Afrika inqilabları, Yaponiya zəlzələsi və bəşəriyyətin sonu

 

Son zamanlar dünyada baş verən təbii fəlakətlər, texnogen qəzalar, müharibələr düşünən beyinləri narahat etməyə bilməz. Tarixçilər, tədqiqatçılar bildirirlər ki, belə hadisələr insanlığın inkişafı boyu daim baş verib və burada qeyri-adi bir hal yoxdur. Bu fikirlə razılaşmaq mumkündür, amma eyni zamanda belə bir vəziyyət də narahatlıq doğurur ki, niyə müharibələr, təbii fəlakətlər və digər kataklizmlər bir-birinin ardınca baş verir. Dəhşət doğuran hadisələr sanki belə bir təsəvvür yaradır ki, Yer və onun üzərində yaşayan insanlar artıq özlərini tükədiblər və hər şeyin sonu artıq çox yaxındadır. Elə dünyanın sonu ilə bağlı bir çox nəzəriyyə müəllifləri də buna işarə vururlar - bəşəriyyətin sonu çatıb. Deyilənlərə müəyyən qədər də olsa, aydınlıq gətirmək, baş verən kataklizmlər və dünyanın sonu ilə bağlı nəzəriyyələr arasında bağlılığın olub-olmamasını müəyyən etmək üçün araşdırma aparmaq qərarına gəldik. Əlbəttə, dünyanın sonu və müasir həyatımızı silkələyən fəlakətlərlə bağlı nəzəriyyələrin sayı xeyli çox olduğundan onların hamısı barədə burada geniş yazmaq qeyri-mümkündür. Buna görə də əsas diqqəti özlərini zetalar kimi qələmə verən bir qrupa yönəltmək istəyirik. Çünki zetalar digərlərindən fərqli olaraq Yerdə baş verənləri müəyyən dərəcədə elmi əsaslarla izah etməyə çalışırlar. Amma əlbəttə ki, onların da nəzəriyyəsində mistika, yadplanetlilərlə bağlılıq mövcuddur.

 

25 il zülmət hökm sürəcək

 

Zetalara dünyanın sonunun Nibiru planetilə bağlılığını irəli sürən nəzəriyyənin müəllifi Nensi Lider rəhbərlik edir. Onun dediklərinə görə, bu barədə ona telepatiya yolu ilə Zeta Set planetindən yadplanetlilər məlumat ötürürlər. Məqsəd isə bəşəriyyəti gözləyən ağır sınaqlar barədə məlumatlı etməkdir. Nensi Lider bu məqsədlə İnternetdə sayt da açıb (zetatalk.com). Saytda yadplanetlilərin ona dedikləri, həmçinin Yerin yeni coğrafi düzəni haqda məlumatlar yerləşdirilib. Özlərini zetalar kimi qələmə verən bu nəzəriyyə tərəfdarları bildirirlər ki, müasir elmin qlobal istiləşmə kimi qələmə verdiyi iqlim dəyişiklikləri əsassızdır. Əsas səbəb güclü elektromaqnit dalğaları hasil edən Nibirudur. Zetalar bildirirlər ki, bu planetin təsiri altında Arktikada buzlaqlar əriyir. Müxtəlif regionlarda bu yerlərə xas olmayan iqlim anomaliyaları müşahidə olunur. Yəni Afrikada qar yağır, Çində quraqlıq hökm sürür, Rusiyada ötən il görünməmiş istilər düşür və s. Qeyd edək ki, zetalar bunu hələ uzaq 1995-ci ildə proqnozlaşdırmışdılar. Onların proqnozlarına görə, getdikcə iqlim anomaliyaları daha tez-tez müşahidə olunacaq. Ən nəhayət Nibiru planeti Yerə lap yaxınlaşdıqda Yer onun güclü maqnit təsiri altında qütbünü dəyişməyə başlayacaq. Bunu zetalar maqnitlərin bir-birinə uyğunlaşması kimi izah edirlər. Bu proses başladıqda Yer bir həftə müddətində fırlanmayacaq və bundan sonra qütblər dəyişməyə başlayacaq. Zetaların proqnozuna görə, sonra Yer yenidən fırlanmağa başlayacaq, 25 il zülmət hökm sürəcək, sonra isə yeni coğrafi mühit formalaşacaq və bəşəriyyət yeni dövrünə qədəm qoyacaq.

 

Nibiru kabusu

 

Zetalar, həmçinin onu da bildirirlər ki, hazırda bütün böyük dövlət rəhbərləri bu barədə məlumatlıdır. Sadəcə dünyanı idarə edən qüvvələr bu məlumatı rəsmi şəkildə açıqlamaq istəmirlər. Səbəb isə baş verəcək xaos, panika üzündən idarəetməni, hakimiyyəti itirmək qorxusudur. Onlar bildirirlər ki, böyük dövlətlər insanlığın xilası üçün tədbirlər görürlər, amma onlar yaxşı bilirlər ki, Yer kürəsinin bütün əhalisini xilas etmək mümkün olmayacaq. Zetaların fərziyyəsinə görə, elə Nibiru planetini kəşf edən Harrinqtonu da onlar öldürüblər. Belə ki, Harrinqton 1992-ci ildə Yeni Zelandiyada yerləşən teleskopdan istifadə etmək üçün NASA-ya rəsmi müraciət edir. Elə həmin il, bu müraciəti etməmişdən öncə, o, 1976-cı ildə yazılmış «12-ci planet» adlı əsərin müəllifi Zakari Sitçinlə görüşmüşdü. Sitçin kitabında qədim şumer, maya, astek, Misir mənbələrinə, dini kitablara istinadən belə bir planetin mövcudluğunu yazılmışdı. Bu görüşdən sonra Harrinqton planetlə bağlı araşdırmaları daha da intensivləşdirmək qərarına gəlmişdi. Amma 1993-cü ilin yanvarında Harrinqton qəflətən xərçəng xəstəliyindən vəfat edir. Zetalar yazırlar ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi arzuolunmaz şəxsləri aradan götürmək üçün süni şəkildə orqanizmə yeridilən belə ağır xəstəliklərdən tez-tez istifadə edir. Harrinqtonu aradan qaldırmaqla gizli qüvvələr bu məsələnin ciddi nəzarət altında olduğunu göstərmək istəyiblər. Bundan sonra da dünyanın bir çox ölkələrində astronomlar müxtəlif səbəblərdən, əsasən bədbəxt hadisələrdən həlak olublar. NASA isə bildirir ki, Nibiru adlandırılan planet yeni qalaktikadır və mətbuat bunu yeni planet kimi qələmə verib. NASA belə bir planetin olmadığını bəyan edərək 2012-ci ildə heç bir fəlakətin baş verməyəcəyini deyir. Onların sözlərinə görə, əgər Nibiru planeti mövcud olsaydı, artıq onu nəinki teleskop, hətta adi gözlə belə müşahidə etmək olardı. Bundan başqa, astronomlar Nibirunun elliptik orbitə malik olmasını da istisna edirlər. Onların sözlərinə görə, belə orbitlər qeyri-stabil olur. Əgər planet belə orbitlə hərəkət etsəydi, onun orbiti çoxdan Günəşin təsiri altında dəyirmi forma alardı. Yaxud da Günəşin cazibə qüvvəsindən uzaqda olduğu üçün açıq kosmosa çıxardı. Amma zetalar onlara inanmır və bildirirlər ki, bu sadəcə informasiyanı gizlətmə əməliyyatının bir hissəsidir.

 

Bakı haqda nə deyirlər?

 

Qeyd etdiyimiz kimi, Zetalar Yerdə baş verəcək qlobal iqlim və coğrafi dəyişikliklərdən insanları hali etmək üçün sayt yaradıblar. Bu saytda Yerin fırlanma qütblərinin dəyişməsi nəticəsində yaranacaq kataklizmlərdən qorunmaq məqsədilə insanlar üçün davranış qaydaları dərc edilib, müxtəlif səpgili məsləhətlər yerləşdirilib. Maraqlıdır ki, həmin saytda zetalar qütblərin dəyişməsi hadisəsinin hələ 2003-cü ildə baş verəcəyini yazırlar. Amma sonradan bu tarix qeyri-müəyyən vaxta keçirilib. Digər nəzəriyyəçilər bu hadisənin 2012-ci ildə olacağını bildirirlər. Bu da mayaların həmin ildə beşinci günəş təqviminin başa çatması ilə bağlıdır.

Zetalar qeyd edirlər ki, dünyanı idarə edən qüvvələr, varlı insanlar baş verəcək qütb dəyişikliyindən xəbərdardırlar. Onlar bu dövrə və ondan sonrakı hadisələrə hazırlıq işləri görürlər. Bunun izahı kimi onlar valyuta birjalarında aparılan əməliyyatları, müharibələri, sui-qəsdləri misal gətirirlər. Yəni onların dediyi kimi, elitar təbəqə qlobal dəyişikliyi Yerdə sağ-salamat keçirmək üçün işlər görür.

Zetalar yazırlar ki, qütb dəyişikliyindən sonra Yerin çoğrafi quruluşu tamamilə dəyişəcək. Onlar bunu göstərmək üçün saytda Yerin yeni xəritəsini də yerləşdiriblər, dünyanın təhlükəsiz şəhərlərinin siyahısını göstəriblər. Saytda qeyd olunur ki, Nibiru planetinin maqnit qüvvəsinin təsiri atında baş verən qütb dəyişikliyi nəticəsində şimal və cənub qütbləri hazırki vəziyyətini dəyişəcək. Bu qlobal hadisədən sonra şimal qütbü Cənubi Amerikada, cənub qütbü isə Hindistanda olacaq. Hindistanın isə Avstraliya ilə bərabər ümumiyyətlə sulara qərq olacağı bildirilir. Maraqlıdır ki, həmin xəritədə təhlükəsiz şəhərlər sırasında Bakının da adı var.

 

Bakı haqda nə deyirlər?

 

Saytda qeyd olunur ki, Bakı qütblərin dəyişməsini nisbi olaraq təhlükəsiz keçirəcək. Bildirilir ki, Azərbaycanın paytaxtı əsas yeraltı lay sınıqlarının sərhədində yerləşmir. Hətta Xəzər dənizində suyun artması belə onun su altında qalmasına səbəb olmayacaq. Zetalar qeyd edirlər ki, Bakıda iqlim mülayim qalacaq. Bununla belə saytda bildirilir ki, əsas problem binaların zəif olmasıdır. Belə ki, güclü yeraltı təkanlar onların dağılmasına səbəb ola bilər.

Həmçinin, sayt xəbərdarlıq edir ki, su altında qalan Rusiyadan miqrasiya gözlənilə bilər. Zetaların proqnozuna görə, Rusiyanın düzənliklərini örtəcək okeanın sahilləri Bakıya çox yaxın olacaq.

Yerin oxu ilə bağlı bir məsələyə də aydınlıq gətirək. Martın 11-də Yaponiyada baş verən zəlzələ Yerin geometrik oxunu 17 sm dəyişdirib. Alimlər bildiriblər ki, zəlzələdən sonra yalnız Yerin geometrik oxunda dəyişiklik yaranıb, onun fırlanma oxunda isə heç bir dəyişiklik baş verməyib. Tədqiqatçılar qeyd ediblər ki, geometrik oxda dəyişikliklər yalnız Yerin daxilində baş verən hadisələr nəticəsində mümkündür. Yerin əsas fırlanma oxunun dəyişməsi hadisəsi isə digər planetlərin cazibə qüvvəsinin təsiri altında yarana bilər. Bu da o deməkdir ki, zetalar məhz Nibiru planetinin təsiri altında Yerin fırlanma oxunun dəyişməsinə işarə vururlar. Zetalar iddia edirlər ki, zəlzələlər elə həmin planetin Yerin maqnit qütbləri, nüvəsi və qabığına tədricən güclənən təsiri altında baş verir. Zetalar bildirirlər ki, Yerin fırlanma oxunda dəyişiklik olacaq və bununda nəticəsində Yerdə təsəvvür olunmayan iqlim pozuntuları əmələ gətirər. Yəni, 12 ballıq Rixter cədvəlinə sığmayan zəlzələlər, 50-100 metrlik sunami dalğaları, vulkanlar Yerdə həyatı yox dərəcəsinə endirə bilər.

 

Qərb Afrikada nə axtarır?

 

Beləliklə, zetalar diqqəti ona yönəldirlər ki, elita canını qurtarmaq üçün digər planetlərə köçə bilmədiyi halda qlobal dəyişikliyi Yerdə keçirməli olacaq və bunun üçün də hazırlıq işləri aparılır. Saytda verilən xəritədə göstərilir ki, qütblərin dəyişməsindən sonra Yerin coğrafiyası da xeyli dəyişəcək. Belə ki, qütb dəyişikliyindən sonra sunami və zəlzələlər okean sahilində yerləşən ölkələri su altında qalacaq, bundan sonra keçən iki il ərzində isə Arktika buzlaqlarının əriməsi nəticəsində Britaniya da daxil olmaqla Avropanın böyük hissəsi, Rusiyanın, demək olar, 70%-i, Şimali və Latın Amerikasının böyük hissəsi su altında qalacaq. Toxunulmaz torpaq sahələrisə əsasən Çin, Afrika əraziləri olacaq. Qütb dəyişikliyindən sonra Amerikada yaşayış dəyişəcək, Avropada iqlim indiki Afrikada olduğu qədər istiləşəcək. Deməli, elita yaşayış üçün qlobal dəyişiklikdən salamat çıxacaq Afrikaya can atmağa çalışacaq.

İndisə gəlin dünyada baş verən son siyasi və texnogen hadisələrlə bu nəzəriyyə arasındakı əlaqənin olub olmamasına diqqət yetirək.

Məsələ burasındadır ki, zetalar elitanın sağ qalmaq üçün münasib yer axtarmasından yazır. Afrika isə onların xəritəsində ən salamat torpaq kimi göstərilir. Bu da belə bir sual doğurur: bəlkə son zamanlar Afrika ölkələrində baş verən inqilablar həmin elitanın maraqlarına cavab verməyən rejimləri devirməklə orada özlərinə loyal hakimiyyətlərin qurulması ilə bağlıdır? Yəni, elita orada təhlükəsiz məskunlaşa bilmək üçün uyğun şərait formalaşdırmaqla məşğuldur. Bu qətiyyət xüsusilə özünü Liviya ilə bağlı məsələdə büruzə verir.

 

AES-lər niyə ləğv edilir?

 

Deyilənlər kontekstində maraq doğuran məsələ Yaponiyadakı zəlzələ, sunami və «Fukusimo-1» AES-dəki qəzadır. Qeyd edək ki, bir müddət əvvəl adları açıqlanmayan çinli ekspertlər Yaponiydakı zəlzələnin süni şəkildə törədildiyini bildirmişdilər. Onların fikrincə, zəlzələ okeanın dibində aparılan məxfi atom silahının partladılması nəticəsində yaranıb. Buna sübut kimi zəlzələdən sonra okeanda yaranan nəhəng su burulğanı göstərilir. Bu burulğanı dünyanın bir çox telekanalları göstərib və onu İnternetdən də izləmək mümkündür. Burulğanın partlayışdan sonra okean dibində yaranan nəhəng dəlik səbəbindən meydana çıxdığı qeyd olunur. Bu arada bir sual yaranır: süni zəlzələnin yaradılmasının səbəbi nədir? Bu suala cavab verməmişdən əvvəl qeyd edək ki, zetaların dediyi kimi, əgər qütb dəyişikliyi baş verərsə, bu zaman yarana biləcək 15 ballıq zəlzələlər dünyanın müxtəlif hissələrində olan yüzlərlə AES-ləri məhv edə və havaya güclü radiasiya atılmasına gətirib çıxara bilər. Yaponiyada isə 9 ballıq zəlzələ «Fukusimo-1» AES-də ciddi problemlər yaratdı və artıq havaya radiasiya sızması halları qeydə alınır. Amma maraqlısı odur ki, bu hadisədən sonra dünyanın bir çox ölkələri AES-ləri bağlamaq və ya ümumən nüvə enerjisindən imtina etməklə bağlı bəyanatlar yaydı. Almaniya artıq 7 AES-in fəaliyyətini dayandırıb. Ekspertlər bu məsələyə BMT-nin münasibət bildirməsini tələb edir və çox güman ki, təşkilat bu işə qarışacaq. Bəs AES-lərin bağlanması nə ilə bağlı ola bilər? Qeyd etdiyimiz kimi, elita qütb dəyişikliyindən sonra yeni həyat və düzən qurmaq planı üzərində işləyir. AES-lər isə güclü zəlzələlərin təsiri altında çox güman dağılacaq, bu isə planetin yüz illər ərzində həyat üçün yararsız hala düşməsinə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün elita indidən AES-lərin işini dayandırmağa çalışır və buna əsas kimi də Yaponiyadakı «Fukusimo-1»dəki qəza göstəriləcək. Beləliklə, qənaət belə ola bilər ki, Yaponiyadakı zəlzələ hansısa yolla süni şəkildə törədilib və yüksək texnologiyaların beşiyi olan Yaponiyada belə AES-in sıradan çıxmasını nümayiş etdirməklə bunun təhlükə mənbəyi olduğunu əsaslandırmağa çalışırlar.

Hər bir halda dünyada baş verən istənilən hadisəyə zetaların nəzəriyyəsi prizmasından baxmaq maraqlıdır. Çünki bu, qlobal müharibələr, fəlakətlərə yeni baxış formalaşdırır, bizi düşündürən suallara cavab axtarmaqda müəyyən dərəcədə kömək olur.

 

 

E.YUNİSOĞLU

 

Mərkəz.-2011.-2 aprel.-S.13.