Qocalmamışam
ki?
«Deputat olsalar da, Milli Məclisdə
özlərini yaxşı aparmalıdırlar»
Artıq
26-cı dəfədir ki, parlamentarilərimizin
«Hesabat»ını diqqətinizə çatdırırıq. Bu dəfə isə 32 saylı Suraxanı üçüncü seçki
dairəsindən millət vəkili seçilmiş
Ağacan Abıyevin beşillik
deputatlıq fəaliyyətiylə bağlı sizə məlum
olan və olmayan məqamlarını
açmağa
çalışacağıq.
- Ağacan müəllim,
geridə qalan beşillik deputatlıq fəaliyyətinizi necə
dəyərləndirirsiniz?
- Mən geridə
qalan beş ildə parlamentin iki orqanında - İntizam
Komissiyasında və Elm və Təhsil Komitəsində
işləmişəm. İlk illərdə rəhbərlik
etdiyim İntizam Komissiyası ilə bağlı bir hadisə
baş vermişdi. Daha doğrusu, Hüseyn Abdullayevlə Fəzail
Ağamalı arasında baş verən insidentə komissiyada
vaxtında lazımi qiymət verildi. Bundan sonra analoji hal təkrarlanmadı.
Deputatlar başa düşdü ki, deputat olsalar da, Milli Məclisdə
özlərini yaxşı aparmalıdırlar.
Elm və Təhsil
Komitəsindəki fəaliyyətimə gəlincə,
üç-dörd il idi ki, Təhsil Qanunu müzakirə
olunsa da, qəbul olunmurdu və nəhayət, ötən il bu
baş verdi. Həmin qanunun hazırlanmasında və qəbul
olunmasında mənim də əməyim olub. Sözsüz ki,
qanunun qəbul olunmasında əsas yük komitə sədri
Şəmsəddin Hacıyevin üzərinə
düşmüşdü.
Bundan başqa, bu
müddət ərzində seçildiyim 32 saylı
Suraxanı üçüncü seçki dairəsində
bir sıra görüşlərimiz olub. Edilən müraciətlərin
bir çoxunu şəxsən, qalanlarını isə
dövlət qurumlarının vasitəsiylə həll
etmişəm. Etiraf edim ki, olunan müraciətlərin
hamısını həll edə bilməmişəm və bu
mümkün də deyil.
-
Məsələn, hansı müraciətlər?
-
Gəlib deyirlər ki, evim
yoxdur. Axı mən ona necə
ev verim?
İşi olmayana iş tapmaq olur. Yaxud da kimisə
işdən qovublar.
Məsələn, bir
də görürsən
ki, 65 yaşlı insan gəlib iş axtarır. 30 yaşlı cavan oğlan iş tapa bilmirsə, 65 yaşlı təqaüdçüyə
mən işi haradan tapım? Amma bir-iki dəfə yaşlı insanları rektoru olduğum akademiyaya qarovulçu kimi işə düzəltmişəm. Məhkəmələrlə bağlı da
müraciətlər olur
ki, bizim onların işinə qarışmağa səlahiyyətimiz
çatmır.
- Seçicilərinizlə
tez-tez görüşürsünüz?
- Ayda bir
dəfə, yaxud iki aydan bir
görüşürük. İcra başçısının görüşlərində,
rayon tədbirlərində də iştirak edirik.
- İndiyə kimi ən yaddaqalan müraciət hansı olub?
- Məsələn, bir nəfər seçicim mənə qəzet gətirib, şəkil göstərir
ki, filan yerlərdə müharibədə
olmuşam. Bu adam 90-cı illərdə
gedən müharibədə
əlil olub. Deyir ki, təqaüdüm azdır. Ona bildirdim ki, müraciət etmisənsə,
özüm sənə
maddi kömək edərəm, amma qanun var, ondan
qırağa çıxa
bilmərik.
- Sorğu göndərdiyiniz hansı
dövlət qurumu sizə cavab verməyib?
- Məndə dörd nömrəli hökumət telefonu var. Ona görə də lazım olanda birbaşa nazirin telefonunu yığıram. Həmin nömrəni
nazirdən başqa heç kimin götürməyə ixtiyarı
yoxdur. Bir nəfər gəldi
ki, dövlət qulluğunda işləmişəm
və işdən çıxmışam, yenidən
düzəlmək istəyirəm.
Əmək və əhalinin
sosial müdaifəsi naziri Füzuli Ələkbərova və
nəqliyyat naziri Ziya Məmmədova zəng elədim.
- Özü cavab verdi?
- Əlbəttə. Ziya Məmmədovla Milli Olimpiya Komitəsində də bir yerdəyik. Yenə də deyirəm
ki, bu telefon
birbaşa prezidentlə
əlaqəli olduğundan
özləri tez cavab verirlər. Çünki zəng edən ölkə başçısı da ola bilər.
- Bu telefon səyyardırmı?
- Xeyr. Ancaq
iş otağında olur. Onu demək istəyirəm
ki, indi bir çox sahələrdə, o cümlədən
dövlət qulluğunda
imtahan olduğundan tapşırıqla işə
girmək mümkün
deyil.
- Hansısa seçicinizə pul şəklində maddi yardım göstərmisiniz?
- Çox. Mən ad çəksəm onlar üçün xoş olmaz. Gəlirlər ki, anam xəstədir, oğlumun toyudur və s. Belələrinə əl
tuturam. Bundan başqa, hansı
seçicim toyuna dəvət edirsə, gedirəm. Gedə bilməyəndə də həyat yoldaşım gedib pul yazdırır.
- Seçicilərinizin
toyuna nə qədər pul yazdırırsınız?
- Orta hesabla
4-5 yüz manat yazdırıram.
- Sürücünüz
var?
- Var. Amma əvvəl özüm sürmüşəm. Toylara gedəndə özüm
sürürəm. Çünki orada böyümüşəm
və seçicilərin
yarısıyla dostam.
- Mətbuatı izləyirsinizimi?
- Rəsmi qəzetləri oxuyuram. Digər qəzetlərə də baxıram. Bir gün bir jurnalist gəlib ki, bizə sizin
haqqınızda tənqidi
məktub gəlib, çap edək? Dedim ki, məktub
gəlibsə, çap
elə də. Deyirəm bu Üzeyir Hacıbəyov nə qədər uzaqgörən adam
imiş. Çünki millət heç
dəyişməyib. Allah Sabirə rəhmət eləsin! Onun da dedikləri
bu günümüzün
reallığıdır.
- Bəzi deputatlar məvaciblərinin
azlığından gileylənirlər,
5-8 min manat olmasını
istəyirlər. Sizin
bu barədə fikriniz necədir?
- Axı gərək, o, 8 minlik iş görsün də. Hesab edirəm ki, deputat adına
görə böyük
məvacib vermək doğru deyil. 2 min manat lap yaxşı
məvacibdir. Əgər camaat
80-90 manat pensiya alırsa, deputat 5 min alanda nə deyərlər? Bu düz deyil axı. Özlərini
Amerika, Almaniya ilə müqayisə edirlərsə, bu ölkələrdə adi
təqaüdçü 2 min avro alır. Onlarda işsizlik müavinəti
min manatdır. Avropada deputat
10 min alanda, fəhlə
də heç olmasa, 3-4 min alır.
- Parlamentdə ən yaxın dostunuz kimdir?
- Əhməd Vəliyevlə
bir partada otururuq. Həmçinin Aqil Abbas, Ziyad Səmədzadə,
Əli Əhmədovla
dostuq.
- Dediklərinizin əksəriyyəti nisbətən
yaşlı deputatlardır…
- cavanlarla
da da aram
yaxşıdır. Fuad
Muradov, Adil Əliyev, Eyvaz Qurbanov, Rauf Əliyevlə deputatlıqdan
əlavə də tanışlığım var. Mənim onlara, onlarınsa bir ağsaqqal kimi mənə böyük hörmətləri var.
- İntizam Komissiyasının
sədri kimi necə hesab edirsiniz, deputatlarımız
intizamlıdırlarmı?
- Bir-iki nəfəri çıxmaq
şərtiylə intizamlıdırlar.
Onlar isə müxalifət deputatlarıdır. Daha doğrusu,
Pənah Hüseyndir.
Pənah
onların lideridir və hamısının adından danışır.
O, hiss eləmir ki, parlamentin binasındadır.
İclaslarda hərdən qonaqlar
da iştirak edir. Sədrlə bəzən elə
mübahisə edir ki, sanki özünə
imic yaradır. Ona görə də bir-iki iclasda səsini kəsiblər.
- Bəs idmançı kimi necə, fiziki baxımdan, qüvvə mənasında hansı həmkarlarınız daha
üstündür?
- İdman insan bədənində nizam-intizam
yaradır. Mən bir dəfə dedim ki, arzu edirəm
alimlərimiz hərdənbir
idmanla, idmançılarımız
isə elmlə məşğul olsunlar. İdman komplekslərimiz var və deputatlar
orada idmanla məşğul ola
bilərlər. Hətta bəzilərinin
şəxsi idman kompleksləri var. Ümumən
deyə bilərəm
ki, deputatlarımız
çox sağlamdırlar.
Məsələn, Ziyad Səmədzadə
gözəl futbolçudur.
Asim Mollazadə vaxtilə yaxşı futbolçu olub. Adil Əliyev güclü
idmançıdır. İqbal Ağazadə də sağlam adamdır. İqbal haqda bir şeyi
də deyim ki, intizamlıdır, danışığını bilir.
- Bəzi həmkarlarınız parlamentə
velosipedlə gedə biləcəklərini bildiriblər.
Bəs siz necə?
- Bu bizim mentalitetə uyğun deyil. Alınmaz. Ümumiyyətlə, bizdə belə
şeylərə pis baxırlar. 50-ci illərdə qardaşımla
idmanla məşğul
olurduq, kross qaçırdıq. Qonşular baxıb
deyirdi ki, Qulamın (atasının adıdır-İ.V) dəliləri
yenə qaçır.
- Bəzi deputatlar, o cümlədən
də siz eyni vaxtda bir
neçə vəzifədə
çalışırsınız…
- Çətindir. Elə vaxt olur ki,
evə 11-in yarısında
gedirəm.
- Bu işin keyfiyyətinə təsir
göstərmir ki?
- Xeyr. Mən gözümü açandan
heç vaxt bir işdə işləməmişəm. O vaxt
İdman İnstitutunun tələbəsiydim, boks
yığmasının üzvüydüm və eyni zamanda,
Suraxanıda uşaq və gənclər məktəbində məşqçiydim.
Həmin vaxt 20 yaşım var idi. 1961-ci ildə Politexnik
İnstitutuna girdim və eyni zamanda, idmançı və məşqçi
kimi fəaliyyətimi davam etdirirdim. Yığmanın
kapitanıydım, yaxşı nəticələr göstərirdim.
Politexnik İnstitutunda 10 min tələbə var idi və
yalnız mən «Lenin» təqaüdçüsü
olmuşam. Bunun üçün əlaçı olmaq
lazım idi. Mən məşqçi olanda tanınmış
boksçumuz Ağalarov idmançılara deyirdi ki, bir balaca boyu
var, amma onun tələbələri sizi döyür. Yəni
demək istəyirəm ki, indiyə kimi eyni vaxtda bir neçə
yerdə çalışmışam və bu
gördüyüm işin keyfiyyətinə mane olmayıb.
- Günorta yeməyini parlamentdə
yeyirsiniz?
- Yox. Evdən gətirirlər, burada yeyirəm.
Elə də olur ki, bir nəfər gəlir, yeyə-yeyə
oturub söhbətimizi də edirik.
- Yenidən namizəd
olacaqsınızmı?
- Partiya «hə» desə, namizədliyimi verəcəyəm.
- Bəs özünüz?
- Əlbəttə, fikrim var.
Qocalmamışam ki?!
- Yaş buna imkan verəcəkmi?
- Mən vaxtında elə çətinliklərdən,
elə yüklərin altından keçmişəm ki,
bugünkü işim onun heç on faizi deyil.
İntiqam VALEHOĞLU
Mərkəz.- 2010.- 1 sentyabr.- S. 4.