Arif olanın sevgili cananı Vətəndir…
Oktyabrın 25-də sözüylə əbədiyyət
qazanan Hacı Mailin doğum günüdür
Ölüm
haqdır, bir gün gələr, bir gün gedər deyiblər. Amma elə bu dünyanın özündəcə
yaşamı ilə ölümsüzlük qazanan kəslər
də var. Kimi səsiylə, kimi sözüylə… Bu da Yaradanın bir lütfüdür ki, bunu hər
bəndəsinə nəsib etmir. Belə
lütf sahiblərindən biri haqqında
danışacağam. O lütf sahibi ki, hələ
sağlığında ikən sözüylə özünə
əbədiyyət qazanıb. Hal əhli kimi
tanıdığımız Hacı Maildir o şəxs… Məncə, titullarını sadalamağa dəyməz,
təqdimat üçün elə təkcə ismi yetər.
Gəlin, sizlərlə birgə ustad qəzəlxanın
ömür yoluna nəzər salaq…
Şeirdə, Mail, Füzulidir mənə
ustad olan…
Oktyabrın 25-də Bakının qədim
Nardaran kəndində atası İsmayıl kişinin tərbiyəsi
ilə böyüyən Hacı Mailin elə
ilk müəllimi də atası olub, desək
yanılmarıq. Çünki klassik Şərq ədəbiyyatına,
xüsusən, Məhəmməd Füzuli
yaradıcılığına dərindən bələd olan
İsmayıl kişi Qurani-Kərimi, Məhəmməd
Peyğəmbərin (s) hədislərini və şəriət
hökmlərini mükəmməl bilirdi. Öz evində
tez-tez dini və ədəbi məclislər təşkil edər,
o zamanın söz və irfan əhlini bu məclislərə
dəvət edər və bu məclislərdə Nizami, Xaqani,
Hafiz, Sədi, Füzuli, Nəsimi, Həqiqi, Seyid Əzim və
digər böyük sənətkarların çətin
anlaşılan qəzəlləri, qəsidələri şərh
olunardı. Elə bu ürfan məclislərinin təsirindən
idi ki, Mail sonralar Füzulini özünə ustad saydı:
- Şeirdə, Mail, Füzulidir
mənə ustad olan,
Bəs necə can verməyim,
söylə, belə ustad üçün.
Məktəbdə oxuyarkən Mail şair
Məhəmmədəli Şəfai, Hacı Kazım,
Ağahüseyn Əfzun, Seyidağa kimi şairlərlə
yaxından tanış olur (sonralar onlarla
dostluq edir). Məktəbdə ədəbiyyat dərnəkləri
təşkil edir. Hacı Mail rəsmi təhsillə
yanaşı, o vaxt Nardaranda və ətraf kəndlərdə
tanınmış alim, şair və arif Hacı Şeyx Əli
“Tuti”dən şəriət və irfan, Paşa Mirzəbağır
oğlundan (Əzadar) əruz və qafiyə, Zirə kəndində
şeyx Əhməddən hüsni-xətt (qeyd etmək
lazımdır ki, Hacı Mailin nəstəliq xəttində
gözəl xətti vardı), Binə kəndində Ağa
Mövsüm Naseh təxəllüsdən (Nəcəf alimi)
hikmət və fəlsəfə, əslən iranlı olan Məşədi
Lətifdən fars dili və ədəbiyyatı dərsləri
alır. 1954-cü ildə Mail orta məktəbi
bitirir.
Ol şəxsə deyin: -Mailin ünvanı vətəndir...
1956-cı ildə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutuna daxil olur.
İdmana böyük həvəsi olan Mail boks
üzrə müxtəlif yarışlarda iştirak edir. Bir çox yarışların qalibi olur. 1960-cı ildə bu institutda təhsilini başa
vurur. 1977-ci ilə kimi müxtəlif vəzifələrdə
çalışır.
Hacı Mailin
bir şair kimi püxtələşən və məşhurlaşan
vaxtları 1955-1979-cu illərə təsadüf edir. Onun yazdığı qəzəllər
dillərdə əzbər gəzir, hamı tərəfindən
sevilir. Xanəndələr toylarda Mailin
qəzəllərini oxuyurdular:
- Arif olanın sevgili
cananı Vətəndir,
Həm namusu, həm qeyrəti,
vicdanı Vətəndir.
Hər kəs vətəni sevməsə,
insan deyil əsla,
İnsan olanın cismidə
həm canı Vətəndir.
Min dərdə düçar olsa
da, övladi-vətən gər,
Hər çarəsini qılmağa
Loğmanı Vətəndir.
Yarın qəmi-hicranına
dözməkdə nə vardır,
Ən müşkül olan dəhrdə,
hicrani-Vətəndir.
Ölsəm Vətən uğrunda buna
fəxr edərəm mən,
Könlüm, nə zaman istəsə,
qurbani-Vətəndir.
Hər kəs soruşa gər mənim
ünvanımı sizdən,
Ol şəxsə deyin: - Mailin
ünvanı vətəndir.
Qeyd edək
ki, Azərbaycan xanəndələrinin Füzuli, Seyid Əzim
və Vahiddən sonra qəzəllərinə ən çox
müraciət etdikləri şair Hacı Mail olub. Elə indi də belədir.
Mailin döndü evipir oldu...
… Hacı Mail 1977-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna
elmi işçi kimi işə qəbul olunur. Baxmayaraq ki,
aldığı təhsil başqa sahəyə aid idi, lakin
türk, fars və ərəb dillərini
mükəmməl bilməsi, (o zaman Bakıda ərəb və
fars dillərini öyrənmək üçün xüsusi
kurslar vardı, Hacı Mail bu kurslarda da təhsil
almışdı) klassik Şərq ədəbiyyatına dərindən
bələdliyi və ərəb əlifbası ilə gözəl
bir xəttə malik olması onun bu instituta məmnuniyyətlə
qəbul edilməsinə səbəb olur. Akademiya
Hacı Mailin həyatında böyük dəyişikliklərə
gətirib çıxarır. Burada o,
özünə gözəl alim dostlar qazanır. Mərhum
akademik Ziya Bünyadov, akademik Həmid Araslı, professor
cahangir Qəhrəmanov, akademik Bəkir Nəbiyev, akademik
Hacı Vasim Məmmədəliyev və bir çox başqa
böyük alim və səmimi insanlarla dostluq onun elmi fəaliyyətində
də özünü göstərir. Ömrünün sonuna
qədər - yəni, 20 ildən artıq bir dövr ərzində
məhsuldar işlədiyi bu institutda Hacı Mail Məhəmməd
Füzuli divanının elmi-tənqidi mətni üzərində
tədqiqat işi ilə məşğul olub, Füzulinin
müxtəlif ölkələrdə qorunub-saxlanılan 20-dən
çox əlyazma nüsxəsinin üzərində
araşdırmalar aparıb. Lakin uzun müddət əlyazma
halında qalan bu kitab, nəhayət, 1996-cı ildə Məhəmməd
Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı
ilə çap olunur.
Bundan başqa, o, məşhur Qaraqoyunlu
hökmdarlarından olan cahanşah Həqiqinin əsərlərini
çapa hazırlayıb, Azərbaycanın
tanınmış şairlərinin növhə və mərsiyələrindən
ibarət “Dahilərin göz yaşı” adlı kitabı
çap etdirib. Redaktorluğu altında buraxılan kitablar
bunlardır: “Kişvərinin seçilmiş əsərləri”,
Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin
elmi tənqidi mətni, “Hacı Şeyx Əli Tutinin şeirləri”
və s. Baxmayaraq ki, müxtəlif qəzet və dərgilərdə
şeirləri, qəzəlləri çap olunur, lakin ilk dəfə
kitab halında 1986-cı “Yazıçı” nəşriyyatında
buraxılan “Qəzəllər” toplusunda 60 qəzəli
çap olunub, 1994-cü ildə isə “Azərbaycan” nəşriyyatında
dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyi
münasibətilə “Qəzəllər” kitabı
buraxılıb.
1990-cı ildə
Hacı Mail öz evində əsası 1860-cı ildə
Bakı şəhərində qoyulmuş, lakin sovet hökuməti
tərəfindən 1924-cü ildə qapanan “Məcməüş-şüəra”
ədəbi məclisini bərpa edir. Bu münasibətlə məclisin üzvü mərhum
Namiq Şəfayi yazır:
... Yığılıb gəldi
bütün şairlər,
Məsləhət
eylədi, tədbir oldu.
Şüəra məclisi, bu ali bina,
Düzəlib,
bir daha təmir oldu.
Şükrilillah ki, yetişdim kamə,
Mailin döndü evi pir oldu...
mən getdim, həmən möhnəti-hicran
sizin olsun!...
Əruz vəznində,
sonradan isə hecada və sərbəst vəzndə də
yazan şairlər Hacı Mail tərəfindən bu məclisə
dəvət olunurlar. Qeyd edək
ki, “Məcməüş-şüəra”nın
fəaliyyəti televiziyada işıqlandırılırdı.
Bir çox məşhur qəzəl yazan
şairlər - Həkim Qəni, Rüstəm Samit, Cəfər
Rəmzi, Mirzə Müştaq, Ağaəmi Buzovnalı, Elnarə
Buzovnalı, Hacı Ələmdar Mahir, Hacı Qəzənfər
Talib, Hacı Yaşar cahid və başqaları bu məclislərin
daimi iştirakçıları idilər.
1994-cü ildə
Hacı Mail “Füzuli ədəbi məclisi” adlı yeni bir
şeir məclisi təşkil edir. Ömrünün sonuna kimi - yəni,
1999-cu ilə qədər bu məclisə rəhbərlik edir.
1995-ci ildə
Hacı Mailin 60 illik yubileyi dövlət tərəfindən təntənəli
surətdə qeyd edilir. Vəfatından
sonra 2005-ci ildə 70 illik yubileyi Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi tərəfindən Heydər Əliyev adına
sarayda rəsmi surətdə qeyd olunur. Həmin ildə “Lider”
televiziya kanalı Hacı Mailin həyat və
yaradıcılığına həsr olunmuş “Hacı Mail
nağılı” filmini çəkir (Rejissor Ələkbər
Muradov, ssenari müəllifi Zahir Adiloğlu). Tanınmış
jurnalist Zahir Adiloğlu Hacı Mailin xatirəsinə həsr
olunmuş “Sonsuz ömrə nöqtə qoyulmaz” adlı kitab
çap etdirir. 2006-cı ildə
“Divan”ı və “Qoşmalar” kitabı nəşr olunur.
Hacı Mail 1962-ci ildə ailə qurmuş, Allah-təala ona 4
oğul və 6 nəvə bəxş etmişdi.
Hacı Mail
1999-cu ildə ağır xərçəng xəstəliyinə
düçar olur. Uzun müddət Tehranda müalicə alır. Lakin təəssüflər olsun ki, bütün bu
müalicələr və cərrahi müdaxilə heç
bir nəticə vermir. Hacı Mail uzun
sürən xəstəlikdən sonra 1999-cu ilin avqust
ayının 22-də Nardarandakı evində vəfat edir.
O, İmam Rzanın (ə) bacısı Rəhimə
xanımın məqbərəsi yaxınlığında dəfn
edilir. Ölümünə bir gün qalmış gənc
yaşlarında yazdığı - “Arif olanın sevgili cananı
vətəndir” rədifli qəzəlinə cavab olaraq
yazır:
«Ey əhli-vətən, siz mənim
ünvanımı bildiz,
Bundan sora bu sevgili
ünvan sizin olsun.
Keyfiyyətin axırda
bilərsiz bu cəhanın,
Zövqü yox olan mülki-
Süleyman
sizin olsun.
Yarın qəmi-hicranına çox
dözmüşəm, indi
Mən getdim, həmən möhnəti-
hicran sizin olsun!..»
Bunları yazdıqdan sonra görkəmli qəzəlxan
dünyasını dəyişib...
Allah rəhmət eləsin!
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 23 oktyabr.- S. 9.