Elektron «Təcavüz» təqdim olundu
Ötən gün Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasında kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış beş fəsildən
ibarət «Təcavüz. Bakı. 20 Yanvar. 1990» adlı elektron
nəşrin təqdimat mərasimi keçirildi. Əvvəlcə
tanınmış fotoqraf Mirnaib Həsənoğlunun fövqəladə
vəziyyət rejimində çəkdiyi və indiyə kimi
heç yerdə göstərilməmiş fotolar göstərildi.
Elektron nəşr
haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov
məqsədlərinin mərkəzləşdirilmiş məlumat
bazası yaratmaq olduğunu diqqətə çatdırdı.
Direktorun sözlərinə görə, faciədən 20 il
ötməsinə baxmayaraq, bu gün də onun haqqında
kitablar yazılır: «Məlumat bazasının
yaradılmasında məqsədlərimizdən biri də faciənin
tam öyrənilməsidir. Burada arxiv sənədlərdən,
mətbuatda gedən yazılardan və ayrı-ayrı
materiallardan istifadə olunub. Amma təəssüflə qeyd
etməliyəm ki, 20 il keçməsinə baxmayaraq, faciə
ilə bağlı yazılan kitablar barmaq sayı qədər
azdır. Məhz bu amil də gördüyünüz elektron
kitabı yaratmağımızın əsas səbəblərindən
biri oldu».
M.Əhmədov həmçinin
qeyd etdi ki, məlumat bazasına hər gün əlavə
yazılar, fotolar əlavə olunduğundan, vətəndaşlar
da şəxsi arxivlərindəki materialları təqdim edə
bilərlər.
Daha sonra M.Əhmədov
elektron nəşr barəsində ətrafla məlumat verdi:
«Kitabxanamızın əməkdaşları tərəfindən
hazırlanmış bu elektron nəşrin «Azərbaycana
qarşı cinayət» adlanan birinci fəslində qan
yaddaşımız olan «20 Yanvar» faciəsi haqqında
dolğun məlumat verilir. «20 Yanvar» faciəsinə elmi-analitik
yanaşma ilk dəfə akademik Ramiz Mehdiyevin «Azərbaycanlılara
qarşı soyqırım gerçəklikləri» əsərində
öz əksini tapıb. Həmin əsərdə qanlı
faciə bir neçə aspektdən-dini, milli, Qafqaz amilləri
və geosiyasi aspektlərdən, Dağlıq Qarabağ
problemi kontekstindən araşdırılıb, qanlı
Yanvarın ibrət dərsləri təhlil edilib. Elektron nəşrdə
bu əsər rus, ingilis və Azərbaycan dillərində
oxuculara təqdim olunur. Həmin fəslin digər bölməsində
«20 Yanvar»a aparan hadisələrin qısa xronologiyası öz əksini
tapıb. Sonuncu bölmədə isə «20 Yanvar» şəhidlərinin
ümumi siyahısı verilib».
Elektron nəşrin
ikinci fəsli «Rəsmi Sənədlər» adlanır. Bu fəslin
birinci bölməsində istər sovet hakimiyyəti
dövründə, istərsə də müstəqillik
dövründə Azərbaycan parlamentində «20 Yanvar» hadisələri
ilə bağlı qəbul edilmiş qərarların tam mətni
toplanıb. İkinci bölmədə isə mövzu ilə əlaqədar
ölkə prezidentinin indiyədək imzaladığı fərman
və sərəncamlar öz əksini tapıb. Sonuncu bölmədə
isə dövlət başçısının faciə ilə
bağlı görüşləri, qəbulları,
çıxışları, müsahibələri və bəyanatları
yerləşdirilib.
«Müraciətlər,
bəyanatlar, tədbirlər» adlanan fəsildə isə
adından da göründüyü kimi faciə ilə
bağlı olan müraciətlər, qəbul edilən bəyanatlar
və keçirilən tədbirlər haqqıda geniş məlumat
verilir.
«Elektron resurslar» fəslində
20 Yanvar faciəsinin əks-sədasına aid xarici və yerli
mətbuatda dərc edilmiş yazılar, analitik materiallar,
kitabların elektron versiyaları və mövzuya dair
biblioqrafiya əksini tapıb. Nəşrin «fotoarxiv»
bölümündə isə yuxarıda qeyd olunduğu kimi
tanınmış fotoqraf Mirnaib Həsənoğlunun çəkdiyi
şəkillər yerləşdirilib.
İntiqam
VALEHOĞLU
Mərkəz.-
2010.- 19 yanvar.- S. 10.