HEYDƏR ƏLİYEV
Bu gənc, enerjili
çekist Azərbaycanda da diqqəti cəlb etdi və mərkəzdən
göndərilən bu nüfuzlu xasiyyətnaməni nəzərə
aldılar. Naxçıvana qayıdandan dərhal sonra Heydər
Əliyev muxtar respublikanın Dövlət Təhlükəsizlik
Nazirliyinin 5-ci şöbəsinin rəisi təyin edildi, bir ay
sonra isə 26 avqust 1950-ci ildə onu Bakıya dəvət
etdilər. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik
Nazirliyinin 2-ci şöbəsində bölmə rəisinin
müavini təyin olundu.
İkinci şöbə
əks-kəşfiyyatla məşğul idi. Respublika DTK-sının
sədr müavini və sədri təyin olunana qədər on
beş il ərzində Heydər Əliyev məhz bu məsuliyyətli
sahə ilə məşğul olmuşdu. Onun xidmət
siyahısında biri-birinin ardınca lakonik qeydlər peyda
olur: 2-ci şöbənin rəisi təyin olunub…
«Döyüş xidmətlərinə görə» medalı
ilə təltif olunub... «Fəxri təhlükəsizlik
işçisi» nişanı ilə
mükafatlandırılıb... Xüsusi
tapşırığı ləyaqətlə yerinə yetirərkən
qətiyyətlilik və təşəbbüskarlıq
göstərdiyinə görə qiymətli hədiyyə ilə
mükafatlandırılıb....SSRİ Dövlət Təhlükəsizlik
xidmətində uğurlu fəaliyyətinə görə
«Qızıl ulduz» ordeni ilə təltif olunub...
1967-ci
il oktyabrın 26-da SSRİ Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsinin sədri Yuri
Vladimiroviç Andropovun təqdimatıyla Azərbaycan Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin
sədri Heydər Əlirza oğlu Əliyev «General-mayor»
rütbəsi alır. Attestasiyada belə deyilirdi:
«Yoldaş
Əliyev 1944-cü ildən təhlükəsizlik
orqanlarında çalışır, 1945-ci ildən isə rəhbər
vəzifələrdədir. Uzun müddət Azərbaycan
DTK-sında 2-ci şöbənin rəisi vəzifəsində
çalışıb. 1965-ci ildən Azərbaycan
DTK-sının sədr müavini olub,1967-ci ilin iyunundan isə
Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin sədri vəzifəsində
çalışır.
Tələb
olunan təşkilatçılıq bacarığına malikdir.
Respublikadakı operativ şəraiti və milli xüsusiyyətləri
gözəl bildiyi üçün, tabeçiliyindəki
işçiləri qarşıda duran vəzifələri
yerinə yetirmək üçün düzgün fəaliyyət
yoluna istiqamətləndirir.
Respublikaya
gələn xarici vətəndaşlar arasındakı agentlərin,
kəşfiyyatçıların ifşa olunmasıyla
bağlı respublika DTK-sında mütəmadi və aktiv tədbirlər
görülür. Agentura aparatının təkmilləşdirilməsiylə
bağlı da əhəmiyyətli işlər
aparılır.
DTK-nın
periferiyalı orqanlarının işinə də xüsusi
diqqət yetirilir. Xidməti problemlərin həll
olunmasında yoldaş Əliyev prinsipiallıq və
inadkarlıq nümayiş etdirir. Daha mürəkkəb tədbirlərin
keçirilməsində şəxsən özü
iştirak edir.
Operativ
tədbirlərin uğurla keçirilməsinə görə
bir neçə dəfə mükafatlandırılıb,
1962-ci ildə isə «Qızıl Ulduz» ordeni ilə təltif
edilib.
Şəxsi
keyfiyyətləri: zəhmətkeş, iradəli və
prinsipial rəhbər işçidir.
Komitənin
şəxsi heyəti, partiya və sovet fəalları
arasında böyük nüfuza malikdir, Azərbaycan KP
MK-nın üzvü və Azərbaycan Ali Sovetinin deputatı
seçilib.
Bütün
bunları nəzərə alaraq, yoldaş Heydər Əliyevə
növbəti hərbi rütbə - «general-mayor» rütbəsi
verilir».
Ertəsi
gün, oktyabrın 27-də bu təqdimatı SSRİ Nazirlər
Soveti nəzərdən keçirdi (985 nömrəli protokol)
və 30 oktyabr 1967-ci ildə Yuri Vladimiroviç Andropov Heydər
Əlirza oğlu Əliyevə «general-mayor» rütbəsinin
verilməsiylə bağlı SSRİ Nazirlər Soveti
yanında Dövlət Təhlükəsizlik Komitəsinin 136
nömrəli sərəncamını imzaladı...
Lakin biz xeyli irəli getdik. Yenidən
müharibədən sonrakı Bakıya qayıdaq və Heydər
Əliyevin öz yaşıdı, doktor Zərifə Əliyeva
ilə tanışlığından danışaq.
III FƏSİL
HEYDƏR VƏ ZƏRİFƏ
Şərq poeziyası saf, fədakar, sədaqətli
məhəbbət haqqında əfsanələri əsrlərdən
əsrlərə, nəsillərdən nəsillərə
çatdırmışdır. Tahir və Zöhrə...
Xosrov və Şirin... Leyli və Məcnun... Onların
bir-birinə sədaqətinin gücü qarşısında
hər şey acizdir, fitnə-fəsad da, hədə-qorxu da,
paxıllıq da, xainlik də.
Eşq olduğu yerdə məxfi olmaz,
Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamət
Kim, baş çəkə şöleyi-məlamət,
Hüsn afəti-eşq olub dəmadəm,
Gəldikcə iradət oldu möhkəm.
...
Rəf oldu hicabi-şahidi-raz,
Eşq oldu məlamət ilə dəmsaz...
...
Gərd ayineyi-nişatə
düşdü,
Minbəd iş ehtayatə
düşdü...
Dahi Nizami «Leyli və Məcnun»
poemasında kövrək sevgi duyğularının cücərməsindən
belə bəhs edir.
Heydər Əliyev həmin misraları gənclik
illərindən əzbər bilir, könül verdiyi Zərifə
xanıma dönə-dönə təkrarlayırdı.
Elmin, maarifin xüsusi vüsətlə
yüksəldiyi bir zaman, XX əsrin ortalarında tale Heydər
Əliyevi və Zərifə Əliyevanı - hələ ailə
qurmamış eyni soyadlı iki sevgilini - məhəbbət
sınaqlarına çox çəkdi. Əminik ki, bu
süjet də Leyli və Məcnunun hissləri kimi, klassik məhəbbət
dastanı kimi yazılmağa layiqdir. Haçansa bu barədə
böyük səhnədən və ya ekrandan bəhs ediləcək.
Hərçənd, sağ olsun
istedadlı rejissor Vaqif Mustafayev ki, «Böyük məhəbbət
hekayəti» adlı sənədli film yaratmış, Heydər
Əliyevin səmimi məhəbbət etirafını incə
zövqlə lentə almışdır.
Film müəllifinin lütfkar icazəsilə
biz Heydər Əliyevin Zərifə xanımla tanış
olması, ülfət bağlaması, dəyişkən
siyasi ab-havadan gələn maneələrlə
rastlaşmasına baxmayaraq, ürək istəyilə ailə
qurmaq haqqını qorumaları barədə lentə
alınmış xatirələrinə istinad edəcəyik.
Heydər Əliyev - fotoşəkillərdən
də göründüyü kimi - gəncliyində
yaraşıqlı, boy-buxunlu, yetkin çağlarında, hətta
yaşlı vaxtlarında da cəlbedici, zəhmli, əzəmətli
ərənlərdən olub; Bakı gözəlləri də,
Moskva, Leninqrad xanımları da ona diqqət yetirməmiş
deyildilər. Amma onu yaxşı tanıyanların əksəriyyətinin
təsdiq etdiyinə görə o, heç vaxt özü ilə
ötəri oyun oynamağa yol verməzdi.
- Mən başa düşürəm niyə,
- qocaman müəllim Lətif Hüseynzadə belə izah
edir. - Heydər təbiətcə sevgisinə sadiq aşiqlərdən
idi. O, öz ömür yoldaşını çox sevirdi. Yəqin,
bu elə bir nadir haldır ki, yarıya bölünmüş
almanın hər iki parası xöşbəxtlikdən
bir-birinə qovuşmuşdu...
Böyük, səmimi hissləri
nümayiş etdirmək məqbul sayılmır. Onlar
çox vaxt yad gözlərdən gizlədilir. Lakin hələ
qızlıq çağlarından bir-birinə
isnişmiş, sonra ərə getmiş, ana olmuş rəfiqələr
görüşüb, hal-əhval tutanda hər şeydən əvvəl
bilirsiniz bir-birinə hansı sualı verirlər?
- Zərifə, xöşbəxtsənmi?
Püstə xanım Əzizbəyova (evdə
onu «Zinoçka» çağırardılar) Stefan Sveygin «Naməlum
qadının məktubu» hekayəsini oxuduqdan sonra təəssüratlarını
necə bölüşdüklərini, necə açıq və
səmimi danışdıqlarını
xatırlayırdı:
- Sən belə sevə bilərdinmi? - deyə
Zinoçka rəfiqəsindən soruşur. -Bütün
ömrünü sevgilinə həsr etməyi
bacarardınmı?
- Əgər mən sevsəm, məhəbbətim
necə olur-olsun - istər acı, istər şirin - onu
bütün ömrüm boyu qoruyub yaşadacağam.
Heydər Əliyev də bu suala eynilə
belə cavab verə bilərdi.
Yəqin ki, hər birimiz kor adam
görmüşük. Budur, belə bir insan səkinin kənarını
çəliklə döyəcləyə-döyəcləyə
yol gedir, keçiddə ayaq saxlayır... Çox vaxt bir rəhmdil
bəndə tapılır, əlili küçənin o
tayına ötürüb öz işlərinin dalınca tələsir.
Başqa birisi üçün isə belə təsadüfi
rastlaşma ömürlük iz qoyan sarsıntıya
çevrilir. Zərifə Əliyevanın həyatında da
belə hal baş vermişdi.
Böyük Vətən müharibəsi illərində
Bakıda onlarla hospital yerləşdirilmişdi. O şəfa
ocaqlarından 500 min əlil, şikəst keçmişdir.
Hospitallardan biri Dövlət Universitetinin keçmiş
binasında yerləşirdi. Məktəbli qızlar, tələbələr
yaralılara qulluq edir, onların yaralarını yuyub təmizləyir,
hərəkətsiz qalanları qaşıqla yedizdirib,
içirdirdilər. Zina (Püstə Əzizbəyova) şeir
oxuyur, Zərifə akkordeonda çalırdı.
«Yadımdadır, pəncərənin
yanında ağır sınıqları olan, dərisi
yanıq, hərəkətsiz bir təyyarəçi
arxası üstə yatırdı. Yeməkdən imtina edir, hətta
gözlərini belə açmaq istəmir, palatada baş verənlərə
tamamilə laqeyd qalırdı. Zərifə onun
çarpayısı qarşısında xeyli dayanır, ailəsi
haqqında sorğu-sual edir, cəbhədən yeni xəbərləri
söyləyirdi.
Sən demə, onun evində az qala bizim
yaşımızda qızları qalıb, o, ailəsinə
yük olmaq istəmir, buna görə də onlara heç nə
yazmırmış. Bir müddət ötəndən sonra o,
evinə ünvanladığı ilk məktubu Zərifəyə
diqtə elədi və biz o məktubu poçt qutusuna
atdıq. Beləliklə, Zərifənin palatada bir «peşəsi»
də artdı - yaralıların diqtəsilə məktub
yazıb onların doğmalarına yollayırdı».
Yəqin, yüksək dərəcədə
məsuliyyət hissi, köməyə möhtac olana əl
tutmaq, can yandırmaq onda o zamanlardan
formalaşmışdı.
Bir dəfə hospitalda növbətçilikdən
sonra rəfiqələr evə tələsirdilər. Qızların
qarşısına cavan, yaraşıqlı bir qadın
çıxdı. O, qəddini qeyri-adi tərzdə dik tutaraq,
başını qaldırıb yeriyirdi, divara yaxın
olmağa çalışırdı.
«Zərifə həyəcanla əlimi
sıxıb, şəhadət barmağını dodaqları
üstə qoydu, aralanan zavallının ardınca baxa-baxa:
«Gördün? - dedi, - kordur... Bilirsən, çoxdan fikirləşirəm
ki, həkim olum. Axı bizimkilərin hamısı həkimdi:
atam da, anam da, böyük bacım da, Tamerlan da. Mən də
okulist olmaq, insanlara dünyanın ən böyük, əvəzsiz
neməti, həyat nuru, görmək qabiliyyətini qaytarmaq istəyirəm».
İllər ötdü. Zərifə Əliyeva
tibb aləminin məşhur həkim-oftalmoloquna çevrildi. Ən
başlıcası xəstələr tərəfindən
sevilən mütəxəssis oldu. Böyük konqreslərin
birində o, akademik, tanınmış tarixçi,
keçmiş rəfiqəsi Püstə Əzizbəyova ilə
rastlaşdı.
- Zərifə, qırx dördüncü
ildə gördüyümüz o kor qadın
yadındadımı?
- Hər şey yadımdadır.
Bütün apardığım cərrahiyyə əməliyyatları
da... Qələbə günündə görüşməyimiz
də...
O gün səhər tezdən
bakılılar Dənizkənarı bulvara
axışırdılar. Sanki bütün şəhər ora
yığışmışdı. Sonralar akademik Əzizbəyova
xatırlayırdı:
«... Elə bil bütün Bakı dəniz
kənarına çıxmışdı. Bir-birini
tanımayan adamlar qucaqlaşır, bayramlaşır,
ağlaşır, doğmalarını, əzizlərini yad
edirdilər. Biz, izdihamın içindən sivişə-sivişə
Kukla Teatrından çəpəki səmtdə indi də
ucalan xoşladığımız ağaca tərəf getdik.
Və orada Zərifə qara geyimli, qara kəlağayılı
bir ağbirçəyin qarşısında dayanıb duruxdu.
Adətən tanımadığı adamlardan çəkinən
Zərifə ərklə ona yanaşıb qucaqladı,
mülayim səslə dedi: «Anacan, qara örpəyini
başından aç, bu gün bayramdı». Qadın
ağladı. Zərifə onu bağrına basıb: «Itirdiyin
kimdir, ərindimi?» - soruşdu. «Yox, oğullarım ...
Üç balam, üç ciyərparəm».
Onların yanında ucaboy bir cavan oğlan
ayaq saxlayıb mehriban və sakit səslə « Ağlama, ay
ana», - dedi.
Bakıda bu əhvalatı bir məhəbbət
dastanı kimi danışırdılar, söyləyirdilər
ki, Zərifə ilə Heydərin ilk görüşü məhz
o zaman baş vermişdi. Son dərəcə gözəl təsirli
süjetə inanmaq istəsək də, əfsus ki, həmin
gün bizim cavan qəhrəmanlarımız görüşə
bilməzdilər. Heydər Əliyev Zərifə ilə
yalnız qırx yeddinci ildə, Kislovodskda tanış
olmuşdu. O özü bunu belə xatırlayırdı:
- Böyük qardaşım Kislovodska dinc əlməyə
gedəndə məni də dəvət etdi... Orada heç
kimi tanımırdım, qardaşımınsa çoxlu
tanış-bilişi vardı. Gözümə bir qız dəydi,
sonra tanış olduq. Məlum oldu ki, böyük
qardaşım onun ailəsini, atasını yaxşı
tanıyırmış. Mənim tanışlığım
qısa olsa da, bu qız nədənsə ürəyimi tərpətdi...
Bu tanışlıqdan az sonra baş
leytenant Əliyevi perspektivli bir zabit kimi Leninqrada, SSRİ
DTN-nin rəhbər kadrlarının hazırlanması üzrə
məktəbinə göndərdilər. Böyük
qardaşına yazdığı məktublarında o,
sözarası «Kislovodsk tanışı»nın hal-əhvalı,
işi-gücü ilə maraqlanırdı. Həsən Heydəri
intizarda qoymurdu, çünki Zərifənin qardaşı
Tamerlan vasitəsilə gənc doktor Əliyevanın ilk
addımlarından yaxşı xəbərdar idi.
Kəşfiyyat kursunu fərqlənmə
ilə bitirən Heydər Əliyev əvvəlcə
Naxçıvana qayıdır, lakin çox keçmir ki,
artıq bu barədə yazdığımız kimi o, Azərbaycan
Dövlət Təhlükəsizlik Nazirliyinə təyinat
alır. Nəzərə alaq ki, artıq onun 27 yaşı
vardı. Doğmaları, yaxınları Heydəri dilə
tuturdular: artıq ailə qurmaq vaxtıdır.
«Mən özüm də ailə qurmaq
haqqında düşünürdüm. Bu təbiidir. Adətən
Azərbaycan adətlərinə görə ana, qohum-əqraba
qızgördü keçirirdilər. Mənə evlənmək
üçün təklif edilənlərin içində
çox yaxşı, gözəl qızlar da vardı. Amma
görünür, mənim Zərifəyə qarşı
hisslərim o dərəcədə güclü idi ki, onunla
yenidən görüşmək istədim».
Heydər günlərin bir günü
ara-sıra zəngləşdiyi Tamerlanla rastlaşır. Xəzərin
sahilində gəzinərkən Tamerlan dostunu evlərinə dəvət
edir.
- Səni atamla tanış eləyərəm,
o dəfələrlə sizin yerlərdə olub...
Həkim, tibb elmləri doktoru Əziz Məmmədkərim
oğlu Əliyevi hələ sağlığında «cəmiyyətin
loğmanı» adlandırırdılar. 30-cu illərdə o,
Azərbaycanın səhiyyə naziri olmuş, Böyük Vətən
müharibəsi başlanan dövrdə İranda sovet
missiyasına başçılıq etmiş (bu barədə
bir qədər əvvəl söhbət
açmışıq), Dağıstan Vilayət Partiya Komitəsinin
katibi vəzifəsində çalışmışdı.
İki dəfə - 1942 və 1944-cü illərdə Lenin
ordeni ilə təltif olunmuşdu. 1950-ci ildə isə Moskvada
birillik kursları bitirdikdən sonra onu SSRI ÜK (b) P
MK-nın inspektoru təyin etmişdilər. Partiya dairələrində
bu vəzifə start meydançası hesab olunurdu. İnspektorları
böyük təyinatlar gözləyirdi. Görəsən,
yaşı əllini adlamış, Dağıstanın və
Azərbaycanın partiya orqanlarında uzunmüddətli iş
təcrübəsi olan bir kadrı irəlidə nə
gözləyirdi? Variantlar çoxdur. Lakin onu gözlənilmədən
Bakıya çağırdılar...
Tamerlan öz dostunu atasına təqdim
etdiyi vaxt Əziz Məmmədkərim oğlu artıq elmə
qayıtmışdı və Elmi-Tədqiqat Ortopediya və cərrahi
Bərpa İnstitutunun direktoru idi. Ev yiyəsi qonağı bu
ocağın adətincə səmimi və gülərüzlə
qarşıladı. Çay təklif elədi və
gülümsəyərək Zərifənin tezliklə gələcəyini
bildirdi...
Əziz Əliyev respublikada ən parlaq
ziyalılardandı. O, mədəniyyətə, musiqiyə dərindən
bələd idi. Rəsmi vəzifəsindən asılı
olmayaraq, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev
(Ümumittifaq miqyasında tanınmış müğənni
Müslümün babası), Azərbaycan universitetinin rektoru Əbülfəz
Qarayev, istəkli və əfsanəvi şair Səməd
Vurğun, görkəmli alim, respublika Elmlər
Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov
onunla ülfət bağlamış, xoş ünsiyyətdə
olmuşlar. Xalq komissarı Əziz Əliyevi,
başqalarından fərqli olaraq, tribunada az-az görərdilər.
O, «parlaq nitqlər deməyi»
xoşlamırdı. Konkret işlərlə məşğul
olurdu - yeni tibbi xidmətlər təşkil edir, tibbi təhsil
ocaqları üçün ana dilində dərsliklər
yazır, istedadlı gəncləri axtarıb tapır və
İttifaqın aparıcı ali təhsil müəssisələrinə
göndərirdi. 20-ci illərdə Rusiyadan Azərbaycana gəlmiş
mütəxəssislərin təcrübəsinə əsaslanıb
yeni tibbi xidmət müəssisələri təşkil
edirdi.
Bu mütəxəssislərin arasında
Fyodor Nikolayeviç İlyin də vardı. Bakıda onu
«Qadın allahı» adlandırırdılar. Bu insanın həyatı
ilə maraqlananlara 2005-ci ildə Bakıda dərc olunmuş cəbhəçi-yazıçı
İvan Tretyakovun yazdığı «Qadın allahı»
kitabını oxumağı tövsiyə edirik. Maraqlananlar
kitabxanalarda İlyinin öz kitablarını da tapa bilərlər.
Bu kitablar yalnız tibbə aid deyil. O,1904-1905-ci il Rus-yapon
müharibəsi cəbhəsindən canlı detallarla dolu cəbhə
oçerkləri yazmışdır. 1928-ci ildə isə
Moskvada Teo Eli təxəllüsüylə yazdığı
«Yeni həyat vadisi» adlı elmi-fantastik povest ayrıca kitab
şəklində dərc olunmuşdur.
Altmışıncı illərdə isə o vaxt
«Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru olan
İvan Tretyakovun ön sözü ilə bu kitabı
Bakıda da nəşr etmişlər. Lakin Fyodor
Nikolayeviçin əsas işi doğuşa yardım, analara və
uşaqlara kömək idi. 1920-ci ildə o, Azərbaycan
Dövlət Universitetində tibb fakültəsinin Mamalıq
və ginekologiya kafedrasına rəhbərlik etməyə
başlamışdı. O vaxt bütün respublikada cəmisi
iyirmi ginekoloq həkim vardı. Sonradan bu fakültənin
bazasında formalaşan Nəriman Nərimanov adına Azərbaycan
Tibb Universitetinin qırxa qədər buraxılışı
oldu, minlərlə məzun həkim adı aldı və
onların hamısında böyük rus alimi və humanisti
Fyodor Nikolayeviç İlyinin ruhunun bir hissəsi
yaşayır. Onu indiyə qədər Azərbaycanda xoş
hisslərlə xatırlayırlar.
...1942-ci ilin sentyabrında Stalinin rəhbərlik
etdiyi Dövlət Müdafiə Komitəsinin qərarı ilə
Əziz Əliyev Dağıstana rəhbər təyin olundu.
Stalinin imzaladığı sənəddə deyilirdi:
«Vilayət Partiya Komitəsinin rəhbəri
N.I. Linkun vəzifəsindən azad edilsin və ÜK (b) P
MK-nın sərəncamına ezam edilsin.
Yoldaş Əziz Əliyev Azərbaycan
ÜK (b) P MK-nın katibi vəzifəsindən azad edilərək
Dağıstan Vilayət Partiya Komitəsinin katibi təyin
edilsin».
Əziz Əliyev, eyni zamanda, Mahaçqala
müdafiə komitəsinin sədri, 47-ci ordunun hərbi
şurasının və Bakı hava hücumundan müdafiə
qüvvələrinin hərbi şurasının üzvü
təyin olunur.
1942-ci il sentyabrın 23-də
Dağıstan Vilayət Partiya Komitəsinin plenumunda ÜK (b)
P MK-nın kadr idarəsinin rəisi Kiselyov Əziz Əliyevi
Dağıstan kommunistlərinə təqdim etdi. Həmin həyəcanlı
günlərdə alman faşistləri Stalinqrada və Qafqaza
soxulmağa can atırdılar. Moskvanın nümayəndəsi
Kiselyov tribunadan coşurdu: «Necə olur ki, Dağıstanda
yüzlərlə dezertir, onlarla quldur dəstəsi peyda olub
dinc sakinləri, kolxozçuları, partiyanın məsul
nümayəndələrini, sovet işçilərini soyur.
Bu yaxınlarda Ümumittifaq Kommunist (bolşeviklər)
Partiyasının Xasavyurd rayon partiya komitəsinin sədri
yoldaş Lukin quldurlar tərəfindən qətlə
yetirilib. Başqa rayonlarda da partiya, sovet işçilərinə
qarşı terror aktları qeydə alınıb. Quldur dəstələri
və dezertirlər kolxozlarımızı
dağıdırlar».
Bəli, yeni birinci katibi böyük və
ağır işlər gözləyirdi və o, bu işlərin
öhdəsindən ləyaqətlə gəldi.
Əziz Əliyev üç ili müharibəyə
təsadüf edən altı il ərzində Dağıstana
rəhbərlik etmişdir. Bu gözəl diyarla vidalaşanda,
onun böyük fəxrlə: «Bizim təşkilat yüksək
nizam-intizam, yetkinlik, birlik nümayiş etdirərək
Böyük Vətən müharibəsi illərində vilayətin
bütün zəhmətkeşlərinin birliyinə nail
olmuş, sovet hökuməti və ÜK (b) P MK tərəfindən
dəfələrlə yüksək mükafatlarla təltif
edilmişdir» - deməyə tam haqqı vardı.
150 min dağıstanlı
könüllü olaraq Qızıl Ordu sıralarına
yazılmışdı. Onlardan çoxu faşistlərlə
ağır döyüşlərdə həlak olmuşdu. Könüllülərin
arasında məşhur avar şairi Rəsul Həmzətovun
iki qardaşı, yəni şair Həmzət Sadasın
oğlanları da vardı.
Rəsul Həmzətov xatırlayır ki,
şeirlərini dinlədikdən sonra Əziz Məmmədkərim
oğlu qəfildən ona Moskvada, Qorki adına Ədəbiyyat
İnstitutunda oxumağı təklif etmişdi: «Sən
mütləq təhsilini davam etdirməlisən». Rəsul Həmzətovun
böyük istedadı məhz Moskvada cilalandı, daha da gur
parladı.
Bəlkə də, Əziz müəllimin
evində Həmzətov və onun yaşıdları
haqqında eşitdiyi bu əhvalat illər ötəndən
sonra respublika Kommunist Partiyası MK-nın birinci katibi Heydər
Əliyevi istedadlı uşaqları «əyalət»dən
paytaxtın təhsil ocaqlarına göndərmək qənaətinə
gətirmişdi; bəlkə də, özü bu fikrə gəlmişdi.
Hər halda, onların bu istəkləri üst-üstə
düşürdü. Bu gün bəzi ölkələrdə
sovet və Rusiya diplomlarını etibarsız sayırlar. Lakin
bu keçib gedəcək... Ən başlıcası qalacaq,
böyük və dərin mənada anladığımız
məktəb: yeri gəlmişkən, ömür yolu
Bakıdan başlayan akademik Landau məktəbi, akademik
İoffe, akademik Alferov məktəbi kimi düşündüyümüz
danılmaz örnəklər əbədidir. Sovet
İttifaqında ən yaxşı təhsil ocaqlarının
qapıları Donbass qəsəbəsindən gəlmiş
şaxtaçı balasının da, Azərbaycanın ucqar kəndindən
və ya Özbəkistanın ucqar qışlağından gələn
gəncin də üzünə açıq idi, özü də
minnətsiz-filansız, pulsuz-parasız…
Əziz Əliyevin həyatı
övladları üçün ən ibrətamiz örnək
olub. Onlardan üçü - Ləzifə, Tamerlan və Zərifə
- tibb elmləri doktoru kimi ali, elmi dərəcəyə
yüksəliblər. Zərifə Əziz qızı
İttifaqın ən nüfuzlu oftalmoloqlarından biri kimi Azərbaycan
EA-nın üzvü seçilib.
Mübahisə etmirik. Bütün
mübahisəli hallarda tutarlı dəlil emosional
giley-güzar, ahu-zar yox, faktlardır. Beləliklə, Zərifə
xanım atasının, ərinin nüfuzundan faydalanıb, ya
yox?
Belə bir səhnəni təsəvvür
edin. Polşanın daxili işlər nazirinin iki müavini ailələri
ilə Bakıya istirahətə gəlirlər. Onları SSRI
DTK sədrinin müavini Filipp Denisoviç Bobkov müşayiət
edir. Protokol üzrə yüksək rütbəli qonaqları
respublika KP MK-nın birinci katibi Əliyev qəbul etməlidir.
Lakin o, xarici ezamiyyətdədir. Qonaqlara şəhəri Zərifə
xanım göstərir. Proqrama görə rayon partiya komitələrindən
birinə baş çəkməliydilər. O, qonaqları təmtəraqlı
görüşə ötürüb özü
maşında qalır.
- Sizi burada gözləyəcəyəm. Mən
nə partiya işçisi, nə də MK əməkdaşıyam,
- deyir.
Bu, insan etikasının ibrətamiz
nümunəsidir. Zərifə xanım üçün hər
hansı ünsiyyət zamanı ən əsas şərt həkim
etikası idi. O bu barədə çox düşünər
və əksər hallarda da müəllimlərinə,
xüsusilə F. N. İlyinə istinad edərdi. Həkim
etikasına həsr etdiyi kitabının bir fəsli də belə
adlanır: «Fədakarlar günəş kimi lazımdır».
Fatma Abdullazadə yazır: «Çexovun kəlamına
müraciət etməsi onun bütövlükdə rus mədəniyyətinə
münasibətini müəyyənləşdirir. O,
bütün ömrü boyu Çexov və Raxmaninov
yaradıcılığına bəslədiyi hədsiz sevgini
saxlamışdı».
Mərkəz.- 2010.- 19 oktyabr.- S. 10-11.