«60-dan artıq alətdə ifa etməyi bacarıram»

 

Abbasqulu Nəcəfzadə: «Tədris olunmasa, qədim alətlər yenidən eksponata çevriləcək»

 

Həmsöhbətimiz istənilən milli musiqi alətini, necə deyərlər, «beş barmağı kimi» mükəmməl bilir hər birində də məharətlə ifa etməyi bacarır. İfaçılıqla bərabər, həm elmi, həm pedaqoji fəaliyyətlə məşğul olur. Odur ki, Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının müdiri, instrumental muğam kafedrasının müəllimi, virtioz ifaçı Abbasqulu Nəcəfzadəni həm ifaçı kimi, həm müəllim kimi söhbətə çəkdik.

- Ötən il daha çox elmi, pedaqoji fəaliyyətlə məşğul oldum, eyni zamanda, «Nəğmələr» və «Duyğu yarpaqları» adlı iki kitabım işıqüzü gördü. Hazırda ideofonlu alətlərin tədqiqinə həsr olunmuş doktorluq işi üzərində çalışıram, qismət olsa, bu il müdafiə edəcəyəm.

- Bir ifaçı həm də mütəxəssis olaraq, nəfəsli musiqi alətlərinə olan münasibət sizi qane edirmi?

- Yox. Qeyd edim ki, mənim namizədlik işim Azərbaycan nəfəs alətləri arqonoloji tarixinin tədqiqatına həsr olunmuşdu. Deyim ki, apardığım tədqiqatlara görə, müxtəlif dövrləri əhatə edən 40-dan artıq nəfəsli musiqi aləti var. Amma istənilən adama «neçə nəfəsli alət tanıyırsan?» sualını versək, barmaqla sayılacaq qədər az alətin adını çəkər. Sözümün can odur ki, həmin alətlərə indi olduqca ögey munasibət var.

- Məsələn?

- Götürək tulum alətini, Naxçıvanda çox istifadə olunur, etnoqrafik çalğı aləti kimi bayramdan-bayrama yada düşür.

Əgər bu alət tədrisə salınmasa, o da digər alətlər kimi bir neçə vaxtdan sonra tamamilə unudulacaq. Bizim sümsü, gərənay, gəbdun və s. qədim nəfəsli alətlərimiz var ki, getdikcə unudulmaqdadır.

- Sizcə, bu ögey münasibətin əsasında nə durur?

- Bunun əsasında tədris məsələsi dayanır. Məsələn, Məcnun Kərimov ona yaxın qədim çalğı alətini bərpa edib. Amma belə getsə, həmin alətlər yenidən muzey eksponatına çevriləcək. Çünki həmin alətlərin tədrisi yoxdur. Alət tədris olunmalıdır ki, inkişaf etsin, başqaları öyrənsin. Tədris də tədricən uşaq musiqi məktəblərindən başlanmalıdır.

- Bəlkə, burda dəb rol oynayır

- Dəb var təbii kiXalq hansı aləti istəyirsə, ifaçı gedib o alətdə ifa etməyi öyrənir. Tutalım, kimsə kamançanı qoyub, skripka çalıb çörəkpulu qazanırsa, kim ona qadağa qoya bilər. Amma birinci öz alətimiz öyrənilməlidir.

- Maraqlıdır ki, biz onun-bunun alətini ifa etməyə meyilliyik, amma erməni bizim balabanımızı özününküləşdirib, dünya səviyyəsində disklər buraxdırır, solo-konsertlər verir

- Burda təbliğat məsələsi var. Biz elmi əsaslarla sübut etməliyik, bu alət bizimdir. Bax dünyada görün qədər elmi konfranslar, seminarlar keçirilir, amma alimlərimiz o beynəlxalq tədbirlərə qatıla bilirlərmi? Yox, çünki elmlə məşğul olan insanlar ölkənin ən kasıb təbəqəsini təşkil edir. Alimin öz vəsaiti hesabına xarici ölkədə elmi simpoziuma qatılması mümkün deyil, çünki onun buna maddi imkanı yoxdur. Belə olan halda, erməni milli alətlərimizin hesabına da orda-burda at oynadır. Balabanla bağlı mən istənilən erməni ilə dialoqa girib, elmi əsaslarla alətin bizim xalqa məxsus olduğunu sübut edərəm, onun danışmağa dili olmaz. Qətran Təbrizi 11-ci əsrdə yazdığı «Divan»ında balaban alətini vəsf edib. Erməni hansı mənbəni ortaya çıxaracaq?

Amma qeyd etdiyim kimi, biz imkansızlıqdan xarici ölkələrdə keçirilən elmi konfranslara qatıla bilmirik. Gözəl tədqiqatçı alimlərimiz var ki, onlar dövlət səviyyəsində beynəlxalq tədbirlərə göndərilməlidir. Yüz dəfə burda yazıb-pozmaqdansa, bir dəfə gedib mötəbər elmi konfransda dəlil-sübutla danışmaq daha effektlidir.

Siz təsəvvür edin ki, elmi işimin monoqrafiya şəklində çap olunması üçün büdcədə pul tapılmadı, o, bunun, bu onun üstünə atdı. Halbuki, çap məsələsi mənim problemim deyil. Alim kimi mənim borcum araşdırıb üzə çıxarmaqdır. Türkiyə tərəfi mənim elmi araşdırmamı çap etmək istəyir. Məncə, bu, Azərbaycanın adına yaraşmaz.

- Abbasqulu müəllim, belə başa düşdük ki, elmi fəaliyyətə daha geniş yer ayırırsınızBəs ifaçılıq fəaliyyətinizlə bağlı hansı planlarınız var?

- canlı ifaları çox xoşlayıram sağ olsunlar, televiziyalar dəvət edəndə canlı çıxışlarım olur. Amma sonuncu albomum bəlkə on il bundan qabaq çıxıb. Yeni diskim yoxdur.

- Niyə?

- Çünki bununla məşğul olmağa vaxt yoxdur. İnşallah, doktorluq işimi başa çatdırandan sonra sırf ifaçılıqla məşğul olmağı planlaşdırıram.

- Son vaxtlar avanqard musiqilərdə Avropa alətləri ilə yanaşı, milli alətlərdən tez-tez istifadə olunur. Sizin buna münasibətiniz necədir?

- Musiqidə sintezə normal baxıram, çünki 21-ci əsrdə yaşayırıq. Keçmişi qorumaq, milliliyimizi unutmamaq şərtilə müasirlikdən geri qalmaq olmaz. Mən həm Milli Konservatoriyada milli-musiqi alətlərinin təkmilləşdirilməsi adlı elmi-tədqiqat laboratoriyasının rəhbəriyəm. Bəzən orda mübahisələr yaranır ki, filan aləti dədə-babalarımız belə düzəldib, dəyişmək olmaz s. Məsələn, Dədə Qorqud dövrünün aləti olan kos alətini çalışırıq 21-ci əsrin səviyyəsində dinləyiciyə təqdim edək. Amma bəziləri bunun əksinə çıxır. Habil Əliyevin bir gözəl sözü var, «babalarımız at arabasında gəzib, mən indi burdan durub Qazaxa araba ilə getməli deyiləm ki».

- Necə düşünürsünüz, bəlkə balaban, tütək, yaxud digər nəfəsli alətlərimizi sintez musiqilərdə istifadə etməklə bu alətləri məşhurlaşdırmaq olar?

- Əlbəttə, mümkündür. Məsələn, ermənilər son illər balabanla bağlı hay-küy qoparanda bizim musiqiçilərimiz balaban digər qədim alətlərimizdən istifadə etməyə başladılar. Saz, balaban, tar, kamandan qədər çox istifadə olunsa, təbliğ olunar.

- Siz gələcəkdə belə sintezlərdən bəhrələnməyi planlaşdırırsınızmı?

- Əvvələn, onu deyim ki, mənim dar mənzilimdə 60-dan artıq musiqi aləti var hamısında da ifa etməyi bacarıram. Gələcəkdə kamançayla skripkanın, yaxud neylə fleyta, gitara ilə tarın, tütəklə klarnetin duetini hazırlamaq fikrimiz var.

- Dolanışığınız necədir, digər həmkarlarınız kimi toylara gedirsinizmi?

- Dərs deyirəm, məvacib alıram, xalqın canı sağ olsun, toylara gedirəm. Toylardan qazandığım pul da kitablarımın çap olunmasına sərf olunur.

- Yetirmələriniz çoxdur?

- 33 ildir müəllim işləyirəm, hər il iki-üç nəfər tələbəm məzun olur. Əməkdar artist Elşən Mənsurov da mənim tələbəmdir.

- Gənclərin nəfəsli alətlərə marağı necədir, sizi qane edirmi?

- Bu, daha çox müəllimdən asılıdır. Mən şəxsən tələbələrimdən razıyam.

- Bildiyimizə görə, görkəmli bəstəkar Üzeyir bəyin soyadının Hacıbəyli kimi adlandırılmasında sizin müstəsna rolunuz olub.

- Faktlar əsasında məqalə hazırlamışdım. Təsadüfən 1931-ci ildə Üzeyir bəyin «Ləzgi rəqsi» adlı partiturası əlimə keçdi, orda dahi bəstəkar soyadını Hacıbəyli kimi qeyd etmişdi. Mən onun surətini çıxarıb jurnallara apardım, amma çoxu çap eləmək istəmədi. «Qobustan» jurnalında çap olundu. Onu Milli Məclisə göndərdim. Az sonra Nazirlər Kabinetinin qərarı çıxdı ki, bundan sonra Üzeyir bəy Hacıbəyov yox, Hacıbəyli kimi qeyd olunsun.

- Həm «Meyxana» adlı ansamblın rəhbəri kimi yadda qalmısınız

- Bəli, 1988-ci ildə meyxana ustadı Nizami Rəmzi ilə birgə «Meyxana» adlı ansambl yaratmışdıq. Mən bədii rəhbər idim. O vaxt «Dalğa» verilişində çətinliklə olsa, bir süjet getdi. Əvvəlcə süjet verilişdən çıxarılmışdı, televiziyanın rəhbəri Elşad Quliyeyin yanına getdim. Dedim meyxana janrı bu günə qədər yaşayıb xalqın qəlbindən onu heç kim silə bilməz. Elşad müəllimin icazəsiylə süjet efirə verildi. bununla da ilk dəfə Azərbaycan teleməkanında meyxana efirə ayaq açdı. Sevinirəm ki, meyxananın eifrə çıxmasında az da olsa, xidmətim oldu.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 12 yanvar.- S. 11.