HEYDƏR ƏLİYEV

 

1976-cı il aprelin 9-da respublika 26 Bakı komissarlarından biri olan Məşədi Əzizbəyovun 100 illik yubileyini qeyd edir. Respublikanın siyasi, ictimai və mədəniyyət xadimlərinin yığışdığı iclasda Heydər Əliyev özü şəxsən məruzə edir. Peterburq Universitetinin məzunu olan bu istedadlı sənaye təşkilatçısı, əqidəli kommunist, «ilk azərbaycanlı mühəndis»in keçdiyi şərəfli həyat yolu barədə onun köhnə silahdaşları, ölkənin başqa respublikalarından gələn qonaqlar və Məşədi Əzizbəyovun oğlu böyük fəxrlə danışırlar. Bundan bir az əvvəl isə Bakının ən görkəmli yerlərindən birində Məşədi Əzizbəyovun heykəlinin açılışı olur. Heykəlin açılışında Heydər Əliyevin ardınca qəhrəmanın nəvəsi, görkəmli tarixçi-alim, akademik Püstəxanım Əzizbəyova da öz sələfi barədə xoş sözlər deyir.

1978-ci il martın 25-də MK-nın bürosu «Azərbaycan SSR Elmlər Akademiyasında təbii resursların kosmik araşdırmalarının inkişafı haqqında» sərəncam imzaladı...

Beləcə, gündən-günə, aydan-aya iqtisadiyyat, mədəniyyət, elm, təhsil; gündəlik və perspektiv məsələlər; gənclərin və veteranların problemləri; ticarət və məişət xidməti; Bakıda metro tikintisi; klassiklərin yubileyləri, «Sovet Zaqafqaziya xaqlarının melodiyaları» festivalı və yoldaş Tretyakovun mənzil məsələsi ortaya çıxır və həll edilirdi.

«Yoldaş Vəkilov, arzu edirəm ki...»

«Azərbaycan ictimaiyyəti böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoyun yüz əlli illik yubileyini böyük təntənə ilə qeyd etdi», - 1978-ci ilin may ayında Bakı qəzetləri belə yazırdı. Azərbaycan KP MK-nın birinci katibi üçün də bu gün sadəcə yuvarlaq bir təqvim günü deyidi. Axı Tolstoy, Qoqol, Puşkin Azərbaycanda istər inqilabdan əvvəl, istərsə inqilabdan sonra təkcə yubileylərdə, bayramlarda xatırlanmırlar. Onları burada o vaxt da böyük həvəslə oxuyublar, indi də oxuyurlar; həm rusca, həm azərbaycanca.

Tolstoyun yubileyinə həsr olunmuş məlumatların arasında belə bir kiçik informasiya da vardı: bakılı Vəkilovlar ailəsi Tolstoyun Yasnaya Polyanadakı ev-muzeyinə yazıçının o vaxt öz dəst-xətti ilə yazdığı məktubu hədiyyə edib. Bu, rus ordusunun generalı İbrahim ağa Vəkilovun xanımı Yelena Yefimovanın məktubuna Tolstoyun göndərdiyi cavab idi. Yelena Yefimova yazıçıya öz həyat tarixçəsi haqqında - rus qızı ilə azərbaycanlı oğlanın eşq macərası, müsəlman oğlan ilə pravoslav qızının nikahına şəxsən çar Aleksandrın icazə verməsindən yazmışdı. İndi onların oğlanları Boris və Qleb artıq böyüyüblər. Rusiyada əqidə azadlığı elan edilib. Kiçik Vəkilovlar müsəlmanlığı qəbul etməkçün valideynlərinin xeyir-duasını istəyirlər. Beləliklə, onların anası məsləhət üçün böyük rus yazıçısına müraciət edir. Lev Nikolayeviç də onun sualını cavabsız qoymur.

«Yelena Yefimovna, - böyük yazıçı məktubda belə yazırdı, - mən sizin oğlanlarınızın Azərbaycan xalqının maariflənməsinə yardım etmək istəklərini alqışlayıram». Sonra isə yazıçı din barədə indi də aktual olan düşüncələrinə yekun vuraraq yazır: «Mənə elə gəlir ki, siz mənim fikirlərimi oğlanlarınıza deyəcəksiniz və bu fikirlər onların gözəl niyyətlərinin həyata keçirilməsində yardımçı ola biləcək. Dinin əsas ilahi mətləblərini açan məqamlarını artıq, lazımsız mövhumatdan təmizləmək işinə kömək etmək insanın özünə seçdiyi ən şərəfli işdir. Əgər sizin oğlanlar həqiqətən də özlərini, öz həyatlarını bu şərəfli işə həsr etsələr, onların həyatı mənalı və bəhrəli olacaq».

Tolstoyun xeyir-duası ilə Vəkilovların böyük oğlu Borisi Fariz, kiçik oğlu Qlebi isə Qalib adlandırdılar. Qalib İbrahim oğlu hərbçi oldu və Belomor- Baltiysk kanalına göndərildi. O,1931-ci ildə Bakıya qayıdanda kanalda artıq ağ paraxodlar üzməkdəydi. 1937-ci ildə onu həbs edərək güllələnməyə məhkum etdilər. Fariz İbrahim oğlunu isə düşərgəyə göndərdilər. O yalnız 1956-cı ildə evinə qayıda bildi.

Onların familiyası çox da geniş yayılmış soyad deyil. Ona görə də başqa Vəkilovlarla rastlaşanda, biz onların hansı nəsildən olmaları ilə maraqlandıq, istədik bilək ki, onlar İbrahim ağa ilə Yelena xanımın nəvə və ya nəticələri deyillər ki?!

Belə şeylər tarixdə çox olur. Bir tarixçənin izi ilə gedirsən, amma əvəzində tamam ayrı bir tarixçənin, Əliyev taleyi ilə kəsişən maraqlı hadisələrin üstünə çıxırsan. Azərbaycanda və SSRİ-də ən məşhur dəniz neftçilərindən olan Telman Vəkilovla görüşümüzdə də belə bir hal baş verdi. Onun adını 1934-cü ildə atası qoymuşdu, Hitler həbsxanalarında öldürülən əqidəli, dönməz alman kommunisti Ernest Telmanın şərəfinə. Vəkilovların «Tolstoy» xəttinə onun heç bir aidiyyəti yoxdur. Amma...

İnsanın yaddaşı həyatındakı dönüş anlarını həmişə qoruyub saxlayır. 11 sentyabr 1979-cu il Telman Vəkilovun həyatında məhz belə anlardandır. Həmin tarixdə o, bütün gəncliyinin (Moskvadakı beş illik tələbəliyi çıxmaq şərtiylə) keçdiyi Bakı şəhəri ilə vidalaşırdı. Paytaxtda Vəkilovu yeni təyinat gözləyirdi: SSRİ qaz sənayesi nazirinin müavini. Düzdü, o şəxsən özü Moskvaya can atmırdı, böyük karyera üçün canfəşanlıq etmirdi və düşünürdü ki, bacarıqlı adamı onsuz da gec-tez dəyərləndirəcəklər. Günlərin birində Vəkilov Qum adasındakı Dəniz Qazma İşləri İdarəsinə rəis təyin olunur. O, təcrübə və biliklərə yiyələnərək istehsalat birliyinə rəhbərlik etməklə yanaşı dəniz geologiyası üzrə dissertasiya da müdafiə etdi, elmlər namizədi oldu, SSRİ-nin işgüzar dairələrində onu dənizdə neft və qaz hasilatı üzrə ən bacarıqlı mütəxəssis, böyük alim kimi tanıyırdılar. Beləliklə, o, yeni təyinata tam layiq idi. İndi Vəkilov təkcə doğma respublikada yox, böyük bir ölkənin ərazilərində neft və qaz hasilatı ilə məşğul olmalıydı... Həmin illərdə Azərbaycan neftçiləri Xəzərdə yeni yataqlar kəşf edirdilər, geoloqlar Barens dənizində, Saxalin adasında yeni neft yataqları tapmışdılar. İsveç, İngiltərə şirkətləri, beynəlxalq konsernlər artıq dənizdə uğurla fəaliyyət göstərirdilər. Əvvəllər olduğu kimi, bu dəfə də rəqibləri ötüb keçmək lazım idi. Mərkəzi Komitədəki söhbətdə Telman Hüseyn oğlu açıq şəkildə bildirmişdi: «Bu işin öhdəsindən gələ biləcəyimə əmin deyiləm. Ancaq günü sabahdan gecə və gündüz işləyəcəyimə söz verirəm».

1979-cu il sentyabrın 11-də Vəkilov Heydər Əliyevlə görüşdü. MK-nın birinci katibi onu çağırmamışdı. Vəkilov özü zəng vurub Moskvaya getməzdən əvvəl Heydər Əliyevi görmək istəmişdi.

- Buyur, gəl, - Heydər Əliyev telefonda cavab vermişdi.

Vəkilov ilk dəfə bu otaqda «Xəzərdənizneft» istehsalat birliyinə direktor müavini təyin ediləndə olmuşdu.

- İndi dəqiq xatirimdə deyil ki, Heydər Əliyeviç o zaman mənə hansı sualları verirdi. Amma dəqiq bilirəm ki, o, məni öyrənirdi, -Telman Hüseyn oğlu onların ilk görüşünü xatirində canlandırmağa çalışır. - O vaxt MK-ya həyatımın ən böyük imtahanına gedirmiş kimi gedirdim. Əlbəttə ki, həyəcan keçirirdim, amma Heydər Əliyeviç danışmağa başlayan kimi sakitləşdim. Amma… Onun yaşıla çalan gözləri elə bil adamın daxili dünyasının ən gizli nöqtələrini belə işıqlandırırdı, ən mübhəm fikirləri də oxuyurdu. Onun baxışları qarşısında düşündüyünü danışmaq məsləhət idi.

Budur, həmin otaqda daha bir görüş. Kabinet sahibi qonağın qarşısına çıxıb, onu gülərüzlə qarşılayır, yeni təyinat münasibəti ilə təbrik edir, uğurlar arzulayır. Özünü xan, knyaz hiss edən başqa partiya xadimləri elə bununla kifayətlənərdilər. Əliyev isə protokol söhbətiylə kifayətlənmədi. Vəkilovu səmimi söhbətə çəkdi.

- Siz bilirsiniz ki, birlikdə işləyəcəyiniz adamlardan iki-üç qat üstün olmalısınız?

- Nə qədər üstün olmalı olduğumu dəqiq bilmirəm, - Vəkilov cavab verir. - Amma əskik olmamağa çalışacam. Məni peşəkar adam kimi tanıyırlar, intriqalara heç vaxt baş qoşmuram.

- Nəzərə alın ki, siz nazirlikdə heç kəsi tanımayacaqsınız, amma sizi hamı tanıyacaq. Ehtiyatlı olun. Qızlar da sizin dalınızca düşəcək, - deyə Heydər Əliyev gülümsünür.

- Bu vaxta qədər ilişməmişəm, çalışaram bundan sonra da ilişməyim, - Telman Hüseyn oğlu da gülümsünür.

- Balıq məsələsindən xəbəriniz var?

Bu sual izahatsız da aydın idi. Həmin ərəfələrdə «Balıq mafiyası», Balıqçılıq Nazirliyindəki korrupsiya barədə söhbətlər bütün SSRİ-yə yayılmışdı.

- Sizi başa düşürəm, lakin məni belə bir təhlükə gözləmir. Mən belə işlərlə məşğul olmuram.

- Sizə daha da irəli getməyi arzulayıram, yoldaş Vəkilov, - deyə Heydər Əliyev sözünü bitirdi.

Xidməti işlərlə əlaqədar Bakıya gələndə Telman Vəkilov həmişə birinci katibə baş çəkirdi. Amma bir dəfə həyəcan siqnalına gəldi. Aeroportdan birbaşa dənizə - yanğın baş verən yerə üz tutdu.

İnsanlar uzun illər, hətta əsrlər boyu yanğınla mübarizə apararaq meşə, çöl yanğınlarının öhdəsindən gəlməyi öyrəniblər. Sualtı neft və qaz yataqlarının kəşfindən sonra dəniz yanğınları da ortaya çıxdı. Bunlar digər yanğınlardan qat-qat təhlükəli və qorxulu idi.

Sovet qəzetləri bu barədə susurdular. Hətta bütün dünyanın bildiyi fövqəladə hadisələri də xalqdan gizlətməyə çalışırdılar. Sovet qəzetlərinə, televiziya və radiosuna inansaydıq, SSRİ-də heç vaxt nə böyük yanğınlar baş verirdi, nə sənaye qəzaları, nə də başqa ağır faciəvi hadisələr.

Xəzər dənizindəki yanğının aradan qaldırılmasıyla bağlı əməliyyata rəhbərliyi SSRİ Qaz Sənayesi nazirinin müavini Telman Vəkilova tapşırmışdılar.

- Mən bütün İttifaqdan dörd yüzə qədər fontançı topladım, - deyə həmsöhbətimiz o günləri xatırlayır.

Vəkilov ilk həyəcan siqnalı verilən kimi özünü Bakıya çatdırdı. Əlbəttə, gələndə bilmirdi ki, həm özü, həm də SSRİ-nin müxtəlif yerlərindəki mədənlərdən yığılmış peşəkarlar bu yanğınla üç ay mübarizə aparacaqlar. O saat hiss etdi ki, əməliyyatın texniki tərəfi çox səliqəylə təşkil olunub, amma işçilərin məişəti... Bir çox hallarda qəza zonasına köməyə gələnlərin ərzaqla, yataqla təminatı çox böyük problemlər yaradırdı. Burada da belə oldu. Telman Vəkilov gələn kimi partiyanın rayon komitəsinə zəng vurub kömək istədi, onunla gələn dörd yüzə qədər mütəxəssisi yerləşdirməyi, ərzaqla təmin etməyi xahiş etdi. Amma Suraxanı Rayon Partiya Komitəsində çiyinlərini çəkdilər: «Öz probleminizdir, özünüz də həll edin».

Vəkilov izahat vermədi, birbaşa birinci katibin nömrəsini yığdı. Hər şeyi Heydər Əliyevə danışdı. «Telefonda gözlə», - deyə Heydər Əliyev cavab verdi. Vəkilov onun o biri telefonla necə danışdığını eşidirdi: «Siz, deyəsən, işləməkdən yorulmusunuz. Yubanmadan əməliyyat yerinə gedin. İnsanların məişətini, ərzaq təminatını qaydasına salın. Onlar sizin rayonunuz, həm də bütün Azərbaycan üçün işləyirlər».

- Hə, Əliyevin reaksiyası ani və güclü oldu, - Vəkilov bunu xüsusi vurğu ilə deyib sözünə davam edir. - Söhbəti bitirəndə xahiş etdi ki, onu bütün məsələlərdən agah edim, əlavə nə kömək lazım olsa, xəbər verim.

Onu da qeyd edək ki, birinci katib telefon söhbətləri ilə qane olmamış, dəfələrlə hadisə yerinə gəlmişdi. Nəhayət, üç aydan sonra yanğını tam söndürməyə müvəffəq oldular. Xəzərdə neft hasilatı başlanandan bəri ilk dəfəydi ki, belə yanğından sonra üzən qazma qurğusunu xilas etmək mümkün olurdu.

Amma təəssüflər olsun ki, Vəkilov Moskvada nəzərdə tutduğu işləri görə bilmədi. SSRİ neftçiləri o vaxt Qərbi Sibir yataqlarının istismarına başlayırdılar.

Vəkilov MK-da deyirdi:

- Siz bütün dəniz yataqları üçün mənə cəmisi iki milyard rubl ayırırsınız. Amma səkkiz xarici ölkə birləşərək təkcə Şimal dənizinin istismarına otuz səkkiz milyard dollar vəsait ayırıb. İldə yüz milyon ton neft hasil edirlər. Əgər maddi vəsait qoyulmasa, heç nə alınmayacaq.

Sonralar MK-nın katibi Vladimir İvanoviç Dolgix öz xatirələrində bu barədə yazırdı: «Bir vaxtlar Nazirlər Soveti və Dövlət Plan Komitəsi dənizdə, şelflərdə neft hasilatına başlamaq barədə düşünürdülər. Bu prinsip etibarilə işgüzar təklif idi, amma böyük maddi vəsait tələb edirdi. Bununla bağlı bir sıra elmi-tədqiqat institutları yaradılmalı, dənizdə qazma qurğularının istehsalı qaydaya salınmalı, dəniz platformalarında neft hasilatı üzrə təcrübəli mütəxəssislər yetişdirilməliydi. Həmin vaxtlarda biz Qərbi Sibir yataqlarının istismarına hələ təzəcə başlayırdıq. Bu da böyük maddi ehtiyat və işçi qüvvəsinin səfərbər olunması demək idi. Bu məsələ Dövlət Plan Komitəsində də, Nazirlər Sovetində də, Mərkəzi Komitədə də uzun müddət müzakirə olundu və son nəticədə qərara alındı ki, dənizdə böyük həcmli işlərə başlamaq hələ tezdir, çünki quruda görüləsi işlər çoxdur».

Bir sözlə, Vəkilov öz fikrində haqlı idi, amma onu düzgün başa düşməmişdilər. Bir məsələ onun rahatlığını əlindən almışdı.

- Hansısa acı bir təəssüf hissi hələ də məni rahat buraxmır, - deyə Telman Vəkilov etiraf edir. - Bakıya qayıtmağı qərara alanda Heydər Əliyeviçə baş çəkməyə vaxt tapmadım. O, artıq Moskvada işləyirdi. Düzü, ona qarşı diqqətsizlik etdim.

Azərbaycanda Vəkilov Dövlət Qazlaşdırma Komitəsinə rəhbər təyin olundu. Həvəslə işə başladı, xeyli çalışdı, amma epoxaların dəyişən vaxtında işdən kənarda qaldı, öz fikirlərinin, ideyalarının çoxunu reallaşdıra bilmədi. Dostları onu ali məktəbə dərs deməyə dəvət etdilər.

Köhnə, dəbdən düşmüş, amma indi də tez-tez istifadə olunan belə bir ifadə var: reputasiya. Bu insanın tanınması, ətrafdakıların onu necə görməsinin göstəricisidir. Telman Vəkilovun reputasiyası isə onun peşəkarlığı, biliyi, ləyaqət hissi əsasında formalaşıb. Və bir də alicənablığı ilə. Məhz bu keyfiyyəti Heydər Əliyev insanlarda hər şeydən artıq qiymətləndirirdi.

1976-cı ilin martında Sov. İKP MK-nın XXV qurultayında Heydər Əliyevi Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə namizəd seçirlər. İlk dəfə azərbaycanlı kadr mərkəzi partiya qərargahına daxil edilir. Heydər Əliyevin karyerasında bu yeni mərhələ respublikanın iqtisadi, sosial, milli problemlərinin həllinə böyük imkanlar açırdı... Həm də ərazi bütövlüyünün müdafiəsi üçün.

1977-ci ildə SSRİ-də böyük hay-küylə yeni konstitusiya qəbul olundu. Qəzetlər konstitusiya layihəsi barədə tez-tez yazsalar da, onu müzakirə etsələr də, komissiyalardakı münaqişələrin üstündən səssiz keçirdilər. Bu komissiyalara respublikaların nümayəndələri, adlı-sanlı ictimai xadimlər və hüquqşünaslar daxil idilər. Sədri Leonid İliç Brejnev olan komissiyanın ünvanına Dağlıq Qarabağın Ermənistan SSRİ-yə verilməsi tələbləriylə bağlı çoxsaylı «təşkil olunmuş» məktublar gəlməyə başladı. Hətta belə bir təklif də irəli sürüldü: «ictimai rəy nəzərə alınaraq, bu məsələ komissiyanın gündəliyinə çıxarılsın».

Heydər Əliyev sonralar Azərbaycanda yeni seçilmiş Milli Məclisin deputatları qarşısında proqram çıxışı zamanı bu situasiyanı belə xatırlayırdı:

«Konstitusiya layihəsi hazırlandığı bir il ərzində komissiyanın ünvanına gələn çoxlu sayda məktublarda tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycandan alınıb Ermənistan SSR-ə verilsin. Hətta bu məsələni komissiyanın müzakirəsinə çıxarmaq cəhdləri də olmuşdu.

Olan hadisələri danışıram, məni düz başa düşün. O vaxt bunun qarşısını ala bildim. Nə qədər çətin olsa da, öz iradəmin, inadımın köməyi ilə Azərbaycan xalqının başının üstünü almış bu fəlakəti dəf edə bildim. Buna baxmayaraq, Dağlıq Qarabağda məsələni yenə də qızışdırırdılar. Ona görə də mən respublikanın rəhbəri seçiləndən sonra, etiraf edim ki, Dağlıq Qarabağın inkişafı üçün daha münasib ab-hava yaradır, onun iqtisadiyyatının inkişaf etdirilməsinə diqqət yetirirdik».

Prezident deputatlara baş verən fəlakətlərin günahkarlarını axtarmamağı məsləhət gördü. O bildirdi ki, Azərbaycan xalqı birləşməli və hələ də öz həllini tapmamış bu fəlakətdən birlikdə çıxış yolu axtarmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini biz irəlidə ətraflı nəzərdən keçirəcəyik, ona görə də bu məsələni hələlik kənara qoyub, Heydər Əliyevlə birlikdə onun iş otağına daxil olaq. Birinci katibin stolunun üstündəki təqvim açıqdır: 28 iyun 1978-ci il. Heydər Əliyevin iş günü zəngdən başlayır. Zəng vurub respublikanın daxili işlər naziri Arif Heydərovun ad gününü ürəkdən təbrik edir. Onun əlli iki yaşı tamam olur, həyat yolunun yarısı arxada qalsa da, böyük bir hissəsi hələ irəlidədir. Axşam, o, Zərifə xanımla birgə əllərində gül dəstəsi Arif Heydərovun bağına gəldilər.

Bir dəfə söhbət əsnasında Heydər Əliyevi yaxından tanıyan Ziya Yusifzadə demişdi: «Heydər Əliyevin yaxın dostları yox idi… Əlbəttə, Arif Heydərovu çıxmaq şərti ilə».

Onlar təhlükəsizlik orqanlarında demək olar ki, eyni vaxtda xidmətə başlamışdılar. Amma biri Naxçıvanda, digəri isə Bakıda. Bakıdan Arif Heydərovu və onunla birgə bir neçə gənci Krasnavodskdan, Aşqabaddan dolama yolla Moskvaya, texnikuma yolladılar. Bir müddət sonra Heydərovun atası da xidməti bir məsələ ilə bağlı Moskvada oldu. Əlbəttə, vaxt tapıb oğluna baş çəkməyə də getdi. Oğlu isə bu vaxt artıq Moskvadan xeyli uzaqda, cəbhədəydi. O, könüllü olaraq vuruşan ordu sıralarına daxil olmuşdu. Amma evdəkiləri narahat etməmək üçün bunu onlara bildirməmişdi. Hər ay evdəkilər ondan məktub alırlar ki, hər şey yaxşıdır, texnikumda oxuyuram, axşamlar Moskvanı gəzirəm. Onun əvvəlcədən yazıb qoyduğu bu məktubları vaxtaşırı dostları Bakıya yollayırdılar. Arif Heydərov öz hərbi hissəsiylə Berlinə qədər gedib çıxdı. Reyxstaqın divarına öz imzasını həkk etdi. Daha iki il hərbi kəşfiyyatda işlədi. Onların qrupu Saksoniyada fəaliyyət göstərirdi.

Sonra DTK-da fəaliyyət, uzun müddətli xarici ezamiyyətlər. Arif Heydərov Ankarada konsulun yanında işləyirdi. Onların - Ariflə Adilə xanımın ikinci oğulları da məhz orada - Ankarada dünyaya gəlmişdir.

Adiləni doğum evindən buraxanda Arif təcili bir işlə əlaqədar İstanbula getmişdi. O vaxtlar «Izvestiya» qəzetinin Türkiyədə xüsusi müxbiri və Arif Heydərovun yaxın dostu Azad Şərifov həmin günləri belə xatırlayır:

- Mən «xoşbəxt ata» rolunu oynadım, uşağı ilk olaraq qucağıma götürüb xəstəxanadan çıxartdım. Oğlanı bizim ümumi dostumuz, Tibb İnstitutunun prorektoru Maqsud Əlizadənin şərəfinə Maqsud adlandırdıq. Sonralar Maqsud Əlizadəni iş otağında qətlə yetirdilər.

Görəsən faciəvi hadisələr arasında bir əlaqə varmı? Balaca Maqsudun atası Arif Nəzər oğlu Heydərovu da öz kabinetində milis formasında bir şəxs güllələmişdi. Bu hadisə 1978-ci ildə, ad günündən bir müddət sonra baş vermişdi. Heydər Əliyevin xahişi ilə Moskvadan təcili olaraq neyrocərrahlar briqadası dəvət edilmişdi. Amma artıq gec idi.

Bu xain atəş bütün Azərbaycanı sarsıtmışdı. Heydər Əliyev ən yaxın dostunu, silahdaşını, yoldaşını itirdi. Bu, onların ümumi işinə açılan atəş idi.

Dzerjinski adına klubda vida mərasimi, Fəxri Xiyabanda dəfn mərasimi. Son vida sözləri:

- Respublikamıza ağır itki üz verib. Azərbaycan KP MK-nın üzvü, Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycan daxili işlər naziri, general-leytenant Arif Nəzər oğlu Heydərov vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə qətlə yetirilib, - Heydər Əliyev dostu ilə vidalaşarkən belə deyirdi. - Biz bu gün respublikamızın ən yaxşı adamlarından birini, dönməz kommunist, vətənpərvər, beynəlmiləlçi bir şəxsi, Azərbaycan xalqının layiqli oğlunu torpağa tapşırırıq. Bu gün bütün Azərbaycan göz yaşı içindədir, kədərimizin həddi-hüdudu yoxdur.

Arif Heydərovu atasının - məşhur neftçi, bir vaxtlar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Nəzər Heydərovun yanında torpağa tapşırdılar. Atası 1967-ci ildə həyatdan getmişdi. Bu ağır xəbəri Arif Türkiyədə, xüsusi ezamiyyətdə olarkən almışdı. Moskvadan, SSRİ DTK-sının Birinci Baş İdarəsinin rəhbərliyindən ona başsağlığı məktubu gəlmişdi. Müsəlman adəti üzrə mərhumun yaxınları onun üçünü, yeddisini və qırxını qeyd edirlər. Və hər cümə axşamı mərhum yad edilir. Yenidən Türkiyəyə ezamiyyətə uçan Arifin əvəzinə başsağlıqlarını onun dostu Heydər Əliyev qəbul edirdi.

- Heydər yaxşı gündə də, pis gündə də bizimlədir, - o vaxt bu sözləri Adilə Heydərova rəfiqəsi Zərifə xanıma demişdi.

Onların Ariflə toyundan cəmisi dörd il keçirdi. Bu toyu Heydər Əliyev idarə edirdi. Zarafatlar edir, dostunun sevincinə şərik olmağa çalışırdı.

Adilə Heydərova ailə həyatı qurduqdan sonra texnikumda dərs deyirdi. Əri faciəvi surətdə həlak olandan sonra onun iki oğlu qaldı - böyüyünün on dörd, kiçiyinin on yaşı vardı. Artıq KP MK-nın birinci katibi Heydər Əliyev onlara atalarını əvəz edirdi. Murad da, Maqsud da ali təhsil aldılar. Böyük oğlu Maqsud Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib diplomat oldu, kiçiyi Murad isə DİN-də işləyirdi. Hazırda o, Gömrük Komitəsində çalışır. Analarını isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri seçdilər.

 

 

Mərkəz.- 2010.-28 oktyabr.- S. 10-11.