HEYDƏR ƏLİYEV
Kütləvi-informasiya
vasitələri gündən-günə, müntəzəm
olaraq partiya ilə xalq birliyindən, sarsılmaz xalqlar
dostluğundan dəm vururdular. cəmiyyətdə isə
get-gedə, altdan-altdan artan problemlər
yığılırdı. Nələr baş verirdi cəmiyyətdə?
Bir sıra şəhərlərdə - Muromda, Temirtauda,
Novoçerkasda kütləvi etiraz püskürmələrinin
səbəbləri nədir? Ölkədə hansı siyasi
proseslər yetişməkdədir? Sovet hakimiyyətinin ideoloji
düşmənləri həmin proseslərdə necə
iştirak edirlər?
Bu suallara aydınlıq gətirmək yeni,
beşinci adlanan ideoloji təxribata qarşı mübarizə
məqsədilə yaradılmış idarənin - adına
Beşinci İdarə də deyirdilər - öhdəsinə
düşürdü. Babkovu «beşinci»yə göndərəndə
ona xeyir-dua verən Yuri Vladimiroviç Andropov deyirdi ki, əsl
ideoloji müharibə gedir, gündəmdə «kim kimi?» məsələsi
durur.
-
Biz sovet dövlətini möhkəmləndirmək əzmindəyik,
ideoloji rəqiblərimiz isə onu dağıtmaq
üçün var qüvvələrini sərf edirlər, -
həmin gecə Andropov «Lubyanka» meydanındakı geniş
kabinetində öz mülahizələrini belə
açıqlayırdı.
Görüş saat 20:00-da
başlamış, indi isə əqrəblər 23:00-ı
haqlayırdı. Yuri Vladimiroviç bütün görkəmi
ilə mükalimənin qeyri-rəsmi olduğunu göstərirdi:
pencəksiz əyləşib hərdən fikrə gedərək
çiyinbağlarını dartışdırırdı.
-
Biz onların planlarını, iş metodlarını bilməli,
ölkədə baş verən prosesləri görməli,
insanların ovqatlarına bələd olmalıyıq. Bu
çox vacibdir. Biz ən müxtəlif qaynaqlardan, istər
leqal idarələr, sosioloji təsisatlar, ya mətbuat məlumatları
olsun, istərsə də xüsusi xidmətlərimizin xəbərləri
olsun, fərqi yoxdur, hamısından faydalanmalıyıq.
Zahirdə olan hadisələrdən savayı, gizli hərəkətverici
qüvvələr də var... Daxili, dərinlikdəki prosesləri
aşkarlamağı və yaxşı anlamağı öyrənmək
çox vacibdir...
15
il ötəcək və Sov. İKP MK-nın Baş katibi
Andropov deyəcək: nəhayət, «Biz hansı cəmiyyətdə
yaşayırıq?» sualına cavab verilməlidir. Həmin
sual Mərkəzi Komitəyə ünvanlanmış məktubların
birində də səsləndirilirdi: «İlk öncə
aydınlaşdırmaq lazımdır ki, biz hansı ölkədə
yaşayırıq...»
Heyrətamiz
təsadüfdür.
Biz hansı
ölkədə yaşayırıq
1965-ci
ilin lap sonunda Xruşşovdan sonrakı, yeni tərkibli Mərkəzi
Komitə «Pravda», «Komsomolskaya pravda» və «Literaturnaya qazeta»
redaksiyalarına «müstəsna səciyyəli» məktubların
icmallarını MK-ya göndərməyi tapşırdı.
1966-cı
ilin yanvarında «Literaturnaya qazeta»nın baş redaktoru A.
Çakovski və «Komsomolskaya pravda»nın baş redaktoru B.
Pankin dövlətimizə və ictimai həyatımıza aid
yanlış fikirlər deyilən» məktublardan
parçaları Mərkəzi Komitəyə
çatdırdılar. Yanvarın 11-də «Pravda» hesabat verdi.
İlk səhifələrdə eyni dərkənarlar
yazıldı: «Arayışda göstərilən faktlarla
tanış olduq. Material sovet adamlarının siyasi
sayıqlığını artırmaq haqqında Sov. İKP
MK sənədinin hazırlanmasında istifadə
olunmuşdur». Ardınca imzalar: MK təlimatçısı,
bölmə müdiri, təbliğat və təşviqat
şöbəsinin müdir müavini...
Göstəriş:
«Arxivə». Möhür: «Məxfi. Xüsusi qovluq».
«PRAVDA»YA MƏKTUBLARDAN
Moskva.
İmzasız
«V.
İ. Leninin ölümündən sonra Kommunist Partiyası
xeyli sağa uzaqlaşıb və bu bataqlıqdan
çıxa bilmir. Bizdə haqq-ədalət yoxdur, tənqid
yoxdur. Stalin idarəçiliyi eləcə də qalıb.
İdarələrin başında fırıldaqçılar
oturub. Bütün partiyaçılar imtiyazlardan faydalanır,
xalq isə təhkimçi vəziyyətində əlləşməyə
məcbur olan «İvan»ların durumundadır.
Həmkarlar
İttifaqları öz əhəmiyyətini itirib, fəhlələri
müdafiə etmirlər. Ali Sovet də önəmini itirib.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti yalnız
partiyanın göstərişi ilə təltif etmək
hüququna malikdir. Bütün partiya kulta çevrilib. Partiya
pensiya haqqında qanunda böyük ədalətsizlik hökm
sürür. Niyə kimlərsə böyük təqaüd
alır, o birilərinsə dolanışığı yoxdur?
Lenin yoluna dönməyin vaxtı çatmayıbmı? Həmkarlar
İttifaqları və SSRİ Ali Soveti öz yerlərini
tutmalıdır.
Xalq
nəzarəti öndə olmalıdır, onda fırıldaqçılar
rəhbər vəzifələrə yol tapa bilməzlər».
Kaluqa.
İmzasız
«Qəzet
səhifələrində mədəniyyətdən, yüksək
mətləblərdən yazmaq ayıbdır... İnsanlara
azacıq rahat yaşayış şəraiti verin. «İnsan
insanın dostudur» deyirlər, əslində isə bu «dostlar»
bir-birini vurur, kəsir... Quldurları qoruyan belə
qanunları çıxaranları sadəcə lənətləyirsən.
Mən bu məktubu Kaluqadan yazıram, harda ki, dekabrın 10-dan
17-dək bir həftə ərzində neçə-neçə
vəhşi basqınlar baş verib. Sovet gənclərinin
pozğunluğu heç bir sərhəd tanımadan hər
şeyi açıq-saçıq danmaq vəziyyətinə
çatıb, adamları isə bu heyvanları tərbiyələndirməyə
məcbur edirlər.
Bir
baxın, Kosmos şəhərini nə kökə
salıblar, bu hamı üçün
rüsvayçılıqdır. Kim, adamların küçələrdə
heç olmasa rahat, geri qanrılmadan gəzməyi
üçün şərait yaradacaq?
Leninqrad.
İmzasız
«Düşünürəm
ki, əksəriyyətin fikrini ifadə edirəm. Xalq hakimlərinin
seçkiləri ilə bağlı komediya kimə gərəkdir?
Və bütün seçki sistemi bizdə başdan-başa
yalan və aldatmadır. Kimin artıq seçilmiş
adamları riyakarlıqla yenidən seçməkdən zəhləsi
getmir? Ona görə də onlar sessiyalarda həmişə
tutuquşu kimi oturmuş və otururlar, nəyi səsə
qoyurlarsa, hər şeyə səs verirlər. İndi sağ
olanların lal razılığı ilə Stalin
dövründə məhv edilmiş minlərlə fəhlə
sinfinin amalına sonsuz sədaqət bəsləyən
işıqlı, pak adamların kökü kəsilib.
Əlli
illik (sovet hakimiyyətinin 50-ci ildönümü - müəl.)
ərəfəsində işlərimiz heç də parlaq
deyil. Xalq bunu bilir, görür və nəyinsə dəyişəcəyinə
inanmır».
Voronej. Zamkov
P. İ.
«Niyə
alimlər və yazıçılar Leninin yeni iqtisadi siyasət
haqqında tarixi qərarının üstündən
sükutla keçirlər? Axı, o qərar ölkədə
inqilabdan sonra sənayenin, xüsusən kənd təsərrüfatının
çiçəklənməsini təmin etmişdi. «Yeni
İqtisadi Siyasət» vaxtında özəl bazarlarda bir
yaşlı cöngənin dirisinin qiyməti cəmi 12-13 rubl
idi, bizim zamanımızda isə bu qiymətə heç xoruz
da ala bilməzsən. Mən anlamıram ki, niyə Stalinin
kolxoz sistemi təriflənir. Axı, o özünü
doğrultmadı. Köhnə səriştəli
taxılçıların əlində müasir texnika
olsaydı, biz kapitalist ölkələrini çoxdan
ötüb keçmişdik...»
«KOMSOMOLSKAYA
PRAVDA»YA MƏKTUBLARDAN
İmzasız.
Ünvansız
«1965-ci
il 20 iyun tarixli «Trud» qəzetində «Günəş kimə
işıq saçır» məqaləsini oxudum. Onun
yanında «Seçilmişlər üçün»
başlıqlı bir yazı da var, orada deyilir: «Burjua Qərbində
də dincəlirlər, orada da yay günəşi səxavətlə
nur saçır. Amma kimlərə?»
Şəkildə
sahibləri öz çimərliklərində
özünü günə verən, kef eləyən şəxsi
yaxtalar əks olunub. Bu varlıları milyonlarla həmvətənlisinin
öz məzuniyyətini necə, harada keçirəcəyi
narahat etmir. Fikirləşdim ki, Qərblə SSRİ
arasında hansı fərq var? Nəticəyə gəldim ki,
heç bir».
Leninqrad.
İmzasız
«Onilliklər
boyu ölkənin sadə camaatı amansızcasına istismar
edilir. Özünüz fikirləşin, 50-150 rubl məbləğində
maaş hansı həyatı təmin edə bilər? Son dərəcə
yüksək qiymətlər müqabilində... Bəs
kolxozçular: müti, hüquqsuz həyatlarında onlar necə
«xoşbəxtdirlər»?.. Onlar hətta «Yuri günü»ndən
də məhrumdurlar... O, kolxozdan çıxıb istehsalatda
işləyə bilməz, onun pasportu yoxdur, ona heç bir
arayış vermirlər və heç kim, heç yerdə
onu qəbul etməz».
«LİTERATURNAYA QAZETA»YA MƏKTUBLARDAN
Novosibirsk vilayəti. V.Babin
«... Biz hamımız burada birlikdə
düşünüb-daşınır, partiyamızın
siyasətini kollektiv şəkildə müzakirə edirik... Rəhbərlərin əməkhaqqı fəhlələrinkindən
artıq olarsa, demək bürokratiya, mənsəbpərəstlik
qaçılmazdır. Mənəvi tənəzzül,
pozğunlaşma, fahişəlik və istismar da.
Bütün rəhbərlərin, aşağı-yuxarı,
bütün vəzifəli şəxslərin əməkhaqqısı
fəhlələrin maaşından artıq
olmamalıdır...
... Stalinin vaxtında təkcə
şəxsiyyətə pərəstişin bünövrəsi
qoyulmadı. Stalin yeni bir sinif - sosialist
burjuaziyasını da yaratdı, sosialist burjuaziyasının
diktaturasını yaratdı. Xalqımız
«yalançı bərabərlik» istəmirsə,
burjuaziyanı da istəmir.
... Partiyamızda namuslu
qüvvələr var və onlar mübarizə etmişlər.
Bu mübarizə Stalinin ölümündən
sonra qismən öz təsirini göstərmişdir. Lakin bu burjua qüvvələrinin məcburi güzəşti
imiş. İndi aydın olur ki,
Xruşşovun şəxsiyyətinə pərəstiş
süni olaraq, özü də bütün MK-nın
günahı ucbatından yaranmışdır. Aydındır ki, çatışmazlıqların
günahı təkcə Xruşşovda yox, bütün MK
üzvlərindədir. Bizim burjuaziya
üçün öz siyasətini bir adamın nüfuzu vasitəsilə
yeritmək əlverişlidir. Və
burjuaziyanın kollektiv «mudrikliyi» bu bircə şəxsiyyətdən
keçirilirdi. İndi təhlükə
var ki, ölkəmiz daha harın burjuyluğa keçsin, yenidən
repressiyalar dövrü gəlsin; Stalin - Beriya dövrü.
Bəs niyə partiyamızdakı namuslu qüvvələr tam
və qəti qələbəyə nail ola
bilmədilər? Ona görə ki, Stalinin
mühakiməsi zəif, burjuy harınların
maaşlarının ixtisarı isə çox cüzi idi.
Ona görə ki, bu məsələlər
partiyadan, xalqdan xəlvət həll olunurdu, partiya və xalqa
arxalanılmırdı.
… Hazırda partiyanın - MK-nın
xalqın həyatını yaxşılaşdırmaq
qayğısı bu istiqamətdə gedir: direktorların əməkhaqqı
ayda 300 rubldan 600-ə qaldırılır, sıravi
kolxozçularınkı isə 30 rubldan 40 rubla qədər.
... İndi xalqımızda
kommunistlərə xas ruh yüksəkliyi yoxdur. Xalqımız əsl sosializm həsrətindədir.
Bəli, XX qurultaydan sonra hələ yeni külək
əsməyib. Hələ demokratiya yoxdur.
Yüksək maaşlı iqtidar işçilərimiz əslində
bütün xalqın yox, yüksək məvacibli
qövmün, burjuaziyanın nümayəndələridir...
... Partiyanın indiki
MK-sı görün nə qədər səhvlər
buraxmışdır. Və onların
hamısı elmi baxımdan əsaslandırılmışdır.
Səhvlər çoxdur, amma bəla bunda deyil.
Bəla ondadır ki, xalq görür ki,
partiyanın MK-sında vicdan yoxdur. Naqis
burjua siyasətini qorumaq, doğrultmaq naminə əllaməçilik
etmək lazım deyil. Bütün siyasəti
dəyişmək lazımdır. Bizim
hamımız görürük ki, partiya MK-sı
üçün heç bir müqəddəs, kommunist
amalı yoxdur. Biz MK üzvlərini ən yaxşı
kommunistlər, ən müqəddəs insanlar sanırdıq,
sonra bildik ki, onlar ölkənin ən varlı
insanlarıdır... Xalq hesab edir ki, kommunist son dərəcə
təmiz və vicdanlı olmalı, zərrə qədər
eqoizmi olmamalı, insanları sevməli, insanlara,
yaxınlarına, doğma xalqına səadət bəxş
etməlidir. Bəs birinci, rəhbər
kommunist necə olmalıdır? Lenin, Dzerjinski kimi... Yalan və repressiya o vaxt aradan qalxar ki, sosialist
burjuaziyası olmasın, zəngin və kasıb, yuxarılar
və aşağılar olmasın».
... İllər keçəcək, Baş
katib vəzifəsinə keçən Y. V. Andropov bu fikri eynilə
təkrarlayacaq: «Əvvəla,
aydınlaşdırmalıyıq ki, görək biz hansı
ölkədə yaşayırıq...» Bunu müəyyən
etməyə, vəziyyətə aydınlıq gətirməyə
Andropov macal tapmadı... Onu əvəz edən
Çernenkoya da bu yükü qaldırmaq müyəssər
olmadı. Qorbaçovun «yenidənqurması» isə daha
çox «yenidənqırma» adıyla tanındı və
gördüyü işlər «qaşı düzəldəndə
gözü çıxarmağa» oxşadı...
... Hər ayın 20-də Azərbaycanın
DTK işçilərinə maaş
verilirdi. Səbirsizliklə gözlədikləri
bu günə zarafatcıl həmkarlar öz aralarında
«Çekist günü» deyirdilər. Elə
həmin gündəcə partkoma gedib üzvlük
haqqını ödəyirdilər. Partiya
Komitəsinin katibi polkovnik V. Bıstrov bir gün Dövlət
Təhlükəsizlik Komitəsinin yeni sədri Heydər Əliyevin
yanına gedir.
Gəlişinin məqsədini bilən Əliyev
ona üz tutub deyir:
- Yoldaş Bıstrov, kommunistlər
üzvlük haqqı vermək üçün özləri
yanınıza gəlməlidirlər. Qayıdın
kabinetinizə, mən özüm yanınıza gəlib
üzvlük haqqını verərəm.
General Heydər Əliyev Azərbaycan Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə
düz iki il rəhbərlik etdi. Yuri Vladimiroviç Andropov onun fəaliyyətini
SSRİ DTK-sının xüsusi əmrilə (¹ 166. 27 noyabr
1966) yüksək qiymətləndirmişdi.
«General - mayor
Heydər Əlirza oğlu Əliyev təhlükəsizlik
orqanlarında 25 il fəaliyyət göstərib. Bu müddət ərzində,
o, sıravi operativ işçidən respublika DTK-sının
sədrinə qədər böyük yol keçmişdir.
Rəhbər vəzifələrdə olarkən
yoldaş Əliyev bütün gücünü, enerjisini,
bacarığını dövlətimizin təhlükəsizliyinin
təmin olunmasına yönəldib, özünü çox
yaxşı təşkilatçı kimi göstərib.
Hal-hazırda
yoldaş Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçilmişdir.
Ə M R E
D İ R Ə M:
Təhlükəsizlik
orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətinə
görə, general-mayor Heydər Əliyevə təşəkkür
elan edilsin və o, məxsusi qiymətli hədiyyə ilə
mükafatlandırılsın.
ANDROPOV, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
V FƏSIL
RESPUBLİKA RƏHBƏRLİYİNDƏ
14 iyul 1969-cu il, Bakı
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumunun
16 nömrəli protokolu: «Tam məxfi» qrifi ilə yeddi makina səhifəsindən
ibarət sənəd. Gündəlikdə olan məsələ:
«Təşkilati məsələ. Azərbaycan
KP MK-nın birinci katibi haqqında».
Məlum məsələdir
ki, belə təşkilati məsələlər Moskvanın
göndərdiyi yüksək qonağın iştirakı
olmadan keçirilə bilməzdi. Bakıya Sov. İKP MK-nın katibi
İvan Vasilyeviç Kapitonov gəlmişdi. İlk olaraq söz ona verilir.
- Sizlərə məlumdur ki, - deyə
Kapitonov zala müraciətlə sözə başlayır, -
Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində son on
ildə yoldaş Vəli Yusifoviç Axundov işləyirdi. Vəli Yusifoviç respublikanın iqtisadi və mədəni
inkişafı üçün əlindən gələni
etmiş, partiya təşkilatı və ideologiya sahəsində
böyük işlər görmüşdür. Əfsuslar
olsun ki, son vaxtlarda yoldaş Axundovun səhhətində
problemlər yaranıb və o, özü də başa
düşür ki, Azərbaycan KP MK-nın birinci katibi kimi
yüksək vəzifənin öhdəsindən gəlmək
onun üçün çətindir. Bu səbəbdən
də yoldaş Axundov Sov. İKP MK-ya ərizə
ilə müraciət edərək, onu tutduğu vəzifədən
elmi işə keçirməyimizi xahiş etmişdir.
Tibb elmləri
doktoru və akademik Axundovun istəyinə böyük hörmətlə
yanaşıldı. Plenumdan əvvəl, elə həmin gün o,
Respublika Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə
seçildi.
- Təbiidir ki, - deyə Kapitonov davam edir,
- yoldaş Vəli Axundovu Azərbaycan KP MK-nın birinci katibi
vəzifəsindən və büro üzvlüyündən
azad etməklə bərabər, onun varisini də müəyyən
etmək lazımdır. Bu vəzifəyə təyin
edilmək üçün çoxsaylı namizədlər nəzərdən
keçirilmişdir. Bu da təbiidir,
çünki respublikada çoxsaylı bacarıqlı kadrlar
vardır.
Bu məsələ
çox ciddi şəkildə və hərtərəfli
öyrənildikdən sonra respublikamızın Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri yoldaş Heydər Əliyevin namizədliyi
üzərində dayanmışıq.
Yəqin ki,
zaldakıların heç biri üçün bu informasiya
gözlənilməz olmamışdı. Vəli Axundov, həqiqətən də,
üç aya yaxın idi iki, xəstəydi və Moskvada
müalicə olunurdu. Brejnevlə
görüşdə elmi işə keçirilməyini
xahiş edərkən, o, hətta tibbi arayışını
da göstərib demişdi ki, vəzifəmin öhdəsindən
layiqincə gəlməyə səhhətim imkan vermədiyinə
görə vicdan əzabı çəkirəm. Təbii ki, Axundov öz varislərinin adını da
çəkmişdi. Amma bu dəfə
seçimi o etmirdi.
Heydər Əliyev
sonralar xatırlayırdı ki, hələ 1969-cu ilin əvvəllərində
Moskvadan köhnə dostlarından biri ona zəng vurmuşdu. O, Əliyevə demişdi:
- Heydər, sən Azərbaycan KP MK-nın
birinci katibi vəzifəsinə yeganə real namizədsən.
Xəbər Əliyev
üçün gözlənilməz olmuşdu.
- Ola bilməz, inanmıram ki, məni belə
bir yüksək vəzifəyə təyin etsinlər. Əgər belədirsə, nəyə görə mənim
xəbərim yoxdur?
- Vaxt gələr, bilərsən. İndi isə yeni vəzifənə hazırlaş.
Bu zəngdən
üç ay sonra Heydər Əliyevi Moskvaya, Sov. İKP MK-nın Baş
katibiylə görüşə çağırdılar.
O, özü bu həyati əhəmiyyətli
görüşü belə xatırlayır:
«Kremldə Brejnevin iş otağına dəvət
olundum. Leonid İliç məni xoş təbəssümlə
qarşıladı. Aramızda belə bir söhbət
oldu:
- Yoldaş Əliyev, biz qərara gəlmişik
ki, sizin namizədliyinizi Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə
təqdim edək.
- Bunu özüm üçün
böyük şərəf hesab edərəm, yoldaş
Brejnev, amma mən bu vəzifəni istəmirəm.
- Necə yəni istəmirəm? - Brejnev
artıq dostyana «sən» müraciətinə keçdi. - Biz sənə
belə bir mühüm vəzifəni etibar edirik.
- Respublika
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
olmaq ağır işdir. Buna görə də istəmirəm.
Amma Leonid
İliç mənim etirazlarıma məhəl qoymadı. Aydın oldu ki, o,
özü-özlüyündə artıq qərar qəbul
edib. Siyasi Büroda da mənim namizədliyim
müzakirə edilərək yekdil qərara gəlinib ki,
indiki halda respublikanın rəhbərliyinə yalnız Əliyev
məqsədəuyğundur».
Bu sətirlər
Kremldəki həmin söhbətdən uzun illər ötəndən
sonra qələmə alınıb. O günləri xatırlayan Əliyev qeyd edirdi: «Mənim
DTK-dakı fəaliyyətimin üstünlüyü şəxsi
işimin təmizliyi, qazandığım etimad və azərbaycanlıların
hörməti idi. Mən elə
düşünürdüm...»
Moskva öz
seçimini etdi. Bakı da bu seçimi razılıqla qəbul
etmişdi. Lakin hansı qeyd-şərtlərlə?
İşdən gedən birinci katibin - V. Y. Axundovun öz
varisinə verdiyi qiymətə nəzər salmaq məncə
maraqlı olar:
«Yoldaş Əliyev
Azərbaycan KP MK-nın birinci katibi olmaq üçün
bütün siyasi və işgüzar keyfiyyətlərə
malikdir. O, kifayət qədər
savadlı, erudisiyalıdır, qısa zaman ərzində
böyük həcmli işlərə öyrəşmək
üçün yetərincə hazırlıqlıdır. Bir kommunist kimi saf əqidəli, obyektivdir. Bütün bunlarsa onun kadrlara düzgün və
obyektiv yanaşmasına imkan verəcək. İndiki vəziyyəti və keçmişimizi nəzərə
alsaq, deyə bilərik ki, kadr məsələləri Azərbaycanda
ən əhəmiyyətli məsələdir. Biz Heydər Əliyevi təmiz, saf əqidəli
kommunist kimi tanıyırıq» (Azərbaycan Respublikası
Siyasi Partiyaların və Hərəkatların Mərkəzi
Dövlət Arxivi F.1 Q 56. İş 4.
s.5).
Heydər Əliyev isə birinci katib
seçilən kimi ilk olaraq bunları dedi: «Mənə təzəcə
tapşırılan bu vəzifənin bütün məsuliyyətini
dərk edirəm. Qarşıma qoyulan öhdəliklərin
çətinliyini, ağırlığını
anlayıram və var qüvvəmlə
çalışacağam ki, mənə göstərilən
etimadı doğruldum. Bu işlərin
öhdəsindən layiqincə gəlməkçün ilk
olaraq Azərbaycan KP MK-nın bütün heyətinin, büro
üzvlərinin, partiya, sovet və təsərrüfata rəhbərlik
edən bütün işçilərin və xalqın
köməyinə ümid bağlayıram. Mənə
elə gəlir ki, bizim gələcək
uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət
ola bilər» (yenə orada F.1. Q.56. İş 4. s.16).
Əliyevin
birinci katib seçilməsi həm respublikada, həm də
onun hüdudlarından kənarda, SSRİ-də və xaricdə
böyük əks-səda doğurdu. Praqa hadisələrindən bir il
ötürdü, sovet tankları «Praqa baharı»nın
qısa tarixinə nöqtə qoymuşdu. Kreml
ideoloqları bütün xətlər üzrə qaykaları
möhkəmlətməklə məşğul idi. Və DTK sədrinin yüksək partiya
ierarxiyasının başına gətirlməsi hamı
üçün - partiya və liberal kadrlar üçün
bir siqnal idi.
O vaxtdan bəri Heydər Əliyev dəfələrlə
zarafatca qeyd etmişdi ki, onun şəxsi təqvimində də
Bastiliyanın alınması günü var. Əlbəttə
ki, 1789-cu il Paris hadisələriylə
analogiya şərtidir. Bizim hekayətimizin qəhrəmanı
hakimiyyət qalalarını hücumla almayıb. Yeni vəzifə (və yeni, daha masştablı məsuliyyət)
onun etdiklərinin və edə biləcəklərinin
etirafı kimi həmişə özü onun ayağına gəlib.
Hamı əmin olub ki, təbiətən istedadlı olan bu adam daha böyük miqyaslı işlər
görməyə qadirdir. Leonid İliçlə
görüşü və respublikanın rəhbəri
seçilməsiylə bağlı xatirələrini Heydər
Əliyev belə bitirir: «Taleyimdəki bu dəyişiklik mənə
öz xalqıma, millətimə daha çox, daha yaxşı
xidmət göstərməyim üçün şərait
yaratdı».
Əliyevin Leonid İliçin yanından
çıxdıqdan sonra görüşdüyü ilk adam Filipp Denisoviç Bobkov oldu. Üstündən
neçə onillər ötsə də, o görüş
bütün detallarına qədər indiyədək general
Bobkovun xatirindədir.
«Qəfildən
xəbərdarlıqsız-filansız Əliyev mənim
yanıma gəldi. İlk baxışdan görünürdü ki, yaman
həyəcanlıdır.
- Filipp Denisoviç, sizinlə məsləhətləşmək
istəyirəm. Olarmı ki, tapşırasınız,
heç kim bizə mane olmasın.
- Əlbəttə,
- mən razılaşıb telefonları söndürdüm.
Heydər Brejnevin yanından indicə gəldiyini
bildirdi: «Məni respublikanın rəhbəri seçmək
istəyirlər. Gəldim ki, səninlə
danışım, məsləhətləşim. Orqanlardan çıxıb getmək istəmirəm,
hərçənd ki, artıq razılıq vermişəm».
Elə bu vaxt
daxili telefonla SSRİ DTK-sının sədr müavini Semyon
Kuzmiç Sviqun mənə zəng vurdu.
- Mənə bax, Filipp Denisoviç, Heydər
Əliyevi görməmisən?
-
Nə olub ki?
-
Qapıdan mənə dedilər ki, komitənin binasına daxil
olub. Amma heç
yerdə tapa bilmirəm.
Heydər əlini
yellətdi ki, mənim burda olduğumu demə.
- Görsəm, deyərəm ki, sizin
yanınıza getsin.
Sonra biz
ikilikdə söhbətimizi davam etdirdik.
- Əlbəttə
ki, mən, - deyə Əliyev daxili narahatlığını
bölüşməyə başladı, -Brejnevin təklifindən
imtina edə bilməzdim. Bu, böyük etimaddır. O, ilk olaraq hansı
mühüm sahələrlə məşğul
olmağı, respublikanın geriliyini aradan qaldırmaq
üçün cəmiyyətimizi yeyib-dağıdan korrupsiya
ilə mütləq ciddi mübarizə aparmağın gərəkli
olduğunu bildirdi».
Mərkəz.- 2010.- 23 oktyabr.- S.10-11.