Məktəbəqədər təhsilin inkişafı üçün çoxsaylı işlər görülüb

 

«Ölkədə uşaqların təhsil almaq hüququnun qorunması yönündə Heydər Əliyev Fondunun gördüyü işlər böyükdür»

 

Mehriban xanım Əliyevanın talassemiyalı uşaqlarla bağlı həyata keçirdiyi layihələr neçə-neçə uşağa həyatda qalmaq imkanı verib

 

Bu günlərdə Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş “Millətlərinrvətinin yaranması” mövzusunda Ümumdünya Konfransının açılış mərasimi keçirildi. Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva konfransda azyaşlı uşaqların təhsilinə və tərbiyəsinə həsr edilmiş forumda dünya uşaqlarının hüquqlarının pozulmasından və bu sahədə görülməsi vacib olan işlərdən danışdı. Mehriban Əliyeva uşaqların məktəbəqədər təhsilə cəlb edilməsindən də söz açdı. O, məktəbəqədər təhsildən bəhrələnmiş uşaqların öz yaşıdları ilə müqayisədə çox vaxt orta və ali məktəbləri uğurla bitirdiyini, onların öz yaşıdları arasında nüfuz qazanmasının daha asan olduğunu dilə gətirdi. Bununla bərabər, millət vəkili Azərbaycanda məktəbəqədər təhsilin inkişafına dövlət tərəfindən göstərilən dəstəkdən də danışdı.

Elə ekspertlər də son illər dövlət tərəfindən, həmçinin, Heydər Əliyev Fondu tərəfindən məktəbəqədər təhsilin inkişafı istiqamətində xeyli işlər görüldüyünü, uşaq hüquqlarının müdafiəsi məqsədilə bir sıra layihələrin həyata keçirildiyini deyirlər.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının əməkdaşı Dadaş Əhmədov bizimlə söhbətində bildirdi ki, indiyədək dövlət, eləcə də Heydər Əliyev Fondu tərəfindən ölkədə uşaq hüquqlarının müxtəlif sahələrdə qorunması məqsədilə çoxsaylı proqramlar qəbul olunub, layihələr həyata keçirilib: «Ölkədə uşaqların təhsil almaq hüququnun qorunması yönündə Heydər Əliyev Fondunun gördüyü işlər böyükdür. Fondun yeni məktəblərin tikintisi ilə bağlı həyata keçirdiyi layihəni təhsilin inkişafına və uşaqların təhsil hüququnun qorunmasına xidmət edən ən böyük layihə hesab etmək olar. Elə ərazilər vardı ki, orada məktəb olmadığından, yaxud məktəb qəzalı olduğundan uşaqlar orta təhsil ala bilmirdilər. Heydər Əliyev Fondunun bu layihəsindən sonra ölkədə xeyli yeni məktəb inşa olundu. Onun uşaqların sağlamlıq, səhiyyə hüquqlarının qorunması yönündə gördüyü işlər də çoxdur. Mehriban xanım Əliyevanın talassemiyalı uşaqlarla bağlı həyata keçirdiyi layihələr neçə-neçə uşağa həyatda qalmaq imkanı verdi. Fondun əqli və fiziki qüsurlu uşaqlara, əlilliyi olan körpələrə göstərdiyi diqqəti də heç vaxt yaddan çıxarmaq olmaz. Hazırda da Heydər Əliyev Fondu talassemiyalı uşaqların yaşamasına kömək məqsədilə tez-tez qanvermə aksiyaları təşkil edir. Belə uşaqların təhsil almasına yaradılmış xüsusi şəraiti də uşaq hüquqlarının qorunması yönündə atılmış ən böyük addım hesab etmək olar».

D.Əhmədov deyir ki, uşaq hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən bir alyans kimi onlar Heydər Əliyev Fondunun gördüyü işlərdən razıdırlar. Alyansın əməkdaşı uşaqların məktəbəqədər təhsilə cəlbi prosesininvacibliyini qeyd etdi. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri hər şeydən öncə uşaqların sosiallaşmasına kömək edir ki, bu da uşaqların bərabər hüquqda yaşamasına gətirib çıxarır. Amma bununla belə, D.Əhmədov bu sahədə görüləsi işlərin də hələ çox olduğunu söyləyir: «Biz çalışmalıyıq ki, məktəbəqədər təhsil icbari yox, məcburi olsun. Bunun üçün isə şərait yaradılmalı, uşaq bağçalarının tikintisi sürətlənməlidir».

Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil sektorundan da indiyədək dövlət tərəfindən bu sahənin inkişafı üçün qəbul olunmuş proqramların həyata keçirilməsi üzərində aparıldığını söylədilər. Sektordan bildirdilər ki, ölkə prezidentinin «Məktəbəqədər təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Sərəncamına əsasən, uşaq bağçalarının əsaslı təmiri üçün bu ilin büdcəsindən iki milyon manat ayrılıb: «Bu sərəncamla məktəbəqədər təhsilin dövlət standartı və proqramı qəbul olunub. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün isə xüsusi dövlət standartı və proqramı müəyyən edilib. Dövlət standartı uşaqların, cəmiyyətin tələbatına uyğun hazırlanan, ölkədə məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən və 5 il müddətinə qüvvədə olan ümumi normalar məcmusundan ibarətdir. Həmin standarta əsasən, məktəbəqədər təhsilin məzmununu, idarəolunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, keyfiyyət göstəricilərini, təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini hazırlamaq tapşırılıb. Məktəbəqədər təhsilin məzmununun hazırlanması yönündə hazırda işçi qrupu tərəfindən aparılır. Təkcə 2006- cı ildə dövlət büdcəsindən məktəbəqədər təhsil sahəsinə ayrılan maliyyə vəsaitlərinin həcmi 33 299 111 manat təşkil edib ki, bu da 2005- ci ilə nisbətən 35,7%, 2004- ilə nisbətən isə 50%-dən çox deməkdir. cari ildə məktəbəqədər təhsil üçün dövlət büdcəsindən nəzərdə tutulan vəsaitin həcmi 46 987 867 manata çatdırılıb. Hazırda ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlb edilməsi ümumilikdə 19,6%, şəhər yerlərində 27,6%, kənd yerlərində isə cəmi 8,6% təşkil edir ki, bu da müvafiq göstəricinin 60-90% təşkil etdiyi qabaqcıl ölkələrlə müqayisədə xeyli aşağıdır. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların müvafiq xüsusi müəssisələrə cəlb olunması daha aşağı vəziyyətdədir. Ölkədə belə uşaqların sayı 6 000-dən artıq olduğu halda, onların yalnız 500 nəfəri (8,3%) məktəbəqədər xüsusi təhsillə əhatə olunub».

Sektordan bildirdilər ki, Məktəbəqədər Təhsilin Yeniləşdirilməsi Proqramı barədə prezidentin sərəncamından irəli gələn bir sıra işlər də görülüb. Bu proqramm çərçivəsində 11 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib. 21 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb.

Yeni inşa və əsaslı təmir edilən müəssisələr müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, oyuncaqlar, idman avadanlıqları və s. ilə təchiz olunub. Nazirliyin sifarişinə əsasən, “Çaşıoğlu” nəşriyyatı tərəfindən 24 adda müxtəlif təlim vəsaitləri, metodik ədəbiyyat, test kitabları, masaüstü oyunlar, uşaqlar üçün nağıl kitabları və s. hazırlanaraq, məktəbəqədər müəssisələrə çatdırılıb. Məktəbəqədər təhsil sahəsi üzrə ötən il görülmüş işlər də xeylidir. 2009-cu ildə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması məqsədi ilə 53 məktəbəqədər müəssisə müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, idman avadanlıqları və s. ilə təchiz olunub.

Təhsil Nazirliyinin sifarişinə əsasən, 2009-cu ildə 37 adda müxtəlif təlim vəsaitləri, uşaqlarda diqqətin, təfəkkürün, nitqin, yaddaşın inkişafı üçün test kitabları, sadə riyazi təsəvvürlərin inkişafı üzrə çalışmalar, savad təlimi üzrə metodik işləmə, ekoloji tərbiyə üzrə təlim vəsaiti, uşaqların məntiqi təfəkkürünü inkişaf etdirmək üçün masaüstü oyunlar, nümayişetdirici materiallar (plakatlar), uşaqlar üçün nəfis tərtibatlı nağıl kitabları və s. hazırlanaraq məktəbəqədər təhsil müəssisələrinə çatdırılıb».

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2010.- 30 sentyabr.- S. 8.