HEYDƏR ƏLİYEV
Türkmənçay
sazişinə əsasən, Rusiya və İran arasında sərhəd
bundan sonra Arazboyu keçəcəkdi. Şah Rusiyaya iki vilayəti
peşkəş edib, böyük məbləğdə təzminata
razılıq verməklə, rus səfiri ilə əbədi
dostluq barədə əhdü-peyman bağladı.
Naxçıvanda
indiyədək general-qubernatorun evi qalır (burada gözəl
xalça muzeyi yerləşir); 1827-ci ilin iyul ayında
böyük rus şairi və diplomatı həmin binada qərar
tutmuşdu. Buradan zəngin vadiyə gözəl mənzərə
açılır: «...mən tez-tez başımı
kağız-kuğuzdan ayırıb durbini böyük
vuruşma gedən meydana tuşlayırdım. Hər tərəfdə
oraya-buraya şığıyıb Muravyovun və onun iki
yüz kazakının yolunu kəsmək niyyətilə
Arazı keçən düşmən suvarilərini
görürdüm. O, bəladan əla yaxa qurtardı,
heç bir ciddi toqquşma baş vermədi və
düzdür, istədiyini görüb aşkarlaya bilməsə
də, sağ-salamat qayıtdı».
Bir ildən azca
artıq keçəndən sonra qəzəblənmiş
kütlə Tehranda Rusiya imperator missiyasını
darmadağın etdi. 37 nəfər, onların içində
Aleksandr Qriboyedov da həlak oldu. Onu uyuyacağı son mənzilə
- dul qalan, gənc hamilə ömür-gün yoldaşı
Nina Çavçavadzenin gözlədiyi Tiflisə, az əvvəl
mühüm dövlət tapşırığı ilə cənuba
doğru çaparaq keçdiyi yolla apardılar.
Naxçıvanda general-qubernatorun evi arxada qaldı. İyulun
11-də (köhnə təqvimlə) Gergeri qalasının
yaxınlığında cırıldaya - cırıldaya gedən
bir araba A.S.Puşkinin qarşısına çıxdı. Yəqin
ki, onun «Ərzurum səfəri»ndən aşağıdakı
sətirlər sizin yadınızdadır:
«Mən
çayı keçdim. Arabaya qoşulmuş iki öküz
dikdirli yolla qalxırdı. Bir neçə gürcü
arabanı müşayiət edirdi.
- Haradan gəlirsiz?
- soruşdum.
- Tehrandan.
- Nə
aparırsınız?
- Qriboyedovu.
Bu, qətlə
yetirilmiş Qriboyedovun Tiflisə göndərilən
naşı idi».
Araz
üzərindən səs-küylə daha bir əsr də
ötdü. Uzaq və məchul üfüqlərə durbinlə
baxan, bu diyar haqqında məlumatın kasadlığından
gileylənən rus şairinin qaldığı
general-qubernator evinin üzərində al bayraq
qaldırıldı. Şəhər teatrının səhnəsində
onun qəhrəmanları - Famusov, Molçalin, Skalozub insanlara
üz tutub, azərbaycanca və rusca dillənib
anlaşdılar.
Tamaşaya
afişaları dostlarının xahişilə pedtexnikum tələbəsi
Heydər Əliyev çəkdi. Çatsko rolunda isə səhnəyə
özü çıxdı.
Mənə
bir ağızdan dəli dediniz,
Bəli,
haqlısınız, şəksiz- şübhəsiz,
Sizinlə
bircə gün qalan bir kəsin,
Sizlə birgə nəfəs alan bir kəsin
Xarab olmamışsa başı, o əlbət
Od-alov içindən çıxar salamat.
Uzaq! Moskvadan! Dönmərəm bura
Arxama baxmadan düşüb yollara,
Taparam bu kiçik könlümə bir
yer.
…Heydər onunla eyni soyadlı, hərbi
geyimli, ortaboylu adamı, döşünü ordenlər bəzəyən
Əziz Əliyevi üzdən tanısa da, taleyin onları necə
rastlaşdıracağını təsəvvürünə
gətirə bilərdimi? 1942-ci ilin sonunadək İrandakı
sovet missiyasını, demək olar ki,
yığışdırdılar; yalnız dəmiryolçular
gecə-gündüz fasiləsiz
çalışırdılar.
1943-cü il mayın 10-da atası Heydəri
20 yaşının tamam olması münasibətilə təbrik
etmək üçün iş-gücündən
ayrılıb evə baş çəkdi, bir həftə
keçər-keçməz yatağa düşdü, daha taqəti
qalmamışdı... Mayın 20-də Əlirza Əliyevi son
mənzilinə yola saldılar. Əliyevlər ocağı ilk
itkinin ağrısını yaşadı. Mahiyyətinə
varanda, demək olar ki, bu, cəbhə itkisi idi.
…Moskva Cənubi Azərbaycanla yenidən
1944-cü ilin yazında məşğul oldu. Martın 6-da
sovet hökuməti «Cənubi Azərbaycan əhalisinə mədəni
və iqtisadi yardımın gücləndirilməsi üzrə
tədbirlər haqqında» məsələyə baxdı.
Böyük Vətən Müharibəsinin müqəddəratı
artıq aydın idi, hərçənd qələbəyə
qovuşmaqçün min kilometrlərlə odlu-alovlu yollar
keçiləcək, milyonlarla qara kağız
alınacaqdı. Onlardan birini də Bağırovlar ailəsi
aldı: «Sizin oğlunuz, baş leytenant cahangir Cəfər
oğlu Bağırov hərbi andına sadiq qalaraq…».
Qırıcı-təyyarəçi cahangir Bağırov 8
iyun 1943-cü ildə Rusiya səmasında gedən şiddətli
döyüşdə həlak oldu. Pulemyotunun gülləsi
qurtarıb səsini kəsəndə, o, tarana getdi.
Ölümündən sonra onu Lenin ordeni ilə təltif etdilər.
Hələ Krımın, 250 sutka faşist
hücumlarını dəf etmiş Sevastopolun, Dneprin sağ
sahilindəki Ukrayna torpaqlarının, Belorusiyanın,
Baltikyanı ərazilərin, Avropanın azad olunması,
dağıdılmış şəhər və kəndlərin
bərpası qarşıda idi. İşlərin belə bir
ağlasığmaz qatmaqarışıqlığında, hərbi
və mülki qayğıların burulğanında Stalin
Güney Azərbaycanı da unutmamışdı. Bəlkə
Stalinin bu problematikaya maraq göstərməsinə onun
Bakı ilə bağlı gənclik xatirələri və
ümumiyyətlə, Qafqaz problemini özünəməxsus
anlamasının təsiri vardı? Yoxsa Tehran Konfransı yeni
çözümlərə bir yol açmışdı? Bu
sualları kitabımızın mətnindən bir kənara
qoyuruq, çünki cavab axtarışları bizi əsas mətləbdən
uzaqlaşdıra bilər.
İttifaq Xalq Komissarları
Şurasının qəbul etdiyi proqrama görə, Təbrizdə
onillik Azərbaycan məktəbi açılmalı, nümunəvi
aqrotexniki stansiya yaradılmalı, trikotaj - corab fabriki tikilməli
idi. 1945-ci il iyunun 10-da Stalin «Şimali İranda sovet sənaye
müəssisələrinin təşkili haqqında» məxfi
qərar imzaladı. Həmin 1945-ci il 21 iyunda İ. V. Stalin
«Şimali İranda neft üzrə geoloji-kəşfiyyat
işləri haqqında» Dövlət Müdafiə Komitəsinin
9168 saylı Qərarına qol çəkir. Neftçilər
İrana - sovet qoşunları qərargahına ezam olunmuş
hidrogeoloji dəstənin əməkdaşları sifətində
yola düşürlər. İranın başqa bölgələrində
eynən su ehtiyatları axtarışı bəhanəsilə
ingilislər də neft və filiz yataqları
axtarırdılar.
Cənubi Azərbaycanda, əlbəttə,
Moskvanın razılığı ilə Azərbaycan Demokratik
Partiyası (ADP) yaradıldı. M. c. Bağırovun təklifilə
Tehranda çıxan «Acır» qəzetinin redaktoru Mir Cəfər
Pişəvəri (bir sıra sənədlərdə Seyid Cəfər
də adlandırılır) ADP-nin başında durdu.
Bu qeyri-adi şəxsiyyəti
Bağırov Molotova, Beriyaya və Malenkova
ünvanladığı 1945-ci il 6 iyul tarixli məktubunda
görün necə səciyyələndirirdi: «Əsli Cənubi
Azərbaycandan olan Pişəvəri Kommunist
Partiyasının sabiq üzvüdür, uzun müddət
Sovet Azərbaycanında məsul partiya - sovet vəzifələrində
işləmişdir. 1927-ci ildə Komintern tərəfindən
İranda işləməyə keçirilmiş, orada Rza
şah hökuməti tərəfindən həbs edilmiş və
10 il həbsxanada qalmış, 1941-ci ildə sovet
qoşunları İrana gələndən sonra azad
edilmişdir. İki doğma qardaşı Sovet
İttifaqında yaşayır. Onlardan biri Sovet Ordusunda xidmət
edir, tibbi xidmət kapitanıdır».
... Cənubi Azərbaycana axın-axın
avtomaşınlar gedir, dəzgahlar, azərbaycanca, farsca
kitablar, azəri mahnıları yazılmış vallar
daşınırdı. Eləcə də silah
daşınırdı, lakin sovet silahı yox, İtaliya,
Çexoslavakiya markalı silahlar.
1945-ci il oktyabrın 21-də Bakı hərbi
dairəsinin komandanı, ordu generalı İ. İ. Maslennikov
və M. c. Bağırov L. P. Beriyaya xəbər verirdilər:
«ÜK (b) P MK-sının İran Azərbaycanı
və Şimali Kürdüstan məsələsi üzrə
1945-ci il, 8 oktyabr tarixli Qərarının icrası
müqabilində bizim tərəfdən
aşağıdakılar həyata keçirilmişdir:
İran Azərbaycanında muxtariyyət hərəkatının
inkişafına mane olan şəxslərin və təşkilatların
ləğv edilməsi üzrə işi təşkil etməyə
qadir olan Azərbaycan DİXK-nin və DTXK-nın 21 təcrübəli
əməliyyat işçisi ayrılmışdır. Bu
yoldaşlar eləcə də yerli əhalidən silahlı
partizan dəstələri təşkil etməlidirlər».
1945-ci il oktyabrın 2-də ADP-nin birinci təsis
konfransında Mir Cəfər Pişəvəri partiya rəyasət
heyətinin sədri seçildi. Həmin il dekabrın 12-də
Azərbaycan Milli Məclisinin birinci sessiyası milli hökuməti
formalaşdırdı. Baş nazir Pişəvəri oldu.
Həmin günlərdə də Cənubi
Azərbaycana xüsusi hazırlıq keçmiş 80 nəfər
əməliyyatçı çekist ötürülür.
Vaşinqtonda isə «Taym» jurnalının
İran hadisələrinə həsr olunmuş nömrəsi
çıxır. Dərginin üz qabığında Məhəmməd
Rza şahın portreti altında «İran şahı.
Nüfuzlu dostları onun neftini umur» yazısı verilmişdi.
Jurnalda dərc olunan xəritədə dəstəyi Bakıya
dirənən oraq Cənubi Azərbaycanı mühasirəyə
alır...
Güney Azərbaycanın milli hökuməti
siyasi və sosial-iqtisadi islahatların geniş
proqramını irəli sürdü. Dövlət dili Azərbaycan
dili oldu. Təbrizdə dövlət darülfünunu
(universiteti) açıldı. Buraya Bakıdan müəllimlər
göndərildi. Yetim və kimsəsiz balalar üçün
uşaq evləri açıldı - ikisi oğlanlar, ikisi də
qızlar üçün.
Lakin bütün bu planlar yalnız
Moskvanın dəstəyi ilə gerçəkləşə
bilərdi. Moskva isə Vaşinqton və Londonun iradəsilə
hesablaşmaya bilməzdi. Hərbdən sonrakı dünya əslində
çoxqütblü idi. Sovet İttifaqı
qoşunlarını İrandan çıxarmağa başladı.
Əsgərlər geriyə
qayıdırdılar. Onların sıralarında xeyli azərbaycanlı
vardı.
- Biz yaxınlarda, Arazın o tayında
olacağıq!
- Görüm, Araz yerli-dibli qurusun! - onlara
hiddətlə belə cavab verirdilər.
Amma Araz əsrlər boyu olduğu kimi, yenə
aramsız axırdı, bir xalqı iki ölkəyə
ayırmaq isə görünür, onun nəsibi imiş.
Moskva öz mütəffiqlərini
qorumağa cəhd göstərsə də, iş işdən
keçmişdi; İran qoşunlarını öz ölkəsinin
şimal bölgələrinə yeridirdi. Azərbaycan
Demokratik Məşrutəsi hissələrinin vur-tut «mərmisiz
dörd topu və minasız iki minaatanı»
qalmışdı. Buna baxmayaraq, Azərbaycan döyüşmək
əzmində idi, lakin Moskva yalnız mənəvi dəstək
verəcəyini vəd edirdi.
1946-cı il dekabrın 11-də Stalinin
şifrəli teleqramını Pişəvəriyə və
silahdaşlarına çatdırdılar: «Qavamın bir
baş nazir kimi İranın hər hansı hissəsinə, o
cümlədən, Azərbaycana da qoşun göndərməyə
formal olaraq haqqı var, odur ki, indən belə silahlı
müqavimət məqsədəuyğun deyil, lüzumsuz və
əlverişsizdir.
Seçkilər zamanı sakitliyi təmin
etmək üçün hökumət qoşunlarının
Azərbaycana yeridilməsinə qarşı sizin etiraz etmədiyinizi
elan edin. Bunu İran xalqının birliyi naminə, onun
azadlığı və istiqlalı naminə etdiyinizi bir daha
bildirin».
Belə də etdilər. Belə də əsaslandırdılar.
... Zəbt olunmuş Təbrizdə bir
neçə gün ərzində üç mindən
artıq insan güllələndi. Azərbaycan dilində nəşr
olunmuş dərsliklər və kitablar tonqallarda
yandırılırdı.
Qavam - us - səltənə - o zamanlar
İranın baş naziri belə adlanırdı (Red.)
Azərbaycan darülfünunu, milli teatr,
filarmoniya, muzeylər bağlandı. Milli qəhrəmanların
abidələri uçuruldu. İqtidar «konstitusion asayiş»i təmin
etdi.
Bağırovun israrlı tələblərindən
sonra Kreml culfada, Xudafərində, Biləsuvarda və Astarada sərhəd
məntəqələri açmağa icazə verdi.
İki gün ərzində sovet sərhədindən
5295 nəfər keçdi. Pişəvəri başda olmaqla,
bir qrup firqə işçisi müvəqqəti olaraq
Naxçıvanda qaldı. Sonra Bakıya
köçürüldülər. Pişəvəri Moskvaya
yazır, Bağırova yeni təkliflər göndərirdi.
«Onu sakitləşdirmək üçün 1947-ci ilin
mayında, guya, Cənubi Azərbaycana göndərilmək məqsədilə
fədai dəstələri hazırlayan xüsusi məxfi
komitə yaradıldı, lakin heç kim göndəriləsi
olmadı. 1946-cı il iyulun 3-də Yevlax-Gəncə yolunun
14-cü kilometrində Pişəvərinin avtomobili qəzaya
uğradı. Bir neçə saatdan sonra o, rayon xəstəxanasında
keçindi».
İnadkar siyasi mühacir Bakıdan 30 km
aralı Buzovnadakı bağında torpağa
tapşırıldı. Məzarı nəzərə
çarpmasın deyə üzərində
gül-çiçək əkdilər. Yalnız 1960-cı
ilin mart ayında Pişəvərinin naşını hələ
müharibədən əvvəl, 30-cu illərdə Bakıda
yaradılmış Fəxri Xiyabanda basdırdılar. Taleyə
bir bax, illər keçdi, Əziz Əliyev onun məzarının
yaxınlığında dəfn olundu. Onların
yaşadıqları hər şey - həyəcanları,
düşüncələri, qəlblərini riqqətə gətirən
nə vardısa, artıq keçmişə, tarixə mənsub
oldu…
Dənizdən əsən külək xəzan
yarpaqlarını xışıldadır, azca
aşağıda Qarabağ mücadiləsinin qəhrəmanlarının
abidələri görünür. Qırmızı lentlər
nəzərə çarpır. 1991-ci ildə erməni
separatçılarının atəşi ilə vurularaq
yandırılmış vertolyotda həlak olan respublika rəhbər
işçilərinin, Vətən oğullarının -
dövlət katibi Tofiq İsmayılovun, daxili işlər
naziri, general Məhəmməd Əsədovun, baş prokuror
İsmət Qayıbovun, nazirlər soveti sədrinin müavini
Zülfi Hacıyevin məzarları...
Milli hökumətin məğlubiyyəti,
Azərbaycan Demokratik Məşrutəsinin süqutu Sovet Azərbaycanında
da yanıqlı əks-səda doğurdu. Minlərlə insan
- müəllimlər və həkimlər, neftçilər və
inşaatçılar, geoloqlar və sənət ustaları,
partiya işçiləri və hərbçilər
Arazın o tayındakı qardaş və bacılarına
köməklərini əsirgəməmişdilər…
Bu barədə susurdular
Cənubi Azərbaycanda baş verən
hadisələrə bilavasitə yaxın olması cavan Heydər
Əliyevin həssas qəlbinə də böyük təsir
göstərmişdi.
1944-cü il yanvarın 27-də Heydər Əliyev
Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin
xalq komissarı müavininin adına ərizə yazır. Bu sənədin
tam mətninə diqqət yetirək:
«Dövlət Təhlükəsizliyi Xalq
Komissarlığı sistemində əməliyyat işində
işləməyə böyük həvəsim var.
Ona görə, məni Azərbaycan SSR
DTXK-nın məktəblərindən birinə qəbul etməyinizi
xahiş edirəm».
Kalliqrafik xətt, imza, tarix… Ancaq belə
sistemdə işləmək üçün təkcə
arzunun, hətta böyük istəyin olması azdır.
Dörd ay yoxlamalar aparılır, bütün detallardan
«abituriyent»in xəbəri belə olmur. Heydər Əliyev
1944-cü ilin mayından Sovet İttifaqı dövlət təhlükəsizlik
orqanlarında xidmətə başlayır. O vaxt onun 21
yaşı təzəcə tamam olmuşdu.
Sovet Azərbaycanında, xüsusən, sərhədyanı
rayonlarda insanların qəlbinə hakim olan duyğuları
milli ruh yüksəkliyi adlandırmaq olar. Sonralar tərəzinin
gözü əks tərəfə əyildi - Cənubi Azərbaycanda
baş vermiş faciəni bütün azərbaycanlılar
ümummilli fəlakət kimi yaşadılar. Bu barədə
o vaxt açıq-aşkar yazılmasa da, böyük əksəriyyət
belə düşünür, belə danışırdı.
Millət vəkili cəmil Həsənli
Heydər Əliyevin bir şəhadəti haqqında belə
söyləyir:
- Kitabım çıxanda, Heydər Əliyev
mənə zəng vurub təbrik etdi: «Mən şadam ki, Azərbaycanda
belə bir alim var. Siz sovet dövründə üstündən
sükutla keçilən məsələlər haqqında
yazmısınız». Sonra neçə yaşım
olduğunu soruşdu. Dedim: əlli yaşım tamam olub. «Mənim
öz gözümlə gördüyüm faktları necə
də dəqiq təsvir etmisiniz! Heyrətlənirəm.
Düşünürdüm ki, 70-75 yaşınız var və
o hadisələrin şahidisiniz. Başqa tarixi məqamlarla
yanaşı, Siz Bağırovla Pişəvərinin
görüşü haqqında söyləyirsiniz. Mən o
zaman Naxçıvanda xidmət edirdim, bu görüş
gözümün önündə olub, biz onu mühafizə
edirdik...»
Söhbətimizi bitirərkən bir daha təşəkkür
etdi və dedi ki, onun fikrincə, tarixə məhz belə qərəzsiz,
vicdanlı, obyektiv yanaşmaq lazımdır.
Təsəvvürü tamamlamaq
üçün xatırladaq ki, alim parlamentdə Azərbaycan
Xalq cəbhəsini, müxalifəti təmsil edir. Elə
bizimlə də söhbəti, yəqin yalnız Heydər Əliyev
tərəfdarlarıyla görüşdüyümüzü
güman edərək, bundan başladı. Xeyr, biz
hamını dinləyirik. Onun dostlarını da, müxaliflərini
də. Ona görə də Əliyevi dəyərləndirərək
öz siyasi qərəzliliklərinin üstündən
keçən insanların şəhadəti, xüsusən
qiymətlidir:
- O, nəinki Azərbaycanın,
bütün müasir dünyanın böyük siyasi
xadimidir. Heydər Əliyev uğurla müstəqil dövləti
qurub, Azərbaycanı inkişaf etmiş demokratiya ölkələrinin
səviyyəsinə çıxarıb. Azərbaycanın
beynəlxalq münasibətlərini Rusiya, ABŞ, Qərb və
Şərq ölkələrilə tarazlı inkişaf
etdirmişdir. Şəxsən məni sevindirən odur ki,
özünün nəhəng məşğuliyyətinə,
ixtiyar yaşına baxmayaraq, monoqrafiyamı oxumuş və mənə
zəng vurmağı lazım bilmişdi.
Biz soruşduq ki, o illərdə Cənubi
Azərbaycana ezam olunmuş şəxslərin
siyahısında Heydər Əliyevin adı ona rast gəlibmi?
Alim «yox» cavabı verdi.
Bəli, hekayətimizin qəhrəmanı
o siyahılarda qeydə alınmamışdı.
... Azərbaycan Respublikasının gələcək
prezidenti 1945-ci ilin mayında Azərbaycan Dövlət Təhlükəsizliyi
Komissarlığının operativ işçilərin ixtisas
artırma kurslarında seminarda idi. Pedaqoji texnikum kimi bu
kursları da Heydər Əliyev fərqlənmə ilə
bitirir və yenə də Naxçıvana qayıdır,
çox keçmədən isə ilk mükafatına - «Əmək
rəşadətinə görə» medalına layiq
görülür.
Azərbaycan Milli Təhlükəsizlik
Akademiyasının rektoru Ziya Yusifzadənin başı üzərində
Heydər Əliyevin portreti asılıb. Bu bir vaxtlar birgə
işlədikləri şəxsə (Ziya Yusifzadə Heydər
Əliyevin rəhbərliyi altında çalışıb)
sadəcə hörmət əlaməti deyil. Azərbaycan
DTK-sının keçmiş sədri Ziya Yusifzadə
artıq bir neçə il idi ki, təqaüdə
çıxmışdı və bu vaxt Heydər Əliyev onu
yanına çağırıb Azərbaycanın təhlükəsizlik
orqanları və sərhəd qoşunları
üçün kadr yetişdirməkdən ötrü Milli Təhlükəsizlik
Akademiyası yaratmaqda kömək etməyi xahiş etdi. Azərbaycanda
son illərə qədər müstəqil dövlət
üçün vacib olan belə bir təhsil müəssisəsi
yox idi. Akademiyanı yaratmağı üzərinə
götürə biləcək kadrlar barədə
düşünəndə Heydər Əliyev ilk olaraq
keçmiş həmkarı Ziya Yusifzadəni xatırladı.
Onlar 1955-ci ildən birgə işləmişdilər. Moskva
Xarici Dillər İnstitutunun məzunu, Respublika Nazirlər
Sovetinin gənc kadrı Ziya Yusifzadəni təhlükəsizlik
orqanlarında işləməyə o zaman dəvət
etmişdilər və o, öz taleyini bu təşkilata
bağlamışdı. Yeni kadr öz təyinatını məhz
Heydər Əliyevin rəhbərlik etdiyi şöbəyə
almışdı.
- Heydər Əliyev o saat mənim
xoşuma gəldi, - həmin günü Ziya Yusifzadə belə
xatırlayır. - O, özünü insanlara sevdirə bilirdi.
Bir sözlə, qızıl parçasıydı.
Uzun illər ərzində onlar
çiyin-çiyinə işlədilər, müxtəlif əməliyyatları
birgə hazırladılar... İki dəfə Ziya Yusifzadə
«onun təkidiylə» Türkiyə və İngiltərədə
xüsusi ezamiyyətlərdə oldu.
Ziya Yusifzadə Heydər Əliyevdən
sonra doqquz il - 1980-89-cu illər ərzində respublikanın
Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik
etdi. Əlbəttə, belə təcrübəsi olan bir
mütəxəssis akademiyanı yaratmağa qadir idi. Prezident
doğru seçim etmişdi və şəxsən
özü birbaşa Ziya Yusifzadənin mənzilinə zəng
vurmuşdu. Ziya müəllim əvvəlcə
yaşının keçdiyini əsas gətirərək bu məsuliyyəti
öz boynuna götürmək istəməmişdi...
- Siz ki, yaxşı bilirsiniz, ona etiraz etmək
mümkün deyildi, - Yusifzadə daha bir yüngül siqaret
yandırır və siqaretin tüstüsü akademiya rəisinin
otağına yayılır.
Sonra isə biz akademiyanın nəzdində
yaradılmış muzeydə Heydər Əliyevə həsr
olunmuş guşəyə gedirik, bir vaxt gizli saxlanılan,
indi isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən
açıqlanmış işləri nəzərdən
keçiririk və addım-addım, səhifə-səhifə
çekist Heydər Əliyevin bioqrafiyasını - operativ
işçidən tutmuş DTK sədrinə qədər,
leytenantdan general-mayora qədər xəyalımızda
canlandırmağa çalışırıq.
6 iyul 1950-ci ildə Leninqradda SSRİ
Dövlət Təhlükəsizlik Nazirliyinin operativ rəhbər
işçilər hazırlayan məktəbində bayram əhvali-ruhiyyəsi
vardı. Məzunlara məktəbi uğurla bitirdikləri barədə
diplomlar verilirdi. Bir illik kursant həyatı arxada
qalmışdı, irəlidə isə yeni təyinatlar
vardı. Məktəbin direktoru polkovnik Pinçuk ilk olaraq səhnəyə
leytenant Heydər Əliyevi çağırır.
- Yoldaş Heydər Əliyev, sizə
Dövlət Təhlükəsizlik Nazirliyinin məktəbini
fərqlənmə ilə bitirməyiniz barədə şəhadətnamə
təqdim edilir.
Ayrılıq ərəfəsində məzunlar
Böyük Pyotrun heykəli önündə şəkil
çəkdirirlər. Çox gözəl fotoşəkil
alınır.
Buraxılışdan bir neçə
gün sonra, 21 iyul 1950-ci ildə xüsusi poçt xidməti
baş leytenant Heydər Əlirza oğlu Əliyevin xasiyyətnaməsini
Bakıya çatdırdı:
«Baş leytenant Heydər Əlirza oğlu Əliyev
1949-cu ilin mayından 1950-ci ilin iyuluna qədər SSRİ
Dövlət Təhlükəsizlik Nazirliyinin Leninqraddakı
ali operativ işçilərin hazırlıq məktəbində
təhsil almış və özünü yalnız
yaxşı cəhətdən göstərmişdir. Təhsilinə
ciddi yanaşmış, tədris materialı üzərində
səylə çalışmış, onu dərindən
öyrənmişdir. Sinif və seminar imtahanlarına ciddi
şəkildə hazırlaşmış, dərsdən əlavə
vaxtlarında isə öz siyasi ideya və ümumtəhsil səviyyəsinin
artırılması üzərində bütün
bacarığından yararlanmışdır.
Bunun nəticəsində tədris
proqramı üzrə zaçot və imtahanlardan yüksək
qiymətlər almışdır. Təhsil müddəti ərzində
Heydər Əliyev dərs əlaçısı olmuş,
buna görə də ona məktəbin adından təşəkkür
elan edilmişdir. Onun şəkli məktəbin şərəf
lövhəsinə vurulmuşdur. Təhsil müddəti ərzində
yoldaş Əliyev sosial-iqtisadi fənlər sahəsində
geniş biliklər əldə etmiş, öz mədəni və
ümumtəhsil səviyyəsini qaldırmış,
çekist işi məsələləri üzrə biliklərini
artırmışdır. Operativ məsələlərin həllində
lazımi, düzgün qərarlar qəbul edir, operativ şəraitdə
vəziyyəti sərbəst və düzgün qiymətləndirə
bilir, operativ sənədləri hərtərəfli və əsaslı
tərtib edir».
Bunun ardınca məktəb direktoru əlavə
edirdi ki, yoldaş Əliyev öz yüksək səviyyəli
təhsilini ictimai və partiya işilə uzlaşdıra
bilmişdir. Daha sonra isə onun şəxsi keyfiyyətlərindən
danışır: intizamlıdır, mənəvi cəhətdən
möhkəmdir, fərasətlidir, məişətdə sadədir,
ədəblidir.
Nəticə: «Vəzifədə irəli
çəkilməyə layiqdir».
Mərkəz.- 2010.- 16 oktyabr.- S. 10-11.