HEYDƏR ƏLİYEV
Belə mənəvi yasaqlara dair gətirilən
misallar, bəlkə də, gözlənilməzdir. Lakin əmək
kollektivində mənəvi yasaq özlüyündə o qədər
də nadir hadisə deyildir. Bu, şərəf və vicdan
haqqında sosialist anlayışlarından irəli gəlir,
müəyyən şəraitdə konkretlik kəsb edir. Həm
də kollektivə başçılıq edən rəhbərin
qarşısına xüsusi tələblər qoyur. Rəhbər
işçinin mənəvi siması, mənəvi nümunəsi
adamların tərbiyəsində mühüm amildir. Əgər
rəhbər işçi, məsələn, tribunadan
xırda burjua psixologiyasının qalıqlarını
qamçılayıb lənətləyirsə, şəxsi həyatında
isə öz vəzifəsindən sui-istifadə edirsə, sərvət
toplamaqla, qızıl almaq, alver etməklə məşğul
olursa, həyatda əşyadan və puldan başqa heç bir
sərvət tanımayan adamdan yüzqat təhlükəlidir.
- Heydər Əliyeviç, hətta Qərbdə
sosializmi tez-tez sosial təminatlar quruluşu
adlandırırlar. Özü də bizdə hər bir adam
bunu hər gün yəqin edə bilər. Bununla belə,
görürsən, adamlar artıq ehtiyatlar yaradırlar. Buna səbəb
nədir? Onları qorxudan bəlkə beynəlxalq vəziyyətdir?
- Beynəlxalq vəziyyət nə qədər
gərgin olsa da, onun buraya heç bir dəxli yoxdur. Gərgin
beynəlxalq vəziyyət normal vətəndaşda
sülhün, öz yaxın adamlarının müqəddəratı
üçün təşviş oyadır, öz evini, öz
Vətənini müdafiə etmək əzmi yaradır. Mən
sadə əməkçilərlə görüşəndə
tez-tez bunun şahidi oluram. Onlar partiyamızın və
hökumətimizin sülhü qoruyub saxlamaq qabiliyyətinə
özlərinin möhkəm inamını da ifadə edirlər.
Leonid İliç Brejnev dəfələrlə qeyd
etmişdir ki, Sov. İKP MK və Sovet dövləti
sülhü qoruyub saxlamaq, sürətlə silahlanmanın
qarşısını almaq, təcavüzkarları dəf etmək
üçün bütün tədbirləri görəcəkdir.
… Ehtiyat toplayanların psixologiyası məni
də maraqlandırır. Bəzən onların
açıq-saçıq cavablarını eşidirsən.
Bakı şəhəri Şaumyan Rayon İcraiyyə Komitəsinin
keçmiş sədri, qızıl pul alıb yığmaqda
ifşa edilmiş Əhmədov Kommunist Partiyası MK-sı
bürosunun iclasında beləcə də demişdi: «Dar
gün üçün». Onlar layiq olmadıqları yeri
tutar-tutmaz öz «dar günləri» üçün
qorxmağa başlayırlar. İnamsızlıq,
nigarançılıq, labüd uğursuzluq hissi bu bədbəxtləri
qarabaqara izləyir. Əgər onların keçmişinə
baxsaq, indicə haqqında danışdığımız əhvalatlara
hökmən rast gələrik: ali məktəbdə yer
rüşvətlə alınıb, diplom pula alınıb,
dissertasiya da, «gəlirli yer» də və i.a.
Bumeranq geri qayıdır. Bəla
burasındadır ki, o, nəinki həyatımızın
qanununu pozan adamın şəxsi taleyinə, həm də
çoxlu başqa adama zərbə vurur, dayaqlarımıza və
prinsiplərimizə zərbə vurur, ədalətə və
paklığa inamsızlıq yaradır.
- Məndə belə bir təəssürat
oyandı ki, sizdə rüşvətxorluq cinayətin hər
hansı başqa növünə nisbətən daha çox
nifrət oyadır. Şair Fikrət Qoca isə hətta deyir:
«Rüşvət kürəyimizə sancılan xain
bıçağıdır…» Nə üçün məhz
rüşvət?
- Ona görə ki, rüşvət
universal cinayətdir. Bütün başqa eybəcərliklər
onun ətrafında dolanır. Rüşvətxor əlaltından
dublyonka, palto satmır, dövlətin mənafeyini satır,
öz fəaliyyətini satır, başqa birisi isə pul verib
bunları alır. Şairin aforizmi mübaliğə deyildir.
Keçmişin mənfur qalığı yaşayırsa,
bunun təqsiri hər birimizin üzərinə
düşür, hətta təmiz, pak adamın da, hətta
rüşvət alanlara və rüşvət verənlərə
nifrət edən adamın da. Şəxsi təmiz olmaq və
şəxsi çiyrinmək hələ vətəndaşlıq
ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq
deməkdir, şərə qarşı mübarizə aparmaq
bacarığı və arzusu deməkdir. Publisistlərdən
neçə illərdi ki, Rubinovun «Brilyant əllər» məqaləsi
kimi bir çıxış gözləyirdim. Lakin
«Literaturnaya qazeta» şəxsi gəlir haqqında hesabat
formasını tapmağı yalnız təklif etməklə
kifayətlənib, bunun üçün tədbirlər
hazırlanmasına çalışmasa, yarı yolda
qalmış olar.
Yəqin ki, siz publisistlər də bəzən
çətinlik çəkirsiniz. İfşa edilmiş və
hələ ifşa edilməmiş oğrular, rüşvətxorlar,
görünür, çığır-bağır
salırlar ki, siz «rəhbərin nüfuzunu»
sarsıdırsınız. Bizdə də belə şeylər
olur. Lakin biz sosialist qanunçuluğuna ən ciddi əməl
edilməsi uğrunda mübarizə aparmaq, xidmət
mövqeyindən hər hansı şəkildə sui-istifadə
edilməsinə qarşı mübarizə aparmaq, cəmiyyətimizin
mənəvi sərvətləri uğrunda mübarizə
aparmaq haqqında partiyanın göstərişlərini unutmuruq.
Leonid İliç Brejnev demişdir: «Bu
cür hallara qarşı mübarizədə əmək
kollektivinin rəyindən də, mətbuatın tənqidi
çıxışından da, inandırma metodlarından da,
qanunun gücündən də - ixtiyarımızda olan
bütün vasitələrdən tamamilə istifadə edilməlidir».
- Sizin tanınmış bir
hüquqçunuz demişdir: «Zəhmətsiz gəlirlə
yaşayan adam «zəhmətli» gəlir haqqında
arayışı pul ilə həmişə ala bilər».
- Bunu yoxlamaq asandır. Həm
arayış alanı, həm arayış verəni
lazımınca cəzalandırmaq da. Başlıcası isə
budur ki, şərin kökünü kəsmək
üçün görülən konkret tədbirlər
özlüyündə əlahiddə bir məqsəd deyildir.
Bunlar qanunun pozulmasına qarşı ümumi dözülməzlik
sisteminə möhkəm daxil olmalıdır. Qəzetin
çıxışı fəal həyat mövqeyinin təzahürü
nümunələrindən biridir. Real tədbir görülməsə,
fəal mövqeyin heç bir faydası yoxdur. Fəal vətəndaşlıq
mövqeyinin yaradılması dövrümüzdə
bütün ideoloji işin özəyidir.
1979-cu ilin aprelində Bakıda «Fəal həyat
mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin
təcrübəsi və aktual problemləri» mövzusunda
Ümumittifaq elmi-praktik konfransının keçirilməsi bu
baxımdan böyük hadisə olmuşdur. Belə konfranslar
kommunizm ideallarının bərqərar edilməsinin əməli
təcrübəsini, mənfi hallara qarşı mübarizə
təcrübəsini ümumiləşdirməyə, ictimai
elmlərin müəyyən dərəcədə geri
qalmasına son qoymağa kömək edir: ictimai elmlər hələ
çox zaman məsələləri, tutaq ki, etika problemlərini
mücərrəd fəlsəfi səviyyədə, Vladimir
İliç Leninin «adi adamların əməli hərəkatı»
adlandırdığı hərəkatdan ayrılıqda
araşdırır. Sov. İKP MK Siyasi Bürosunun
üzvü, MK katibi Mixail Andreyeviç Suslov da bu yaxınlarda
ali məktəblərin ictimai elmlər kafedraları müdirlərinin
Ümumittifaq müşavirəsində məhz sxolastik nəzəriyyəbazlığa,
xırda məsələlər ətrafında mənasız
diskussiyalara aludəçilikdən qətiyyətlə əl
çəkmək lüzumundan danışmışdır.
Elmi-texniki inqilab, rifahın yüksəlməsi,
asudə vaxtın çoxalması, savadın artması kimi
mütərəqqi hadisələrin müasir həyata gətirdiyi
bir çox ziddiyyətlər kompleks qaydada - mənəvi,
sosial, siyasi cəhətdən idarə olunmasa, mənfi nəticələr
də verə bilər.
Sosializm cəmiyyətində bu prosesdə
əsas rolu əmək kollektivi öz öhdəsinə
götürür və onun əhəmiyyətinin getdikcə
artması Konstitusiyada qeyd edilmişdir. Əmək kollektivində
yalnız əmək alətləri deyil, insani münasibətlər
də mükəmməl olmalıdır. Bakı məişət
kondisioneri zavodu bu cür ahəngdar əlaqənin timsalı
ola bilər. Müəssisənin partiya təşkilatı
iqtisadi, təşkilati və ideoloji amillərin təsiri
sistemini əməli şəkildə işləyib
hazırlayaraq sosialist ictimai istehsalının humanist məqsədlərini
hər bir əməkçiyə aydın göstərir.
Yaxud neftçi kollektivlərini, xüsusilə dəniz
neftçiləri kollektivlərini götürək. Orada hər
şey yüksək mənəviyyata əsaslanır. Leonid
İliç Brejnev çox obrazlı şəkildə
demişdir: «Dəniz neftçilərinin əməyi ikiqat qəhrəmanlıqdır».
İdeyanın kütlələrə hakim
kəsildikdən sonra maddi qüvvəyə çevrildiyi
haqqında Marks müddəasının
düzgünlüyünü əyani şəkildə
görüb yəqin etmək olar. Respublikanın iqtisadi
müvəffəqiyyətləri arxasında biz Azərbaycan
KP Mərkəzi Komitəsi xəttinin mənəvi cəhətdən
bəyənildiyini, rəhbər partiya, sovet işçilərinin
zəhmətkeşlərin həyatını daha da
firavanlaşdırmaq, dolğunlaşdırmaq və ülviləşdirmək
niyyətlərinin səmimiliyinə etibar edildiyini
görürük.
Respublikanın nailiyyətləri partiya və
dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan SSR onuncu beşillik planı vaxtından əvvəl
yerinə yetirdiyinə görə üçüncü Lenin
ordeni ilə təltif olunmuşdur. 1980-ci il və bütün
beşillik üçün Ümumittifaq sosializm
yarışının yekunlarına görə respublika
dalbadal on birinci dəfə Sov. İKP MK-nın SSRİ Nazirlər
Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ
MK-nın Qırmızı bayrağı ilə
mükafatlandırılmışdır.
Leonid İliç Brejnev 1978-ci ilin
sentyabrında Bakıya gəlmişdi. Sov. İKP MK-nın
Baş katibi respublikanın müvəffəqiyyətləri
ilə tanış olduqdan, onun şanlı əməkçiləri
ilə görüşdükdən sonra təəssüratına
bu sözlərlə yekun vurmuşdu: «Azərbaycan iri
addımlarla irəliləyir!»
Biz bu tərifdən ruhlanaraq
respublikanın irəliləyişinin ləngiməməsindən
ötrü əlimizdən gələni edirik. Biz iqtisadiyyatı
böyük sürətlə yüksəltməyi nəzərdə
tutmuş, on birinci beşillik üçün gərgin planlar
müəyyənləşdirmiş və elə birinci ildən
yaxşı nəticələrə nail olmuşuq.
cari ildə hava şəraiti əlverişli
olmasa da, tarla əməkçiləri yenidən görkəmli
qələbə qazanmışlar. Dövlətə bir milyon
13 min ton pambıq satılmışdır ki, bu da keçən
il tədarük edilmiş rekord həcmdən 129 min ton
çoxdur; bir milyon 608 min ton üzüm
satılmışdır ki, bu da rekord il olan 1980-ci ildəkindən
210 min ton çoxdur. Azərbaycan ölkədə ən iri
üzüm istehsalçısına çevrilmişdir.
Brejnev yoldaş bizi böyük nailiyyətlər
münasibətilə ürəkdən təbrik edib göstərmişdir
ki, hər il planların və sosialist öhdəliklərinin
tamamilə və artıqlamasilə yerinə yetirilməsi, məhsuldarlığın,
bütün kənd təsərrüfatı məhsulları
istehsalının və dövlətə
satışının durmadan artmasının təmin edilməsi
respublika əməkçilərinin yaxşı ənənəsinə
çevrilmişdir.
Sənaye və tikinti də yaxşı
sürətlə inkişaf edir. Bu il məhsul
artımının 81,4 faizi əmək məhsuldarlığının
yüksəldilməsi hesabına əldə olunmuşdur.
Keyfiyyət nişanlı məhsul istehsalının həcmi
29,5 faiz artmışdır.
Respublikanın və bütün ölkənin
iqtisadi müvəffəqiyyətləri ona görə fərəhlidir
ki, bunlar xalqın rifahının yüksəlməsi deməkdir,
çünki XXVI qurultayda deyildiyi kimi, konkret adama konkret
qayğı partiyanın iqtisadi siyasətinin əzəli məqsədi
və son məqsədidir.
Lakin istehlak mədəniyyəti tərbiyə
etməyi yaddan cıxarmaq olmaz. Bu, sosialist həyat tərzinin
bir ünsürüdür. Bayaqdan haqqında
danışdığımız ziyalıların fəallığı
üçün burada geniş meydan vardır. Əsl
ziyalı rifahın mənasının və məzmununun,
şəxsi və ictimai qarşılıqlı münasibətin
başa düşülməsinə kömək etməyə
çalışır. Başqa bir ziyalı isə vəzifəyə
keçəndən sonra öz meşşan instinktlərinə
meydan verir. Deməli, iki yol var: müasir əşyaların
köməyi ilə yüksəlmək yolu. Bir də əşyaların
ucbatından uçuruma yüvarlanmaq yolu.
Biz fəal həyat mövqeyinin
formalaşdırılmasına bu qədər böyük əhəmiyyət
verərəkən təkcə sosial cəhətdən fəal
şəxsiyyətin ictimai proseslərin idarə olunmasına
kömək etdiyini yox, həm də bu şəxsiyyətin
özünün yeni həyat sərvətləri əldə
etdiyini, yeni sevinclərə qovuşduğunu nəzərdə
tuturuq.
- Siz dediniz ki, insanın fəal mövqeyi
konkret hərəkətlərdə təzahür edir. Amma məlumdur
ki, adamın başına öz hərəkətləri
üçün heç də həmişə çələng
qoymurlar.
Azərbaycan kinostudiyasının
«İstintaq» filmində, - yeri gəlmişkən deyim ki, o,
moskvalılara böyük təsir
bağışlamışdır, - müstəntiq Seyfi əsl
cinayətkarları - keçmiş vəzifəli şəxsləri
üzə çıxarıb ifşa etmək
üçün əlindən gələni edir. Filmin
yaradıcıları - ssenari müəllifi Rüstəm
İbrahimbəyov və rejissor Rasim Ocaqov «qanun hamı
üçün qanundur» prinsipini publisistcəsinə kəskinləşdirmişlər.
Lakin bu prinsipin zəfər çalması üçün
filmin qəhrəmanı nəinki təzyiqə, hədələrə
sinə gərir, həm də istintaqın bəzi prosessual
normalarına etinasızlıq göstərməyə məcbur
olur. Güman etmək olar ki, bunun üçün cəzalandırılacaqdır.
Qanun hamı üçün qanundur! Şair demişdir ki,
«xeyirxahlığın gərək yumruğu olsun». Lakin ədliyyənin
də yumruğu var.
Yaxud da, bir halda ki, misalları incəsənət
əsərlərindən gətiririk, Eldar Ryazanovun çoxdan
çəkilmiş, lakin köhnəlməyən «Avtomobildən
özünü qoru!» filmini yada salaq. Hakimlər və
iclasçılar rəğbət hissinə güc gəlib hədsiz
təmənnasızlığına görə hətta sevən
qadının da səfeh adlandırdığı Yuri
Detoçkin barədə hökm çıxarırlar.
Doğrudur, qanun-qaydanı bu cür «pozanlara» münasibət
müxtəlifdir. Ələlxüsus qanunun quru hərfinin
keşiyində dayananlar arasında. Bir hüquqçu təəssüflə
demişdir ki, Smoktunovski «anarxisti» məlahətli qəhrəmana
çevirmişdir.
- Mənimsə Yuri Detoçkindən
xoşum gəlir! Əlbəttə, səhvi ondadır ki, təkbaşına
iş görür. Lakin yəqin ki, başqa cür hərəkət
etmək əlindən gəlmir. Seyfinin də əlindən gəlmirdi.
Hər adam səhv edə bilər. Hər şey onun hansı
mənəvi mülahizələri rəhbər tutmasından
asılıdır.
Filmin yaradıcıları ictimaiyyətin
diqqətini fırıldaqçılara qarşı daha fəal
mübarizə aparmaq lüzumuna cəlb etmiş, onların vəziyyətə
uyğunlaşmasının yeni növlərini göstərmişlər.
Detoçkin və Seyfi kimi adamların sayəsində mənfi
hallara qarşı mübarizə daha müvəffəqiyyətlə
gedir. Belə adamlar mübarizə formalarını və
metodlarını seçməkdə səhv etsələr də,
sayca laqeydlərdən daha çox olsalar yaxşıdır.
Yazıçılar, şairlər,
kinematoqrafçılar sürətlə dəyişən həyatla
qanunlar arasında olan ziddiyyətləri konfliktli vəziyyətlərdə
göstərirlər. Ziddiyyətlər təkcə
hüquqşünaslığa yox, adət edilmiş təsəvvürlərə,
köhnəlmiş ənənələrə, ilk nəzərdə
sarsılmaz görünən davranış qaydalarına da
aiddir. Beləliklə, sənətkarlar öz vətəndaşlıq
mövqelərini ifadə edərək cəsarətlə
parlaq bədii əsərlər yaradırlar.
Ədəbiyyatın həyatdan geri
qalmasına yalnız təəssüf etmək olar. Mən ən
əvvəl Azərbaycan yazıçılarını nəzərdə
tuturam. Bizdə kommunist əxlaqının antipodlarına
qarşı Azərbaycan kommunistlərinin indiki mübarizəsini
əks etdirən, cəsur və vicdanlı müasir cəngavərlərin
obrazları olan əsərlər hələ az
yaradılır. Halbuki real həyatda belə adamlar çoxdur!
Bir halda ki, söhbət ədəbiyyatdan
düşdü, deməliyəm ki, sosialist realizmi ədəbiyyatı
mənfi hallara qarşı mübarizədə, kommunizm
ideallarının bərqərar edilməsi uğrunda
mübarizədə, bütün dünyada sülhün qələbəsi
uğrunda, dağıdıcı şər qüvvələr
üzərində insan idrakının təntənəsi
uğrunda mübarizədə həmləvərlik, hətta
davakarlıq kimi bir keyfiyyətə malik olmalıdır.
Fəzilətlərin zirvələrə
doğru yolu həmişə daşlı-kəsəkli
olmuşdur! Qətiyyətli adamların sevinc hissi süst, ətalətli,
«mənə dəxli yoxdur» mövqeyi tutan adamlara, xüsusilə
fırıldaqçılara, dələduzlara, xalq
malını oğurlayanlara heç bir zaman nəsib ola bilməz.
Belələrinin iztirablarına kimsə şərik olmaz,
onların çəkdiyi labüd cəzanı heç kim hədsiz
dərəcədə şiddətli cəza saymaz…
Şərə qarşı mübarizənin
zirvəsində vəziyyət kəskinləşir. Sonra nisbətən
dinc şərait yaranır və yüksək mənəviyyat
bütün həyata istiqamət verir. Biz idealist deyilik və
iddia etmirik ki, xeyirin şər üzərində əbədi
mütləq qələbəsinə nail olacağıq. Lakin
tərəzinin haqq-ədalət, qanunçuluq,
ideyalılıq qoyulan gözünün ağır gəlməsinə
nail ola bilərik və olmalıyıq. Sapıntılar
vardır və yenə də olacaqdır, lakin bunlar dərhal
qanunun, rəhbərliyin, ictimaiyyətin diqqətini cəlb edəcəkdir.
Biz həyat tərzimizin əxlaq prinsiplərini
bərqərar etmək uğrunda mübarizədə ictimai rəyin
öyrənilməsinə və nəzərə
alınmasına xüsusi əhəmiyyət veririk. Deməliyəm
ki, bu, işdə çox köməyimizə yetir.
Aşkarlıq, görülən tədbirlər
və onların nəticələri haqqında müntəzəm
olaraq geniş məlumat verilməsi, bunun üçün mətbuat
orqanlarından, radio və televiziyadan səmərəli istifadə
olunması sosialist demokratiyasını inkişaf etdirməkdə,
kütlələrin sosial fəallığını yüksəltməkdə
çox mühüm amildir.
Lap bu yaxınlarda MK bürosunda biz
Bakının Nərimanov rayonunda hüquq qaydalarının
mühafizəsində və hüquq pozuntularına
qarşı mübarizədə olan ciddi nöqsanlar
haqqında məsələ müzakirə etdik.
Hüquq-mühafizə və sovet orqanlarının rəhbərlərinə
şiddətli cəza verməli olduq. MK-nın bu məsələyə
dair qərarını respublika mətbuatında dərc etdik.
Sonra Azərbaycan KP MK yanında ictimai rəyi öyrənmə
və sosioloji tədqiqatlar mərkəzi zəhmətkeşlərə
müraciət edib qərarda deyilənlər barəsində
öz mülahizələrini bildirməyi xahiş etdi. Minlərlə
təklif, məsləhət alınmışdır.
Hamısında da qərarımız bəyənilir.
Təkliflərin və məsləhətlərin
bir çoxu əməli cəhətdən məqsədəuyğun
olması ilə fərqlənir. Məsələn, milis, məhkəmə,
prokurorluq işçilərinin əhali qarşısında
hesabatları qayda şəklini almışdır.
Bütün bunlar partiya və dövlət
intizamının, kommunist əxlaqı normalarının
pozulmasına qarşı barışmazlıq şəraiti
yaradır, mənfi hallara qarşı fəal mübarizələr,
sosialist həyat tərzi prinsiplərinin bərqərar edilməsi
uğrunda mübarizlər tərbiyə edir.
Sov. İKP qurultaydan-qurultaya möhkəmlənir
və sosialist həyat tərzini təkmilləşdirmək
problemlərinin həll olunmasında, cəmiyyətin idarə
edilməsinə dair Lenin prinsiplərinin inkişaf etdirilməsində,
sovet demokratiyasının inkişaf etdirilməsində,
kommunizm ideallarının bərqərar edilməsində
partiyanın xətti dərinləşir, konkret adama, onun həm
maddi, həm də mənəvi rifahına qayğı daha da
konkretləşir.
Biz yabançı, yamaq kimi görünən
nə varsa hamısından təmizlənmək prosesinin zəruriliyindən,
«qanun hamı üçün qanundur» prinsipinin
pozulmazlığından, ən əvvəl konstitusiya mənasında
və mənəvi mənada pozulmazlığından məhz
buna görə inamla danışırıq.
- Heydər Əliyeviç, poeziyanın
ülvi sözləri ilə müvəffəqiyyət arzulamaq
lap yerinə düşər.
Nizami demişkən:
«Qoy ədalət zəfər
çalsın,
Zülm məhv olub, alçalsın.
Şərəflənsin qoy səxavət,
Mərdlərə halaldır şöhrət».
- Bəli, XII əsrin böyük Azərbaycan
şairi Nizami Gəncəvi demişdir:
«Təmkinli ol, lovğalığı, sərvəti
At, yanıb tonqalda qoy külə
dönsün!
… Əgər istəyirsən ürəyin
gülə,
Qoyma pis niyyətlər fikrinə gələ.
Nalayiq əməllər görsən harada
Odlu nəfəsinlə yandır, məhv
elə!»
Söhbəti aparmışdır: Antonina
QRIQO «Literaturnaya qazeta», 18 noyabr 1981-ci il.
2 dekabr 1982- ci il, Bakı
Heydər Əliyev birinci katib kimi Azərbaycan
KP MK-nın sonuncu büro iclasını bu sözlərlə
açdı:
- İndi isə biz bir təşkilati məsələyə
baxmalıyıq. Siz bilirsiniz ki, mən SSRİ Nazirlər
Sovetinin sədr müavini seçilmişəm və Sov.
İKP MK-nın Siyasi Bürosuna üzvlüyə namizədlikdən
Siyasi Büronun üzvlüyünə qəbul edilmişəm.
Deməli, bu gün biz Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə
kimin seçiləcəyini qərarlaşdırmalıyıq…
Heydər Əliyev Moskvada qəbul
edilmiş sənədi oxuyaraq, sözünə davam etdi:
- Məncə, bu sənədə əsasən
«Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın
birinci katibi vəzifəsindən və Azərbaycan KP
MK-nın Büro üzvlüyündən azad edilməsi barədə»
qərar qəbul etməliyik. Lakin bu qərarı səsverməyə
qoymamışdan əvvəl mən bir neçə söz
demək istəyirəm. - Heydər Əliyev həmkarlarını
gözdən keçirtdi. - Ən əvvəl onu deyim ki, Sov.
İKP MK Siyasi Bürosu və SSRI Ali Sovetinin 7-ci
sessiyasının qərarı ilə yoldaş Əliyevin Sov.
İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə qəbul
edilməsi və SSRİ Nazirlər Sovetinin sədr müavini
seçilməsi Azərbaycanın partiya komitəsinə,
bizim xalqa, respublikaya göstərilən böyük
etimadın nəticəsidir. Hamı bir fikirdə yekdildir ki,
bu, Azərbaycan partiya komitəsinin uğurlu fəaliyyətinə,
kommunizm quruculuğunda Azərbaycan zəhmətkeşlərinin
göstərdiyi iqtisadi nailiyyətlərə verilən
yüksək qiymətdir. Şəxsən mənə də
böyük etimad göstərilib. Sizi əmin edirəm ki, bu
etimadı doğruldacaq və partiyanın, Mərkəzi Komitənin,
Siyasi Büronun yeni tapşırıqlarını həyata
keçirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Bu gün 1969-cu il iyulun 14-ü, mənim Azərbaycan
KP MK-nın birinci katibi vəzifəsinə seçildiyim
günü xatırlayıram. Artıq on üç il
yarımdır ki, biz birlikdə işləyirik və mən
bu vəzifəni yerinə yetirirəm. İndi isə bu
böyük işdən, bu böyük müddətdən
sonra partiya, dövlət xətti ilə bu təyinatım,
sözsüz ki, mənim qarşıma çox böyük və
məsuliyyətli öhdəliklər qoyur. Mən
qarşımda böyük, ağır, mürəkkəb
işlərin durduğunu görürəm. İnanıram ki,
yeni vəzifəmdə də əvvəlki kimi uğurla
çalışa biləcəyəm, SSRİ Kommunist Partiyası
MK-sı və Azərbaycan KP MK-sı tərəfindən
göstərilən bu etimadı doğruldacağam.
Azərbaycan KP MK-nın plenumunda öz
fikirlərimi daha geniş şəkildə
açıqlayacağam. Amma indi qeyd etmək istəyirəm
ki, Azərbaycan KP MK-nın bürosu, katibliyi çox səhih,
dəqiq, məhsuldar işləyir. Bu illər ərzində
böyük işlər görülüb, respublika
böyük uğurlar əldə edib. Biz uzunmüddətli
geriləməni qısa müddətdə aradan
qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq
miqyasda ən qabaqcıl mövqelərdədir. On iki ildir
ardıcıl olaraq respublikamız sosializm yarışında
qələbələr çalaraq ölkənin Keçici
Qırmızı Bayrağıyla
mükafatlandırılır. Bu illər ərzində
respublikamız üç dəfə Sovet
İttifaqının ordenləriylə - Oktyabr İnqilabı,
Xalqlar Dostluğu ordenləriylə
mükafatlandırılıb. Beşillik planın vaxtından
əvvəl yerinə yetirilməsiylə bağlı isə
bu yaxınlarda şəxsən Leonid İliç Azərbaycanı
Lenin ordeniylə təltif edib. Respublikada çox gözəl,
sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer
hökm sürür. Beynəlmiləlçilik,
qardaşlıq ruhu həmişə yüksəkdə tutulur.
Sözün qısası, yoldaşlar, bizim respublika yüksəklərə,
çox yüksəklərə qalxıb.
Mərkəz.- 2010.- 30 oktyabr.- S. 10-11.