HEYDƏR ƏLİYEV
Heydər Əliyevin
Azərbaycan DTK-sında çalışdığı illər
ərzində işləyib hazırladığı və həyata
keçirdiyi çoxsaylı əməliyyatlardan ikisi -
«Alagöz» və «Naturalist» üzərində ətraflı
dayanmaq istərdik.
1955-ci ildə Azərbaycan
çekistləri Qərb ölkələrindən birinin
casusunu ifşa etmişdilər. Bu insanın həyat yolunu qiymətləndirən,
onun xarici kəşfiyyatla əməkdaşlıq etməsini
səmimi-qəlbdən boynuna almasını, sovet dövləti
qarşısında günahını yumaq istəməsini nəzərə
alan kapitan Heydər Əliyev belə qərara gəldi ki,
«Sabir»i öz tərəflərinə çəkə bilər.
Beləliklə, «Alagöz» əməliyyatının
ideyası yarandı, onun fikrinə görə, «Sabir» xaricə
«qaçıb» orada bir neçə xüsusi
tapşırığı yerinə yetirməliydi.
1956-cı
ilin avqustunda onu xaricə keçirdirlər. O tayda «Sabir» bütün sınaqlardan
uğurla çıxdı və onu Sovet İttifaqı tərəfə,
əsasən də Zaqafqaziyaya keçirmək
üçün agentlər hazırlanan məktəbə
göndərdilər. İki il sonra onu
Yerevana ezam etdilər. Yerevanın parklarından
birində «Sabir» xarici agentlə görüşüb o biri həmkarları
ilə əlaqə saxlamaq üçün iki gizli «nöqtə»
müəyyənləşdirməliydi. Plan
düşünüldüyü kimi yerinə yetirildi və
agent birdəfəlik xaricə yola salındı. «Alagöz» əməliyyatı uğurla başa
çatdırıldı.
«Naturalist»
adı altında qeydiyyatdan keçən məxfi əməliyyatı
isə Azərbaycan DTK-sının sədr müavini polkovnik
Heydər Əliyev 9 sentyabr 1965-ci ildə təsdiq etmişdi. «Naturalist» ləqəbi Qərbi
Almaniyadan gələn bir turistə təbiətə göstərdiyi
hədsiz marağa görə verilmişdi. Məlum olmuşdu ki, İkinci Dünya müharibəsi
illərində o, Almaniyanın kəşfiyyat orqanlarında
çalışmışdır. Sovet
iqtisadiyyatının təhlili ilə məşğul
olmuş, İngiltərəyə qarşı əks-kəşfiyyat
əməliyyatlarında iştirak etmişdi. Əlbəttə, professional kəşfiyyatçı
olan keçmiş mayorun, əzəli düşmənin sovetlərə
hansı vasitələrlə xidmətə cəlb edilməsi
barədə ətraflı söhbət bizim əhvalatın
mövzusundan kənara çıxır. Bircə onu qeyd
edək ki, «Naturalist» hələ Almaniyaya getməmişdən
əvvəl bəzi maraqlı məlumatlar vermişdi: məsəl
üçün Qərbi Almaniyanın yeni tank modelləri barədə,
AFR-dəki İngiltərə hərbi hissələrinin
strukturu haqda, faşist Almaniyasının kəşfiyyat idarələrindən
müasir Almaniya kəşfiyyat idarələrinə işləməyə
keçən kadrlara dair və s. Evə qayıdan «Naturalist»
uzun müddət qiymətli informasiya ötürməkdə
davam edirdi.
Bu yalnız
iki hadisədir. Halbuki belə əməliyyatlar onlarla, yüzlərlə
idi. Belə əməliyyatlarda professional
çekist olan Heydər Əliyevin bir çox qiymətli
keyfiyyətləri üzə çıxmışdı - dəqiq
psixoloji təhlil və hesablamalar, insanı öz tərəfinə
çəkmək bacarığı. Əlbəttə
ki, onun özü də bu əməliyyatlar zamanı riskə
getməli olurdu. Öz tərəfinə
çəkdiyi agentin iflasa uğraması onun karyerasına mənfi
təsir göstərə bilərdi. Lakin
Heydər Əliyevin çekist karyerasında belə hadisələr
olmamışdı. Bakıda və
Moskvadakı həmkarları getdikcə onunla daha çox
hesablaşırdılar.
1962-ci il fevralın 7-də
Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin İkinci şöbəsinin rəisi Heydər Əliyev
Moskvadan rəsmi təlimat alır.
«Nəzərinizə
çatdırırıq ki, 1961-ci il noyabr ayının
sonlarında Amerika kəşfiyyatının xüsusi agenti
Livana gələrək orada Daşnaksutyun Partiyasının rəhbərləriylə
görüşlər keçirib. Görüşlərdə Daşnaksutyun
partiyasının SSRİ-yə qarşı əməliyyatlarda
fəal iştirak etməsi, SSRİ hökumətinin xaricdəki
ermənilərin Sovet İttifaqı ərazisinə keçməsinə
qadağa qoymasına qarşı tədbirlər görülməsi,
həmçinin, 1961-ci ildə casusluq fəaliyyətlərinə
görə həbs olunmuş daşnakların azad edilməsi
üçün mühüm addımlar atılması
müzakirə olunmuşdur.
Bundan əlavə, qərara alınıb
ki, SSRİ-yə repatriasiya olunan ermənilərin arasına
casusluq və pozuculuq fəaliyyəti aparmaq üçün
müəyyən agentlər yeridilsin, casusluq məqsədiylə
SSRİ-yə turist qrupları göndərilsin, ermənilərin
SSRİ-yə repatriasiyasına yardım edən şəxslərə
maneçilik törədənlərə qarşı terror tədbirləri
həyata keçirilsin. Bu tədbirləri
daşnaklar ermənilər yaşayan bütün sərhədyanı
ölkələrdə, ələlxüsus da İranda həyata
keçirmək niyyətindədirlər. Çünki
İranın SSRİ ilə böyük sərhəd
zolağı var və İranda çoxsaylı erməni
icmaları yaşayır».
Təbii ki,
polkovnik Əliyev öz işində bu informasiyaları da nəzərə
alırdı. Çünki bu doğru-dürüst faktlardır.
Daha bir
neçə fakta nəzər salaq. Böyük Vətən müharibəsi,
İkinci Dünya müharibəsi milyonlarla insanın həyatını
alt-üst etdi. cəbhə şəraitində
insanların həyatı, taleyi müxtəlif cür cərəyan
edirdi. Kimlərsə vuruşaraq qan tökə-tökə
Berlinə, Praqaya kimi gedib çıxmışdı, kimlərsə
mühasirəyə düşmüş, əsir
götürülmüşdür. Alman faşistləri əsirlərdən
və düşmən tərəfə keçənlərdən
milli ordu hissələri formalaşdırırdılar:
satqın general Vlasovun Rusiya azadlıq ordusu, Ukrayna
üsyançılar ordusu, Türküstan diviziyası... Şübhəsiz ki, bu hərbi hissələrdə
xidmət edənlərin çoxu vətən xainləri idilər.
Lakin heç də hamısı belə deyildi.
Bir çoxları əsirlikdən
qaçıb İtaliya, Fransa, Çexiya, Yuqoslaviya,
Norveç partizanlarına qoşulmuş, illər boyu onlarla
çiyin-çiyinə vuruşmuşdular. Belə partizanlardan biri - məşhur Mehdi
Hüseynzadənin taleyi ilə üç Bakı çekisti
- A.Məmmədov, H.Əliyev və V. Banserov məşğul
olurdu. Mehdi Hüseynzadə barədə
ilk materiallar müharibədən dərhal sonra ortaya
çıxdı. Artıq 1951-ci ilin oktyabrında Azərbaycanın
Dövlət Təhlükəsizlik Komitəsindən
yuxarı instansiyalara belə bir məlumat daxil oldu:
«SSRİ-yə
repatriasiya olunan keçmiş 162-ci alman-Türküstan diviziyasında
xidmət etmiş xainlərin işi ilə məşğul
olarkən Hüseynov Mehdi adlı bir nəfərin qəhrəmanlıq
fəaliyyəti və faciəli ölümü Azərbaycan
DTK-sının diqqətini cəlb etmişdir. Aparılan tədbirlər nəticəsində
onun şəxsiyyəti dəqiqləşdirilmişdir:
Hüseynzadə Mehdi Hənifə oğlu. 1918-ci
ildə Bakıda doğulub. Azərbaycanlıdır.
Şahidlər onun qəhrəmanlıqlarını
təsdiq edən ifadələr vermişlər».
Bu sənəd
yalnız dörd ildən sonra ictimaiyyətə
açıqlandı. Azərbaycan KP MK mərkəzi instansiyalara Mehdi
Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı
adı verilməsiylə bağlı müraciət etdi.
Lakin jurnalist Ruqiyyə Əliyeva «Azərbaycanlılar
Avropa müqavimət hərəkatında» kitabında qeyd edir
ki, mərkəzdə Mehdi Hüseynzadə barədə
materiallar kifayət qədər səhih hesab edilməmiş və
1956-cı ilin fevralında geri qaytarılaraq, yeni şahid ifadələriylə,
yeni sənədlərlə zənginləşdirilməsi təklif
edilmişdi.
Ağır və
uzun araşdırmalar baş leytenant Mehdi Hüseynzadənin
döyüş yolunu canlandırmağa imkan vermişdi. O, Stalinqrad ətrafından öz
bacısı Hürriyyətə yazırdı: «Bilmirəm,
sağ qalacam, yoxsa yox, amma söz verirəm ki, mənim
ucbatımdan heç vaxt başıaşağı gəzməyəcəksiniz,
mənə görə heç vaxt xəcalət çəkməyəcəksiniz.
Əgər həlak olsam da, əsl qəhrəman
kimi həlak olacağam».
Döyüşlərin
birində ağır yaralanan Mehdi əsir alınır. Doğmalarına verilən
xəbərdə isə onun itkin düşdüyü deyilir.
Amma almanlar əsiri müalicə etdikdən
sonra Türküstan diviziyasına göndərirlər. Mehdi məhz bu diviziyadan qaçaraq Yuqoslaviya
partizanlarına qoşulur. Onun adı ilə
bağlı çoxsaylı cəsarətli əməliyyatlar
var. Silahdaşlarının «Mixaylo» adlandırdıqları
sovet partizanının başına almanlar 300 min marka
mükafat qoyubmuşlar. Döyüşlərin
birində Mehdi həlak olur. Partizan
dostları onun cənazəsini özlərinin nəzarət
etdiyi ərazilərə aparır və avtomatlardan
açılan yaylım atəşləri altında
Sloveniyanın Çepovene kəndində dəfn edirlər.
1957-ci ilin
yanvarında Azərbaycan Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsi Azərbaycan KP MK-ya Mehdi
Hüseynzadənin qəhrəmanlıq fəaliyyəti ilə
bağlı ətraflı sənədlər təqdim etdi. MK isə öz növbəsində
bu sənədləri yenidən Moskvaya yolladı. 11 aprel
1957-ci ildə SSRİ Ali Sovetinin rəyasət heyəti Mehdi Hənifə
oğlu Hüseynzadəyə ölümündən sonra
«Sovet İttifaqı Qəhrəmanı» adı verdi.
Həmin gün qəhrəmanın
döyüş dostları, qohumları və ümumən
bütün Azərbaycan xalqı üçün
böyük bir bayram idi. Bu bayramı isə
respublikaya, xalqımıza çekistlər A.Məmmədov,
H.Əliyev və V.Banserov bağışlamışdılar.
Yeri gəlmişkən,
bu, Heydər Əliyev nəslindən olan çekistlərin məşğul
olduqları işin yalnız bir nümunəsidir. Onlar bu və ya digər
adamı qorumağa, yanlış addımdan çəkindirməyə,
səhv fikirdən daşındırmağa
çalışırdılar.
Söhbət o vaxt da, sonralar da çekistlərin
profilaktik iş adlandırdıqları tədbirlərdən,
yəni yolundan sapmış, çaşmış adamlara düzgün
istiqamət, yol göstərməkdən, cinayət törətməyə
imkan verməməkdən gedir. Respublika DTK sədri
Əliyevin cinayət cəzasından xilas etdiyi cavan alimlər,
sənət xadimləri sırasında Azərbaycanın gələcək
prezidenti Əbülfəz Elçibəy də olmuşdur.
Sovet dövründə o, radikal millətçiliyi
ilə fərqlənirdi. İllər
keçəndən sonra müstəqil respublikaya
başçılıq edərkən, böyük siyasətin
mürəkkəb və ziddiyyətli dolanbaclarında o,
tarazlı yol tapa bilməyib iqtidar yükünə tab gətirmədi.
Lakin bunlar
sonralar baş verəcək. Hələlik əllinci illər sona yetir.
Əliyev respublika DTK-nın İkinci bölməsinə
(əks-kəşfiyyata) başçılıq edir. Aydındır ki, belə təyinatlar Moskvada həll
olunur. Onun SSRİ DTK-nın İkinci
Baş İdarəsi rəisinin müavini Filipp Bobkovla
tanışlığı bu illərə təsadüf edir.
Filipp Denisoviç Əliyevdən cəmi iki
yaş cavandır. Yetkinlik
çağında bu fərq əsla duyulmurdu. Sıravi zirehvuran əsgər olan atası kimi o da cəbhəyə
könüllü yollanmış, onunla bərabər Sibir
könüllüləri diviziyasında vuruşmuşdur.
Atası Denis Bobkov oğlunun gözləri
qarşısında, Pskov torpağında, Bolşiye Qrivni kəndinin
yaxınlığında həlak olmuşdur. On doqquz yaşlı «starşina» Bobkov qələbəni
Kurlyandiyada, sinəsində İII dərəcəli
«Şöhrət» ordenilə qarşılamışdır.
1945-ci ildə o, Leninqraddakı «Smerş» əks-kəşfiyyat
məktəbinə təyinat alır (həmin adı Stalin
qoymuşdu: «Smert şpionam», yəni «casuslara ölüm» deməkdir).
Təhlükəsizlik orqanlarında düz qırx beş il çalışmışdır!
Heydər Əliyevlə
general Bobkov arasında ilk vaxtlardan xoş, səmimi münasibət
yaranmışdı.
- İlk tanışlığımız
tezliklə əsl yoldaşlığa çevrildi, - deyə
Filipp Denisoviç xatırlayır. - Açığını deyim: aramızda heç
bir açıq-saçıq münasibət olmayıb. Biz onunla son günlərinədək ağayana
dostluq etmişik.
Əliyev xidməti
işləri ilə əlaqədar tez-tez Moskvada olurdu. İttifaq əks-kəşfiyyat
rəisinin müavini Bobkov respublikadan gələn həmkarıyla
birlikdə əməliyyatları planlaşdırırdı.
- Hansı əməliyyatları, Filipp
Denisoviç?
Müsahibimiz
suala dərhal cavab vermir. Biz
dolayı yolla ondan bir şey öyrənmək istəyirik:
- Bəlkə evdəki arxivinizdə nəsə
qalıb?
Bu suala cavab qılınc
çalğısı kimi qısaca səslənir:
- Bütün kağız-kuğuz DTK-da
qalıb. Mən yalnız
xatırladığımı söyləyə bilərəm.
Rusiyanın
«Novosti» informasiya agentliyi idarə heyəti sədrinin
müşaviri Bobkovun işlədiyi kabinetin pəncərəsi
«Sadovoye koltso» prospektinə baxır. Otaqda elə bir uğultu - səs var ki, pəncərəni
örtməli oluruq, yoxsa diktofona nəsə yazmaq
mümkün deyildi.
- Əllinci
illərin axırı - altmışıncı illərin əvvəllərində
tamamilə yeni problemlərlə məşğul olmalıydıq. Sovet ali məktəblərində,
o cümlədən Bakıda, dünyanın bir çox
ölkələrindən gələn tələbələr
oxumağa başlamışdı. Əlbəttə
ki, Amerika kəşfiyyatı bu mühitdən faydalanmağa
çalışırdı. Artıq ilk mərhələlərdə
ali təhsil müəssisələrimizə
göndərilən bir neçə nəfəri
aşkarlamışdıq. Onlar şəraiti
öyrənir, əslində kəşfiyyatı
maraqlandıran informasiya toplayırdılar. Bundan başqa, onların vəzifələrinə
iğtişaş, qalmaqal törətmək də daxil idi, bu
da Sovet İttifaqında oxumağın guya təhlükəli
olması barədə yanlış təsəvvür
yaratmalıydı. Mövzu çox ciddi
olduğundan Azərbaycana marağımız bu yöndə də
gücləndi. Biz Əliyevlə dəfələrlə
görüşür, işin necə daha yaxşı
aparılmasını, ölkəmizdə təhsilin uğur
qazanması üçün necə münasib ab-hava
yaradılmasını götür-qoy edirdik. Bir sözlə,
əks-kəşfiyyat bu işdə heç də az rol oynamırdı.
Yeri gəlmişkən, o zaman Lumumba adına Xalqlar Dostluğu Universiteti
açılmışdı. Elə ilk
çağlarda Moskvada səfirliklərdəki rezidentura ilə
bilavasitə işləyən və tələbələr
arasında təxribatlar hazırlayan üç agenti üzə
çıxarmışdıq. Təbii ki,
strateji obyektlərin qorunması, sənayedə, nəqliyyatda
təhlükəsizlik, iqtisadi sirlərin mühafizəsi,
fövqəladə halların qarşısını almaqla da
məşğul olurduq.
Bəri başdan demək istəyirəm:
mən Əliyevi təcrübəli bir professional kimi
gördüm. Heydər bizim dairəmizdə
nüfuz sahibi idi - bu tək mənim yox, bir çox başqa həmkarlarımızın
da rəyidir. Uzağa getmirəm, elə
Oleq Mixayloviç Qribanovun adını çəkə bilərəm,
ciddi əks-kəşfiyyatçı, sovet kəşfiyyatının
başçısı, çox hörmətli çekist idi.
O, Əliyevi bir professional olaraq - respublika əks-kəşfiyyat
aparatının rəisi kimi yüksək qiymətləndirirdi.
Əks-kəşfiyyat rəisinin birinci
müavini Şerbak Fyodor Alekseyeviç olduqca peşəkar,
böyük təcrübəyə, dərin professional biliyə
malik əks-kəşfiyyatçı... - o da Əliyevə
böyük hörmət bəsləyirdi.
Başqalarını da deyə bilərəm, amma söylədiklərimdən
də aydındır ki, Əliyev Təhlükəsizlik Komitəsində
çox hörmətli adam idi. Bu hörmət, onun namizədliyi Respublika DTK sədrinin
birinci müavini vəzifəsinə irəli sürülərkən
dəstəklənəndə də özünü göstərdi.
1964-cü il dekabrın 25-də respublika
DTK-sının sədri, general-mayor S.Sviqun Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin İkinci şöbəsinin rəisi podpolkovnik
Heydər Əlirza oğlu Əliyev barədə
yazılmış xasiyyətnaməyə imza atdı.
«Tam məxfi» qrifli sənəddə
deyilirdi: «Yoldaş Əliyev təcrübəli çekist, rəhbər
işçi və təşəbbüskar əməkdaşdır.
Qarşıya qoyulan tapşırıqların
yerinə yetirilməsi üçün tabeçiliyində
olan işçiləri tam səfərbər etməyi
bacarır. Heydər Əliyev
yoldaşın rəhbərlik etdiyi operativ heyət bir sıra
böyük uğurlara imza atmışdır. SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi
ilə birgə kapitalist ölkələrindən gələn
xarici vətəndaşlarla bağlı bir çox ciddi
çekist əməliyyatlarında şəxsən
iştirak etmişdir. Agentura ilə şəxsən
işləyir. Tabeçiliyindəki
işçilərlə münasibətlərini çox
düzgün qurur. Topladığı təcrübəni
onlarla bölüşür.
1963-cü ildə
Heydər Əliyev xaricə qaçmaq istəyən bir
dövlət cinayətkarının axtarılıb
tapılması, ələ keçirilməsi əməliyyatlarını
uğurla təşkil edib həyata keçirmişdir. 1962-64-cü illərdə
onun rəhbərlik etdiyi heyətin profilaktik tədbirləri nəticəsində
sovet vətəndaşları arasında yayılmağa
başlamış bir çox arzuolunmaz tendensiyaların
qarşısı alınmış, yolunu azmış sovet vətəndaşları
düz yola qaytarılmışdır. Şəxsi
keyfiyyətləri: prinsipialdır, özünə
qarşı tələbkardır, obyektivdir, vaxta baxmadan gərgin
işləyir. Komitənin əməkdaşları
arasında böyük nüfuza malikdir.
Çekist
işində təcrübəsi və təşkilatçılıq
qabiliyyəti olan Heydər Əliyev Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin
sədr müavini vəzifəsinə irəli çəkilməyə
layiqdir».
- Bu, məsul vəzifədə də
özünü ən yaxşı cəhətdən göstərdi,
- deyə general Bobkov sözünə davam edir. - Münasibətlərimiz
daha da möhkəmləndi, çünki Əliyev respublikada,
məhz mənim mərkəzdə məşğul olduğum
məsələlərə nəzarət edirdi. Bu, həm milli münasibətlər, həm dini, həm
xarici turizm məsələləri idi. O, respublikalar
arasında dediyim sahələrə başçılıq edən
çox az rəhbərlərdən idi ki,
millətlərarası problemlərə incə və həssaslıqla
yanaşırdı. Mən bunu qiymətləndirirdim.
Bobkov və Əliyev
birlikdə millətlərarası münasibətlər
kompleksi üzrə böyük sosioloji tədqiqat həyata
keçirmişdilər. O zaman
Y.V.Andropovun dəstəyi ilə yaranan Sosial-Siyasi Tədqiqatlar
İnstitutunda qapalı sosioloji araşdırmalar şöbəsi
yaradıldı.
- Tədqiqatlar bircə nüsxədə
çap olunurdumu?
- Əlbəttə,
yox, - deyə Bobkov zarafatyana verdiyimiz sualı təbəssümlə
qarşılayır - biz onları Mərkəzi Komitəyə
göndərirdik, amma təəssüf ki, işləyib
hazırladıqlarımız heç də həmişə
dəstəklənmirdi.
Podpolkovnik,
polkovnik və nəhayət, general rütbəsinə yüksələn
Heydər Əliyevin məqalələri DTK-nın məxfi
toplusunda dərc olunurdu. O,
bütün ölkədəki həmkarları
üçün maraqlı olan düşüncələrini
onlarla bölüşür, Azərbaycan çekistlərinin
keçirdiyi uğurlu əməliyyatları təhlil edir, «sərhədyanı
ölkələrin kəşfiyyatları ilə mübarizə»
işindəki təcrübəsindən söhbət
açırdı. 1968-ci il mayın 6-da
general-mayor Heydər Əliyev Kiyevdə İttifaq çekistləri
qarşısında məruzə ilə çıxış
edir. Onun məruzəsinin mövzusu «Azərbaycan
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin təcrübəsi əsasında sərhədyanı
kapitalist ölkələrindən gələn sərhəd
pozucuları və düşmən agenturası ilə
mübarizə praktikası» idi.
Azərbaycan
Milli Təhlükəsizlik Nazirliyində yaradılmış
Heydər Əliyev muzeyində respublika DTK-sının o
vaxtkı sədrinin kabineti olduğu kimi bərpa edilib və
qorunub saxlanılır.
İnventar nömrələri üstündə olan həmin stol, stul, kreslo, təqvim, üstündə
SSRI-nin gerbi olan telefon, divarda relyefli xəritə: Azərbaycan
və əsas sərhədyanı ölkələr. Bəzən hətta uzun illər davam edən bir
çox əməliyyatlar məhz bu xəritənin
önündə düşünülmüşdü. «Tam məxfi» qrifi altında olan sənədlərin
çoxu indiyədək açıqlanmır. Amma SSRI
DTK-sının bəzi açıqlanmış sənədlərindən
az da olsa nəsə öyrənmək
mümkündür. Məsələn, 1965-ci il
dekabrın 10-da SSRI DTK-sının sədr müavini
general-polkovnik Zaxarov Azərbaycan çekistlərinin
keçirdiyi bir çox əməliyyatları yüksək
qiymətləndirmişdi: «Xarici kəşfiyyat agentinin
ifşa olunmasında göstərilən təşəbbüs
və inadkarlığa görə polkovnik Heydər Əlirza
oğlu Əliyev və polkovnik Dmitri Andreyeviç
Beliçenko SSRI DTK-sının Fəxri fərmanı ilə
təltif olunmuşlar...». Həmin sənəddə
başqa əməkdaşların qiymətli hədiyyələrə
layiq görüldükləri də bildirilir.
Partiyanın
Mərkəzi Komitəsinə SSRI DTK-sı tərəfindən
göndərilən sənədlərin birində «millətçi
ünsürlərin düşməncəsinə fəaliyyəti»
təhlil edilirdi. 1966-cı il 17 yanvar tarixli 2/9 - 299 saylı belə bir sənədi
DTK sədrinin müavini S.Bannikov imzalamışdı.
Hesabatda deyilir:
«Ölkənin
ayrı-ayrı rayonlarında, xüsusən Ukraynada, Zaqafqaziya
və Baltikyanı respublikalarda burjua millətçilərinin
düşmənçilik fəaliyyətinin aktivləşməsi
müşahidə olunur. Burjua millətçiləri kadrların seçilməsi
və saxlanmasına, xüsusən ziyalılar və gənclər
arasında siyasi cəhətdən korafəhm olan şəxslərin
öz ideyalarının təsirinə salınmasına,
partiyamızın milli siyasəti məsələsinin əksinə
millətçilik ədəbiyyatının və
uydurmaların yayılmasına xüsusi diqqət yetirirlər.
Siyasi cəhətdən fərasətsiz olan şəxslərin
antisovet millətçi ruhunda köklənməsinin
qarşısının alınmasında, məsləkdaşların
ideya-siyasi cəhətdən hazırlanmasında və
möhkəmlənməsində, düşüncələrində
millətçilik elementləri olan insanları öz tərəflərinə
çəkməklə yeni kadrlar hazırlanmasında leqal
imkanlardan, məsələn, gənc şair və
yazıçılarla görüşlərdən,
yaradıcılıq gecələrindən, milli
yazıçıların, şairlərin yubileylərindən,
bədii özfəaliyyət dərnəklərindən
geniş istifadə etməyə başlamışlar».
Bunun ardınca bir sıra misallar gətirilirdi
- Ukrayna, Estoniya, Ermənistan, Azərbaycan və s.
respublikalardan.
«1965-ci ildə,
həmçinin Bakı şəhərində
özünü «Azərbaycan milli dilinin müdafiə komitəsi»
adlandıran antisovet millətçi qrup aşkar edilmişdi. Qrupa 70-ə qədər 20 yaşından
27 yaşınadək adam, o cümlədən
6 Sov. İKP üzvü və 20-dən artıq
komsomolçu cəlb edilmişdi. Azərbaycan
dilinin qorunması pərdəsi altında qrup rəhbərləri
SSRI-dən çıxmaqla müstəqil dövlət
yaradılması və respublika ərazisindən rusların,
ermənilərin köçürdülməsi barədə
fikir söyləyirdilər. Qrup
iştirakçıları onların tələblərini dəstəkləmək
çağırışı ilə Azərbaycan xalqına
müraciət etmək üçün radiostansiyanı və
televiziya mərkəzini ələ keçirməyi zəruri
sayırdılar.
Onların həmçinin 1965-ci il noyabrın 7-də, yaxud 1966-cı il mayın
1-də müvafiq şüarlarla nümayişə
çıxmaq və çıxışlarının
pozulacağı halda mövcud quruluşa qarşı
silahlı mübarizəyə başlamaq niyyətləri
olmuşdur. Əlbəttə, şüurlu
olaraq Sovet hakimiyyətinə qarşı mübarizə yolunu
tutmuş ən aktiv millətçilərin mütəşəkkil
düşmənçilik fəaliyyəti DTK orqanları tərəfindən
onları həbs etməklə
dayandırılmışdır.
Bəsit
siyasi baxışları burjua təbliğatının təsiri
və antisovet ünsürlərin təhriki ilə
formalaşmış bu şəxslərin böyük əksəriyyəti
sovet dövlətinin milli siyasətinin mahiyyətini yetərincə
anlamamaları ucbatından belə ziyanlı millətçi
mövqe tutmuşlar. Odur ki, onlarla profilaktik tədbirlər
aparılmışdır» (RQANN.F.5. Op.33.D
235. l. 62-65).
Babkov deyir:
- Əliyev Azərbaycan
DTK sədri vəzifəsinə təsdiq olunanda o, Vitali
Krasilnikovun özünə müavin təyin edilməsini
xahiş etdi. O mənim
tabeliyimdə işləyirdi. Etibarlı, çox yaxşı
adam idi. Razı oldum, o zaman
artıq beşinci idarənin rəisi olmuşdum, münasibətlərimiz
yaxşı olaraq qalırdı. Heydər Əliyev
Moskvada olanda həmişə mənə baş çəkərdi.
Çekistlər
konstitusiyalı quruluşu qorumalı, silahlı mübarizə
yolu tutub hakimiyyəti ələ keçirməyə cəhd
edənlərin qarşısını almalıdırlar. Lakin bir çox hallarda
partiya komitələrinin, nəhəng ideoloji aparatın
bacarmadığı işləri həyata keçirmək də
çekistlərin öhdəsinə düşürdü.
Bu
barədə Heydər Əliyev də həyəcanla
danışırdı:
«1967-68-ci
illərdə xarici erməni millətçi təşkilatlarının,
xüsusən «Daşnaksutyun»un respublikamıza qarşı fəaliyyətinin
xeyli canlandığı müşahidə olunur. Bir sıra kapitalist ölkələrindən
respublikanın sovet idarələrinin və qəzet
redaksiyalarının ünvanlarına millətçi səciyyəli
müxtəlif tələb və müraciətlər olan
jurnal və qəzet məqalələri göndərilirdi.
Xaricdəki daşnak dairələri respublika həyatından
ayrı-ayrı faktları təhrif olunmuş formada təqdim
edirlər» (H. Əliyevin Azərbaycan KP MK-nın 1968-ci il 28
avqust tarixli plenumundakı çıxışından).
Mərkəz.- 2010.- 22 oktyabr.- S.
10-11.