Qloballaşma mədəniyyət

 

(esse)

 

(əvvəli qəzetimizin ötən saylarında)

 

Çox zaman «qloballaşma» çətri altında yalnız elmi-texniki tərəqqini, onun insanların həyatına gətirdiyi bu ya digər «müsbət töhfələri» nəzərdə tuturlar. Əslində isə qloballaşma özündə heç də həmişə mütərəqqi amilləri və onların gətirdiyi (gətirmək istədiyi) yalnız müsbət tendensiyaları ehtiva etmir. Bizə elə gəlir ki, qloballaşma, daha doğrusu, psevdoqloballaşma, bu gün həm bəzi keyfiyyətləri ilə beynəlxalq terrorun terrorizmin o biri üzü deməkdir; daha doğrusu, dünyanın bir çox superdövlətləri «qloballaşma» adı altında öz məkrli niyyətlərini həyata keçirir, az qala, beynəlxalq terrorizmin ruporuna çevrilir. Zahirən (həm də təkcə zahirən yox, mahiyyət etibarilə) qloballaşmanın bəzi carçıları dünyada «bərabərlik» tendensiyasının qarantı kimi çıxış etmək istəyirlər. Amma qloballaşma mübəliğlərinin fikirlərinə nəzər yetirsək, görərik ki, onların əksəriyyəti bu məsələnin çeşidlənməsində əksər hallarda ayrıseçkiliyə yol verir, az qala «inkişafa» layiq olanlayiq olmayan dövlətlər barədə mülahizələr yürüdürlər. Məsələn, müasir qloballaşma haqqında özünün gözlənilməz fikirləri ilə seçilən Z. Bzejinski «Seçim. Qlobal hökmranlıq, yoxsa qlobal liderlik» əsərində qeyd edir ki, müsəlmanlar özlərinə dünyanın indi çiçəklənəndini ənənələrə malik digər ölkələri kimi qlobal cəmiyyətin eyni hissələri kimi baxsınlar. Professor Y.Rüstəmov Z.Bzejinski ilə dialoqa girərək onun subyektiv baxışlarını obyektiv tənqidin hədəfinə çevirir: «Qərbin tanınmış başqa adamları kimi Z. Bzejinski erməni terrorizmi üzərindən sükutla keçir, soyqırımı haqqında danışmaq istəmir, bir milyondan çox azərbaycanlı məcburi köçkün qaçqının taleyi onu maraqlandırmır. Terrorçuluq dövlət siyasətinə çevriləndə daha qorxulu uzunmüddətli olur. Bütün dünyanın beynəlxalq təşkilatlarının gözü qarşısında törədilən erməni dövlət terrorizmi bu qəbildəndir». Filosof Əbülhəsən Abbasov həmin mülahizələrin bir növ davamı kimi qeyd edir: «Bir çox vicdanlı intellektualların (həm ABŞ-da, həm Qərbi Avropada!) ümumi bir fikrini xatırlamamaq qeyri-mümkündür: ABŞ və Avropa nəhəng çökmə astanasındadırlar. Görünür, həqiqətən dünyanın xaosdan çıxıb yenidən nizamlanması naminə Mütləq Ruh özü işə qarışmalı olacaq». Digər bir azərbaycanlı alim - Səlahəddin Xəlilov da dünyanın mübtəla olduğu mövcud xaosdan çıxış yolunun zəruriliyi barədə söhbət açaraq qlobal birgəyaşayışın nəzəri əsasına yenidən baxılması və onun modellərinin formalaşmasını aktual hesab edir: «Qərbin daxili-mənəvi potensialı tükənmək üzrədir və bəşəriyyət yeni ideya səviyyəsinə qalxmasa böyük böhranla üzləşə bilər». Tədqiqatçılardan bir çoxu yaranmış böhranın mahiyyətini daha maraqlı bir problemlə bağlayır: «… böhran vəziyyəti mövcuddurbu, məhz, metodoloji böhrandır. Yəni, neçə əsr əvvəl yol seçiminin (metodologiyanın- F.M) düzgün olmamasının nəticələri ilə bu gün bəşəriyyət üz-üzə dayanmışdır» (T. Allahyarova).

Yeni dövrün qloballaşma «bumu»nu məhz bu cür mahiyyəti hələ də kifayət qədər aşkarlanmayan problem baryerlər müşayiət edir. Ancaq bizcə, hər şeyi, hətta, ən üzdə olan məsələni yalnız zahiri, görünən tərəfinə görə qiymətləndirmək düzgün olmazdı. Belə ki, tarixi inkişafın konkret faktı kimi meydana gəlib öz mövcudluğunu təsdiqləyən qloballaşma, bəşəriyyətə özü ilə birgə bir «bərabərləşmə» modeli də gətirməkdədir. Bəs bu tendensiya daha çox hansı regionya qüvvələr tərəfindən həyata keçirilir? Suala birbaşa cavab vermək olduqca çətindir. Lakin dünyanın müasir mənzərəsi açıq-aşkar göstərir ki, hazırki şəraitdə «birinci dünya ölkələri» nisbətən zəif inkişaf etmiş regionları öz elmi texniki təsir dairəsində saxlamağa çalışırlar. Bunun üçün superdövlətlərin onlarca təsir rıçaqları vardır. Müşahidələrə əsaslanıb deyə bilərik ki, keçmiş sosializm düşərgəsinə daxil olan ölkələrdə son illər yaranmış «ideoloji vaakumu» indi iri sənaye ölkələrinin mədəniyyət məhsulları tutmaqdadır. Amma etiraf etmək lazımdır ki, mövcud boşluğu çox vaxt heç də dəyərli sənət əsərləri deyil, əgər belə demək mümkündürsə, «mədəniyyət tullantıları» tutur. Adamların həyatına və mənəviyyatına bu cür müdaxilə izsiz ötüb keçmir; yaşlı nəsil gənclərin əxlaqının formalaşmasına (daha doğrusu, pozulmasına) səbəb olan həmin «tullantıları» qətiyyətlə dəf etməyə çalışırlar. Hətta, postsovet ölkələrinin əksər vətəndaşları bütün sosial-mədəni «bəlaların» kökündə Amerikanizasiyanı görür. Bu məsələ xeyli vaxtdır ki, filosofların da diqqətini cəlb etməkdədir. Məsələn, Z.Sardar M.B. Devis « üçün insanlar Amerikaya nifrət edirlər?» əsərində bu məsələyə xüsusi diqqət yetirmişlər. Filosofların bəzisi (məs.,Ə.F.Abbasov) böyük ölkələrin kiçik ölkələrə aşıladığı həmin məcburiyyəti obrazlı şəkildə «monstr-mədəniyyət» kimi xarekterizə edir.

Bu gün qloballaşma prosesinin nəticələri Azərbaycan reallığında öz rəngarəngliyi ilə qabarıq şəkildə üzə çıxmaqdadır; ölkə öz geopolitik vəziyyətinə görə çox maraqlı bir statusa malikdir; burada Şərq və Qərb mədəniyyəti uzun illərdir çulğaşmış şəkildə iç-içə yaşamaqdadır. Sovet dönəmində əsasən rus mədəniyyətinin təsiri altında olan Azərbaycan əhalisi, hazırki postsevoet məkanında bir çox ölkələrin mədəniyyətləri ilə qarşılıqlı əlaqə və təmasdadır. Təkcə bir faktı göstərmək kifayətdir ki, Azərbayjan Respublikasının əhatə olunduğu ölkələrin - İran, Türkiyə, Rusiya, Gürcüstan Ermənistandakı etnos xalqları müxtəlif mədəniyyət panteonunun sahibləri, özəl inkişaf tərəqqi səviyyəsinə malik insan toplumlarıdır.

 

 

Firuz Mustafa

 

Mərkəz.- 2011.- 2 aprel.- S. 15