HEYDƏR ƏLİYEV

 

Yığıncaq, plenum və qurultaylar gedən salonların divarları arxasında növbələr uzanıb gedir, lətifələr danışılır, gündəlik qayğılarla, məişət söhbətləri ilə dolu başqa bir həyat yaşanırdı... Elə söhbətlərdə «dəmir Feliks» «seyf» mənasında işlədilirdi, amma bəhs etdiyimiz məclisdə bu cür zarafata yol verəni dərhal bayıra atardılar.

- Bu salonda bu gün mən Azərbaycan çekistlərinin, demək olar ki, bütün nəsillərinin nümayəndələrini, - Əliyev qarşısındakı yazılı vərəqlərə baxmırdı, - odlu-alovlu iyirminci illərdə dövlət təhlükəsizlik orqanlarında fəaliyyətə başlamış, otuzuncu illərdə orada fəal çalışmış, Böyük Vətən müharibəsində iştirak etmiş, arxada təhlükəsizliyin təminatçısı olmuş insanları görürəm. Burada orqanlara müharibədən sonrakı illərdə gələnlər də, cavan çekist nəsli də var. Və bu gün sizin hamınıza öz şəxsi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm.

Salonda vaxtilə Heydər Əliyevlə təhlükəsizlik orqanlarında - NKVD, DTN və DTK-da çalışmış sabiq iş yoldaşları da az deyildi. Zarafat deyil, əsrin dörddə birini xidmətə həsr etmişdi: bunun da beş ili respublika Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər vəzifələrində keçmişdi - sədrin birinci müavini və sədr olmuşdu. Bu insanlar ilk Azərbaycan çekistlərindən estafeti qəbul edərək sonrakı nəsillərə çatdırmışdılar.

Tarixə çox həssASCasına yanaşan Heydər Əliyev respublika FK-DTK orqanlarının 60 illiyinə həsr edilmiş sənəd və materiallar toplusu nəşr etmək təklifini irəli sürdü. Kitaba «Azərbaycan Fövqəladə Komissiyanın fəaliyyəti haqqında qısa məlumat hesabatı (1921 may - 1922 may)» adlı unikal tarixi sənəd də daxil edildi. Həmin sənədi 1922-ci il aprelin 28-də İkinci Ümumazərbaycan Sovetlər qurultayının nümayəndələrinə paylayırdılar.

Onun bir neçə səhifəsinə ötəri də olsa nəzər salaq:

«Sovet hakimiyyətinin bərqərar olduğu ilk ayda inqilab düşmənləri Az.SSR-in bir sıra qəzalarında avam kütləni hökumətə qarşı çıxışlara təhrik etmişdilər. Gəncə, Qarabağ, Zaqatala, Nuxa və Azərbaycanın başqa əyalət rayonlarındakı qiyamlar, xalq kütlələrinin avamlığından, mütiliyindən öz çirkin istismarçı məqsədləri üçün sui-istifadə etmiş ən alçaq bəy-xan irticasının çıxışlarından başqa bir şey deyil».

Sonrakı məlumatlardan aydın olur ki, yeni hakimiyyət məğlub edilmiş düşmənlərini boş-boşuna buraxmışdır; eynilə Oktyabr rəhbərləri inqilabdan sonra çar generallarının zəhmətkeş xalqa qarşı vuruşmayacaqları vədinə inanaraq onları buraxdıqları kimi. cənablar öz sözlərinə xilaf çıxdılar. Generallar Don çayına sarı yollanıb Ağqvardiyanı formalaşdırmağa başladılar. Azərbaycanda da belə oldu.

Respublikaya yalnız quldurlar təhlükə yaratmırdılar. Bakıda məskunlaşan sabiq türk zabiti Xəlil Şakirzadə «İttihadi-İslam» partiyasını təşkil etmişdi. Kitabda panislamist partiya kimi səciyyələndirilən təşkilat, yerlərdə özəklər yaradaraq qiyam hazırlayırdı. İlk əvvəl «Sovet Azərbaycanının görkəmli türk rəhbərlərini öldürmək və hər yerdə vəlvələ salmaqla bütün respublika boyu üsyan qaldırmaq» nəzərdə tutulurdu. «Artıq üsyan planı vardı və qətlə yetiriləcək bir sıra yoldaşların siyahısı tutulmuşdu». Lakin sui-qəsdin üstünü açmaq mümkün oldu. 1921-ci il iyulun 2-nə keçən gecə çekistlər qəsd başçılarını həbs etdilər.

«Əliyev» Azərbaycanda geniş yayılmış soyaddır. Hələ ilk çekistlərin sırasında Babaəli Yoldaş oğlu Əliyev adlı bolşevik fəhlə varmış. İlk döyüş sınağından 1907-ci ildə Bakı tətili zamanı keçmişdir. O vaxt çar polisi muzdlu qoçuları fəhlələrin üstünə basqın etməyə vadar edir. RSDFİP şəhər komitəsi müsəlman yoldaşlarını fəhlələrin imdadına göndərir. Onların arasında Baba Əliyev də var idi. İnqilabdan sonra o, çekist olur.

Xalq işinə inam bəsləyən bir çox insanlar - azərbaycanlılar, ruslar, gürcülər, ukraynalılar və digər başqa millətlərin nümayəndələri təhlükəsizlik orqanlarına qatılırdılar. Bakıda az qala bütün millətlərin nümayəndələri yaşayırdı. Neçə il ötdükdən sonra da Azərbaycanda, məsələn, respublika FK-nın sədr müavini və əməliyyat şöbəsinin rəisi Qaberkornu yad edirdilər.

S. M. Kirov artıq Leninqradda (Vilayət Partiya Komitəsinin I katibi, MK siyasi bürosunun üzvü kimi) işləyərkən milliyyətcə alman olan həmin yoldaşı rəsmi yazılarının birində belə səciyyələndirirdi: «Bu kağızı təqdim edən yoldaş Qaberkorn köhnə partiya üzvü, yaxşı işçidir, Qafqazda - Bakıda, Tiflisdə prokurorluq və s. sahələrdə çalışmışdır. Təkrar edirəm - yaxşı işçidir».

Moskvanın «Dom na Naberejnoy»u kimi Bakının da adına «Dəniz qırağı» deyilən öz məşhur binası var. Moskvadakı bu cansıxıcı bina yaşayış evidir və Yuri Trifonovun eyniadlı povestində haqqında söhbət açılır. Vaxtilə Kremlə baxan bu evdə yaşayanların əksəriyyəti 30-cu, 40-cı illərdə repressiyanın qurbanı olmuşlar.

Bakıda, Dəniz kənarında DTK-nın yerləşdiyi həmin binada Heydər Əliyev az qala 25 ilə qədər işləyib. Lakin o, həmin binaya gəlməmişdən əvvəl ora haqqında xoşagəlməz söz-söhbətlər gəzirdi. Hər bir ölkəyə zəruri olan dövlət təhlükəsizlik sistemi fərqli düşüncə sahiblərini amansızcasına təqib edir, tez-tez repressiyalara məruz qoyurdu. Çoxsaylı mətbu nəşrlərdə, açılmış məxfi sənədlərdə, xatirələrdə bu barədə bəhs edilmişdir. Əlbəttə, Azərbaycan da istisna deyildi.

1956-cı ildə Bakıda açıq məhkəmə prosesi keçirilirdi. Azərbaycanda 1937-1938-ci illərdə aparılan repressiyaların günahkarları mühakimə edilirdi. Proses açıq sayılsa da, Heydər Əliyevin xatırladığına görə, Dzerjinski adına kluba «yalnız xüsusi buraxılışlarla» daxil olmaq mümkün idi. Əks-kəşfiyyat şöbəsinin rəisi (1953-cü ilin axırlarında təyin edilmişdi) kimi onun da buraxılış vəsiqəsi vardı. Məhkəmədə tükürpədən dəhşətli etiraflar səslənir, bir zaman arxivlərdə gizlədilən sənədlər oxunurdu. Sonra onları yenə ört-basdır elədilər; yəni nə qədər eyni şeyləri çeynəmək, qurdalamaq olar. İnsanlar isə həqiqəti bilmək, haqsız suçlandırılanların, məhv edilən doğmalarının, əzizlərinin adlarını təmizə çıxarmağa can atırdılar.

 

15 iyul 1997-ci il. Bakı

 

- O zaman, bir cavan mütəxəssis kimi arxiv materialları ilə, o cümlədən 1937-1938-ci illərin və sonrakı dövrün sənədlərilə tanış olaraq öz-özümə sual verirdim: Sovet hakimiyyətini yıxmağa cəhd göstərən bu antisovet, millətçi qruplar kimlər idi? Onların bir qismi həbs olunmuş, ya güllələnmiş, uzaq Sibirdə həlak olmuşdur. Amma bir başqa hissəsi həbs edilməmişdi. Lakin arxiv materiallarında onların adları antisovet millətçi qrup və təşkilatların üzvlərinin siyahısında idi. Onda mən fikirləşdim: əgər onlar antisovet əks-inqilabi təşkilatların üzvləriydisə, bəs niyə azadlıqdadırlar? Əgər belə deyilsə, onda bəs niyə adları bura düşüb? O qədər uydurulmuş, ədalətsiz işlər vardı ki, baş açmaq çətindi.

Gündəlik qeydlərinə bənzəyən bu sözlər, böyük haqsızlıqla qarşılaşıb ziddiyyətlər düyününü açmağa, səbəb-nəticəni araşdırmağa cəhd edən bir insanın acı etiraflarını xatırladır. Əslində də belə idi... Prezident olaraq Heydər Əliyev təklikdə yox, dinləyiciləri ilə - Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşlarıyla birgə həqiqəti üzə çıxarmağa çalışırdı. 1997-ci ildə xüsusi fərmanıyla 28 martı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanları işçilərinin peşə bayramı günü elan etdi.

Azərbaycan Demokratik Respublikasının təhlükəsizlik qurumu 1919-cu ilin məhz 28 martında yaradılmışdı. Və indi peşə bayramı günündə o, həmkarlarına, milli təhlükəsizlik orqanları işçilərinə, onun üçün «gənclik illərindən çox əziz və maraqlı olan peşə» sahiblərinə üz tuturdu. Fikirlərini səsləndirir, ürəyini açaraq onları birgə düşünməyə və fəaliyyət göstərməyə çağırırdı.

- Keçmiş NKVD-nin ən böyük səhvlərindən biri o idi ki, orada işləyənlərin əksəriyyəti çox dar düşüncəli adamlardı. İntizamdan başqa onları əslində heç nə maraqlandırmırdı. Əksəriyyəti mədəniyyətdən, ədəbiyyatdan uzaq idi. Ədəbiyyata, mədəniyyətə, musiqiyə, tarixə yaxşı bələd olmayan insanlar peşəkar təhlükəsizlik işçiləri də ola bilməzlər.

Bilirsinizmi, təhlükəsizlik işçisi sadəcə xəfiyyə deyil. O, yüksək mədəniyyətə malik olmalı, şairlə də, bəstəkarla da, yazıçıyla da, alimlə də, sadə vətəndaşla da ünsiyyətdə olmağı bacarmalıdır. Əks təqdirdə o ağı qaradan, yaxşını yamandan, adi səhvi cinayətdən ayıra bilməz.

... 1950-ci ildə cavan çekist Heydər Əliyev görkəmli Azərbaycan ədibi və alimi Salman Mümtazın işi üzrə materialları axtarmağa cəhd edir. NKVD-nin qocaman işçilərindən biri ona deyir ki, Salman Mümtazın, Hüseyn cavidin evlərindən götürülən kitabların dustaqxana yerləşən içəri həyətdə gözətçilər tərəfindən yandırıldığını öz gözləri ilə görüb. O, bu vəhşiliyin qarşısını almaqda aciz olub...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində indi də «Azərbaycan SSR cinayət Məcəlləsinin 68, 72, 73 - cü maddələri üzrə təqsirli bilinən Hüseyn cavidin 29438 nömrəli işi» saxlanılmaqdadır. Dindirilmələrin, üzləşdirmələrin stenoqramları və protokollarıyla, müxtəlif məktublarla dolu olan bu qovluq bir zamanlar respublika DTK-sının sədri Heydər Əliyevin masasının üstündə də olub. Biz səhifə-səhifə məktubları, protokolları vərəqləyirik və böyük Azərbaycan şairinin faciəvi taleyinin Heydər Əliyevin gözü önündə necə canlandığını təsəvvür etməyə çalışırıq.

 

27 may 1937-ci il.

 

Hüseyn cavid. 1892-ci ildə doğulub, azərbaycanlıdır, bitərəfdir, Az.SSR vətəndaşıdır, 1918-ci ildə «Müsavat» partiyasının üzvü olub. Türkiyədə ali təhsil alıb. Müsavat hakimiyyəti dövründə müsavatçı «Yaşıl qələmlər» ədəbi birliyinin üzvü olub. Şairdir, Teatr Texnikumunda dərs deyir.

Azərbaycan SSR XDIK-nın DTI-nin 4-cü şöbəsindəki məlumatlara görə, Hüseyn cavid bir sıra müsavatçılarla əks-inqilabi əlaqədə olub, onlarla əks-inqilabi söhbətlər aparıb».

Bunun ardınca müstəntiq əvvəllər həbs olunmuş və dindirilmiş adamların, şahidlərin ifadələrinə istinad edir. «Pantürkist təşkilatın üzvlərindən mənim tanıdığım adamlar bunlardır: ... 9. yazıçı Hüseyn cavid...» hər bir ifadənin altında kiminsə soyadı var. Lakin biz bu məhbuslardan ifadələrin hansı vəhşi üsullarla alındığını təsəvvür etdiyimizə görə bu adların üstündən keçirik.

«Bu yazılanlar əsasında, - deyə müstəntiq nəticə çıxarır, - Hüseyn cavidin həbs olunmasını və cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edirəm».

cavid adının qarşısına qoyulmuş qara işarədən hələ bixəbər idi. Şeir yazırdı. Uşaqlarını - oğlunu və qızını dəniz kənarına gəzməyə aparırdı. Yazıçılar İttifaqına daha nadir hallarda baş çəkirdi - oradan hər gün kimsə yoxa çıxırdı.

1937-ci il iyunun 31-də onu da apardılar.

Məhbus anketində peşəsiylə bağlı qrafada yazılır: şair.

Bu ilahi vergini, taleyin verdiyi missiyanı ondan heç kim ala bilməzdi. Hətta «Azərbaycan Yazıçılar İttifaqı üzvlərinin və namizədlərinin ümumi iclası» da.... Həmkarlar yekdilliklə «Azərbaycan Yazıçılar İttifaqına bir sıra müsavatçı, pantürkist, millətçi, əks-inqilabi elementlərin soxulmasına» etiraz bəyanatına imza atdılar. «İnsan qəlbinin mühəndisləri» Hüseyn caviddən savayı daha iyirmiyə qədər həmkarlarından imtina etdilər. Gənc şair Səməd Vurğuna isə «millətçi və ictimai cəhətdən yad olan ünsürlərlə tamamilə əlaqəni kəsmək və özündən müştəbehliyi tamam yığışdırmaq» tövsiyə olunurdu.

Müstəntiqlər tez-tez dəyişdirilib; az qala hər protokol tamam ayrı xətlə doldurulub. Görünür, vəziyyətin ağası olan əməliyyat işçilərinin özləri də tez-tez «xalq düşməni» kateqoriyasına daxil edilib cəzalandırılırdılar.

 

5 iyun 1937-ci il. Dindirmənin protokolundan.

 

«Sual: İstintaq müəyyən edib ki, siz məxfi əks-inqilabi, millətçi təşkilatın üzvü olmusunuz. Bunu etiraf edirsinizmi?

cavab: Qətiyyətlə rədd edirəm».

1914-cü ildə artıq məşhur şair olan Hüseyn cavid Tiflisdə olarkən onu bir məsələylə bağlı jandarm idarəsinə çağırmışdılar. 25 il sonra XDIK-nın müstəntiqləri bu epizodu da tarixin yaddaşından tapıb çıxartmışdılar.

«Sual: Təkrar edirəm, Tiflis jandarm idarəsində çar mühafizə idarəsinin rəisi sizə hansı kəşfiyyat tapşırıqları vermişdi?

cavab: casusluq işi üzrə Tiflis jandarm idarəsinin rəisi mənə heç bir tapşırıq verməyib.

Sual: - Siz bütün istintaq boyu əks-inqilabi millətçi təşkilata üzv olduğunuzu rədd etmisiniz. Bəs bundan sonra həqiqəti deyib, istintaqa kömək edəcəksinizmi?

cavab: Təkrar edirəm ki, mən, Hüseyn cavid heç bir əks-inqilabi təşkilata üzv olmamışam».

Müstəntiq üzləşdirmələr zamanı yazılmış ifadələrə istinadən təkid edir: «Düzünü deyin». cavid ləyaqətlə müdafiə olunur: «Mən heç bir əks-inqilabi təşkilatın üzvü olmamışam. Mənim 1926-cı ilə qədər yazdığım əsərlərdə bəzi səhvlər olub, bunu etiraf edirəm: 1. Öz əsərlərimdə mən sovet reallığından uzaq olmuşam, sovet tematikasından istifadə etməmişəm. 2. Öz əsərlərimi xalq kütlələrinin anlamadığı bir dildə yazmışam. 3. Mən sovet partiya işçilərinin sovet reallığından yazmaq barədə təkliflərini rədd etmişəm və bu səhvləri etiraf edirəm. Amma son illər bu səhvlərimi ardıcıl olaraq düzəltmişəm».

Protokolun kənarlarında istintaq nəticəsində əyilməyən, qürurunu saxlayan cavidin cavablarının altından qırmızı qələmlə xətt çəkilib. Çətin ki, müstəntiqlər, yaxud elə prokurorun özü belə bir səhlənkarlığa yol verəydi. Əlbəttə ki, bu qeydlər artıq bu sənədin, «24938 nömrəli işin» tarixi əhəmiyyət kəsb etdiyi vaxtlarda aparılıb. 1952-ci ilə qədər bu sənədə bəzi sorğulara cavab olaraq hələ müraciət edilirdi. 21-23 iyun 1952-ci ildə Naxçıvan Muxtar Vilayəti Dövlət Təhlükəsizlik Komitəsinin Ordubad rayon şöbəsinin rəisi A. Q. Əfəndiyev də nəzərdən keçirənlərdən biri idi. Arxiv sənədi ilə tanış olan əməliyyat işçilərinin nəzarət vərəqində yazılıb: «İş, bizim agentin bu iş üzrə keçdiyini dəqiqləşdirmək üçün arxivdən götürülüb. Qeyd: Bizim agent bu iş üzrə keçmir. Arayış tərtib olunub».

Hüseyn cavid heç kimi ittiham etməmişdi. Heç kəsi satmamışdı. Bütün ittihamları da rədd etmişdi; həm siyasi, həm də «onun lirikasındakı tamam bədbin pessimizm, düşkün eqoizm» kimi ədəbi ittihamları.

9 may 1938-ci il. Azərbaycan SSR prokurorunun müavini və xüsusi işlər üzrə müvəkkil Pinkisin qərarından:

«İstintaq müəyyən etmişdir ki, əks-inqilabi müsavatçı mövqedə dayanan Hüseyn cavid Bakıdakı gizli əks-inqilabi millətçi təşkilatın üzvü olmuş və bu təşkilatın fəalları ilə sıx əlaqə saxlamışdır. ... ədəbiyyat və dramaturgiya sahəsində sovet tematikasını inkar etməklə praktiki əks-inqilabi fəaliyyət göstərmişdir...

Göstərilən ittiham üzrə Hüseyn cavid özünü müqəssir bilməsə də, şahidlərin ifadələri vasitəsilə «ifşa» edilmişdir. Buna görə də Hüseyn cavidə qarşı Azərbaycan SSR cinayət Məcəlləsinin 72-73-cü maddələri əsasında irəli sürülmüş ittihamı sübut olunmuş hesab edirəm və SSRİ XDIK-nın xüsusi komissiyasına baxılmaq üçün göndərilməsinə razılıq verirəm».

Belə görünür ki, iş artıq görülüb. İrəlidə yalnız «üçlük» və hökm qalıb. Lakin görünür, müttəhimin inadkarlığı hansısa müstəntiqi narahat edib və iş baxılmaq üçün yenidən istintaqa göndərilib.

 

8 mart 1939-cu il.

 

«DTİ-nin 2-ci şöbəsinin rəisinin köməkçisi, Dövlət Təhlükəsizliyi leytenantı S. Məmmədov: «Müttəhim Hüseyn cavid əks-inqilabi təşkilatın üzvü olmaqla və gənc sovet yazıçıları arasında əks-inqilabi millətçi təbliğat aparmaqla bərabər, ifşa olunmuş əks-inqilabi millətçi təşkilatın rəhbərlərinin bildirdiyinə görə, xarici burjua dövlətlərindən birinin xeyrinə casusluq fəaliyyətiylə də məşğul olmuşdur. Buna görə də müttəhimə əlavə ittihamlar irəli sürülmüş və həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır».

Martın 11-də Hüseyn cavidin xanımı Müşkünaza ərinin həbsi zamanı alınmış pulları qaytarılır: sovet istehsalı olan altı ədəd gümüş manatlıq sikkə və on səkkiz ədəd əlli qəpiklik sikkə. cəmi on beş manat.

Növbəti dindirmədə müstəntiq bu barədə cavidə məlumat verir. Amma bundan əvvəl ona istintaqın başa çatmasıyla bağlı protokol təqdim olunur.

«Müttəhim qeyd etdi ki, yüz iki səhifəlik cinayət işi mənə təqdim edilib və mən bu materiallarla tanış olmuşam. İstintaqa heç bir şey əlavə etmək istəmədi. casusluq fəaliyyətiylə məşğul olduğunu da boynuna almadı».

Bu ifadə - «casusluq fəaliyyətiylə məşğul olduğunu boynuna almadı», demək olar ki, hər səhifədə təkrar olunur.

Hüseyn cavidin həyat amalını təsdiq edən bu ifadə 1939-cu il iyunun 2-də keçirilən məhkəmədə də onun tərəfindən təkrar olundu. Məhkəmənin hökmü: «1937-ci il iyunun 4-dən hesablanaraq səkkiz il müddətinə islah - əmək müəssisələrində cəza çəkməlidir».

Qərar barədə xəbər tutan Müşkünaz xanım KP MK-ya və SSRİ-nin Ali Məhkəməsinə məktub yazdı: ona cavab verdilər ki, «Hüseyn cavid haqlı olaraq ittiham olunur və şikayətlər qəbul olunmur». O, öz ərinin taleyindən xəbərsiz dünyadan köçdü. Stalinin ölümündən bir il sonra, siyasi məhbuslar həbs düşərgələrindən buraxılan zaman şairin qızı Turan cavid DTK-ya məktub yazıb atasının taleyi ilə maraqlandı. «24938 nömrəli işin nəzarət vərəqində belə bir qeyd də var: Turan cavidin öz atasının taleyi ilə maraqlanması əsasında...»

Bəlkə də kapitan Heydər Əliyev bu işi məhz həmin vaxt açmışdı. Böyük şairin bəraət almasına bir ildən bir az çox vaxt qalırdı. 1956-cı il fevralın 23-də onun barəsində çıxarılan hökm ləğv edilmiş və cavid də minlərlə günahsız cəzalandırılan məhbus kimi ölümündən sonra bəraət almışdı. Həmin günlərdə Heydər Əliyev ilk dəfə Hüseyn cavidin cənazəsinin vətənə qaytarılması barədə düşünmüşdü.

Heydər Əliyev cavidin bir çox şeirlərini əzbərdən bilirdi. Ömər Xəyyamdan Azərbaycan dilinə etdiyi tərcümələri də çox qiymətləndirirdi. Eyniadlı dramda cavid filosof və şair olan qəhrəmanının diliylə acı və təsirli sözlər deyirdi:

«Mən insanlara işıq saçan peyğəmbər ola bilərdim».

Hüseyn cavidin «Xəyyam» dramı 1935-ci ildə işıq üzü görmüşdü. Bəlkə cavid peyğəmbərcəsinə öz taleyinin acı aqibətini əvvəlcədən hiss edirmiş?

- Əlbəttə, - deyə Heydər Əliyev söhbətinə davam edir, - bu insanlar Salman Mümtazda olan o nadir kitabların dəyərini haradan bilərdilər?.. Hüseyn cavidin, Əhməd cavadın, Mikayıl Müşfiqin işləri üzrə istintaq aparanlar onların səviyyəsinə çata bilərdilərmi? Yox! Çünki onların əksəriyyəti savadsız idi...

Bilirsiniz, mən bunları bir də ona görə xatırlayıram ki, bəzən çox məhdud düşüncəli müasirlərimizə də rast gəlinir, onlar çox kobud, mədəniyyətdən uzaq olurlar, hesab edirlər ki, yüksək vəzifə tuturlar və bu, onlara hər şeyi verir. Lakin vəzifə insana heç nə vermir, olsa-olsa səlahiyyət verir. Qalan şeylər onun ağlından, biliyindən, mədəniyyətindən asılıdır. Əgər bütün bunlar varsa, o, vəzifə səlahiyyətlərini dövlət mənafeyinə sərf edə bilər. Yoxdursa, edə bilməz, sadəcə insanları şikəst edər.

Belə «məhdud düşüncəli» vətəndaşlar elə hey respublika DTK sədrinə, sonra da MK birinci katibinə dissidentləri sıxışdırmağı, ünlü bir şairi həbs etdirməyi, daha kimlərisə gedər-gəlməzə azdırmağı israrla təklif edirdilər...

Əliyev bunlara yol vermədi. O, bir çox istedadlı insanları, indi Azərbaycanın fəxr etdiyi sənətçiləri təqiblərdən qorudu.

Həmin illərdə Moskvada, Leninqradda dissidentlərlə, Kiyevdə «millətçi»lərlə necə canfəşanlıqla mübarizə aparılmasını xatırlayaq... Məsələn, istedadlı şair Vasili Simonenkoya azərbaycanlı sənətdaşları kimi həyan olan, canyandıran bir yoldaşın tapılmadığına yalnız təəssüflənmək, acımaq olar. Orada hətta O. Qonçar kimi sənətkarı «zamanla» ayaqlaşmağa məcbur etmək istəyirdilər; burada isə gözümçıxdıya salmadan, təmkinlə, səbrlə yaralı yerlərə toxunan söz ustalarını, ziyalıları dinləyir, anlayır, dostcasına məsləhətlər verirdilər...

cəsarətlə qeyd etmək lazımdır ki, o illər Azərbaycanda ədəbiyyat, incəsənət və digər sahələrdə də intibah dövrü başlandı!

- Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə işlədiyim, Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə zidd olan heç bir addım atılmamışdır.

Heydər Əliyev ilk dəfə bu sözləri respublika milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunan təntənəli yığıncaqda demişdir.

Yuri Vladimiroviç Andropovla H. Əliyevin ilk görüşü 1967-ci ildə baş vermişdir. O vaxt Əliyev respublika DTK sədri vəzifəsini icra edirdi. O, Andropovun müavini təyin olunmuş Semyon Sviqunu əvəz edirdi. Çox keçmədi ki, Əliyevi Sviqunun yerinə təsdiqlədilər. O, artıq çekistlər arasında iradəli, əzmkar rəhbər, bir sıra parlaq kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının təşkilatçısı kimi tanınmışdı. Bir xarici agentin («Duel») bizim tərəfə cəlb edilməsini, Amerikanın «Duqlas» təyyarəsi ilə Azərbaycan ərazisinə adlamış və paraşütlə atıldıqdan sonra yaxalanan əcnəbi «qonaqların» hansı yuvanın «quşu» olduqlarının aşkarlanmasını, bir sıra xarici ölkələrə uğurlu məxfi ezamiyyətlərini bu sıradan misal çəkmək olar.

 

 

Mərkəz.- 2010.- 21 oktyabr.- S. 10-11.