Kinorejissor Əjdər İbrahimovun 91 yaşı tamam oldu

 

Bu gün görkəmli rejissor kinodramaturq Əjdər İbrahimovun doğum günüdür. 1919-cu ildə Aşqabadda anadan olan Ə. İbrahimov 1994-cü ildən Moskvada yaşayıb. O, 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirib, 1952-ci ildə Aşqabad kinostudiyasında fəaliyyətə başlayıb. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyən Ə. İbrahimov 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. 1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib. Azərbaycanın «Xalq artisti» fəxri adına layiq görülüb. Ə. İbrahimov 9 bədii filmin rejissorudur: "Firuzə" (1953, Aşqabad kinostudiyası), "Xəzərin Şərqində" (1953, Aşqabad kinostudiyası), "Bir məhəlləli iki oğlan (1957, Moskva, M. Qorki adına studiya, Bakı kinostudiyası), "Onun böyük ürəyi" (1959), "26 Bakı komissarı" (1966, "Mosfilm", "Azərbaycanfilm"), "Ulduzlar sönmür" (1970, "Mosfilm", "Azərbaycanfilm"), "Ürək məsələləri" (1973, "Mosfilm"), "Məhəbbətim mənim, kədərim mənim" (1978, SSRİ-Türkiyə), "Qəribə adam" (1979, "Azərbaycanfilm","Mosfilm").

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 25 sentyabr.- S. 11.