«Quranelm»

 

XXVI söhbət

 

Canlı və cansızların cüt yaradılması

 

Qurani-Kərim dünyada mövcud olan hər bir şeyin cüt yaradıldığını bəyan edir. Aşağıdakı ayələrə nəzər salaq:

 

1. Zariyat surəsi, ayə 49:

«Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız».

2. Şuəra surəsi, ayə 7:

«Məgər onlar yer üzünə baxıb orada (hər növ bitkidən) gözəl cütlər yaratdığımızı görmürlərmi?”

3. Şura surəsi, ayə 11:

«Göyləri və yeri yoxdan yaradan Allah sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla) cütlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) eşidəndir, görəndir!»

4. Yasin surəsi, ayə 36:

«Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir!»

Yuxarıdakı ayələrdən məlum olur ki, Allah-təala insanları, heyvanları, bitkiləri, ümumiyyətlə, dünyada olan hər şeyi cüt olaraq yaratmışdır. Allahın sonuncu Kitabında bu barədə olan başqa ayələr də mövcuddur. Burada bizi maraqlandıran məsələ, Quranın bütün məxluqata aid etdiyi bir sirrin bugünkü təcrübi elmlər tərəfindən təsdiq edilməsidir. Məsələn, Quranın nazil olmasından əsrlərcə sonra kəşf edilmiş elektrikin müsbət və mənfi yüklərin birləşməsindən əmələ gəlməsi buna canlı sübutdur. Atomu tədqiq edən alimlər də onun nüvəsinin müsbət yüklü çəyirdək olduğunu və ətrafında mənfi yüklü elektronların mövcudluğunu isbat etmişlər.

Bununla kifayətlənməyən fiziklər hətta nüvənin özünün proton adlanan müsbət yüklü hidrogen çəyirdəyindən və heç bir yük daşımayan neytrondan təşəkkül tapdığını laboratoriya təcrübələri vasitəsilə müəyyən etmişlər.

Onu da qeyd etmək lazımdır ki, yuxarıdakı ayələr müxtəlif dövrlərdə elmin inkişaf səviyyəsinə uyğun olaraq ayrı-ayrı müfəssirlər tərəfindən müxtəlif cür şərh edilmişdir. Bəzi müfəssirlər ayələrdəki cütü «erkəklik-dişiliklə», bəziləri «hərəkət-sükunətlə» digər bir qism təfsirçilər isə «gecə-gündüz», «sağlamlıq-xəstəlik», «acılıq-şirinlik» kimi bir-birinə zidd olan məfhumlarla izah etmişlər. Halbuki müasir elm insanheyvanlarda olduğu kimi, bütün bitkilərdə də erkəklik və dişilik hüceyrələrinin mövcud olduğunu sübut etmişdir. Beləliklə, çağdaş təcrübi elmlər Quranın 1400 il bundan əvvəl bizə xəbər verdiyi bu gerçəyi dolayısı ilə təsdiq etməklə məşhur müasir ərəb alimi Yusif Qardavinin «Qurani-Kərimin özəllikləri və məziyyətləri» əsərində qeyd etdiyi kimi, onun «haqq kitabı», «ilahi kitab» olduğunu bir daha təsdiq etmişdir. Keçən əsrin böyük müfəssirlərindən hesab edilən prof. Seyyid Qütb Zariyat surəsinin 49-cu ayəsini təfsir edərkən göstərir ki, həmin ayə Allahın Yer üzündə bərqərar etdiyi yaradılış qaydasını göstərməkdədir. Bəlkə də, bu, kainatın mövcud olan ümumi bir qanunudur. Çünki ayədə söylənilən fikir təkcə Yer üzünə aid deyildir.

Yaradılışdakı cütlük canlılara xas olan bir qaydadır. Lakin ayədə buyurulan «Biz hər şeydən (erkək və dişi olmaqla, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq» ifadəsi bu yaradılış qayda-qanununun əşyalara da, cansız aləmə də şamil olduğunu bildirməkdədir. Qurani-Kərimin kainatda hökm sürən bu qanunauyğunluğu 14 əsr bundan əvvəl bizə çatdırması insanda yalnız və yalnız heyrət doğura bilər.

 

XXVII söhbət

 

Quranelektrik

 

Elektrikin insanın bugünkü həyatında olan əhəmiyyətindən danışmaq artıqdır. Təkcə onu qeyd etmək kifayətdir ki, müasir dövrdə insanın həyatını, cəmiyyətin varlığını elektriksiz təsəvvür etmək mümkün deyildir. Elektrik insan oğlunun Allahın ona bəxş etdiyi ağılla kəşf etdiyi ən böyük nemətlərdən biridir.

Quran ayələrini dövrümüzün elmi anlayışları çərçivəsində izah edən bəzi müfəssirlər Allahın Kitabında buyurulan «Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq» (Ənam, 38) fikrinə istinad edərək göstərirlər ki, Qurani-Kərimin Nur surəsinin 35-ci ayəsində elektrik haqqında da məlumat verilmişdir. Ayəni nəzərinizə çatdırırıq:

«Allah göylərin və yerin nurudur. Onun nuru içərisində çıraq olan bir qəndilə (oyuğa) bənzər. O çıraq bir şüşənin içindədir. O şüşə isə sanki inciyə bənzər (parlaq) bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir».

Bu mübarək ayə özünün misilsiz bədiiliyi, üslubi gözəlliyi, ehtiva etdiyi təşbehlər və məcazlar baxımından bir çox müsəlman alimləri tərəfindən müxtəlif cür təfsir edilmiş, sufilər tərəfindən ona müxtəlif yozumlar verilmiş, hətta İmam Qəzali kimi böyük islam alimi onunla bağlı özünün «Mişkatül-ənvar» («Nurlar mənbəyi») adlı məşhur əsərini yazmışdır. Təntavi cövhəri, Əlmalılı Həmdi Yazır kimi məşhur müfəssirlər isə ayəni işıq nöqteyi-nəzərindən incələmiş, bu yöndən açıqlamışlar.

Görkəmli türk astronomu və generalı Qazi Əhməd Muxtar Paşa «Sərairul-Quran» adlı əsərində elektrik hadisəsini çox müfəssəl şəkildə qələmə almış, bütün məxluqatın öz varlığını qoruya bilmək üçün ən çox ehtiyac hiss etdiyi ünsürlərdən birinin məhz elektrik olduğunu bəyan etmişNur ayəsini məhz bu baxımdan açıqlamağa səy göstərmişdir. Qazi Əhməd Muxtar Paşa qeyd edir ki, zaman və məkan xaricində olan, heç bir şeyə bənzəməyən, hər yerdə hazır və nazir olan şanı uca Allah möhtərəm Nur ayəsində özünü insanlara «göylərin və yerin nuru» kimi tanıtmışdır. Bu isə, çox güman, nurun kainatı yaratma vasitəsi olmasından və məxluqatın Allahın dilədiyi zamana qədər öz halları üzrə qalmasına xidmət etməsindən irəli gəlir. Çünki nurdan istilik, istilikdən də hərəkət doğur. Hərəkət isə (kainatdakı) müvazinətin, tarazlığın davam etməsidir. Hərəkətsiz duran səmada birdən-birə göyün dəhşətlə guruldaması, ildırımın, şimşəyin şiddətlə çaxması göyləri və yeri çatladan o incə nurun işləri (felləri) deyilmidir?! Özünə atəş toxunmadan yanan bir şey deyilmidir?!

Keçən əsrin tanınmış müfəssirlərindən Malik Binnəbi isə özünün «Qurani-Kərim möcüzəsi» adlı əsərində Nur ayəsini, sözün həqiqi mənasında, elektriklə izah etməyə çalışmış və bu barədə belə demişdir: «Özünə heç bir atəş toxunmadan yanan bir işığın bir oyuq (qəndil) içində olan bir çıraqdan yayıldığı» şəklində anlaşılması lazım gələn bu ayədə ərəb dilində işlənmiş mişkat (oyuq, taxça, qəndil), misbah (çıraq) və zücacə (şüşə, büllur) sözlərinin qarşılığını müasir texnologiyada işlədilən aşağıdakı ibarələrlə vermək olar:

1) mişkat = projektor = reflektor;

2) misbah – cərəyanın keçməsilə akkor halına gələn telfilamen;

3) zücacə – ampul.

Müasir texnologiyada işlədilən bu üç sözün əlaqəli şəkildə toplum mənası isə atəş olmadan öz-özünə işıq verən bir şey, yəni elektrik deməkdir».

Görkəmli türk alimi Əlmalılı Həmdi Yazır isə Yasin surəsindəki «Sizin üçün yamyaşıl ağacdan od əmələ gətirən Odur. İndi siz ondan od yandırırsınız» ayəsinin təfsirində qeyd edir ki, burada nəzərdə tutulan məna heç də ağacları, odunuya kömürü göstərmək deyil, sürtünmə və toxunma nəticəsində meydana gələn istilik və alovlanmanı göstərməkdir ki, bu da indi bildiyimiz elektrik hadisədir.

 

 

Mərkəz.- 2010.- 30 oktyabr.- S. 16.