin güzəşt edilməsi tələb olunur. Pul da bir silah növüdür ki, onsuz müharibə aparılması mümkün deyil. Bu, alver deyil, zati-aliləri, hətta çəkdiyimiz ziyanların əvəzi də deyil: biz təzminat tələb edərək, düşməni bizə ziyan vurmaq vasitəsindən uzun müddətə məhrum edirik"

 

 

Mərkəz.-2010.- 15 oktyabr.-S.10-11.