Gülər Əhmədovaya «Qızıl Buta» verildi

 

Dünən mükafatın təqdimat mərasimi keçirildi

 

Dünən «Hyatt Regency» hotelinin «Bakı» zalında Dünya Azərbaycanlıları İctimai Mərkəzinin (DAİM) respondentlər arasında «Qızıl buta» müstəqil milli mükafatı uğrunda keçirdiyi sorğunun nəticələrinə, qaliblərin təqdimatına həsr olunmuş tədbir keçirildi. DAİM-in İdarə Heyətinin sədri Zaur Mirzəzadə əvvəlcə qurumun yaranma tarixi və məqsədləri barədə danışdı. Qeyd etdi ki, DAİM 2005-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanı dünya standartlarına uyğunlaşdırmaq istiqamətində layihələr, proqramlar hazırlamaq, araşdırmalar aparmaqdır: «Məqsədimiz xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərə ulu öndərimiz Heydər Əliyevin zəngin irsinin təbliği və öyrənilməsini təmin etmək, ulu öndərimizin siyasi kursunun davamçısı hörmətli prezidentimiz İlham Əliyevin xaricidaxili siyasətini dəstəkləyərək Vətənimiz Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə yardımçı olmaqdır. Bundan əlavə, məqsədimiz uşaq və gənclərin sağlam milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişmələrinə xidmət etmək, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək, ölkədə elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq və onları həyata keçirməkdir. Mərkəzin fəaliyyətində dünyada yaşayan azərbaycanlılarla bağlı işlərin aparılması xüsusi yer tutur. Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə mərkəzimizin digər dövlətlərdə fəaliyyət göstərən təşkilatlarla qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişafı işinə cəlb etmək də başlıca məqsədlərimizdəndir».

Z. Mirzəzadə daha sonra DAİM-in təsis etdiyi mükafat barədə danışdı. Qeyd etdi ki, mərkəzin koordinatorları 2010-cu ilin 6 aylıq yekunlarına dair respublika üzrə respondentlər arasında sorğular keçirib. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 14%-i adamı, 18%-i elm xadimləri, 21%-i məmurlar, 15%-i tələbələr, 3%-i işsizlər, 29%-i isə müxtəlif peşə sahibləri olub. Respondentlərin 54,1%-ini kişilər, 45,9%-ini qadınlar təşkil edib. Mükafata ziyalılar, elm adamları, millət vəkilləri, ictimai xadimlər, bir sıra dövlət rəsmiləri layiq görülüblər. Z. Mirzəzadə qeyd etdi ki, mərkəzin koordinatorları xaricdə təhsil almış gənclərdən ibarətdir. Onların bütün respublika ərazisində anket-sorğu şəklində və informasiya agentliklərində keçirdikləri sorğuları respondentlər tam müstəqil olaraq cavablandırıblar: «Sorğunun birinci mərhələsində ölkə üzrə 16 700 vətəndaş, ikinci mərhələdə isə xaricdə təhsil alan gənclərimizdən 760 nəfər iştirak edib. Beləliklə də, laureatlar müəyyənləşdirilib. Mərkəz rəhbəri qeyd etdi ki, sorğuların keçirilməsində məqsəd Azərbaycan cəmiyyətində xalqımız və Vətənimiz üçün çalışan insanları dəyərləndirmək və dünya ictimaiyyəti qarşısında onların gördüyü işlər barədə məlumat verməkdir. Daha sonra mükafatların təqdimat mərasimi başladı. Z. Mirzəzadə, öncə Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə» «Qızıl buta» müstəqil milli mükafatına layiq görüldüyünü açıqladı. Daha sonra bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin «Azərbaycanda dini tolerantlığın qorunmasında xidmətlərinə görə» nominasiyası üzrə qalib gəldiyini bildirdi. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev «Sərhəd xidmətinin inkişafında və dünya standartlarına uyğunlaşdırmaq istiqamətində göstərdiyi xidmətlərinə görə» mükafatlandırıldı. Z. Mirzəzadə «Azərbaycanda uşaq hüquqlarının qorunmasında və sağlam gəncliyin formalaşmasında xidmətlərinə görə» nominasiyasında Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın qalib gəldiyini bildirdi. «Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında xidmətlərinə görə» millət vəkili Qənirə Paşayeva mükafatlandırıldı. «Milli Məclisdəki uğurlu fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə» nominasiyasının qalibi millət vəkili Vahid Əhmədov olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev «Neft sənayesinin beynəlxalq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində xidmətlərinə görə» qalib seçilib. Millət vəkili Adil Əliyev «İnsan hüquq və azadlıqlarının qorunmasında göstərdiyi xidmətlərinə görə» nominasiyanın qalibi olub. Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev «Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə» mükafatlandırıldı. Millət vəkili Hüseynbala Mirələmov isə «Milli Məclisdə uğurlu fəaliyyətinə görə» təltif olundu. Z. Mirzəzadə sorğuya əsasən, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun «Xətai rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə» nominasiyasında qalib gəldiyini bildirdi.

DAİM-in keçirdiyi sorğunun nəticələrinə əsasən, müxtəlif nominasiyalar üzrə qalib gələn digər şəxslər bunlardır:

Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATV telekanalının aparıcısı Gülnar Muxtarqızı, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova, ölkənin ictimai-siyasi həyatının fəal iştirakçısı Ədalət Əzizov, «Təfəkkür» Universitetinin rektoru Müşviq Atakişiyev, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, İmişli rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev, Salyan rayon icra hakimiyyətinin başçısı Əliağa Hüseynov, Ucar rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rejissor Samir Fərzəlibəyov, ATV telekanalının aparıcısı Vaqif Aydınoğlu, «AzərTAc» İnformasiya Agentliyinin direktoru Aslan Aslanov, «Uşaqların xoşbəxt gələcəyi» Təşkilatının sədri Nərgiz Kərimova, Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar cəmiyyətinin sədri Arif Alışanov və İctimai Televiziyanın idman şərhçisi Tural Dadaşov.

 

 

Mərkəz.- 2010.- 25 sentyabr.- S. 3.