Əsl hadisə…

 

Ramiz Zöhrabov: «Mədəniyyət günlərinin keçirilməsi mədəniyyətimizin ən uğurlu təbliğatıdır»

 

Nizami Cəfərov: «Sistemli şəkildə Mədəniyyət günlərinin keçirilməsi Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qayğısının nəticəsidir»

 

«Sistemli şəkildə Mədəniyyət günlərinin keçirilməsi dövlət başçısı İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qayğısının nəticəsidir.

Buna görə, ilk növbədə, hər iki mədəniyyət hamisinə minnətdarlıq düşür. Mən deyərdim ki, bu, cənab prezidentlə, hörmətli Mehriban xanımın sayəsində reallaşan çox böyük hadisədir».

«Sistemli şəkildə Mədəniyyət günlərinin keçirilməsi dövlət başçısı İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qayğısının nəticəsidir.

Buna görə, ilk növbədə, hər iki mədəniyyət hamisinə minnətdarlıq düşür. Mən deyərdim ki, bu, cənab prezidentlə, hörmətli Mehriban xanımın sayəsində reallaşan çox böyük hadisədir», - deyə fikirlərini qəzetimizlə paylaşan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Azərbacanda keçirilən Mədəniyyət günlərini yüksək qiymətləndirdi. N. Cəfərovun sözlərinə görə, istər region, istər müsəlman, türk, yaxud da dünya miqyasında keçirilən Mədəniyyət günlərinin keçirilməsi Azərbaycanın beynəlxalq arenada tanınmasına xidmət edir: «Biz dünya mədəniyyətinə inteqrasiya edirik. Odur ki, mədəniyyət tədbirlərinin mütəmadi olaraq keçirilməsi həm də dövlət siyasətinin tərkib hissəsidir. Bu günlərdə İranda keçirilən Kino günlərində iştirak etdim. Böyük bir coşqu ilə qarşılanan o tədbir kinomuzun müsəlman dünyasında təbliğatına xidmət etdi. Mədəniyyət günlərində kinomuz, teatrımız, təsviri incəsənətimiz, musiqimiz təmsil və təbliğ olunur.

Mədəniyyətlərarası təmas yaranır, bunu, sözün əsl mənasında, hadisə adlandırmaq olar».

Bəstəkarlar İttifaqının katibi, xalq artisti, musiqişünas Ramiz Zöhrabov da Mədəniyyət günlərini Azərbaycanla beynəlxalq aləm arasında qarşılıqlı mədəni əməkdaşlığın təməli kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu cür tədbirlər mədəniyyətin inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsinə, bir sözlə, Azərbaycan mədəniyyəti və incəsənətinin tərəqqisinə xidmət edir: «Müxtəlif xalqlar öz mədəniyyətini Azərbaycana gətirməklə qarışlıqlı mübadiləyə yol açır. İnsanlar maraqlı, rəngarəng proqramları izləməklə yeni musiqilərlə, kinolarla tanış olur. Bu da estetik zövqün inkişafına xidmət etməklə bərabər, həm də ölkələrarası əlaqəni gücləndirir. Sevindirici haldır ki, son illər Azərbaycanda mütəmadi şəkildə Mədəniyyət günləri, festivallar keçirilir. Eyni zamanda, xarici ölkələrdə Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsi ölkəmizi beynəlxalq miqyasda tanıdır. Mədəniyyət günlərinin keçirilməsi mədəniyyətimizin ən gözəl təbliğatıdır». Ramiz Zöhrabov bu cür tədbirlərin ənənəyə çevrilməsinin tərəfdarı olduğunu da söylədi.

Qeyd edək ki, son vaxtlar istər Azərbaycanda başqa ölkələrin Mədəniyyət günlərinin keçirilməsi, istərsə də başqa ölkələrdə Azərbaycan Mədəniyyət günlərinin təşkil olunması artıq ənənə halını alıb. Son günlərə nəzər salsaq, görərik ki, bu həftə kino həvəskarlarının yaddaşında Özbəkistan Kino həftəsi kimi qaldı. Bu münasibətlə okytabrın 25-də “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti - Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissoraktyor Mansur Abduxalikov paytaxtın qonağı oldu.

Kino günləri çərçivəsində «Özbəkkino»nun son istehsalları nümayiş olundu. Eyni zamanda, nümayəndə heyətinin Dövlət Mədəniyyət və İncəsənət Universitetində, «Azərbaycanfilm» kinostudiyasında görüşləri oldu, qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayına, Müasir İncəsənət Muzeyinə baş çəkdilər, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət etdilər. Noyabrın əvvəllində isə paytaxt Bakının qapıları daha bir ölkənin mədəniyyət xadimlərinin üzünə açıq olacaq. Belə ki, noyabrın 3-dən 6-na qədər Azərbaycanda Türkmənistan Mədəniyyət günləri keçiriləcək. Tədbirdə iştirak etmək üçün Türkmənistanın mədəniyyət və incəsənət xadimlərindən ibarət 60 nəfərlik nümayəndə heyəti Bakıya təşrif buyuracaq. Yeri gəlmişkən, oktyabrın 26-da Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti günləri başlayıb. Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Mərakeşə səfər edib. Noyabrın 1-dək davam edəcək Mədəniyyət günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək. Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən - xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcək.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2010.- 29 oktyabr.- S. 4.