HEYDƏR ƏLİYEV

 

Heydər Əliyev heç vaxt öz keçmişindən imtina etməyib. Azərbaycanın 70 illik sovet tarixini qiymətləndirərkən, o, inamla deyirdi: «Bu illərdə Azərbaycanın maarifi, təhsili, mədəniyyəti, iqtisadiyyatı böyük sürətlə inkişaf etmişdi. Azərbaycanın siması dəyişmişdi, respublikamız möhkəmlənmişdi və Azərbaycanda böyük intellektual potensial yaradılmışdı».

Bu, həqiqətən də belədir. 70 illik sovet dövrünün təqribən beşdə bir hissəsini - 14 ilini Azərbaycana Heydər Əliyev rəhbərlik etmişdir. O, iqtisadiyyatın, elmin böyük sıçrayışla irəli getməsinə, öz xalqının mənəvi yaddaşını dirçəltməyə nail olmuşdu. Söhbətin bu yerində dəqiq statistik məlumatlara nəzər salmaq yerinə düşər: Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 849 məktəb, 44 muzey istifadəyə verilmişdi. 1971-ci ildə respublikada cəmşid Naxçıvanski adına hərbi təmayüllü ilk internat-məktəbin yaradılması da onun adıyla bağlıdır. Azərbaycanın görkəmli generalının adını daşıyan bu məktəb hal-hazırda hərbi lisey kimi fəaliyyət göstərir. Bu liseyin əsl hərbi təhsil ocağı kimi formalaşmasına ciddi nəzarət edən Heydər Əliyev onu müəyyən mənada, öz yetirməsi hesab edirdi. Əlbəttə ki, bu da uzaq gələcəyə hesablanmış bir addım idi. Heydər Əliyev hiss edirdi ki, gələcəkdə doğma respublikaya öz hərbi kadrları lazım ola bilər.

Eyni zamanda, bu addım «azərbaycanlılar yalnız alveri bacarırlar» deyən bədnam qonşulara inamlı cavab idi. Bəli, azərbaycanlılar ticarəti yaxşı bacarırlar və bu hörmətli peşə ilə fəxr edirlər, çünki bəşər yaranandan bəri insanların ticarətsiz yaşaması mümkün deyil.

Amma bununla bərabər, azərbaycanlılar ta qədimdən anda sadiq və cəsarətli əsgər, məğrur döyüşçü olublar. Təəssüf ki, Rusiyada bir çoxları bilmirlər ki, hələ 200 il əvvəl, Krım müharibəsində rus qoşunlarının sırasında 4 azərbaycanlı polku da böyük şücaətlə vuruşmuşdur. Azərbaycanlı döyüşçülər Birinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi cəbhələrində də özlərini yalnız yaxşı tərəfdən göstərmişlər. Onlardan 120-si Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Mixail Qusman 70-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsində işləmişdir. Sonralar Moskvaya köçmüş, İTAR-TASS informasiya agentliyində fəaliyyətə başlamışdır. Hal-hazırda dünyanın ən məşhur agentliklərindən olan İTAR-TASS-ın baş katibinin birinci müavini vəzifəsində çalışır. Onu da qeyd edək ki, Tver bulvarında yerləşən bu binanı TASS-çı veteranlar «Əliyev binası» adlandırırlar, çünki SSRİ Nazirlər Sovetində işlədiyi vaxt məhz Heydər Əliyevin sərəncamı ilə burada İTAR-TASS agentliyi üçün yeni bina tikilməsinə başlanmışdı. Mixail Solomonoviç Qusmanın kabinetində elə indinin özünə qədər Azərbaycanın böyük xəritəsi asılıb.

- Axı, bu mənim vətənimdir, - Qusman baxışlarını xəritəyə zilləyir, - mən indi də Azərbaycanda baş verən hadisələri çox diqqətlə izləyirəm. Bilirsiniz, illər keçəndən sonra insan bir çox hadisələrə tamam başqa gözlə baxır, o cümlədən də hərbi təmayüllü internat-məktəbin yaranmasına. Azərbaycanlı uşaqların hərbi xidmətə onsuz da çox həvəsi yox idi. Əlbəttə, o vaxt heç kimin ağlına da gəlmirdi ki, bir neçə il sonra Qarabağda vuruşmaq lazım gələcək. Amma Heydər Əliyev bu qərarı qəbul edəndə fikirləşmişdi ki, respublikaya ixtisaslı hərbi kadrlar gərəkdir. Bu nə idi? Uzaqgörənlik? Yaxud o, başa düşürdü ki, müstəqil dövlət bunsuz yaşaya bilməz? Mənə elə gəlir, o hiss edirdi ki, bu hərbçi kadrlar gələcəkdə onun xalqına çox lazım olacaq.

Mixail Solomonoviç Qusman qonaqların qabağına qurudulmuş albalı qoyur, ara-sıra telefon zənglərinə cavab verərək söhbətinə yekun vurur:

- Əlbəttə, Heydər Əliyev yalnız hərbi kadrların yetişdirilməsiylə məşğul olmurdu. Mənə elə gəlir ki, o, komsomol komitəsinin katiblərinin hamısını şəxsən tanıyırdı. İndi menecerlərin, idarəçilərin yetişdirilməsi barədə çox danışırlar. Sovet İttifaqında bu funksiyanı, dövlət kadrlarının yetişdirilməsini komsomol yerinə yetirirdi. Məhz buna görə KP MK-nın birinci katibi komsomol komitələrinin liderlərinə, onların fəaliyyətinə xüsusi diqqət yetirirdi. Təəssüf ki, biz bu təcrübəni keçmiş dövrdən indiki zamana gətirə bilmədik.

1975-ci ilin oktyabrında Bakıda sovet ədəbiyyatı günləri keçirilirdi. Azərbaycanın paytaxtına SSRİ-nin ən tanınmış şair və yazıçıları gəlmişdilər. Onlar oxucularla görüşlər keçirmiş, müxtəlif tədbirlər təşkil etmiş və ən sonda Səməd Vurğunun ev-muzeyinin açılış mərasimində iştirak etmişdilər. Səməd Vurğunun şeirlərini Heydər Əliyev gənclik dövründən çox sevirdi.

MK-nın birinci katibinin təşəbbüsüylə 1982-ci il martın 23-də Azərbaycanın başqa bir görkəmli ədibinin - cəfər cabbarlının da ev-muzeyi açıldı. Bir qədər əvvəl isə Şuşada olan Heydər Əliyev böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılışında da iştirak etmiş, çox təsirli bir nitq söyləmişdi.

Görəsən, o vaxt kimsə təsəvvür edirdimi ki, 10 ildən sonra erməni vəhşiləri Sovet ordusu əsgərlərinin köməyi ilə Azərbaycanın qədim və müqəddəs şəhəri Şuşanın üzərinə od-alov yağdıracaq və işğalçılar humanist şairin məqbərəsini yerlə yeksan edəcəklər...

...Respublikaya rəhbərlikdə keçən 14 il… Maraqlıdır, görəsən, lider Azərbaycanın inkişafına dair konkret plana malik idi, yoxsa, öz intuisiyasına inanaraq qarşısına çıxan problemləri addım-addım dəf edirdi. Fikrimizcə, mübahisə etməyin yeri yoxdur. Yəqin ki, planlı iqtisadiyyat Azərbaycanın inkişafını da ümumittifaq kontekstindən ayrı tutmurdu. 60-cı illərin sonlarına yaxın respublika bir çox iqtisadi göstəricilərinə görə İttifaqın inkişafından geri qalırdı. İqtisadiyyatın bir çox sahələrini inkişaf etdirmək, yeni iş yerləri açmaq lazım gəlirdi. Ən başlıca vəzifə isə neft sənayesini böhrandan çıxartmaq idi. 60-cı illərin sonunda neft hasilatı 1,3 milyon ton, qaz hasilatı isə 659 kubmetr aşağı düşmüşdü.

Neft, qaz və kömür istehsalının vəziyyəti SSRİ Nazirlər Sovetinin xüsusi olaraq diqqət mərkəzində idi. Energetika məsələlərinə Nazirlər Sovetinin sədri Kosıgin şəxsən özü baxırdı. Heydər Əliyevin fəaliyyətinin həmin dövrünə işıq salmaq üçün «Azərbaycan nefti dünya siyasətində» adlı çox dəyərli kitaba müraciət edəcəyik. Kitabda qeyd edilir ki, «KP MK-nın birinci katibi Heydər Əliyev neft sənayesinin geriləməsinin və bu əhəmiyyətli sənaye sahəsindəki gərginliyin əsl səbəblərini açmağa nail olmuşdu».

Heydər Əliyevlə bağlı zəngin xatirələri olan Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, tanınmış neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadə söhbətə bir qədər uzaqdan başladı:

- Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə oldu. Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəl Moskvada keçirdiyi rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. O vaxt hörmətli qonağı Qum adasına müşayət edən rəsmi şəxslərdən biri də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev idi. Tanışlığımız buradan başladı... Azərbaycan KP MK-nın 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Bu Heydər Əliyevin MK-nın birinci katibi seçilməsindən sonra keçirilən ilk plenum idi. Heydər Əliyev plenumdakı məruzəsində ötən beşillikdə neft sənayesinin işini də dərindən təhlil edərək, iqtisadiyyatın bu başlıca sahəsində yaranmış geriliyin və gərgin vəziyyətin əsl səbəblərini göstərdi, görüləcək işlərin konkret proqramını verdi...

1970-ci ildə Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və onun əvəzində «Xəzərdənizneft» və «Azneft» istehsalat birlikləri yaradıldı. Məhz Heydər Əliyevin tapşırığı ilə Xoşbəxt Yusifzadə «Xəzərdənizneft» İstehsalat Birliyinin baş geoloqu vəzifəsinə təyin olundu. O, yeni birinci katibin o vaxt Azərbaycanın neft sənayesi üçün gördüyü işləri indi də unutmur:

- Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Heydər Əliyev həm dəniz, həm də quruda neft və qaz hasilatının ən müxtəlif problemləri ilə maraqlanır və onların həllinə yardım göstərirdi. Bunun nəticəsində də dənizdə geoloji-kəşfiyyat işlərinin səmərəliliyi sürətlə artırdı. Onun respublikaya rəhbərliyinin qısa dövründə 8 yeni neft-qaz yatağı kəşf edildi.

Artıq 1975-ci ildə ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona (şərti-yanacaqla) çatdı və 1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçdi...

Ölkənin fəxri olan bu sənaye sahəsində bəs əvvəllər nələr baş verirdi? Geoloji kəşfiyyat işləri geriləyir, mövcud resurslar dağıdılır, istehsalatda qəzaların sayı artırdı. Buruqlar sıradan çıxırdı. Bununla belə, 10 il ərzində respublikanın sənayesinə qoyulan maddi vəsaitin 45%-i neft hasilatı sənayesinə yönəldilirdi. Lakin 1966-cı ildən başlayaraq neft hasilatı ildən-ilə azalırdı. H. Əliyev respublikanın rəhbəri təyin olunandan sonra bir çox savadlı mütəxəssislərlə, istehsalatçılarla, mühəndislərlə, təcrübəli briqadirlərlə məsləhətləşdi. Ümumi fikir belə idi ki, neft sənayesinin başlıca problemi qazma işlərinin geriləməsiylə bağlıydı.

1966-70-ci illər ərzində quyuların ümumi qazma həcmi bir milyon metrə qədər azalmışdı. Qazılan quyuların 31%-i layihədə nəzərdə tutulan dərinliyə qədər çatdırılmamışdı. İş vaxtının çox hissəsi qəzaların aradan qaldırılmasına sərf olunurdu. Bu rəqəmləri verərkən biz yuxarıda adı çəkilən kitaba istinad edirik.

Böyük hazırlıq prosesindən sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi neft sənayesi işçilərinin böyük müşavirəsini keçirdi. Bu, ümumiyyətlə neft və neft hasilatı ilə əlaqədar zəngin təcrübəsi və biliyi olan insanların toplaşdığı böyük bir iclas idi. O zaman Heydər Əliyev neft mütəxəssislərinə üzünü tutaraq demişdi:

- Mühəndis-texniki heyətdən, «Xəzərdənizneft» və «Azərneft»in geoloqlarından, hər iki birliyin rəhbər işçiləridən ilk növbədə tələb olunan odur ki, köhnə yataqlarda istismar şəraitini yaxşılaşdırmaqla, neft hasilatının sabit səviyyəsini təmin etsinlər, ələlxüsus, mezazoy qatlarına diqqət yetirsinlər ki, neft və qaz hasilatı artsın. Ələlxüsus da dənizdə neft və qaz yataqlarının işlənməsinə diqqət yetirmək lazımdır».

Heydər Əliyev kabinet məmurlarından deyildi. Düzdür, o, birinci katib vəzifəsinə uyğun olaraq, iş gününün böyük hissəsini iş stolunun arxasında oturmalı olurdu. Lakin onu mütəmadi olaraq neft mədənlərində, neft emalı zavodlarında, həmçinin alimlərin laboratoriyalarında görmək olurdu. Onun səfərləri qətiyyən diletant bir məmurun və ya yüksək səviyyəli qonağın gəzintisinə bənzəmirdi. O, bilmədiyi şeyləri soruşmaqdan da heç vaxt çəkinmirdi. Məşhur alimlər Azad Mirzəcanzadə, Artur Rəsizadə (hal-hazırda Azərbaycan Respublikasının baş naziri) ilə məsləhətləşir və artıq həyatdan köçmüş böyük kimyaçı alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, respublika Elmlər Akademiyasının akademiki Yusif Heydər oğlu Məmmədəliyevin əsərlərinə müraciət edirdi. Yusif Məmmədəliyev kimi insanlar haqqında deyirlər ki, onlar işdə alışıb yanırlar. Müharibə illərində, o, aviasiya yanacağına yüksək keyfiyyətli əlavələrin metodikasını işləyib hazırlamış, buna görə Stalin mükafatına layiq görülmüşdü (sonralar bu mükafatın adı dəyişdirilərək Dövlət mükafatı adlandırıldı). Onun daha bir kəşfi «Molotovun kokteyli» adı altında Böyük Vətən müharibəsinin tarixinə daxil olmuşdu. Faşist tanklarını odlara bürüyən bu maddə qarışığından hətta XXI əsrin barrikadalarında da istifadə olunduğu üçün o bu gün də məşhurdur.

Rəqəmləri adətən darıxdırıcı adlandırırlar. Lakin istehsalatdan danışanda, rəqəmsiz keçinmək mümkün deyil. «Azərneft» İstehsalat Birliyi qaz hasilatı üzrə 9-cu beşilliyin planını 3 il yarıma, neft hasilatı üzrə isə 4 il 8 aya yerinə yetirmişdi.

İndi isə artıq yeni üfüqlər fəth etməyin vaxtı çatmışdı. Heydər Əliyevin təşəbbüsüylə SSRİ Nazirlər Soveti və Sov. İKP MK 1974-cü ildə Xəzər dənizinin dərin qatlarında geoloji kəşfiyyat işlərinin sürətləndirilməsiylə və dərin qatlarda işləmək üçün yeni qazma avadanlıqlarının istehsalı ilə bağlı sərəncam hazırlayır.

«Ötən əsrin 70-ci illərinədək Xəzər neftçilərinin sərəncamındakı texniki vasitələr bizə dənizin dərinliyinin yalnız 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi, - deyə Xoşbəxt Yusifzadə sözünə davam edir. - Xəzərin Azərbaycan sektorunda suyun dərinliyi 40 metrə çatan perspektivli sahələrdə bütün neft-qaz yataqları o vaxtadək, demək olar ki, artıq aşkar olunmuş, dənizdə neft və qaz çıxarılması imkanları xeyli azalmışdı.

Heydər Əliyevin təşəbbüskarlığı və iradəsi, keçmiş İttifaqın neft və qaz sənayesinin rəhbərləri ilə danışıqları, SSRİ rəhbərləri ilə görüşləri, Azərbaycanda neft və qaz sənayesinin perspektivliyinin elmi dəlillərlə sübutu ona gətirib çıxardı ki, SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin böyük dərinliklərində görüləcək işlər üçün vəsait və texnika ayırdı. Nəticədə, ötən əsrin 70-80-ci illərində müxtəlif təyinatlı gəmilərin - ağır yük qaldıran kran gəmilərinin, borudüzən, seysmik, sərnişin gəmilərinin sayı 450-ni keçdi. Xəzər dənizində 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan əlavə, ilk vaxtlarda dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması üçün «Xəzər» tipli üzən qazma qurğularının, sonralar isə dənizin dərinliyi 200 metrə qədər olan yerlərində işləmək üçün «Xəzərdənizneft» və «Şelf» tipli üzən yarımdalma qazma qurğularının, eləcə də «Süleyman Vəzirov» borudüzən gəmisinin alınması nəticəsində Xəzərin daha böyük dərinliklərində zəngin neft və qaz ehtiyatlarına malik yataqların kəşf edilməsinə imkan yarandı. 80-ci illərdə bu qurğuların sayı 11-ə çatdı. Nəticədə dənizin 80-350 metr dərinliyində yerləşən, bu gün ARDNŞ-in hasil etdiyi neftin 60%-ini verən «Günəşli» yatağı kəşf edildi. İndi adları bütün dünyada məşhur olan «Azəri», «Çıraq» və «Kəpəz» yataqlarının kəşfi də həmin qazma qurğularından istifadə edilməsi nəticəsində mümkün oldu.

Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün sovet dövləti rəhbərliyinin icazəsinin alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması Heydər Əliyevin iradəsinin, prinsipiallığının nəticəsi idi. Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dolları! O vaxtlar üçün bu çox böyük vəsait hesab olunurdu. Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq ağlasığmaz idi.

Bakı Dərin Dəniz Özülləri zavodunun sayəsində Xəzər dənizində kəşf olunmuş «Günəşli» yatağında indiyədək 14 özül tikilmişdir. Bu isə 244 qaz istismar və suvurucu quyuların qazılmasına imkan vermişdir. Həmin zavod indi də neft və qaz yataqlarının kəşfində və istismarında həlledici rol oynayır. Belə ki, Mərkəzi, Qərbi, Şərqi Azərinin hər birində dünya səviyyəsində yeni qazma-hasilat və texnoloji özüllərin tikilməsində və quraşdırılmasında, misli görünməmiş işlərin yerinə yetirilməsində böyük dönüş yaranması bunu deməyə əsas verir. Hazırda bu özüllər vasitəsilə qazılmış 22 quyudan orta hesabla gündə 74 min ton neft, 16,4 mln. kubmetr qaz hasil olunur».

Minlərlə insanın gərgin əməyi öz bəhrəsini verir. Bir çox yeni neft və qaz hasil edən qurğular istifadəyə verilmiş, neft-qaz emal edən zavodlar modernləşdirilmişdi. 1961-ci ildə istifadəyə verilmiş və respublikada yeganə olan qaz emalı zavodu tam gücü ilə fəaliyyətə başladı. 1986-cı ildə aparılan rekonstruksiyadan sonra zavodun istehsal gücü 6,5 milyard kubmetr qaza qədər yüksəldi.

Məişət kondisionerləri zavodunu öncə L. İ. Brejnev üçün çox doğma olan Zaporojye şəhərində tikdirmək planlaşdırılırdı. Müharibədən sonrakı ilk illərdə Leonid İliç «Zaporojyepolad» zavodunda işləmişdi, gecə-gündüz çalışaraq zavodun bərpası üçün əlindən gələni etmişdi. İttifaq nazirləri Brejnevin bu şəhərə bağlılığını bildiklərinə görə kondisioner zavodunu məhz orada tikməyi qərarlaşdırmışdılar.

Heydər Əliyev əvvəlcə Baybakovla məsləhətləşdikdən sonra Leonid İliçin yanına getdi. Leonid İliç onun arqumentlərini qəbul etdi və zavodu Bakıda tikmək qərara alındı. Onun inşası üçün Yaponiya istehsalı olan avadanlıqlar, yüksək texnologiyalar alındı və yüz minlərlə Bakı kondisioneri SSRİ-yə və xarici ölkələrə yayıldı.

Zavod 1975-ci ildə tikilib istismara verildi. Bu münasibətlə keçirilən mitinqdə birinci katib çıxış edərək dedi: «Azərbaycan sənayesinin inkişafı fəhlə sinfinin çoxsaylı nailiyyətləriylə zəngindir. Amma bu gün fəxrlə deyə bilərik ki, respublikamızın sənaye tarixində heç vaxt belə əmək hünəri göstərilməmişdi...»

Həmin illərin daha bir neçə əhəmiyyətli tikintisini qeyd edək: «Ulduz» adlı Elektrik Avadanlığı zavodu, Bakı Şampan Şərabları zavodu, Bakı Dərin Özüllər zavodu (bu zavodun tikintisi Həştərxanda planlaşdırılmışdı və avadanlığa 500 milyon dollar xərclənmişdi), «Elektroterm» zavodu, ayaqqabı fabrikləri, Lənkəran Konserv zavodu və s. Yeni müəssisələr Azərbaycanın müxtəlif regionlarında, Dağlıq Qarabağda, Gəncədə, Bakıda, Naxçıvanda tikilirdi...

10 il ərzində Azərbaycanda 22 milyon kvadratmetr yaşayış sahəsi tikilib zəhmətkeşlərin ixtiyarına verilmişdi. Bakını yeni memarlıq kompleksləri bəzəməyə başlamışdı: Respublika Ali Sovetinin binası, «Moskva», «Abşeron», «Gənclik» mehmanxanaları, Kosmik Araşdırmalar İnstitutu, yazıçıların Şüvəlandakı Yaradıcılıq evi, Dəmiryol vağzalı və Dəniz limanı...

Prezident sonralar o illəri belə xatırlayırdı:

«O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin mənə verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də yaxşılaşdırım. Bunun üçün iki şey vacib idi: Azərbaycanın Kommunist Partiyasına düzgün və uğurlu rəhbərlik etmək və öz avtoritetimi, nüfuzumu getdikcə daha da möhkəmlətmək. Mənə elə gəlir ki, bunların hər ikisinə nail olmuşam».

Moskvanın mərkəzi mətbuatında Heydər Əliyevi yeni tipli partiya rəhbəri adlandırırdılar. Bu, həqiqətən də beləydi. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindəki fəaliyyətini qiymətləndirərkən Heydər Əliyev fəxrlə deyə bilərdi: «Mən və ətrafımda toplanmış kommunist həmkarlarım bu 14 il ərzində Azərbaycan üçün böyük işlər görmüşük».

Əliyevi Moskvada da qiymətləndirirdilər. Ən əsası isə onu həmyerlilərinin çox gözəl dəyərləndirməsiydi.

- Bizim Culfa rayonunda məhsulun çox az olmasına baxmayaraq, hər il buğda əkirdilər, - deyə Dövlət Məmmədov xatırlayır, - bir hektardan üç sentner məhsul götürürdülər. Nə qədər etiraz etsək də, heç kimə heç nə sübut edə bilmirdik. Deyirdilər ki, plan belə qoyulub, verməlisiniz. Lakin Heydər Əliyev birinci katib seçiləndən sonra hər şey dəyişdi. Heydər Əliyevin sərəncamına əsasən bizim rayonumuzda da təbii şəraitə uyğun olaraq üzümçülük inkişaf etdirilməyə başlandı. Həm respublika, həm də yerli camaat üçün bu daha sərfəli idi. Üzümü biz SSRİ-nin şimal rayonlarına göndərirdik. Mənim doğma kəndimdə 64 ailə avtomobil aldı, bir çoxları zəhməthaqqı hesabına ikimərtəbəli imarətlər tikdirdilər, yaxşı mebel əldə etdilər.

Naxçıvan gözümüzün önündə dəyişirdi. Müasir tipli «Təbriz» mehmanxanası tikildi, Araz çayının üstündə su elektrik stansiyası istifadəyə verildi. Yeni tekstil kombinatı işə düşdü, mədəniyyət sarayı açıldı.

Bu hələ çəkdiyimiz bir misaldır, bunların sayını istənilən qədər artırmaq da olar...

Arxiv sənədlərinə müraciət edib başqalarını da əlavə edək:

...1970-ci ildən etibarən Azərbaycanda bütün məktəblərdə birinci sinifdən rus dili tədris olunmağa başlandı. 2 il sonra MK-nın bürosu respublikanın orta məktəblərində rus dilinin tədrisinin yaxşılaşdırılması üçün kompleks tədbirlər planını təsdiq etdi.

..1973-cü il martın 13-də MK-nın bürosu böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinin qeyd olunmasıyla bağlı bayram tədbirlərinin planını nəzərdən keçirdi.

...Bakıya üçüncü içməli su xəttinin çəkilməsiylə bağlı məsələyə baxıldı...

...Sərəncama əsasən 9 may 1973-cü ildə Bakıda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi qoyuldu («Mixaylo» adı ilə tanınan partizanın təmiz adının necə qaytarılmasını yəqin xatırlayırsınız).

İndi isə, əziz oxucu, həmişə zarafatı sevən bakılılara qoşulub birgə gülək. «Azərbaycanfilm» kinostudiyası qəhrəman partizan haqqında «Uzaq sahillərdə» adlı bədii film çəkmişdi. Filmdə baş qəhrəmanı gözəl aktyor Nodar Şaşıqoğlu oynayırdı. Axtarış tədbirlərini həyata keçirən alman faşistləri postlara belə bir həyəcan siqnalı verirlər: «Mixaylo şəhərdədir». Heydər Əliyev isə şənbə və bazar günləri şəhərə çıxmağı, mağazalara, kafelərə baş çəkməyi, xalqa necə xidmət göstərildiyinə nəzarət etməyi sevirdi. Bu gəzintilər zamanı ticarətçilər arasında pıçhapıç başlanırdı. Elə həmin günlərdə Bakıda belə bir ifadə yayılmışdı: «Mixaylo şəhərdədir».

Bundan xəbər tutan Heydər Əliyev başqalarından çox gülmüşdü.

1975-ci il yanvarın 1-də respublika televiziyasının ikinci telekanalı işə düşdü, Şəki şəhərində Dövlət Dram Teatrı təsis edildi, Bakıda İnşaat Mühəndisləri İnstitutu açıldı. Bütün bunlar əlbəttə ki, birinci katibin hədsiz zəhmətinin bəhrəsi idi.

 

 

Mərkəz.- 2010.- 27 oktyabr.- S. 10-11.