20 Yanvar» Kompleksi hazırdır
Yeni il ab-havası bizi
tərk etməmiş tariximizin daha bir şanlı, eyni zamanda,
da qanlı səhifəsinin növbəti
ildönümünü qeyd eləməyə
hazırlaşırıq. Söhbət 1990-cı ilin yanvar
ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən
törədilən faciədən gedir. Baş vermiş hadisənin
əbədiləşdirilməsi, yaddaşlara həkk edilməsi
üçün faciə qurbanlarının adları bir
sıra müəssisələrə, dövlət
qurumlarına verilib. Həmçinin, Bakı Metropoliteninin
stansiyalarından biri «20 Yanvar» adını daşıyır.
Bu günlərdə isə faciə qurbanlarının xatirəsinə
daha bir abidə kompleksinin açılışı gözlənilir.
Söhbət eyniadlı metrostansiyasının
çıxışında hazırda tamamlama işləri
gedən memorial abidə kompleksindən gedir.
İşin gedişi
ilə maraqlanmaq, həmçinin abidə ilə daha
yaxından tanış olmaq üçün sözügedən
ünvana baş çəkdik. Yuxarıda qeyd olunduğu kimi,
son tamamlama işləri gedirdi. Ətraf isə polislər və
mülki geyimli mühafizəçilər tərəfindən
qorunurdu. Kompleksin qarşısındakı yola isə asfalt
örtüyü çəkilirdi.
Əvvəlcə
polislər kompleksin şəkillərinin çəkilməsinə
icazə verməsələr də, sonradan istədiyimizə
nail ola bildik.
Orada olarkən,
müşahidə etdiklərimizdən belə qənaətə
gəldik ki, abidənin işlərinin böyük qismi
görülüb və indi yalnız bəzi kosmetik dəyişikliklər
edilir. Müşahidələrimiz zamanı bir məqam da diqqətdən
qaçmadı. Belə ki, kompelksin qarşısındakı
asfalt örtüyünün dəyişdirilməsi,
texnikanın əhalinin gediş-gəlişinə mane
olması əməlli-başlı narahatlıq
yaratmışdı. Hətta əsəbindən «bu bizə
lazımdır» deyə polislərə, mühafizəçilərə
sual edənlər də az deyildi.
Paytaxt sakinlərinin
abidəylə bağlı fikirlərini öyrənirik. Taksi
sürücüsü Yaşar dayı hesab edir ki, belə məsələlərə
diqqət ayırmaq lazımdır: «Bu elə-belə şey
deyil. Bura şəhərimizə gələn qonaqların ən
çox gördükləri yerlərdən biridir. İstər-istəməz
gələn hər kəs maraqlanacaq ki, bu nədir? Deməli,
onda fikir formalaşacaq ki, ruslar bizim başımıza nə
oyun açıblar».
Amma Yaşar dayı
kompleksi təqdir eləsə də, bəzi narazı
qaldığı məqamlar da var idi: «Bala, bu abidənin nə
mənə, nə də heç kimə maneçiliyi yoxdur.
Amma onun qarşısındakı bir balaca yerin
asfaltlanmasına görə, camaat əziyyət çəkir.
Orada cəmi 2-3 saatlıq iş var. İnsanlara bu qədər
əziyyət verincə, onu gecə saatlarında görmək
olar. Axı nəzərə almaq lazımdır ki, bura
insanların ən çox hərəkət ediyi yerlərdən
biridir. İki gündür ki, asfaltlama işləri gedir.
Neçə dəfə qəza vəziyyətləri
yaranıb».
Tələbə Yasəf
Məmmədov da görülən işi təqdir edir: «Belə
abidələr tariximizin yaddaşlarda qalması
baxımından əhəmiyyətlidir. Mən hər gün
burada keçirəm və hər o abidəni gördükcə,
20 Yanvar faciəsini xatırlayıram. Bu həm də insanlarda
qisas hissinin formalaşması baxımından
lazımlıdır. Bu işi görənlərə, əziyyəti
keçənlərin hər birinə təşəkkürümü
bildirərəm».
Yasəf hesab edir ki,
digər tarixi abidələrimiz kimi bu kompleks də şəhərimizə
gələn bütün qonaqlara nümayiş etdirilməli,
onun daşıdığı tarixi məna onlara izah
olunmalıdır: «Abidənin maraqlı
görünüşü var. Onsuz da hər kəs onu görən
kimi sual verəcək. Sadəcə, ona abidənin tarixi mənası,
20 Yanvar faciəsi ilə bağlı məlumat vermək
lazımdır. Hesab edirəm ki, belə abidələrin
tikintisi həm də gələcək tariximiniz
formalaşması baxımından əhəmiyyətlidir. Necə
ki, ermənilər olmayan tarixlərini daşlar üzərinə
həkk etməklə ortaya çıxarmaq istəyirlər. Bəs
biz niyə əsl tariximizi dünyaya çatdırmayaq?»
Sözügedən
abidənin tarixçəsi ilə də maraqlandıq. Yasamal
Rayon İcra Hakimiyyəti başçısının
müavini Şahin Məmmədov bu barədə bildirdi ki,
ideya oktyabr ayında icra başçısı İbrahim Mehdiyev
tərəfindən irəli sürülüb: «Həmin
gündən başlayaraq, gününün böyük hissəsini
orada keçirir. Layihə, təşəbbüs ölkə
rəhbərliyi ilə razılaşdırdıqdan sonra həyata
keçirilib. Bu, bizim millətimizlə, xalqımızla,
müasir tariximizlə bağlı olan məsələdir. Ona
görə də bütün bunlar öz əksini həmin
memorial abidə kompleksində tapır. Abidənin tam adı
«20 Yanvar» hadisələrinə hər olunmuş Memorial Abidə
Kolmpleksi»dir. Abidəyə baş vermiş hadisə nəticəsində
dünyasını dəyişmiş 147 nəfər
soydaşımızın adı həkk edilib».
İntiqam
VALEHOĞLU
Mərkəz.-
2010.- 12 yanvar.- S. 9.