Azərbaycan-Özbəkistan yaxınlaşması

 

İki qardaş dövlət arasında münasibətlər hansı səmtə gedəcək?

 

Sentyabrın 27-də Daşkəndə səfər edən Prezident İlham Əliyev həmin gün Özbəkistan prezidenti İslam Kərimovla təkbətək görüşü olub. Daha sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə bir araya gəliblər. AzərTAc xəbər verir ki, bu görüşün ardınca İlham Əliyev və İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış ediblər. Bundan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olub. Əvvəlcə iki ölkə prezidenti tərəfindən Birgə Bəyannamə, sonra iki ölkə arasında daha 8 sənəd imzalanıb.

Prezidenti həmin gün Özbəkistan parlamentinin yuxarı palatası - Senatın binası, Müstəqillik meydanı kompleksi, Forumlar Sarayı, «Həzrəti-İmam» məscid kompleksi ilə tanış olub. Həmin gün Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışına qatılan Prezident Azərbaycan diasporunun üzvləri ilə görüşüb. Axşam isə Özbəkistan prezidenti İslam Kərimovun adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər. Dünən Prezident Daşkəndə səfərini başa vuraraq Vətənə qayıdıb.

 

«Buz» sındı

 

Qeyd etmək yerinə düşər ki, Özbəkistanla Azərbaycan hər ikisi keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olsalar da, iki ölkənin münasibətləri müstəqillik dövründə çox da inkişaf etməyib. Elə təkcə bir fakta nəzər salmaq kifayətdir ki, bu fikirlərin doğruluğuna şübhə etməyəsən. Məsələn, hər iki ölkə 1991-ci ildə müstəqillik qazansa da, rəsmi diplomatik münasibətlər bundanaz, nə çox düz 4 il sonra - 1995-ci ilin oktyabrın 2-də qurulub. Hazırda iki ölkənin iqtisadi münasibətləri də ürəkaçan səviyyədə deyil. İki ölkənin ticarət dövriyyəsinin həcmi son illər aşağı düşərək, ötən il 25,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ölkələrin potensialına qətiyyən uyğun deyil. Bəs, bu səfər, imzalanan sazişlər iki ölkənin münasibətlərinin, xüsusən iqtisadi sahədə əlaqələrinin inkişafı istiqamətində yeni bir səhifə açacaqmı? Bu sualla müraciət etdiyimiz İqtisadiSosial İnkişaf Mərkəzi» İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycan Özbəkistan üçün strateji müttəfiqdir. Onun sözlərinə görə, Özbəkistanın praktiki olaraq Qafqaza, eləcə də Avropaya çıxmasında Azərbaycanın rolu olduqca əhəmiyyətlidir. Müsahibimiz qeyd etdi ki, Özbəkistan da Azərbaycanın Mərkəzi Avropadakı strateji müttəfiqlərindən biridir: «Bu, təbii ki, təkcə siyasi müttəfiqlik deyil. Eyni zamanda, iqtisadi müttəfiqlikdir. Son vaxtlar Azərbaycanla Özbəkistan arasındakı ticarət dövriyyəsində baş verən artımlar da bilavasitə iqtisadi münasibətlərin yaxşılaşması ilə bağlıdır. Hal-hazırda Azərbaycanın ixrac etdiyi məhsulların bir qismi məhz Özbəkistana gedir. Söhbət xüsusən qeyri-neft sektorunda istehsal olunan məhsullarından gedir. Eyni zamanda, Özbəkistandan bir sıra kənd təsərrüfatı məhsulları Azərbaycana idxal olunur ki, bununla da iki ölkə arasında praktiki olaraq idxal-ixrac münasibətləri formalaşır. Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasında təkcə siyasi münasibətlərin deyil, iqtisadi münasibətlərin, iqtisadi inteqrasiyanın inkişafına səbəb olacağı gözləniləndir. Özbəkistan daim Azərbaycana ən yaxın müttəfiqlərindən biri kimi yanaşıb. Azərbaycan Prezidentinin Daşkəndə səfəri Özbəkistanın rəsmi Bakı üçün kifayət qədər əhəmiyyətli müttəfiq olmasından xəbər verir. Eyni zamanda, ciddi iqtisadi tərəfdaşdır.

 

İnvestisiya qoyuluşları artacaq

 

Bu baxımdan güman edirəm ki, səfər iki ölkə arasında münasibətlərin genişlənməsinə, eləcə də Azərbaycanın qeyri-neft sektorunda istehsal olunan məhsulların ixrac imkanlarının artırılmasına və azərbaycanlı adamlarının Özbəkistana investisiya qoyuluşlarının artmasına səbəb olacaq. Çünki Azərbaycanla Özbəkistan arasında iqtisadi münasibətləri xarakterizə edən zaman bir məsələyə diqqət yetirmək lazımdır. Rəsmi Daşkənd daim azərbaycanlı adamlarını Özbəkistana investisiya qoymağa çağırır. Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirmək niyyətindədir». Ekspert qeyd etdi ki, bu baxımdan səfər azərbaycanlı adamları, investorlar üçün yeni bazarın yaranmasına, yeni imkanların açılmasına səbəb olacaq: «Bunları ümumiləşdirib deyə bilərik ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 29 sentyabr.- S.13.