Elmar Məmmədyarov «Əl-cəzirə» televiziyasında olub

 

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərə rəsmi səfəri çərçivəsində dünyanın ən iri media şirkətlərindən olan «Əl-cəzirə» televiziya kanalının Dohadakı baş qərargahında olub. Bu barədə «Mərkəz»ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, E.Məmmədyarov kanalın fəaliyyəti ilə tanış olub və kanala müsahibə verib. Nazir habelə, Qətərin ən iri kütləvi informasiya vasitələrindən olan «Əl-Rayah» qəzetinə də müsahibə verib. Hər iki müsahibədə E.Məmmədyarov əsas etibarilə Azərbaycan-Qətər əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, ölkəmizdəki vəziyyət, Azərbaycanın xarici siyasət istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və onun nizamlanması prosesi, Azərbaycanın neft və qaz strategiyası, regional enerji layihələri haqqında danışıb və Yaxın Şərq probleminə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat verib.

Səfər çərçivəsində E.Məmmədyarov «Qətər Diyar» investisiya şirkətində də olub, şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələrlə tanış olub.

E.Məmmədyarov Qətər Dövlətinin Əmirinin KİV üzrə müşaviri, «Qətər İnformasiya Birliyi»nin prezidenti Şeyx Hamad bin Səmir Əl-Təni ilə də görüşündə də ölkəmiz və regionumuz haqqında ətraflı məlumat verib, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi, Xəzərdən enerjidaşıyıcılarının dünya bazarlarına çatdırılması ətrafında cərəyan edən proseslərə toxunub. Dünyanın bir sıra nüfuzlu KİV-nin Dohada yerləşdiyini nəzərə alaraq Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə, xüsusilə də Yaxın və Orta Şərq bölgəsinə daha dolğun şəkildə çatdırılmasında Qətərin imkanlarının geniş olduğu bildirilib, habelə KİV sahəsində Qətərin təcrübəsindən bəhrələnmək üçün bu sahədə əməkdaşlığın maraq kəsb etdiyi vurğulanıb.

Azərbaycan XİN başçısının Qətər Dövlətinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri, biznes və ticarət naziri vəzifəsini icra edən Xalid Al-Aitiya ilə görüşündə iki ölkə arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da dərinləşməsi üçün müxtəlif sahələrdə konkret layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, maraqlı istiqamətlərdən birinin elm-təhsil sahəsinin olduğu qeyd olunub və Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisələri ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və sair aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunub.

Xatırladaq ki, E.Məmmədyarov bundan əlavə Qətər Dövlətinin baş naziri və xarici işlər naziri Şeyx Hamad bin casim Bin cəbr Əl-Təni, maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal ilə də görüşüb. Eyni zamanda, Qətər Dövlətinin Əmiri Şeyx Hamad bin Xəlifə Əl-Təni tərəfindən qəbul edilib.

 

 

S.HƏMİD

 

Mərkəz.- 2010.- 14 yanvar.- S.4.