Kəlbəcər
talan olunur
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi Kəlbəcərin
işğalı ilə bağlı açıqlama yayıb.
Açıqlamada
deyilir: «Kəlbəcərdə ehtiyatları 112,5 ton olan və
istismar olunan Söyüdlü (Zod), ehtiyatları 13 tondan
çox olan Ağduzdağ və Tutxun qızıl
yataqları; ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq,
Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox
olan Qamışlı və Ağqaya civə yataqları;
ehtiyatları 10941 min m3 olan və mişar daşı
istehsalına yararlı Kilsəli tuf yatağı;
ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına
yararlı Keşdək gil yatağı; ehtiyatları 4473 min
m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan
Keçəldağ perlit yatağı; ümumi ehtiyatları
2,2 mln. m3 olan 2 üzlük daşı yatağı,
ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl
qarışığı yatağı; gözəl
dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton),
nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton
olan 1 obsidian (dəvə gözü) yatağı,
ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb».
Məlumatda qeyd olunur ki, Kəlbəcərə
dünya şöhrəti qazandırmış Yuxarı
İstisu, Aşağı İstisu, Keşdək, Qarasu,
Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji
təsirə malik mineral su yataqları da (ümumi istismar
ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir:
«Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən,
Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir
hissəsinin əhatəsində yerləşən Kəlbəcər
şəhərinin ən yüksək zirvələri
Gamış dağı (3724 m) və Dəlidağdır (3616
m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və
Antropogenin çökmə, vulkanogen-çökmə və
vulkanik süxurları yayılıb. Ən böyük
çayı Tərtər (yuxarı axını) və onun
qolları Lev çayı, Tutqunçay və
başqalarıdır. Hazırda işğal altında olan Sərsəng
su anbarı da 1976-cı ildə Tərtər çayı
üzərində inşa edilib. Onun ümumi su tutumu 560 milyon
m3, bəndinin hündürlüyü 125 metrdir. Tərtər
çayının yığıldığı bu nəhəng
su anbarının sağ və sol sahilindən çıxan
magistral kanallar vasitəsilə Tərtər, Bərdə,
Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının
ümumilikdə 79000 hektar əkin sahəsi suvarılırdı.
Sərsəng su anbarı işğal altında olandan bəri
ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su
lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında
buraxırlar. Lazım olan vaxtlarda isə illik su
normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin
aşağı düşməsinə və suvarmanın
qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə
xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv
olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində
olan su anbarından aşağıda yaşayan 400 min nəfər
əhali isə daim təhlükə altındadır».
Məlumatda o da qeyd olunur ki, Kəlbəcər
rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu
gölləri var: «Əsasən çimli dağ-çəmən
və qonur dağ-meşə torpaqlarına malikdir. 1988-ci ildə
aparılmış son meşə quruluşu işlərinə
əsasən, Kəlbəcər meşə təsərrüfatının
ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə,
rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri,
qiymətli balıq növləri olan çayların ətrafında
yerləşmiş 13471 hektar qoruq meşələri, 15531
hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli
meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar
meşə-park zonası var idi. Meşələrdə bitən
ağac və kolların bir neçəsi Azərbaycan
Respublikasının “Qırmızı kitab”ına daxil edilib.
Kəlbəcər rayonunda dəniz səviyyəsindən
1500-2100 metr hündürlükdə bitən
Ayıfındığı və ya ağacvarı
fındıq bunlardan biridir. Bəzi
Ayıfındığı ağacının
hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə
çatırdı. Bu ağacın oduncağı qiymətli
mebel materialı kimi ermənilər tərəfindən
qırılaraq Ermənistana aparılır. Kəlbəcər
rayonu ərazisində 4 mindən artıq müxtəlif
növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir.
Rayonun mərkəzi və şimal hissəsində
enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs),
meşə-çöl bitkiləri, yüksək və qismən
orta dağlıqda Alp və subalp çəmənlikləri
geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl
donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər
üçün xarakterik fauna növləridir».
S. MEHRALIYEV
Mərkəz.- 2011.-2 aprel.- S.7.