“Quran və elm”
XXII söhbət
Suyun təbiətdəki dövrü
Müasir elm
sübut edir ki, Günəşin isti şüaları dənizlərin,
okeanların və Yer üzündə olub torpağa sızan
suların buxarlanmasına səbəb olur.
Bu şəkildə
meydana gələn su
buxarı atmosferə qalxıb orada kəsifləşir,
qatılaşır və nəticədə buludlar
təşəkkül tapır. Əsən küləklər
bu buludları müxtəlif tərəflərə
qovur, bəzi buludlar yağmur vermədən səmanın müxtəlif
yerlərində itib qeyb
olur. Bəzi iri bulud topaları başqa topalarla birləşir, bəzən də yağmur vermək məqsədilə bölünüb parçalanır.
Yağış suyu Yer
üzünün 70%-ni təşkil edən
dənizlərə, okeanlara düşər-düşməz
öz daimi dövrünü tamamlamış olur. Yağmur torpağa düşdükdən sonra onun bir
qismi bitkilər tərəfindən sovrularaq onların böyüməsinə səbəb
olur. Bitkilər də, öz
növbəsində, sovurduqları suyun bir qismini tərləmə
yolu ilə atmosferə geri
verir. Yağışın
digər qismi dərhal torpağın
altına sızır, oradan da yeraltı su
qaynaqlarını taparaq dənizlərə,
okeanlara axır, yaxud
digər su yolları vasitəsilə yerüstü su şəbəkələrinə
qayıdır və yenidən torpağa
sızır.
Quran
ayələri suyun təbiətdəki daimi dövrü barəsində
bizə müasir elmin
nailiyyətləri ilə səsləşə bilən məlumatlar
verməklə yanaşı, dənizlər haqqında da orijinal, hətta müasir elmin özü üçün
belə yeni olan məlumatlar
verir.
XXIII söhbət
Dənizlər
haqqında
Allah-təala qoynunda
cürbəcür nemətlər, çox
qiymətli incilər, mərcanlar, növbənöv heyvanlar bəsləyən dənizləri insan oğlunun istifadəsinə
vermiş, dəniz vasitəsilə
onların özlərinin bir yerdən başqa yerə getməsini, yüklərinin
daşınmasını asanlaşdırmışdır.
Nəhl surəsinin 14-cü ayəsində belə deyilir:
"Təzə
ət (balıq əti) yeməyiniz, taxdığınız bəzəkləri
(inci, sədəf, mərcan)
çıxartmağınız üçün
dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün
sən gəmilərin onu yara-yara
üzüb getdiyini
görürsən. Bəlkə (bundan sonra Allahın nemətinə) şükür
edəsiniz".
Quranda dənizlə bağlı ayələrdə,
bəlkə də, elm üçün
ən maraqlı fikir bir-birilə birləşən
dənizlərin suyunun bir-birinə
qarışmamasıdır. Aşağıdakı ayələrə
nəzər salaq:
Furqan surəsi, ayə 53:
"Birinin suyu çox
şirin, digərinin isə olduqca şor (acı) olan iki dənizi bir-birinə
qovuşduran, aralarında (bir-birinə
qarışmamaq üçün) maneə
və keçilməz sədd qoyan Odur!"
Fatir surəsi, ayə 12:
"İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, digərininki isə həddən
artıq şor və acıdır.
Onların hər birindən təzə ət yeyir,
taxdığınız bəzəkləri
çıxardırsınız".
Rəhman
surəsi, ayə 19-20:
"(Suları
şirin və acı olan)
iki dənizi O qovuşdurdu.
Amma onların arasında maneə
vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)".
Yuxarıdakı
ayələrdə çox böyük bir
möcüzə gizlənir. Bu
möcüzənin həqiqəti isə elm
aləminə yalnız ötən əsrdə məlum olmuşdur. Həmin hadisənin mahiyyətini məşhur
dəniz mütəxəssisi, kapitan Kusto (1910-1997) belə açır: "Bəzi
dəniz tədqiqatçılarının fərqli dəniz
kütlələrini bir-birindən ayıran maneələrin mövcud olduğuna dair irəli sürdükləri
görüşləri incələyirdik. Araşdırmalar nəticəsində
gördük ki,
Aralıq dənizinin özünəməxsus istiliyi,
duzluluğu, qatılığı və
canlılar aləmi var. Həmin
araşdırmaları Atlantik okeanında
aparıb onun da
özünəməxsusluğunun şahidi
olduq. Bu iki su kütləsi cəbəlüttariq
boğazında birləşir və bu
birləşmə min illərdir ki, davam edir.
Bu nöqteyi-nəzərdən, dəryanın
bir-birinə qarışması nəticəsində
onların duzluluğunun,
qatılığının və ehtiva
etdikləri maddələrin bir-biri ilə
eyni və ya çox yaxın olması lazım gəlirdi. Lakin biz belə bir vəziyyətin mövcud
olmasını, yəni su kütlələrinin
bir-birinə qatışmadığını və hər iki su hövzəsinin
yaxın qisimlərində ayrı bir
düzənin mövcud olduğunu
müşahidə etdik. Bununla
bağlı apardığımız araşdırmalar
zamanı bizi şaşırdan bir durumla üzləşdik.
Belə ki, birləşmə nöqtəsində
hər iki dənizin bir-birinə
qarışmasına onların arasında mövcud
olan əsrarəngiz bir
sədd mane olurdu. Bu qəbildən olan bir maneəni də alman
alimləri 1962-ci ildə Ədən körfəzi ilə
Qırmızı dənizin birləşdiyi Babülməndəb
boğazında tapmışdılar. Sonrakı
araşdırmalarımızda belə bir
maneənin bütün dənizlərin
birləşmə nöqtəsində mövcud
olduğunu müşahidə etdik".
Bu
nəticəni XX əsrin ən böyük
elmi kəşflərindən biri hesab edən kapitan Jak İv
Kusto bir qədər sonra onun 1400 il bundan əvvəl Həzrəti
Muhəmmədə vəhy edilən Quranda
mövcud olduğunu
bildikdə heyrətini gizlədə bilməmiş və
"Şəhadət verirəm ki, müasir elmi 14 əsr bundan öncə qabaqlamış Quran Allah kəlamıdır",
- deyərək, islamı qəbul etmişdir.
Bax, budur Quranın
möcüzəsi!
XXIV söhbət
Tozlanma
Allah-təala
Hicr surəsinin 22-ci ayəsində belə
buyurur: "Biz (buludla) yüklənmiş
(tozlandırıcı) külək göndərdik, göydən
yağmur endirib sizə
su verdik (içirdik). Yoxsa onu yığıb saxlayan
(bir yerə toplayan) siz deyilsiniz". Müasir elm bitkilərin
mayalanmasında, tozlanmasında böcəklərdən,
cücülərdən sonra küləyi
ən mühüm vasitə hesab edir. Külək vasitəsilə
tozlanma bir çox ağaclarda və
bütün otlarda mövcuddur. Ən kiçik
bir külək belə, bitkilər üçün tozlanma
vasitəsi olub onların mayalanmasına
kömək edir. Burada
onu qeyd etmək
lazımdır ki, yuxarıdakı ayədə
işlənən "ləvaqih" sözü
"laqihə"nin cəmidir ki, o da
"mayalandıran", "tozlandıran" deməkdir. Ayənin
mənası isə özlüyündə bir
möcüzədir. Rəvayətə görə, səhabə
dövründə Quranın tərcümanı hesab edilən Abdullah bin Abbas bu
ayəni təfsir edərkən "küləklər
ağacların və buludların
mayalandırıcısıdır" demişdir.
Ayənin təfsirində küləklərin
ağacları mayalandırdığı söylənsə də,
onları nə cür
mayalandırdığı izah edilməmiş,
beləliklə, bu nöqtə müfəssir
olduğu qədər də həkim olan Fəxrəddin Razi kimi böyük bir alim üçün
belə məchul qalmışdır. Yəni ağaclarda, bitkilərdə mayalanma
hadisəsi o dövrün
alimlərinə məlum olsa da, küləyin bu prosesdəki
rolu məlum deyildi.
Bitkilərdə küləyin erkək və dişi
hüceyrələri bir-biri ilə birləşdirərək
onları mayalandırması elm aləminə
yaxın zamanlarda məlum olmuşdur.
Qurani-Kərim isə bu həqiqətə
14 əsr bundan əvvəl işarə etmişdir.
Qurani-Kərim bir çox ayələrində, o
cümlədən Rəd surəsinin 3-cü ayəsində
"Allahın bütün meyvələrdən
(erkək-dişi, acı-şirin, turş-meyxoş
olmaqla) cüt-cüt
yaratdığını" qeyd etməklə,
bütün bitkilərin çiçəklərində
erkək-dişi cütlüyünün
olmasını, erkəyin dişini
mayalandırması ilə meyvə hasil olduğunu da bəyan etmişdir. Buradan da küləyin bitkilərin çiçəklərində
olan erkək-dişi cütlüyünü
bir-biri ilə birləşdirərək
onların mayalanmasını həyata keçirmək
işindəki rolu
öz-özlüyündə aydın olur.
Doğrudan da, belə
bir möcüzə yalnız və
yalnız Qurani-Kərimə məxsusdur.
Mərkəz.-2010.- 28 oktyabr.-
S.16.