HEYDƏR ƏLİYEV
Heydərlə Zərifənin
tanışlığı Əziz Əliyevin yuxarılar tərəfindən
qəzəbə tuş gəldiyi illərə təsadüf
edir. «İqtidarın xoşlamadığı, gözdən
salınan, qəzəbə gəlmiş siyasi xadimin
qızı və təhlükəsizlik sisteminin böyük
ümidlər doğuran əməkdaşı - bu cavan
insanların ömürlük qovuşmaları
üçün nələrdən keçdikləri
onların şəxsi sirri olaraq qalacaq», - deyə Fatma
Abdullazadə qeyd edir.
Yaxşı ki, Heydər
Əliyev həmin sirri özüylə aparmadı. Bu məhəbbət
etirafı kinolentə alınaraq xalqın yaddaşına
köçdü.
- Mənim Zərifəyə
qarşı hisslərim get-gedə artırdı. Onun tərəfindən
də özümə qarşı məhəbbət
gördüyüm üçün qərara gəldim ki,
taleyimi onunla bağlayım.
Əlbəttə,
iş yerində Heydər Əliyevin yuxarıların qəzəbinə
tuş gəlmiş siyasətçinin qızıyla
görüşdüyündən xəbərdar idilər. Azərbaycan
KP MK-nın birinci katibi «hakimi-mütləq» M. c.
Bağırovun təkidilə Əziz Əliyevi hökumətdən
kənarlaşdırdılar. Ailə üzərində də
qara buludlar gəzməyə başladı. Əziz müəllimin
ömür-gün yoldaşı Leyli Hacı cabbar qızı
respublika Kompartiyasının XIII qurultayına nümayəndə
seçilmişdi. Səhər Leyli xanım geyinib-keçinib
qurultaya yollandı və gözlənilmədən evə
qayıtdı.
Evdəkilər heyrətləndilər:
- Nə oldu? Qurultay
nə tez başa çatdı?
- Yox, qurultay davam
edir, amma Bağırov məni qovdu, - Leyli xanım candərdi
gülümsəməyə çalışdı. - Dedi ki,
mandatını təhvil verib çıx.
Bu əhvalat ətrafında
söz-söhbət fantastik bəzəmələrlə
bütün Bakıya yayıldı. Tanış-biliş,
dostlar, hətta qohumlar da Əziz Əliyev ailəsindən yan
gəzirdilər. Evdə telefon zəngləri get-gedə seyrəlirdi.
Heydər Əliyev
xatırlayırdı:
- Bir neçə
gündən sonra Zərifə xanımla
görüşdüm. O dedi ki, biz daha görüşə
bilmərik. Soruşdum: «Niyə?» Dedi: «Bilirsən ki, atamı
işdən çıxarıblar. Sən isə orqanda işləyirsən,
mənə görə zərər çəkə bilərsən.
Düşünürəm ki, əlaqəmiz kəsilməlidir».
Mən etiraz elədim: bizim münasibətlərimiz kimin harada
işlədiyindən asılı ola bilməz. Bu münasibətlər
nə sənin atandan, nə mənim işimdən
asılı deyil...
Aramızda səmimi
ülfət yaranmışdı. O, məni çox sevirdi, mən
də onu. Ona görə dedim: sən narahat olma. cavab verdi ki,
özünə görə narahat deyil, onsuz da atası
artıq işdən çıxarılıb. «Mən sənə
görə nigaranam. Elə ola bilər ki, bu sənin işinə
təsir göstərsin».
Heydər Əliyev
bu vəziyyət haqqında Zərifədən daha çox xəbərdar
idi. Onun atasını izləyirdilər. Telefonlarına gecə-gündüz
qulaq asırdılar. Aydındır ki, Heydərin zəngləri,
Zərifə ilə söhbətləri qeydə
alınırdı. Odur ki, respublika təhlükəsizlik
naziri Yemelyanovun hüzuruna çağırış Heydər
üçün gözlənilməz olmadı.
- Biz bir qədər
iş haqqında danışdıq. Sonra isə o məndən
soruşdu: «Sən filan qızla görüşürsənmi?»
-«Bəli», - dedim. -«Bəs bilmirsənmi, onun atası Əziz Əliyev
tutduğu vəzifədən azad edilib?» -«Bilirəm».
-«Yoldaş Bağırov onun haqqında çox pis fikirdədir».
- «Mənim bu barədə məlumatım yoxdur».
Rəis
karyerasına mane ola bilər deyə, gənc zabitə Zərifə
Əliyeva ilə ünsiyyəti kəsməyi məsləhət
gördü. Ayrılarkən hədələdi də: «Yoxsa
orqanlarda işləyə bilməyəcəksən».
Dövlət təhlükəsizlik
orqanlarından çıxarılmaq birdəfəlik «dəftərin
bağlandı» demək idi. Əmək kitabçası və
ya hərbi biletində belə qeyd olan adamı heç yerə
qəbul etmirdilər. Heydər Əliyev nəinki vəzifəsini,
hətta iş yerini də itirə bilərdi, - axı o həm
də ailənin çörək gətirəniydi. Anası,
kiçik bacı-qardaşları onun öhdəsində idi.
- Amma yenə də
mən öz fikrimdə qaldım və Zərifə ilə
münasibətimi üzmədim. O zamanlar Bakı indiki kimi
işıqlı şəhər deyildi, biz yad gözlərdən
kənarda xudmani guşələr tapırdıq», - bunu
xatırlayarkən Heydər Əliyev xəfifcə
gülümsünürdü, gənclik illərinə
qayıtmağın onunçün necə xoş olduğu
duyulurdu.
Daha çox Qubernator deyilən parkda
görüşərdilər. XIX əsrdə
salınmış bu köhnə parkda cavan cütlüklərin
naməhrəm baxışlardan yayına biləcəkləri
qaranlıq xiyabanlar çox idi.
- Bağın girəcəyində
trolleybus dayanacağı vardı. Görüşlərimizi
bu dayanacağa təyin edirdim. Mən cavandım, cəsur idim,
heç nədən qorxmurdum, xidməti qaydalara görə
tapança ilə gəzirdim. Zərifə cavan qız idi, həm
də gözəl. Bilirsiniz, gözəl qızlar diqqəti cəlb
edirlər, onlara ilişə də bilərlər... Mən
trolleybus dayanacağına gəlib onu gözləyirdim. Sonra
bağa yönəlirdik.
Lakin cavan çekistin fəndləri onu
general Yemelyanovun məzəmmətindən sığortalaya
bilmədi.
- Siz niyə bizim tələblərimizə
əməl etmirsiniz? - deyə Əliyevin neçə illər
sonra işləyəcəyi kabinetin yiyəsi soruşdu.
- Bilirsinizmi, - uzun sürən sükutdan
sonra Əliyev dilləndi, - biri var iş, biri də var insan həyatı.
Mən öz işimi sevirəm və siz məni bir
işçi kimi qiymətləndirirsiz. Burada
narahatçılığa əsas yoxdur. Amma həyatımın
ikinci, bəlkə də, mənimçün daha vacib tərəfi
- mənim ailəm, mənim hisslərim, mənim məhəbbətimdir.
Mən o qızı sevirəm. O da məni sevir. Mən ondan
necə ayrıla bilərəm? Bu, heç cür
ağlıma sığmır. Ona səbəbini söyləməliyəm,
ya da deməliyəm ki, onu sevmirəm. Yaxud səndə
hansısa məni açmayan nöqsanlar var, ona görə də
səninlə ayrılmalıyam. Mən orqanlarda qalmaq
üçün sevdiyim insanla ayrılmalı olduğumu deyə
bilmərəm.
Əliyevə elə gəlirdi ki, Yemelyanov
onu başa düşmüşdü. Lakin Heydər
yaşında övladları olan iş yoldaşı Yemelyanov
və dövlət təhlükəsizliyi naziri Yemelyanov
arasında fərq vardı. Nazirin səsi sərtləşdi:
- Biz sənin işin haqqında məsələni həll etməli
olacağıq. Çox güman ki, onu itirəcəksən...
Əlbəttə, elə də
olacaqdı, Əziz Əliyev, ardınca da qohum-əqrəbası,
övladlarının dostları uzaq soyuq diyarlara sürgün
ediləcəkdi... Lakin 1953-cü il martın birinə
keçən gecə dünyaya görünməyən
qüvvələr tarixin növbəti səhifəsini
çevirdilər. Moskvada, bağ evində Sovet
İttifaqını və dünyanın yarısını
idarə edən bir insan huşunu itirdi. Mühafizəçilər
cürət edib ona yaxınlaşanda artıq nəfəsi kəsilmək
üzrə idi. Martın beşində bütün dünyaya
elan olundu ki, İosif Vissarionoviç Stalin vəfat edib.
Dörd aydan sonra Beriyanı, ardınca da onun
respublikalardakı əsabələrini tutub mühakimə
etdilər.
Azərbaycanda isə istintaqa M. c.
Bağırov və dövlət təhlükəsizlik naziri
Yemelyanov cəlb edildi.
Daha Heydərlə Zərifənin gizli
görüşmələrinə ehtiyac qalmadı.
- Görüşlərimiz
leqallaşdı, - Heydər Əliyev kəşfiyyatçıların
peşə dilindən bu sözü gülə-gülə
işlətdi. - İkimiz də xoşbəxt idik. İndi
bütün bunları bilərək, deyin görüm, məhəbbətimin
köklərinin nə qədər dərin olduğunu
sübut etməyə dəyərmi?
Bizim sevgimiz, məhəbbətimiz çətin
sınaqlardan keçdi. Bizi ayırmaq istəyirdilər, amma
biz dönmədik. O da dönmədi, mən də… Mənim səmimi
məhəbbətin gücünə inamım təsdiqləndi.
Və bundan sonra biz otuz il xoşbəxt yaşadıq. Bizim iki
gözəl övladımız var - qızımız Sevil və
oğlumuz İlham... Lakin çox təəssüflər
olsun ki, Zərifə xanım həyatdan tez getdi...
Soyuq, yağmurlu Moskvaya, 1985-ci ilin o faciəvi
aprel gününə biz hələ qayıdacağıq; hələlik
Bakıda, Heydərlə Zərifənin bayram süfrəsinə
qonaqlar yığışıb çay içir, o zaman ən
bahalı sayılan «Mişka na severe» konfetlərindən
dadırdılar.
Bir dəfə Zərifə Püstə Əzizbəyova
ilə rastlaşanda rəfiqəsinin anasının hal-əhvalını
soruşdu.
«cavab verdim ki, şəkər xəstəliyi
ucbatından anam sürətlə görmə qabiliyyətini
itirir. cavabım heç bir təhrikə əsas vermirdi.
İki-üç gün sonra qapı zəngi
çalınanda, açıb gözlərimə
inanmadım. Astanada Zərifə durmuşdu: «Işə
gedirdim... ananın gözləri barədə dediklərin
yadıma düşdü. Bağışla, vaxtım
çox azdı, amma hər halda İzzət xanımın
gözlərini yoxlamaq istəyirəm». Qəribədir, anam Zərifəni
uzun illərdi ki, görmürdü, amma səsindən, ya da
intuisiyadan onu tanıdı: «Ay qızım, nə əcəb
səndən?..» Zərifə xanım ağbirçək ana
üçün əlindən nə gəlirdisə əsirgəmədi
- öz ürəyinin istəyincə elədi».
1977-ci ildə Zərifə Əliyeva
Moskvada Gelmqolts adına göz xəstəlikləri Elmi-Tədqiqat
İnstitutunda «Azərbaycan kimya sənayesinin bəzi müəssisə
işçilərinin görmə orqanlarının vəziyyəti»
mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.
Yeri gəlmişkən qeyd edək ki, Heydər
və Zərifə xanım Əliyevlərin oğlu İlham
da həmin il Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutuna qəbul olunmuşdu. Moskva 1-ci Tibb İnstitutunda
isə onun gələcək xanımı Mehriban Paşayeva təhsil
alırdı. Zərifə xanım oftalmologiya barədə elə
maraqla danışırdı ki, Mehriban da həmin peşəni
seçməyə qərar verdi.
-Təəssüf ki, - deyə o
xatırlayır, - mən Zərifə xanımla çox az
ünsiyyətdə ola bildim. 1983-cü ildə biz
tanış olduq, 1985-ci ildə isə o vəfat etdi. Bu
istedadlı və cazibədar qadını mən indi də
çox böyük ehtiramla xatırlayıram.
Zərifə xanım professional göz
patologiyası problemi ilə dərindən məşğul
olurdu. Sənayedə yeni istehsalat sahələri
açılırdı, bəs bunlar işçilərin səhhətinə
necə təsir edir?
Bu barədə RTEA akademiki, göz xəstəlikləri
ETİ-nin direktoru Mixail Krasnov demişdir:
- Elmimizin Zərifə Əziz
qızını ən çox cəlb edən bu sahəsində
vəziyyət hətta bir qədər paradoksal şəkil
alırdı. İnsanı əmək yaratmışdır,
lakin onun şüurlu ömrünün üçdə bir
hissəsini keçirdiyi istehsalatda xüsusi yaşam şəraiti
də əmələ gəlmişdi. Sanki bütün bunlar
aksiomadır, o cümlədən göz və görmə məsələsində
də. Tam dəyərli əmək üçün görmə
qabiliyyəti nəinki vacibdir, hətta müasir cəmiyyətdə
buna tələbat ildən-ilə artır. Bununla əlaqədar
indiyə kimi bu mövzuda ümumiləşdirilmiş elmi əsərlər
yoxdur. Zərifə Əziz qızının sosial duyumuna malik
olmaq gərəkmiş ki, olduqca zəhmətli, mürəkkəb,
nəcib, lakin daima şükranlıq gətirməyən qayənin
xidmətinə öz istedadını həsr edəsən. Zərifə
Əziz qızının səyləriylə ilk dəfə
professional görmə patologiyası üzrə elmi-tədqiqat
laboratoriyası yaradılmışdır.
Mütəxəssislərin rəylərindən
işin professional cəhəti haqqında bir neçə səhifəlik
qısa xülasələr toplamaq olar. Onların
başlıca məğzi yalnız tibbi aspekt deyil, həm də
Zərifə xanımın araşdırmalarının sosial
önəmliliyi və bir də onun insani məziyyətləridir.
«Xoşbəxtəm ki, uzun illər boyu Zərifə
xanımla işgüzar, ailəvi və dostluq şəraitində
görüşmək mənə nəsib olmuşdur, - bunu
Gelmqolts adına Göz Xəstəlikləri İnstitutunun
direktoru K. V. Trutneva yazırdı. - Rəhmətlik ərim,
professor İvan İvanoviç Şerbatov Əliyevlər ailəsilə
məndən əvvəl tanış idi. Və ilk dəfə
ondan Zərifə Əziz qızı, Heydər Əliyeviç
və onların o vaxt hələ balaca olan uşaqları
İlya və Seva (İlham və Sevil - müəlliflər)
haqqında xoş sözlər eşitmişdim».
Professor O. Dobromıslovanın yadında
çox kiçik, lakin səciyyəvi detallar
qalmışdır... Dobromıslova öz ərilə (o da
professor idi) Bakı yaxınlığındakı
sanatoriyalardan birində dincələrkən onları Əliyevlər
ailəsinə dəvət edirlər.
«Vədələşdirilmiş vaxtda biz
onların evlərinə qədəm qoyduq və mən ilk dəfə
Zərifə Əziz qızını gördüm. Bəstəboy,
çevik hərəkətli xanım dərhal rəğbət
doğurdu. Sadə ipək don incə vücudunu kip
tutmuşdu, kiçicik ayaqlarına «bosonoşka» geymişdi.
İri, qara, şərqlilərə məxsus
işıqlı gözlərində ürəyi isidən
mehribanlıq vardı».
Dostluq görüşü uzun
sürdü, Dobromıslovanın əri Raxmaninovdan
çaldı, boya-başa çatmış uşaqlardan
söhbət açdılar.
«Şam süfrəsindən sonra biz getməyə
hazırlaşanda axşamdan xeyli keçmişdi. Bu zaman Zərifə
Əziz qızının əri işdən qayıtdı.
Otağa cəld addımlarla girdi; ucaboy, qədd-qamətli idi.
Sifətindən yorğun olduğu duyulurdu. Biz mürəxxəs
olmağa tələsdik. Bu an Zərifə xanım mehriban təbəssümlə
gəlib onu qarşıladı. Boyca ondan xeyli uca olan ərinə
yanaşıb ayaq barmaqları üstə qalxdı və nəvazişlə
yanağından öpüb nəsə
pıçıldadı. Yəqin, qonaqların kimliyini
bildirdi. Ev yiyəsi nəzakətlə bizi salamlayıb bir qədər
də qalmağımızı, onunla oturub Azərbaycan
çayı içməyimizi xahiş etdi. Bu məqamda
bütün ailə tam tərkibdə masa başına
yığışdı və ailəyə məharətlə
dirijorluq edən bəstəboy xanımın rolu xüsusən
aydın duyuldu».
Bir-iki gündən sonra Zərifə
xanım ailəsiylə Bolqarıstana yollandı. Ardınca
Dobromıslovların da məzuniyyəti sona yetdi. Yaşlı
adamlar o zaman təyyarəyə, qatara bilet almağın necə
çətin olduğunu xatırlayırlar. Sanatoriyalarda,
istirahət evlərində biletlər siyahıyla
satılır, sərbəst dincələnlər isə
axşamdan kassalar qarşısında növbə tuturdular. Zərifə
xanım Bolqarıstandan Bakıdakı tanışlarına zəng
vurub tapşırır ki, moskvalı qonaqları
üçün biletləri təxsis edib onları yola
salsınlar...
Akademik N. Puçkovskaya da həyati bir detalı
xatırlayır. Oftalmoloqların qurultayında
iştirakçılardan birinin ayağı zədələnir.
Təbii ki, onu ən yaxşı Bakı xəstəxanalarında
yerləşdirir və ən nüfuzlu həkimləri məsləhət
üçün dəvət edirlər. Amma bu azmış
kimi, Zərifə xanım, öz doğma yurdundan
çox-çox uzaqlarda yatağa düşmüş həmin
insan üçün xəstəxanada maksimum rahatlıq
yaratmaq məqsədi ilə öz evindən nə
lazımdırsa gətirir.
Zərifə xanımı
tanıyanların hamısı onu xoş sözlərlə
yad edirlər. Aleksandr Sergeyeviç Dzasoxov söyləyir: «Mən
onu Əliyevlər ailəsinin Bakıda- Zuğulbada
qonağı olarkən görmüşdüm. Zərifə
xanım nadir xeyirxahlığı ilə fərqlənirdi. O,
tibb elmləri doktoru elmi adına tam uyğun gəlirdi. Onlar
xoşbəxt ailə sahibi idilər. Əfsus ki, Heydər Əliyev
1985-ci ilin aprelində Moskvada ömür yoldaşını
itirdi. Onun bu faciədən necə
sarsıldığının şahidi olmuşam. Əminliklə
deyə bilərəm ki, Zərifə xanım Əliyevlər
ailəsinin yetişməsində, gözəl
övladların - şərqşünas-alim Sevilin, Rusiyaya
dostluq münasibəti bəsləyən, bu gün Heydər Əliyevin
işini davam etdirərək müstəqil Azərbaycana
başçılıq edən İlhamın tərbiyəsində
mühüm rol oynamışdır».
Hətta daimi qonaqlar, ən yaxın qohumlar
da hər hansı bir ailənin həyatını ancaq kənardan
görürlər. Yalnız «son məhsul» olan uşaqlar əsasında
ailənin əslində necə olduğu barədə fikir
yürütmək olar. Əlbəttə, hərəsi öz
sahəsində işə böyük vaxt sərf etdiklərinə
görə Heydər də, Zərifə də
uşaqların tərbiyəsinə istədikləri qədər
vaxt ayıra bilmirdilər. Uşaqları ailədə hökm
sürən qarşılıqlı məhəbbət,
hörmət və azərbaycanlı ailələrə xas
olan ailə başçısına böyük ehtiram
ab-havası tərbiyə edirdi. Uzun illər sonra Sevil Əliyeva
«Atanızın yanında özünüzü sərbəst
apara bilirdinizmi?» sualına belə cavab vermişdi: «Hətta
biz, ailə üzvləri də hesab edirdik ki, onun yanında
özümüzü çox da sərbəst apara bilmərik.
Məncə bu, bizim ona bəslədiyimiz böyük hörmət
və ehtiramdan irəli gəlirdi».
Sevil xanım hesab edir ki, o,
bütünlüklə atasına bənzəyir.
- Sizə kimsə kömək edir? - deyə
1995-ci ildə «Panorama» qəzetinin jurnalisti ondan soruşanda
Sevil xanım ona qətiyyətlə belə cavab vermişdi:
- Uşaqlarla yalnız özüm məşğul
oluram, çünki heç kim uşaq üçün
anasını əvəz edə bilməz.
- Yəqin ki, bu xüsusiyyətinizi də
rəhmətlik ananızdan götürmüsünüz. O da
deyirlər çox gözəl evdar qadın olub.
- Mən evdar qadın ifadəsini heç
sevmirəm. Bu ifadə nə mənə, nə də anama
uyğun gəlir. Sadəcə, anam özünü
bütünlüklə bizə və atama həsr etmişdi.
Amma buna baxmayaraq, o, ciddi elmi və ictimai işlərlə də
məşğul olmağa vaxt tapırdı.
- Bəs siz hansı xüsusiyyətlərinizə
görə ananıza bənzəyirsiniz? - deyə reportyor
tutduğunu buraxmır.
Və Heydər Əliyevin, Zərifə Əliyevanın
qızına layiq cavab eşidir:
- Bir çox xüsusiyyətlərimə
görə anama oxşayıram. İş ondadır ki, anamla
atam da biri-birinə xasiyyətcə çox bənzəyirdilər.
Həyatda belə təsadüflər nadir hallarda olur,
onunçün də mən hesab edirəm ki, eyni zamanda həm
atama, həm də anama bənzəyirəm. Belə valideynlərin
övladı olduğuma görə fəxr edirəm.
Eyni sözləri İlham Əliyev barədə
də söyləmək olar. Onun ən çox yaddaqalan
uşaqlıq xatirəsi anasının isti əlindən tutub
məktəbə getməyi olub. İlhamın hələ
altı yaşı tamam olmamışdı, məktəbə
getməyi çox istəyirdi, amma qorxurdu ki, birdən onu
götürməzlər.
Hər gün Bakının gözəl
bir guşəsində, köhnə həyətlərin
ortasında yerləşən 6 nömrəli məktəbə
getdiklərini anası həmişə xatırlayırdı.
Və nənə olandan sonra söz vermişdi ki, nəvəsi
Leylanı da eyni məktəbə məhz bu cür aparacaq...
- Anam vəfat edəndə, - deyə
İlham Heydər oğlu xatırlayır, - mənim
böyük qızımın hələ heç bir
yaşı da tamam olmamışdı. Qızlarımın
öz nənələrini görməmələrini
böyük itki hesab edirəm. Anamın vəfatından sonra
mənim, eyni zamanda bizim ailənin həyatı çox dəyişdi.
Mən əvvəlki vaxtlardakı kimi daha səmimi-qəlbdən
gülə bilmirəm. İllər keçsə də, həyatımda
hansısa sevindirici hadisə baş verirsə, mən təəssüflənirəm
ki, anam bunu görmədi, o indi sağ olsaydı, çox sevinərdi.
...Öz qayınanası İzzət
xanıma o, doğma anası kimi baxırdı. 1956-cı ilin
yazında Heydər Əliyevin anası ağır diaqnozla xəstəxanada
yatanda ona ürəkdən acıyırdı. Qonşu palatada
Səməd Vurğun yatırdı. İzzət
xanımın yanında çox vaxt Rəfiqə
qalırdı. Heydər, Zərifə və onun qardaşı
Tamerlan anaya, demək olar ki, hər gün baş çəkirdilər.
Bir dəfə gəlib görürlər
ki, İzzət xanımın yatdığı otağın,
adətən yarıaçıq qalan, qapısı möhkəm
örtülüb. Məlum olur ki, ötən gecə Səməd
Vurğun vəfat etmiş və həkimlər İzzət
xanımın bu ağır itkidən xəbər
tutmasını istəməmişlər.
O zamanlar Şəfiqə Lənkəranda
dərs deyirdi. Ona xəbər verirlər: «Anan səni görmək
istəyir». Şəfiqə üçyaşlı
qızcığazını götürüb avtobus
dayanacağına tələsir... Uşağı
özüylə xəstəxanaya aparmayıb
dostlarının evində qoyur. Palatada artıq Heydər, cəlal,
Aqil və Rəfiqə ananın başına
yığışmışdılar.
İzzət xanım Şəfiqəyə
üz tutur:
- Bəs balan hanı, ay Şəfiqə?
cavabı eşidib təşvişə
düşür:
- Qayıt dalınca! Tez ol! Onlar zökəmlidir,
uşaq yoluxa bilər... Get, ay Şəfiqə, balandan
muğayat ol!
Onlar daha görüşmədilər…
«Son bir ayı hər gecə yuxuma girirdi, -
deyə Şəfiqə o günləri belə
xatırlayır, - gümrah, sağ-salamat... Anam mənim
göz yaşlarımı silirdi...»
IV FƏSIL
«BU PEŞƏNİ GƏNcLİYİMDƏN
SEÇMİŞƏM»
1980-ci il, 21 dekabr, Bakı
Həmin gün yolun o tayında yerləşən,
bir qədər tutqun görünən pedaqoji institutun tələbələrinin
kinoya baxmağa, rəqs etməyə qaçıb gəlməyi
xoşladıqları Dzerjinski adına klubda (indiki Şəhriyar
adına sarayda) rəqs-filan yox idi. Bakıda hamıya
yaxşı tanış olan bu sütunlu, monumental binada
respublikanın Fövqəladə Komissiyası - Dövlət
Təhlükəsizlik Komitəsi orqanlarının 60 illiyi
qeyd olunurdu. Qara «Volqa»lar ara vermədən binaya «yan alır», rəislər
düşüb içəri keçirdilər. Məsələdən
agah olanlar Moskvadan yoldaş Andropovdan təbrik məktubu gəldiyini,
məruzə ilə Heydər Əliyevin özünün
çıxış edəcəyini deyirdilər.
Belə də oldu. Sov. İKP MK Siyasi
Bürosunun üzvü, SSRİ DTK sədri, ordu generalı Y.
V. Andropovun təbriki oxundu. Yuri Vladimiroviç «düşmən
xüsusi xidmətlərinin və başqa düşmən
ünsürlərin dağıdıcı fəaliyyəti
müqabilində siyasi sayıqlığı səylə
artırmağı» tövsiyə edirdi. Sonra Sov. İKP MK
Siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev kürsüyə
qalxdı.
Hardasa antik dövrün
memarlığını xatırladan bu möhtəşəm
sütunlu binada Heydər Əliyev çox olmuşdu.
Dzerjinskinin profili cizgilənmiş qalın kağız dəvətnaməni
ilk dəfə alarkən necə qürur hissi keçirdiyini də
hər dəfə bu binaya gələndə
xatırlayırdı. Gör neçə illər
ötüb, hətta təşkilatın adında da nə qədər
dəyişikliklər baş verib: Fövqəladə
Komissiya, Xüsusi Baş Siyasi İdarə, Daxili İşlər
Xalq Komissarlığı, Dövlət Təhlükəsizlik
Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi...
Kürsüyə qalxıb adətincə
min iki yüz nəfərlik nəhəng salona bir an nəzər
saldı.
- Əziz yoldaşlar! Bu ilin aprel ayında
respublikamızın zəhmətkeşləri ölkənin
bütün qardaş xalqları ilə birlikdə Azərbaycan
SSRİ-nin və Azərbaycan Kommunist Partiyasının
yaranmasının 60 illiyini qeyd etdilər. Bu yaxınlarda,
dekabrın 20-də Ümumittifaq Fövqəladə
Komissiyası - SSRİ DTK orqanlarının 63-cü
ildönümü tamam oldu. Bu gün isə Azərbaycanda
sovet hakimiyyətinin qələbəsinin ertəsi günü
yaradılmış respublikamızın FK - DTK
orqanlarının 60 illiyinə həsr olunmuş təntənəli
iclasa yığışmışıq...
O, köhnə adətincə öz
çıxışlarını az qala son dəqiqəyədək
özü işləyib «rəndələyirdi». Bu dəfə
də, köməkçilərinin hazırladıqları
kiçik vərəqləri dönə-dönə nəzərdən
keçirərək əlavələr edir, cümlələri
dəqiqləşdirir, mütləq sərrast sözləri
arayıb seçirdi.
1980-ci il və eyni zamanda, onuncu beşillik
başa çatırdı. Ölkənin tarixində bu
heç də ən yaxşı beşillik deyildi. Ölkə
iqtisadiyyatı bərbad halda idi. Yalnız
iqtisadiyyatımı?! İki gündən sonra, dekabrın 23-də
Moskva ictimaiyyəti Aleksey Nikolayeviç Kosıgini, 16 il
ölkənin Nazirlər Sovetinə başçılıq
etmiş bir insanı, böyük ümidlər vəd edən
islahatların müəllifini son mənzilə yola
salırdı. Həmin ilin payızında Aleksey
Nikolayeviçi istefaya göndərmişdilər; iki aydan
sonra infarkt onun ömrünə nöqtə qoymuşdu.
Mərkəz.- 2010.- 20 oktyabr.- S. 10-11.