Keçmiş dövlət başçısı «20 Yanvar» faciəsindən yazıb

 

«Bu faciə Azərbaycanın müstəqilliyi yolunda ona vurulan zərbə və zaman itkisi idi»

 

«20 Yanvar» faciəsinin 20 illiyilə əlaqədar Litvanın www.bernardinai.lt http://www.bernardinai.lt internet qəzetində bu ölkənin nüfuzlu siyasi dövlət xadimi Vitautas Landsberqisin «Azərbaycanın faciəsi» adlı analitik məqaləsi dərc olunub. Bu barədə «Mərkəz»ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Litva Azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev yanvarın 19-da məqaləni Azərbaycan dilinə tərcümə edib.

Məqalədə deyilir: «İyirmi il öncə, 1990-cı ilin yanvarın 20-də Azərbaycana və azərbaycanlılara böyük bir fəlakət üz verdi. Ətraflı düşünülmüş fitnələrdən etnik qaçqınların kor-koranə toqquşmalarından istifadə edən sovet ordu hissələri hərbi zorakılığa əl atdılar, Bakının meydan küçələrində qurulmuş barrikada müdafiəçilərini, etiraz aksiyalarının silahsız iştirakçılarını gülləboran etməyə və vurub əzməyə başladılar. Əgər indi ictimai televiziya həmin səhnələri ictimaiyyətə təkrarən göstərə bilsəydi, onda biz görərdik ki, o kadrlar bu hadisələrdən əvvəl törədilmiş 9 aprel 1989-cu il Tbilisi qırğınını 20 yanvardan bir il sonra Vilnüsdə baş vermiş 13 yanvar 1991-ci il qanlı faciəsini çox xatırladır. Sanki Bakı 20 il əvvəl həmin hadisələr zəncirində «perestroykanın» şərtiliyini və imperiyanın dəyişməzliyini sübut edən birləşdirici bir halqaydı.

Sovetlər Cənubi Qafqazın iki xalqını - ermənilərlə azərbaycanlıları və hətta bu ölkələrdəki demokratik-azadlıq hərəkatlarını da qızışdırıb onların arasına nifaq sala bildilər. Baltikyanı ölkələrdəki xalq hərəkatlarının nümayəndələri Ermənistan və Azərbaycanın xalq cəbhələrini Qarabağ Komitəsini barışdırmaq üçün fevralın ilk günlərində Riqada səylər göstərdilər (bu prosesdə məniştirak etmişəm), amma onda danışıqlar çox ağır gedirdi, KQB araqarışdıranları isə mürgü döymürdülər. Lakin 1989-1990-cı illərin qovuşuğunda Azərbaycanda mövcud olmuş durumu müfəssəl surətdə xatırlamaq yerinə düşərdi.

Onda sovetlərin Azərbaycanla İran arasından keçən sərhəd xəttində 70 kilometrdən artıq bir sahədə tikanlı məftillər sökülmüşdü, xalq sərhədin o biri tayında yaşayan azərbaycanlı qardaşları ilə ünsiyyət saxlaya bilirdi. Şəhərlər bir-birinin arxasınca «sovetlərin», yəni kommunistlərin hakimiyyətindən azad olurdu, fevral seçkiləri yaxınlaşırdı və müstəqillik tərəfdarı olan Xalq cəbhəsinin bu seçkilərdə qələbə çalacağı heç bir şübhə doğurmurdu... Ancaq Sovet hökuməti bunların qabağını almaq üçün zərbələri vaxtında hazırlamışdı. İmperiya azərbaycanlılarla ermənilər arasında yalnız Dağlıq Qarabağ uğrunda bir qədər əvvəl başlamış münaqişədən yox, həm bu münaqişə nəticəsində qaçqın düşənlərin - qisas qurbanlarının fəlakətindən öz məqsədləri üçün istifadə etdi. Hər iki xalq tələyə düşdü, Bakı 50 minlik nəhəng sovet ordusu tərəfindən sanki bir düşmən şəhəritək «fəth» olunarkən Azərbaycanın yenicə şəfəqlənən azadlığı darmadağın edildi, qan girdabında boğuldu.

Budapeşt, Praqa... Hər yerdə eyni cür olub. Bu dəfə qırmızı ulduzlu tanklar azadlıq müdafiəçilərinin barrikadalarını basıb darmadağın etdilər. Bu cür yolla «sovet hakimiyyəti bərpa edilirdi». Vilnüs o günlərdə hələ ki, öz həlledici saatını gözləməkdə idi, həmin vaxt bir ildən sonra gəlib çatdı.

«Faciə» dedikdə biz sözlərin çox vaxt necə şərti məna daşıdığını başa düşməliyik. O qırğınları Moskvada düşünüb hazırlayanlar və «yerlərdə» icra edənlər üçün həmin hadisələr faciə deyildi, yalnız bir qədər sonra SSRİ dustaqxanasının dağılması onlar üçün «ümumdünya faciəsinə» çevrildi. Ancaq o illərdə Bakıda və digər yerlərdə yaxın adamlarını itirmiş yaxud şikəst olmuş insanlar üçün o hadisələr, şübhəsiz ki, böyük bədbəxtlik idi. Qatillər isə o zaman «bədbəxt» olardılar ki, onlar törətdikləri qırğınlar üçün cavab versinlər.

İndiyədək ermənilərlə azərbaycanlılar arasında qızışdırılan münaqişələr kimi, həmin faciə də Azərbaycanın müstəqilliyi yolunda ona vurulan zərbə və zaman itkisi idi. Bu zərbələrə müharibəni, çevrilişləri, çoxlu insan tələfatını və ərazi itkilərini, bir milyondan artıq «daxili qaçqın» problemlərini də əlavə etmək lazımdır. Litva özünü bu aqibətdən uzaqlaşdıra bildi, hərçənd ki, bizim üçün o cür aqibətlə bağlı çox şey hazırlanmışdı. Ona görə biz gərək dost Azərbaycan xalqının faciəsini unutmayaq, ələlxüsus bu qanlı 20 Yanvar günündə».

Məlumat üçün bildirək ki, V.Landsberqis 1932-ci ildə Kaunas şəhərində doğulub. Litvanın görkəmli dövlət xadimi siyasətçisi, incəsənət, musiqi mədəniyyət üzrə tarixçisi, 1978-ci ildən Litva Musiqi Teatr Akademiyasının professorudur. 1988-1990-cı il tarixlərdə Litva Sayudisi Seymi Şurasının sədri, 1989-1990-cı illərdə SSRİ Ali Sovetinin deputatı olub, 1990-cı ildə Litva Ali Sovetinin sədri seçilib. 1990-cı il martın 11-də Litva Respublikasının müstəqilliyini bərpa etmək barədə tarixi hüquqi aktı qəbul etmiş parlament iclasına rəhbərlik edib. 1990-1992-ci illərdə Litva Respublikasının Müvəqqəti Konstitusiyasına əsasən Litvanın ən yüksək rütbəli dövlət xadimi kimi faktiki olaraq Litvanın dövlət başçısı postunu tutub. 1990-1991-ci illərdə dövlət səviyyəsində SSRİ rəhbərliyi ilə aparılan danışıqlarda nümayəndə heyətinə başçılıq edib. 1990-1992-ci illərdə Baltikyanı Dövlətlər Şurasının rəhbərlərindən biri, 1993-2003-cü illərdə Litva Konservatorlar Partiyasının sədri, 2003-cü ildən həmin partiyanın siyasi komitəsinin sədri və rəyasət heyətinin üzvü, 1996-2000-ci illərdə Litva Seyminin sədri, uzun müddət Litvanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü olub. 2004-cü ildən Avropa Parlamentinin üzvüdür. 1991-ci ildə Norveç xalqının sülh mükafatına layiq görülüb. Bir sıra Avropa ölkələrinin yüksək dövlət mükafatları ilə təltif olunub. 1988-1994-cü illərdə V.Landsberqisin Daglıq Qarabağ münaqişəsinə və Ermənistan-Azərbaycan münasibətlərindəki geosiyasi faktorlara münasibəti birmənalı olmayıb. Bu baxımdan onun «20 Yanvar» faciəsindən bəhs edən məqaləsi mühüm siyasi əhəmiyyət kəsb edir.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 28 yanvar.- S. 4.