Quran və elm

 

Keçən əsrin ortalarında dünyanın bir sıra görkəmli fizikləri və kimyaçıları bütün qüvvələrini sərf edərək atomun parçalanmasına nail olmuşlar. Dünyanı lərzəyə salan atom bombası məhz bunun nəticəsində yaranmışdır.

Qurani-Kərimdə isə nəinki atomun varlığına işarə edilmiş, hətta ondan da kiçik hissəciklər ola biləcəyi bəyan edilmişdir.

Yunus surəsi, ayə 61:

"Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"

Səba surəsi, ayə 3:

"Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın".

Səba surəsi, ayə 22:

"Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın. Onlar göylərdə və yerdə zərrəcə bir şeyə sahib deyillər".

Nisa surəsi, ayə 40:

"Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz".

Zilzal surəsi, ayə 7-8:

"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun mükafatını, kim də zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir".

Bir daha qeyd edirik ki, XIX əsrə qədər elmə hakim olan atomun parçalanmazlığı, bölünməzliyi fikri idi. Lakin XX əsrdə alimlər atomu parçalaya bildilər. Bunun nəticəsində də atomda üç ünsürün - proton, neytron və elektronun varlığı bəlli oldu. Qurani-Kərimdəki "zərrədən daha kiçik" ifadəsi atomun parçalanmasının mümkün olduğuna açıq-aydın bir işarədir.

Səba surəsində işlənmiş "nə göylərdə, nə də yerdə" ifadəsi yerdəki atomların özəlliklərinin Günəş və ulduzlarda da eynilə mövcud olduğunu bildirməkdədir.

Müasir Quran müfəssiri Yusif Mürüvvə qeyd edir ki, Səfəvilər dövründə yaşayıb-yaratmış məşhur islam alimi Məhəmməd bin Hüseyn Bəhaəddin Amili (?-1622) özünün "əl-cövhərül-fərd" əsərində atomun parçalana biləcəyi nəzəriyyəsini irəli sürmüş, Qurani-Kərim isə həmin fikri çox-çox əsrlər bundan əvvəl bəşəriyyətə bəyan etmişdir. Şübhə yoxdur ki, dövrünün böyük alimi Bəhaəddin Amili bu məsələdə Qurani-Kərimə əsaslanmışdır.

 

XXI söhbət

 

Su haqqında

 

Quran Yer üzündə baş verən təbiət hadisələrinə dair verdiyi xəbərlərdə suya böyük önəm vermişdir. Suyun Yer üzündə daim dövr etməsi bu ayələrdə xüsusi bir dəqiqliklə təsvir edilmişdir.

Suyun insan həyatındakı əhəmiyyətinə toxunan Quran ayələrini oxuduğumuz zaman onların çağdaş elmin və texnikanın anlayışları ilə uyğun gəldiyinin şahidi oluruq.

Yeraltı suların, yağışların torpağa sızması nəticəsində təşəkkül tapması fikri eramızdan əvvəl birinci yüzillikdə yaşamış romalı Vitruv adlı bir mütəxəssis tərəfindən irəli sürülsə də, bu görüş ilkin və sonrakı orta əsrlərdə geniş yayılmamışdır.

Miletli Falesin (e.ə.640-546) e.ə. VII əsrdə irəli sürdüyü nəzəriyyəyə görə, yeraltı sular Yer üzündə əsən küləklər vasitəsilə havaya fışqıran okean sularının torpağa düşüb, ora hopması nəticəsində yaranır. Platon (e.ə.428-348) da bu fikrə tərəfdar çıxmış, XVIII əsrdə Dekart həmin fikri müdafiə etmişdir. Aristotel isə belə hesab edir ki, yerdən yüksələn su buxarı dağların soyuq çuxurlarında qatılaşıb kəsifləşərək yeraltı gölləri əmələ gətirir. Bulaq suları da mənbəyini həmin göllərdən alır.

Suyun daim dövr etməsi barədə ilk elmi fikir 1580-ci ildə Bernar Palissi tərəfindən irəli sürülmüşdür. O belə hesab edir ki, yeraltı sular yağış sularının torpağa sızması nəticəsində yaranır. Bu fikir elmi bir nəzəriyyə kimi XVII əsrdə qəbul edilmişdir. İndi bu məsələ ilə əlaqədar bəzi Quran ayələrinə nəzər salaq:

Əraf surəsi, ayə 57:

"Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız".

Rəd surəsi, ayə 17:

"Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı".

Muminun surəsi, ayə 18:

"Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dəniz, çay və göllərdə, quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik".

Rum surəsi, ayə 48:

"Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi sevinərlər".

Fatir surəsi, ayə 9:

"Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən. Biz (o buludları) quru bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir".

Zumər surəsi, ayə 21:

"(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara (qaynaqlara) axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?!"

casiyə surəsi, ayə 5:

"Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümdən sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır".

Palissinin "Su qaynaqları yağmurdan təşəkkül tapır" fikri Zumər surəsinin "yağış sularının yerdəki su qaynaqlarına axıdıldığı" ifadəsinin eynidir.

Allah-təala Vaqiə surəsinin 68-70-ci ayələrində buyurur:

"Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı (bir su) edərdik".

Ayədən məlum olur ki, "əgər Allah istəsəydi, təbii (şirin) suyu acı edərdi". Bu, əslində Allahın hər şeyə qadir olduğunu, onun üçün qeyri-mümkün bir şey olmadığını bildirən bir postulatdır. Ayənin digər mənası isə insanın buluddan yağış yağdırmasına meydan oxumaqdır.

Məlumdur ki, çağdaş dövrdə insan elmin, texnikanın yardımı sayəsində buluddan su almağa, yəni süni yağış yağdırmağa qadirdir. Bu zaman belə bir sual meydana çıxa bilər: müasir texnikanın bu nailiyyəti Allahın insana meydan oxuması ilə ziddiyyət təşkil etmirmi?!

Məsələyə diqqətlə yanaşdıqda aydın olur ki, bu, heç də belə deyil. Çünki insan süni yağışı ancaq və ancaq yağmura qadir olan buluddan ala bilir. Yağmura qadir olmayan buluddan süni yağış yağdırmaq heç cür mümkün deyildir. Buludları isə yağış üçün əlverişli, yaxud qeyri-əlverişli edən yalnız Allahdır. İnsan yağış üçün əlverişli olmayan buluddan heç bir elmin, texnikanın köməyilə yağış ala bilməz. Ona görə də insan istədiyi yerdə süni yağış yağdıra bilmir və quraqlıq bəşəriyyət qarşısında bir problem olaraq qalır.

 

 

Mərkəz.- 2010.- 27 oktyabr.- S. 16.