HEYDƏR ƏLİYEV
Bakının
küçələrindən biri və DİN-in Ali
kursları bu gün Arif Heydərovun adını
daşıyır. Xəzər dənizində "General Heydərov"
tankeri üzür. Qeyd edək ki, Arif Heydərov küçəsi
Heydər Əliyev prospekti ilə paraleldir. Onlar ölümlərindən
sonra da yan-yanadırlar. Akademik Primakov bizimlə söhbətində
Heydər Əliyevlə bağlı fikirlərini belə
açıqlayır:
-
Şübhəsiz ki, o, dahi şəxsiyyət idi. Azərbaycan
üçün Heydər Əliyev çox iş
görüb. Onunla Gürcüstanın birinci katibi Eduard
Şevardnadze arasında üstüörtülü bir rəqabət
gedirdi və bu yarışmada Heydər Əliyev, onun rəhbərlik
etdiyi Azərbaycan şəksiz qələbə
qazanırdı. Çünki Heydər Əliyev daha
intizamlı, inadkar və təşkilatçılıq
baxımından çox mütəşəkkil bir rəhbər
idi.
Mən
Heydər Əliyevlə tez-tez görüşürdüm, -
deyə hal-hazırda Rusiyanın Sənaye-Ticarət
Palatasının prezidenti olan Yevgeni Maksimoviç Primakov
söhbətinə davam edir. - Bir dəfə hətta
üç gün onun yanında, Mərdəkanda istirahət
də etmişəm. Biz dənizdə çimir və söhbət
edirdik.
-Yəqin
ki, dənizdəki fırtına haqqında, dalğaların
necə nizamla sahilə can atmaları barədə
danışmırdınız?
-
Təbii ki, - Yevgeni Maksimoviç gülümsünür, - bu
söhbətlər dövlətlərin taleləri
haqqında, yüksək vəzifəli kadrlar, Azərbaycan və
ümumiyyətlə, SSRİ barədə idi.
Primakovla
Əliyevin açıq söhbət etmək
üçün məhz dəniz sahilini seçmələri
də aydındır. Azərbaycanda deyirlər ki, hətta
divarların da qulaqları var. Xəzər isə nə xəbərçilik
eləyəcək, nə satacaq, nə də rəsmi məlumat
yazacaq.
-
Əlbəttə, Heydər Əliyeviç o vaxt heç də
hər məsələ barədə fikirlərini
açıq demirdi, amma məsələlərə münasibətlərimizi
açıq şəkildə biri-birimizə bildirirdik. Heydər
Əliyev proqressiv adam idi və bu proqressivlik onda ciddi tələbkarlıqla
vəhdətdə özünü büruzə verirdi. Bu
düzgün yoldur və mən də bunu şübhə
altına almıram. O, özündə demokratizmlə sərt
nizam-intizamı birləşdirirdi. Onun rəhbərliyi
dövründə Azərbaycan həm iqtisadi, həm də
sosial sahələrdə böyük dəyişikliklərə
imza atdı. Məlum məsələdir ki, bu dəyişikliklər,
bazar qanunları ilə yox, qəbul olunmuş planlı təsərrüfat
qaydalarına uyğun həyata keçirilirdi.
Yevgeni
Maksimoviç xatırlayır ki, bir dəfə Heydər Əliyevin
keçirtdiyi müşavirə onu heyrətə gətirmişdi.
Bakıdan Moskvaya uçmamışdan əvvəl Heydər Əliyev
MK-nın büro üzvlərini aeroporta
yığmışdı.
-
Məni heyran edən onun qoyduğu tapşırıqların
səhihliyi idi - qışqırıqsız,
hay-küysüz, söyüşsüz. Hərçənd
ki, danlanmağa əsas verən bir-iki adam vardı. Lakin bu cəhətdən
Heydər Əliyeviç səbrli, təmkinli idi. Eyni zamanda,
məsuliyyətsiz kadrları çox sərt sorğu-suala
tutmağı, danlamağı da bacarırdı. Xudahafizləşəndə
bircə kəlmə dedi: "Qayıdıb
yoxlayacağam". İndi hünərin var onun dediyini yerinə
yetirmə.
Qoy
ədalət zəfər çalsın
18
oktyabr 1981-ci ildə Moskvada dərc olunan "Literaturnaya
qazeta"da Sov. KP MK Siyasi Bürosunun üzvlüyünə
namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə
müsahibə dərc olunmuşdu. Müsahibə
aşağıdakı başlıq altında verilmişdi:
"Qoy ədalət zəfər çalsın". O illərin
ən populyar qəzetlərindən birinə çevrilmiş
"Literaturnaya qazeta"nın bu nömrəsi əldən-ələ
ötürülürdü. Həmin müsahibə bu gün
də öz aktuallığında qalmaqdadır.
-
Heydər Əliyeviç, sovet ictimaiyyəti yaxşı bilir
ki, Azərbaycan SSR son iki beşillikdə iqtisadiyyat, sosial və
mədəni yaradıcılıq sahəsində diqqətəlayiq
müvəffəqiyyətlər qazanmışdır. Bu
müddətdə sənaye istehsalının həcmi 2,2 dəfə,
kənd təsərrüfatının ümumi məhsulu 2,1 dəfə
artmışdır. 1970-1979-cu illər ərzində sənaye
istehsalının ümumi həcmi 1945-ci ildən 1969-cu ilədək
olan bütün dövrdəkindən 1,3 dəfə çox
olmuşdur.
Bu
müvəffəqiyyətlər xeyli dərəcədə
respublika Kommunist Partiyasının və Hökumətinin Azərbaycanda
mənəvi-psixoloji iqlimi sağlamlaşdırmaq uğrunda qətiyyətli
mübarizəsi ilə əlaqədardır. Sov. İKP
MK-nın oktyabr (1964-cü il) plenumundan sonra partiya həyatının
Lenin normalarının, rəhbərliyin Lenin prinsiplərinin
inkişaf etdirilməsi və bunlara ciddi riayət edilməsi
ölkəmizin həyatında mühüm amil olmuşdur.
"LQ"yə
gələn məktublarda oxucular Azərbaycan kommunistlərinin
əməli fəaliyyəti nümunəsi əsasında
sosialist həyat tərzini təkmilləşdirməkdə
sovet qanunçuluğunun rolu və əhəmiyyəti barədə
söhbət açmağı xahiş edirlər.
-
Bəli, Sov. İKP MK-nın oktyabr (1964-cü il) plenumu
partiyanın və ölkənin həyatında yeni mərhələnin
başlanğıcı olmuşdur. Bizim respublikamızda bu
plenumun nəcib təsiri Azərbaycan partiya, sovet və təsərrüfat
orqanlarının fəaliyyətində 50-60-cı illərdə
yığılıb qalan nöqsanların aradan
qaldırılması prosesinin, saysız-hesabsız sui-istifadə
faktlarına, kommunist əxlaqının antipodlarına
qarşı mübarizə prosesinin başlandığı
1969-cu ildən sonra xüsusilə aydın hiss edilmişdir.
Mənə
elə gəlir ki, respublikada qanunçuluğun bərpa edilməsi
və möhkəmləndirilməsi "Literaturnaya qazeta"
oxucularını məhz geniş mənada maraqlandırır.
Hərçənd bizdə gurultulu ifşalar da olmuşdur,
adları illər uzunu toxunulmaz sayılan və qanundan
üstün tutulan adamlara şiddətli cəza da
verilmişdir. Yeri gəlmişkən deyim ki, burjua şərhçilərini
hər şeydən çox məhz bu cəhət
maraqlandırır. Kommunist Partiyası MK-sının avqust
plenumundan, respublikanın həyatındakı ciddi
nöqsanları Azərbaycan zəhmətkeşlərinə
düzgün və açıq bildirən plenumdan düz on
gün sonra burjua mətbuatı hay-küy qaldırmış
və cinayət xarakterli sensasiyaların sorağında
dayanmışdı.
Qeyd
etmək istəyirəm ki, biz "qanunçuluq" deyəndə
cinayət məcəlləsindən çox cəmiyyətimizin
əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu
baxımdan hüquq pozuntuları, onların profilaktikası
bizim üçün təkcə hüquqa aid məsələ
deyildir. Bu, sosial və mənəvi məsələdir,
çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən,
sovet adamının hüquqlarına hörmətdən, ləyaqət
və şərəfinin qorunmasından, onda ən
yaxşı vətəndaşlıq keyfiyyətləri,
yüksək əxlaq prinsipləri tərbiyə edilməsindən
gedir.
Azərbaycan
partiya təşkilatının işi məhz belə bir
mövqeyə əsaslanır və məhz bu mövqe
böyük əksəriyyəti həyatda, əməkdə
yüksək əxlaq prinsiplərini rəhbər tutan zəhmətkeşlər
tərəfindən qızğın surətdə bəyənilmişdir.
Lakin vəzifədən sui-istifadə, rüşvətxorluq,
gözdən pərdə asmaq, halal zəhmətə xor baxmaq
şəraitində kütlələrin təşəbbüskarlığı
zəifləməyə bilməzdi, mənəvi narahatlıq
hökm sürməyə bilməzdi - sonradan bu narahatlıq əhalinin
bir çox təbəqələrində məyusluq, laqeydlik əhval-ruhiyyəsi
doğurmuşdu. Azərbaycan iqtisadiyyatının orta
İttifaq göstəricilərindən mütəmadi geri
qalmasının başlıca səbəblərindən biri də
elə bu idi. Biz xalqa kömək edib onda haqq-ədalətə,
sosializm cəmiyyəti həyatının və bu cəmiyyətin
idarə olunmasının Lenin prinsiplərinin
sarsılmazlığına inam oyatmalı idik. Bu, çoxcəhətli
bərpa işinin canıdır, zəncirin elə bir
halqasıdır ki, ondan yapışaraq bütün zənciri
çəkib çıxarmaq mümkün idi. Ağır,
çətin proses idi. Mən "idi" sözünü
heç də ona görə demirəm ki, indi vəziyyət
idealdır, ona görə deyirəm ki, bu prosesin
pozulmazlığı real həqiqətə
çevrilmişdir. Son on ildə iqtisadiyyatın, mədəniyyətin
əsaslı yüksəlişi, sosial inkişaf buna
sübutdur.
- Bəli, buna yol açmaq, çox ehtimal
ki, asan deyildi. Lənkəran Şəhər Partiya Komitəsinin
birinci katibi vəzifəsinə lap yaxınlarda
seçilmiş Dilruba camalova şəhərdə və
rayonda indiki vəziyyətlə altmış doqquzuncu il ərəfəsində
mövcud olmuş vəziyyətin adamı heyrətə gətirən
fərqini bariz misallarla göstərdi. O bir müəllim kimi
həmişə ictimaiyyətçi olmuşdur. Plenumlarda və
fəallar yığıncaqlarında gurultulu mücərrədlik,
döşünə döyüb əqidədən
ağızdolusu danışan əqidəsizlərin
riyakarlığı ikrah oyadırdı.
"Lənkəran rayonu partiya, sovet və
təsərrüfat orqanlarının fəaliyyətində
ciddi nöqsanlar haqqında" Azərbaycan KP Mərkəzi
Komitəsinin yetmişinci ilin iyul qərarından sonra şəhər
partiya komitəsinin birinci katibi İsa Əliyeviç Məmmədov,
- o indi Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifəsinə
irəli çəkilmişdir, - başda olmaqla büronun yeni
heyətinin səmərəli fəaliyyəti sayəsində
yaxşılığa doğru dönüş yarandı.
Başqa bir misal, Şamaxı Rayon Partiya
Komitəsinin birinci katibi Feyruz Mustafayev bu rayonda işə
raykomun keçmiş katibinin "fəaliyyəti" nəticələrini
aradan qaldırmaq, yəni həm rayonun iqtisadiyyatını
yüksəltmək, həm də həyat sərvətləri
haqqında adamların yanlış təsəvvürünü
düzəltmək lazım gəldiyi bir şəraitdə
başlamışdı. O, az vaxt içərisində hər
iki vəzifənin öhdəsindən gəlmişdir. Ən
çətin rayonlardan biri respublikanın qabaqcılları
sırasında yer almışdı.
Biz şəhərlərdə və kəndlərdə
zəhmətkeşlərlə söhbət etdikdə hər
yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyyətlər
yaxşı idarəetmə və səriştəli rəhbərliklə
bağlıdır. Respublikanın həyatının
özünəməxsus xüsusiyyətlərini nəzərə
alaraq bilmək istəyirik ki, yerlərdə bu cür
işçilər necə tapıldı?
- Belə işçilər həmişə
olmuşdur. Mən əvvəllər də demişəm ki, əgər
biz adamların böyük əksəriyyətinin namusla
yaşayıb işlədiyinə inanmasaydıq və bunu
dönə-dönə yəqin etməsəydik, heç bir dəyişikliyə
nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq,
gözdən pərdə asmaq üzündən çox vaxt
onların əməyi zay olurdu. Prinsipial, namuslu kadrlar əksər
hallarda irəli çəkilmirdilər, onlara qabiliyyətinə
uyğun iş verilmirdi.
Siz indiki rəhbər işçilərdən
bir keçmiş müəllimənin adını çəkdiniz,
bir də çoban nəslindən olan keçmiş
çobanın. Mən Mustafayev yoldaşı nəzərdə
tuturam. Onun irəli çəkilməsi son illərdə Azərbaycan
üçün səciyyəvi haldır. Sovxozun
çobanı, uçotçusu, mühasibi, partkom katibi və
direktoru, sonra trest müdiri, daha sonra raykomun birinci katibi.
Özü də bioqrafiyasının hər mərhələsində
mükafata layiq görülmüşdür. Sosialist Əməyi
Qəhrəmanıdır, partiyanın XXVI qurultayının
nümayəndəsidir.
Mən rəhbər vəzifələrdə
fərasətsiz, nadürüst, təsadüfi adamların
yaxşı təşkilatçılıq qabiliyyəti,
yüksək mənəvi keyfiyyətləri olan
bacarıqlı, fədakar adamlarla əvəz edildiyinə dair
çoxlu misal gətirə bilərəm. Ən əhəmiyyətli
cəhət isə budur ki, biz fəhlələri,
kolxozçuları rəhbər vəzifələrə cəsarətlə
irəli çəkirik. Dəniz neft mədənləri idarəsinin
buruq ustası, Sosialist Əməyi Qəhrəmanı
İsrafil Hüseynov iki ildir ki, Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədridir; qabaqcıl fəhlə, Sosialist Əməyi
Qəhrəmanı Yaqub Rüstəmov Mingəçevir
toxuculuq kombinatındakı toxuculuq dəzgahı
başından Yüngül Sənaye İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə
irəli çəkilmişdir; sovxoz briqadiri Təhmasib
İbrahimov Lənkəran Şəhər Partiya Komitəsinin
katibi seçilmişdir; inşaatçılar briqadiri
İlyas Quliyev respublikanın ikinci böyük şəhəri
olan Kirovabadın xalq deputatları Soveti icraiyyə komitəsinin
sədri seçilmişdir. Üstəlik, hamısı
göstərilən etimadı doğruldur.
Biz kadr hazırlığına xüsusi əhəmiyyət
veririk. Buna görə də təsadüfi deyil ki, iqtisadi və
sosial-mənəvi sahələrdə qayda yaratmaqla bərabər,
ali məktəblərə də əl atdıq. Ali məktəblərin
işinə Kommunist Partiyası MK-sının fəal surətdə
qarışması ona görə vacib idi ki, professor-müəllim
heyəti arasında rüşvətxorluq, proteksionizm,
qohumbazlıq geniş yayılmışdı. Bu vəziyyət
ali təhsilli kadrlar hazırlığı işinə ciddi xələl
gətirmiş və gənclərin tərbiyəsinə
çox böyük mənəvi ziyan vurmuşdu.
Biz belə bir vəziyyətlə də
üzləşdik: ayrı-ayrı ali məktəb müəllimləri,
rəhbər işçilər öz övladlarını
ali məktəblərə "valideyn" ixtisasları
üzrə düzəltməyə
çalışırdılar. Biz bu cür hərəkətləri
məhdudlaşdırmalı olduq. İnzibati orqanların
işçilərinin övladlarını dövlət
universitetinin hüquq fakültəsinə götürməyi
isə tamamilə qadağan etdik.
- Deməli belə! Heydər Əliyeviç,
axı, məlum bir aforizmdə "Tanrı dahilərin
övladlarını dahi xəlq eləməyib" deyilsə
də, ziyalı nəsilləri həmişə olub və
olacaqdır. Axı, bizdə sovet ziyalı nəsilləri
indi-indi çoxalmağa başlayıb. Ailənin mənəvi
marağı mühitində böyüyən
uşağın öz babalarının, atalarının
işini davam etdirməsi məgər pisdir?
- Biz sizinlə müxtəlif şeylərdən
danışırıq. Gəlin müzakirəmizin
mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən
ən əvvəl nədir? Ali təhsil diplomu, yoxsa elmlər
namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının
başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla
xidmət etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya
tarixində ziyalıların faciəli aqibətinə dair
misallar çoxdur; silk sədləri qoymurdu ki, bu ziyalılar
xalqa sərbəst xidmət etsinlər, onların işlərinin
istedadlı davamçıları olsun. Onlar bu sədləri
öz imkanları daxilində aşıb keçirdilər.
canlarının hayına qalmayaraq, mədəniyyət yaymaq
kimi bir məramla "xalq içinə" əldən-ayaqdan
uzaq qəzalara, çarizmin milli ucqarlarına gedirdilər.
Övladlarında onların işini davam etdirmək qabiliyyəti
görəndə özlərini xoşbəxt
sanırdılar. Bəli, işinin! Belə bir qabiliyyət
görməyəndə isə övladlarını elə sahəyə
yönəldirdilər ki, öz şəxsi imkanlarından
istifadə edib özlərinə və xalqa daha çox fayda
verə bilsinlər. Çünki onlar nəslin şərəfini
yüksək tuturdular, övladlarını, müasir dillə
desək, naqislik kompleksindən qoruyurdular.
Bizim dövrümüzdə, cəmiyyətə,
fəhlə-kəndli dövlətinin mənafeyinə sərbəst
xidmət etmək yolunda bütün maneələrin
dağıdılıb məhv edildiyi bir zamanda isə bəzən
elə diplomlu meşşanlar ortaya çıxır ki, xalq
etimadından, xalq pulundan özlərinin xeyrinə istifadə
edirlər.
Övladlarını, nəvələrini,
qohum-əqrəbasını öz kafedrasına,
laboratoriyasına, institutuna düzəldən, üstəlik,
qabil olsalar da, olmasalar da dissertasiya hazırlamağa, elm pillələri
ilə yuxarı qalxmaq üçün onlara imtiyazlı şərait
yaradan professorlara, hətta akademiklərə ziyalı deməyə
adamın necə dili gələr?
Hüquq fakültəsinə gəlincə,
burada da bizim qərarımız sağlam olmayan bir meyllə
bağlı idi. Biz aşkara çıxarmışdıq ki,
bu fakültəyə qəbul olunan tələbələrin
böyük əksəriyyəti milis, prokurorluq, məhkəmə,
hüquq kafedraları, partiya və sovet orqanları
işçilərinin balalarıdır. Əsasən
sui-istifadə ilə əlaqədar olan belə bir vəziyyət,
daha artıq dərəcədə isə onun zərərli nəticələri,
inzibati orqanların tərkibində bir növ qohumbazlıq və
"irsiyyət" şəraitinin yarada biləcəyi təhlükə
bizi narahat edirdi.
Mən həmin təhriflərin əleyhinə
çıxanda ilk vaxtlar qulağıma belə sözlər gəlib
çatırdı ki, bəs bu cür sərt tədbirlər
nəyə lazımdır, axı, həkim, müəllim,
hüquqçu, alim nəsilləri olmuşdur - baba, ata,
oğul… Bəs nə üçün indi bunu qadağan
edirik? Bu suala cavabım belədir: bəli, olmuşdur və
ola da bilər, yalnız yüksək mənəviyyat zəminində,
yalnız istedada görə. Şahmatçı, neftçi,
poladəridən, taxılçı sülaləsinə mənim
dərin hörmətim var və bu sülalələri
yüksək qiymətləndirirəm. İşə namuslu
münasibətə əsaslanan varislik nəsillərdə əsl
ziyalı keyfiyyətləri yaradır - həm fiziki, həm də
əqli əmək adamlarında.
Leonid İliç Brejnevin indi bütün
sovet xalqı tərəfindən böyük maraqla oxunan
"Xatirələr"ində nəsildən-nəslə keçən
bu cür ziyalılıq, ailə şərəfi nümunəsi
verilmişdir: "Hər zaman olduğu kimi Brejnevin anası ilə
tanışlıqdan öz məqsədləri
üçün istifadə etmək istəyən adamlar da, hər
cür şikayət və ərizələri "yerinə"
çatdırmaq üçün ona zorla verməyə
çalışırlarmış. Deməliyəm ki, onun
ağlına və nəzakətinə, çox böyük
təvazökarlığına mat qalmışam. Anam bu barədə
mənə heç nə demirdi, kənardan,
başqalarından eşidirdim. Belə hesab edirdi ki, mənim
işlərimə qarışmağa ixtiyarı yoxdur. Xatirini
nə qədər əziz tutduğumu, onu nə qədər
sevdiyimi bilirdi, amma bunu da bilirdi ki, əgər xahişinə əsasən
kiməsə, məsələn, mənzil işində kömək
eləsəm, deməli, başqalarının, anama
ağız açmağı ağlına gətirməyən
və ya buna imkan tapmayan adamların hesabına etmiş
olacağam. Həmin adamların isə köməyə, bəlkə
də, daha çox ehtiyacı var".
Brejnev yoldaşın kitabları bizim
hamımıza sosializm işinə sədaqət hissi, öz
fikir və əməllərimizi ən yüksək meyarla,
kommunist ideyalılığı meyarı ilə ölçmək
bacarığı aşılayır, hər kəsi öyrədir
ki, gündəlik həyatında, əməli işində cəmiyyət
qarşısındakı vətəndaşlıq məsuliyyətini
həmişə yadda saxlasın…
Hər kəsdən qabiliyyətinə
görə, hər kəsə əməyinə görə.
Bu, sosializmin qanunudur. Lakin bir halda ki, həmin qanun təhrif
edilir, biz vəziyyəti düzəltmək üçün
sərt tədbirlərə əl atırıq. Beləliklə,
ziyalı ailələrinin ənənələri yox, "əl
əli yuyar, əl də üzü" kimi
qarşılıqlı himayədarlığa əsaslanan ailəçilik,
proteksionizm və qohumbazlıq zərbəyə məruz
qalır. Biz bunun kökünü kəsəcəyik. Bilmək
istəsəniz, elə bu özü problemə məhz sinfi
münasibətdir…
- Lakin bunlar heç də yerli xüsusiyyətlərdən
doğan qüsurlar deyil. "Tifilinin qeydinə qalıb"
onu "nüfuzlu" instituta düzəltməyə,
övladının can-başla işləmək qabiliyyətinə
malik olmadığını yaxşı bilə-bilə onun
üçün "isti" yer tapmağa cəhd göstərən
valideynlər çoxdur. Bu, əsl bəladır. Belə
cavanlara "atabalası" deyirlər. Bir söz kimi
yazılır. Bəlkə də qanunla ümumi ciddi tələblər
müəyyən etmək lazımdır…
- Mən də həmin bəladan
danışıram. Amma qanun çıxarmaq… Əlavə bir
qanun nəyimizə gərəkdir? XXVI qurultayda deyildiyi kimi,
bizdə yaxşı qanunlar az qəbul edilməmişdir, məsələ
onların dəqiq və sözsüz həyata keçirilməsindədir.
Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə
yetirilsin - özü də hamı tərəfindən və
hər yerdə.
Konstitusiya var, kommunizm qurucusunun əxlaq
kodeksi var, vətəndaşlıq borcu var, sovet həyat tərzinin
mənəvi prinsipləri var. Konkret praktika da bütün
bunların əsasında yaranır.
Məsələn,
biz bağ binaları tikməyi, şəxsi avtomobil
almağı, alimlik dərəcəsi üçün
dissertasiya müdafiə etməyi rəhbər partiya
işçilərinə və vəzifəli şəxslərə
qadağan etməyə məcbur olmuşuq…
-
Üzr istəyirəm, Heydər Əliyeviç, biz ki
qanunçuluqdan danışırıq! Bu isə, mülayim
desək…
-
Mülayim sözlər axtarmayın. Bəli, bu, iradi qərardır.
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi
mən təklif etdim, həmkarlarım razılaşdılar.
60-cı
illərdə Bakıda bağ binaları tikintisi geniş
miqyas almışdı. Kim tikdirirdi? Əsasən rəhbər
işçilər, ziyalılar. Nəticəsi nə
olmuşdu? Bir çox hallarda sui-istifadə: müəssisə
və tikintilərin texnikasından, nəqliyyat vasitələrindən,
inşaat materiallarından, işçi qüvvəsindən
qanunsuz istifadə edilməsi. Üçtəlik, bağ
binaları tikilməsi xüsusi mülkiyyətçilik
psixologiyasının, fərdiyyətçilik əhval-ruhiyyəsinin
dirçəlməsinə təkan verir, ictimai borcun yaddan
çıxarılmasına səbəb olur. Biz bəzi rəhbər
işçilərə şiddətli cəza verdik, hətta
partiyadan da xaric etdik. Bağ binaları tikintisini qadağan etməyimizdən
heç kim zərər çəkmədi, cəmiyyətə
isə bunun xeyri oldu. Zavod direktoru üçün bağ yox,
zavodun bütün kollektivi üçün pansionat,
profilaktoriya. Biz, bax bunu əsas götürürük. Son illərdə
bu cür pansionatlar, istirahət evləri, - o cümlədən
rəhbər heyət üçün, - az tikilməmişdir.
Respublika ictimaiyyəti bizim tədbirlərimizi bəyənmişdir.
Fərdi
avtomobillər almanın qadağan edilməsi avtomobil alveri
faktları ilə əlaqədardır. Həm də belə
faktlar çoxalmışdır. Biz avtomobil alıb-satmaq
üstündə də bir çox məsul işçiləri
cəzalandırmalı olduq.
Mən
təcrübəmizi kor-koranə götürüb tətbiq
etməyi məsləhət görmək fikrindən
uzağam. Belə qərarları biz özümüzdə
yaranmış kəskin vəziyyətə uyğun olaraq qəbul
etmişik. Rəhbər işçilərin adına az da olsa
ləkə düşməməlidir.
-
Bəs alimlik dərəcələri! Axı, biz həmişə
cəmiyyəti elmi qaydada idarə etmək zərurətindən
danışırıq. Əgər partiya işçisi və
ya nazir həm də alimdirsə…
-
Güman edirəm ki, şairin çox riyakarlıqla, lakin dəqiq
şəkildə dəyişdirilmiş misralarına bələdsiniz:
"Alim olmaya da bilərsən, amma namizəd olmağa
borclusan". İndi biz elmsiz keçinə bilmərik. Kim
idarəetmə ilə məşğul olursa, elmlərin,
xüsusilə ictimai elmlərin əsaslarına yiyələnməlidir.
Üstəlik, öz əməli fəaliyyəti ilə elmə
töhfə verməli, cəmiyyətdə cərəyan edən
hadisələri təhlil etməyi və bir anlıq qərarlar
deyil, dərin qərarlar qəbul etməyi bacarmalıdır.
Biz bütün rəhbər işçilərdə bu keyfiyyətlərin
olmasını istəyirik. Azərbaycan KP Mərkəzi Komitəsi
təbliğat və təşviqat şöbəsinin
müdiri Əfrand Firudinoviç Daşdəmirov sizinlə
üzbəüz əyləşib. Hələ qırx
yaşı yoxdur, amma fəlsəfə elmləri doktorudur, professordur.
MK aparatına alim kimi gəlib və öz partiya işini elmi
işlə əlaqələndirir. Bu, bizə fayda verir. Hər
bir qaydanın əsaslandırılmış istisnaları da
var. Yoxsa qayda ehkama çevrilər.
Lakin
Sumqayıt Şəhər Partiya Komitəsinin keçmiş
birinci katibi Balakişiyevin texnika elmləri namizədi alimlik dərəcəsi
almasını əsla normal vəziyyət hesab etmək olmaz.
Axı, o, partiya işinə keçməzdən əvvəl
elmi tədqiqatla məşğul olmamışdı, heç
mühəndis də işləməmişdi, ömründə
istehsalatda çalışmamışdı. Buna görə
də yoxlamanın nəticələri təəccüb
doğurmur. Bu nəticələr oyanan şübhəni təsdiq
etmişdir: Balakişiyev əslində dissertasiyanın müəllifi
olmamış, özgə əməyindən istifadə
etmişdir. Balakişiyev sovet alimi adına yaraşmayan hərəkətlərinə
görə SSRİ Ali Attestasiya Komissiyasının 1981-ci il 12
avqust tarixli qərarı ilə alimlik dərəcəsindən
məhrum edilmişdir. Daha əvvəl Balakişiyev işdəki
ciddi nöqsanlarına görə vəzifədən
götürülüb sıravi işə göndərilmişdir.
Lakin bu, yeganə hadisə deyildi. 60-cı
illərdə rəhbər işçilər arasında
alimlik dərəcəsi almağa aludəçilik dəb
düşmüşdü. Biz belə bir nəticəyə gəldik
ki, bunun nə elm üçün əməli faydası var, nə
də partiya, dövlət fəaliyyəti üçün. Zərəri,
mənəvi ziyanı isə çoxdur. Rəhbər
işçilər öz vəzifələrindən sui-istifadə
edirdilər, alimlərin sıraları isə zibillənirdi. Qadağan etməyimizin
səbəbi bax budur.
Mərkəz.- 2010.- 29 oktyabr.- S. 10-11.