«İddiam hara qədərdisə, missiyam da ora qədərdir»

 

Müsahibim gənc və istedadlı qələm adamı Raqif  Raufoğludur. Raqif  istedadlı və savadlı gənclərimizdəndir. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın “Atamın arzuları” kitabını dilimizə qazandıran da məhz bu gənc qələm adamıdır. Şeirdə və nəsrdə maraqlı axtarışları olsa da, təvazökarlığı ona özünü təqdim eləməyə imkan vermir. Elə müsahibə təklifimi də bir az çəkingənliklə qarşıladı.

- Nə zaman hiss elədin ki, yazmalısan?

- Bundan danışmaq bir az tez deyil?

- Məncə, artıq yaradıcılığa başlamısansa, necə başlamağın haqqında danışa bilərsən. Mümkünsə ilk qələm təcrübələrindən, ilk dərnəklərdən, ilk nəşrindən, ilk kitabından danış...

- Əslində, hər şeydən əvvəl məndə bir daxili təşəbbüskarlıq var idi. Nəsə eləmək. İlk mütaliələr də buna əlavə olundu. Gətirib kiçik şeirlərə çıxartdı. Sonra həmfikirlərimi tanıdım. “Gəncliyin səsi” ədəbi dərnəyində birləşdik. Bir az da həvəslənib 2003-cü ildə ilk şeirlər kitabımı çıxartdım. Amma yəqin ki, bu, bizim kimi gənclərin hamısında var da. Sonradan ilk yazılara, ilk şeirlərə baxanda bir az utanırsan.

- Hər bir yazının, mətnin arxasında bir ideoloji dayaq olmalıdır. Sənin yazdığın mətinlərin ideoloji dayağı, düşüncələrinin alt qatı nədən ibarətdir. Hansı ideologiyaya söykənirsən?

- Mən elə düşünmürəm. Əksinə, belə yanaşma yazıçını çərçivəyə salır. Mənim yazılarımda, şeirlərimdə hansısa ideologiya duyulursa, bunu genetikaya bağışla. Yazıda, mətndə ideologiya yeridilirsə, deməli, orda hansısa ictimai sinfin marağı var. Qloballaşma belə olmamalıdır.

Yazıçı hansısa Anni Klavdi andı içməyib ki, bəli, mən filan ideologiyaya xidət eləyəcəm. Qələm əhlinin belə bir öhdəliyi də yoxdur. Sadəcə hərənin özünün gizli bir missiyası olmalıdır.

- Sənin gizli missiyan nədir?

- (gülür) Bilirəm, missiya deyəndə ağlına nə gəldi. Amma elə deyil. Bu, kimə görəsə maraq deməkdir, kimə görəsə şöhrətpərəstlik, kimə görəsə sadəcə ədəbiyyat. Mənə görə iddialarım hara qədərdisə, missiyam da ora qədərdir. Düzdü, tez-tez belə qorxular olur ki, görəsən iddiam özümdən böyük deyil? Amma deyəsən geriyə də yol yoxdur.

- Azərbaycan ədəbiyyatında gedən proseslərdən söz düşəndə pessimist notlar üzərində danışırsan. Ədəbiyyatımız haqqında nə üçün pessimist düşünürsən?

- Gəl, otur, mən tərəfdə, bir yerdə baxaq. Bir dəstə konkret hansısa maraqlara qulluq eləyir. Maliyyələşdirilib yazırlar. Görünür, onlara daha çox cV-lərini zənginləşdirmək lazımdır. Qoy yazsınlar. İndi düz eləyirlər, yoxsa yox, bunu gələcək göstərəcək.

O biri dəstə də məlum məsələdir. Qalır ortada müstəqil olmağa çalışanlar. Onlar da öz boşluqlarında yazırlar. Pessimizm isə ona görədir ki, içi mən, sən qarışıq bunların heç biri qlobal yazmır. Deməli, nəsə dəyişilməlidir.

- Əgər əsər qlobalizmə, postmodernizmə söykənmirsə, ciddi əsər sayılmamalıdır? Axı milli təfəkkür və məfkurəylə də işıqlı əsərlər yazılıb.

- Mən postmodernizm demədim axı. Postmodernizm Azərbaycana, ümumiyyətlə, gəlməyib. Qloballaşma anlayışına sən necə baxırsan bilmirəm, amma onun içində milli təfəkkür də var.

- Sən həm də tərcüməçi kimi özünü sınamısan. Bu barədə danışardın. Gələcək planların varmı, tərcüməçi kimi?

- Tərcüməçi kimi planlarım var, amma heyf ki, bu sahədə də bizdə boşluqdu. Bundan da yaxşı faydalananlar var. Təsəvvür eləyirsən, yazıçının, tərcüməçinin naşirə inanmaqdan başqa yolu yoxdur. Utopik mexanizmlə işləyirik.

Ona görə də sadəlövhlüyümü başqa sahədə yoxlamaq istəyirəm. Elə özüm kimi hərif bir rejissor dostum var. 1-2 tamaşaya ssenari yazmağı təklif eliyib, mənə. Allah eləməmiş burda bir az da qalmalı olsam, yəqin ki, o işi eləyərik. Amma yaxşı olardı ki, dünyada olan bestsellerləri tərcümə etməyə marağımız olaydı. Məsələn indi Stieg Larssonun “Əjdaha tatulu qız” əsərini oxuyuram. Dünyada ən çox satılan kitablar sırasındadır. Nəyə görə bizim oxucu onu 10-15 il sonra, bəlkə də daha gec oxumalıdır?

Onsuz da bu enerji pis-yaxşı harasa sərf olunur. Mən televiziyada hansısa bir verilişdə redaktor kimi işləyəndə, ya da radioda bir işi görəndə daha çox inamlı oluram, nəinki aylarla tərcümədə itib-batandan sonra oturub həzin-həzin özümə tamaşa eləyəndə.

- Uzun illər əvvəl bir roman yazmışdın. Nədənsə bu romanı çap etdirmədin. Gələcəkdə ya romanını nəşr etdirmək, ya da yenidən nəsr əsəri yazmağı düşünürsənmi?

- Sən məndə sirr qoymayacaqsan (gülür).

O roman içindəki faktlara görə maraqlı sayıla bilərdi, amma bədii əsər kimi peşəkar yazılmamışdı. O “qəhrəmanlar” hələ də cəmiyyətdən kənar bir yerdə saxlanılırlar. Nə vaxtsa işləyib başqa formada hazırlamaq olar. Gələcəklə bağlı daha maraqlı planlar var. Elə içində olduğumuz hadisələr hamısı nəsr məhsuludur. İşləmək istədiyim mövzular var, amma məncə, hələ tezdir. Bu dəqiqə mənə vacib olan təhsilimi davam etdirməkdir.

- Təhsilini harda və hansı sahədə davam etdirmək istəyirsən?

- Jurnalistika, New Media sahəsində. Hansısa Avropa ölkəsində də ola bilər, Amerikada da. İndi deyəsəcəksən ki, qərbə qaçırsan, amma elə deyil. Mən magistraturaya girib ixtisasımı da dəyişmək istəyirəm. Bizdə isə belə imkan yoxdur. TOEFL imtahanını verəndən sonra seçdiyim ixtisas daha dəqiq bilinəcək.

- Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatını müqayisə edərkən hansı ciddi çatışmazlıqları görürsən?

- Ən birinci dil məsələsi. Poeziya dilimiz pis deyil. Amma Azərbaycanın nəsr dili çox kasıbdır. Tərcümədə bunu daha çox hiss elədim. Bir az da bizim komplekslərimiz imkan vermir bu kasıblıqdan çıxmağa. Türk ədəbiyyatında da Osmanlıdan qalma ağır bir dil var. Amma onlar paralel şəkildə öz işlərini görürlər. Sabah mən gedib atama ciddi-ciddi “pardon” desəm, bilirəm məni hansı reaksiya gözləyir. (gülür)

O ki qaldı poeziyaya məncə elə bir dil olmalıdır ki, orda həm Füzulini, həm Şəhriyarı, həm Ramiz Rövşəni, həm Xanəmiri, həm də özünü tapasan.

- Dilimiz bu qədərmi bərbad gündədir? Səncə dilimizin yeniləşməsi ilə kim məşğul olmalıdır? cəmiyyət bunu yazarlardan gözləyir, yazarlar isə hansısa qurumdan. Səncə, dilçilərimiz işləmir?

- Təbii ki, birinci iş dilçilərə düşür. Mən yazar olaraq hansısa əsərdə dilə gətirmək istədiyim sözləri işlədə bilrəm, bu kütləvi hal almayacaq axı. Amma Nizami Cəfərov, ya da Ağamusa Axundov həmin sözü işlətsə, sabah onun məqaləsi “Xalq” qəzetində, “Respublika” qəzetində, başqa KİV-lərdə çıxacaq, televiziyalar, radiolar ona istinad eləyəcək. Yəni bunun da öz mexanizmi var. O ki qaldı dilçilərin işləyib-işləməməyinə, özləri də etiraf edirlər ki, bəli müasir texnoloji dil bizdə ümumiyyətlə yoxdur. Niyə Türklər komputeri tez bilgisayar elədilər? Bu ən sadə bir misal idi.

- Səncə Azərbaycan yazarı nə üçün oxucunun etimadını itirib?

- Necə ki, televiziyalarımız hansısa bir geydirmə şirkətin hesabladığı reytinqə görə özünü tənzimləyir, ədəbiyyatda da elə. Birinci səbəbkar yazarla oxucunun arasında olan vasitəçilərdir. Birbaşa ünsiyyət çox yaxşı olardı, amma elə olanda da 95 faiz “yazıçı” oxucunun gözündən düşür. Adiləşir.

Başqa bir səbəb bizim oxucuların yazara yanaşma tərzidir. Sən öz əsərini əcnəbi imza ilə təqdim eləyəndə daha yaxşı qarşılanırsan. Məsələn biz dostlarla facebookda Ölü Yazarlar Dərnəyi yaratmışıq. Təbii ki, burda ad formaldır. Orda dünya yazıçıları ilə paralel sənin yazını da yerləşdirmişik, Mətləbin də, Xanəmirin də, Asəfin də, Əsədin də, elə mənim də, amma bunların hamısı başqa-başqa imzalarla qoyulub. Oxucunun reaksiyası da başqa cürdür. Xanəmiri öz adı ilə başa düşməyən oxucu onu Abraham adı ilə daha yaxşı anlayır. Paradoksu görürsən?

- Yazarlarımıza etimad qazandırmaq üçün hökmən yadelli kimi, xarici yazar kimi təqdim etməliyik? Bəlkə daha yaxşı yol, təbliğat vasitəsi var?

- Bu sadə bir eksperiment idi elədik, oxucunun reaksiyası da belə oldu. Mənim nə günahım var burda? Özünü doğruldan bütün sistemləri qəbul eləmək lazımdır. Deməli hərdən insanları yaxşı mənada aldatmaq da lazımdır. Daha yaxşı yollar var, amma maliyyə lazımdır. Onu da sənə verənlər qarşılığında çox bahalı şeylər istəyir.

- Sənə qədər yaranmış Azərbaycan ədəbiyyatı haqqında nə düşünürsən? İnkar, yoxsa ənənələrə söykənməyin tərəfdarısan?

- Azərbaycan ədəbiyyatı heç vaxt inkarçılıq üzərində qurulmayıb. Zərdüştdən bu tərəfə nə varsa, hamısının bir-birilə şüuraltı da olsa, əlaqəsi var. Ona görə də inkar eləyirsənsə, bunu kökündən eləməlisən. Başqa tərəfdən, məni inkar eləyən varsa, deməli mən varam. Amma o kökə ilişib qalmaq da olmaz. Qloballaşmaq lazımdır.

- Qloballaşmadan yaman həvəslə danışırsan, milli köklərə söykənmədən, milli hisslərin olmadan necə qloballaşa bilərsən? Üstümüzə tufan kimi gələn anqlosakson kültürünə qarşı savaş açmalı olduğumuz halda, biz özümüzü əridirik. Səncə qloballaşma bu aspektdən baxdıqda millətin məhvini sürətləndirmirmi?

- Əslində, şüuraltı götürəndə fikirlərimiz eynidir, amma ayrı-ayrı tərəflərdən hərəkət edirik. Bəlkə də elə belə yaxşıdır ki, sən yıxılanda məndən tutasan, mən yıxılanda isə səndən. Sən anqlo-saksonlara qarşı fanatik savaş açıb qarşılarında dayanmısan. Mən isə gülə-gülə yanlarına gedirəm. Onsuz da sənin, mənim kimi adamları milli hisslər həmişə özünə çəkir. Bu, onsuz da mənim içimdədir də. Nəyə görə harasa getməyə qorxmalıyam? Hansısa bir ingilis mənəvi cəhətdən heç vaxt məndən üstün ola bilməz. Amma onun başqa üstün tərəfləri var. O kreativdir. Mən gedib onu götürməliyəm.

 

 

Cəlil CAVANŞİR

 

Mərkəz.- 2011.- 2 aprel.- S.10.